CƏFƏR CABBARLI 120

Cəfər Cabbarlı və bədii dil

C. Cabbarlının ədəbi-tənqidi yaradıcılığında əsas nəzəri məsələlərdən biri də bədii dil problemidir.

Cabbarlının bu sahədəki xidmətindən danışarkən akademik M. Arif yazır ki, Azərbaycan ədəbi dilinin müəyyən tarixi bir dövrdə necə inkişaf etdiyini onun əsərlərindən aydın görmək olar. Müəyyən çətinliklərə rast gəlsə də, hər halda bu inkişaf xalqa daha çox yaxınlaşmaq, saflaşmaq və zənginləşmək xətti ilə getmişdir. Bu cəhətdən Cabbarlının ədəbi dil sahəsindəki fəaliyyəti Azərbaycan dilinin inkişafında xüsusi mərhələ təşkil edir.

C. Cabbarlı, dili cəmiyyətlə bağlı tərəqqi edən ictimai bir hadisə kimi başa düşürdü. Odur ki, dilin inkişafını izləmək üçün, hər şeydən əvvəl xalqın, millətin inkişaf tarixini bilmək lazımdır.

Tarix, cəmiyyət dəyişib tərəqqi etdikcə dil də buna uyğun olaraq inkişaf etməyə, zənginləşməyə başlayır. Yazıçı “Təkamül və incələşməyə doğru” məqaləsində göstərirdi ki, bütün dillər öz tarixi inkişaf yolunda insanlara daha yaxından xidmət üçün daim öz lüğət tərkibini artırır, təkmilləşib zənginləşir. Beləliklə, dil getdikcə daha çox səlisləşir, yonulur və incələşir.

Cabbarlı yazırdı ki, insanlar arasındakı əlaqənin artması, istehsalatın genişlənməsi və ictimai həyatda baş verən yeniliklərlə əlaqədar dil də dəyişir.

Cabbarlıya görə dil ancaq cəmiyyətə xidmət eymək üçün mövcuddur və bu onun inkişafının rəhnidir. Bu mülahizəyə “Xalq dili” adlı məqqaləsində də rast gəlirik: “İstehsal vasitələri, həyat irəlilədikcə, həyatın başqa cəhətləri irəlilədikcə dil də onun ardınca tərəqqi edir”.

Yazıçı bir millətin tərkibində olan ayrı-ayrı ictimai qrupların, hətta ayrı-ayrı peşə sahiblərinin hamısının danışığında, əsasən ümumu sözlər olduğunu və bu “ümumi sözlərin hər yerdə bir cür söyləndiyini” qeyd edirdi. Hər bir millətin vahid bir ümumi dili olsa da onun ictimai və ya məhəlli qruplarının danışığında bir sıra fərqlər də nəzərə çarpır. Bu fərq, hər şeydən əvvəl, sözlərin deyilişində, hər kəsin öz peşəsinə dair spessifik istilah və terminlər işlətməsindədir. Bəzi sözlər yerinə görə başqa-başqa mənalarda işlədilir. Cabbarlı deyirdi ki, bir millət içərisində ayrı-ayrı qrupların danışığı, sözlərinin sayı və deyilişi yaşayışına görə bir-birindən fərqli olur. Məsələn, kənddə bitən çiçəklərin, təsərrüfatda işlənən alətlərin, mal-qaranın adını bilir. Bankda çalışan bir mühasib isə bunları bəlkə də bilməz, eynilə onun işlətdiyi sözləri də kənddə yaşayan bilməyə bilər. Digər tərəfdən ümumi sözlər hər yerdə bir cür söylənir, bəzən bir söz yerinə görə tamam başqa-başqa mənalarda işlənir.

C. Cabbarlı dildə olan bu fərqlərdən danışarkən şübhəsiz ki, dialekti və şivələri nəzərdə tuturdu. O,”kobud, sınıq-salxaq olaraq söylənən” bir çox məhəlli sözlərin sənətkarlar tərəfindən diqqətlə işlədilərək cilalanmasının, hamının başa düşəcəyi şəklə salınmasının vacib olduğunu göstərirdi.

Cabbarlı bu fikirdə idi ki, dildə sadəlik, aydınlıq başlıca şərtdir. Yazıçı sözdən qənaətlə istifadə etməyi, yığcamlığa, lakonikliyə əməl etməyi bacarmalıdır. Xırda bir cizgi, sözün ecazkar qüvvəsi ilə yüksək bir fikir aşılamağa, geniş bir lövhə yaratmağa çalışmalıdır.

Qəzet dilinin “teleqraf dili” (V. İ. Lenin) qədər sadə, aydın və yığcam olmasını bir zərurət kimi irəli sürən dramaturq məqalələrinin birində yazırdı: “Mətbuat yüksək fikirləri cadə, anlaşılacaq sözlər ilə yazmağa, qəzet dilini aydınlaşdırıb qətiləşdirməyə, mümkün qədər xəlqiləşdirməyə, ümumən dil-istilah məsələlərini qəti surətdə həll etməyə çalışmalıdır... Ən gözəl bir yazı sadə, anlaşılacaq sözlər ilə yüksək fikirlər söyləyən yazılar olduğu kimi, ən qüvvətli yazıçılar da sadə sözlərdə yüksək fikirlər deyə bilənlərdir. Madam ki, yazılan bir fikir xalqındır, o zaman xalq onu anlamalı və onun anlayacağı bir tərzdə ifadə edilməlidir”.

Xalq danışığının bütün zənginliklərindən öz əsərlərində bacarıqla istifadə etməklə Cabbarlı öz növbəsində xalq dilinin inkişafına böyük kömək edirdi. O, başa düşürdü ki, sənətkarın başlıca vəzifələrindən biri də mənsub olduğu xalqın dilini zənginləşdirməkdən, nitq mədəniyyətini inkişaf etdirməkdən ibarətdir. C. Cabbarlı dilə aid məqalələrində xalq dilinin ahəngdarlıq və musiqiliyinə, aydın və sadəliyinə, ifadəli və təsirliliyinə, mənalı və emosionallığına, xəlqi və yığcamlığına böyük əhəmiyyət verirdi. Məqalələrində başlıca olaraq xalq ədəbiyyatı dilinin təbiiliyini, aydınlıq və saflığını, xalq təfəkkürünə uyğunluğunu yüksək qiymətləndirirdi. Dilin sadələşməsi ilə əlaqədar məsələlərə Cabbarlı çox ehtiyatla yanaşırdı. Müəllif yazırdı: “Bir çoxları dilin büsbütün sadələşməsi məsələsini irəli sürüb mətbuat dilinin büsbütün xəlqiləşməyini istiyirlər. Başqa bir qrup isə buna qarşı mətbuat dilinin heç bir zaman xəlqiləşə bilməyəcəyini və yüksək bir fikrin sadə sözlər ilə söylənə bilməyəcəyini qeyd edir. Bunun üçün də hər bir ölkədə, hər bir xalqda mətbuat və ədəbiyyat dilinin xalq dilindən bir qədər fərqli olduğunu göstərirlər”.

C. Cabbarlı ədəbi dil və xalq dili arasında ciddi fərqi qanuni hesab edənləri-“yüksək bir fikrin sadə sözlər ilə söylənilə bilməyəcəyini” iddia edən “ərəbçiləri”, ana dilindəki sözləri “kobud” hesab edib, ərəb, fars və türk dillərindən sözlər götürüb ədəbi dildə işlətmək istəyənləri kəskin tənqid edir, “ərəbçilik də arxaizm kimi zərərli tendensiyadır” deyirdi. Bu fikri başqa bir məqaləsində o belə izah edirdi: “Bizdə “ərəbçilər” adlı bəlli olan bir cərəyan çox vaxt yabançı sözləri bir ehtiyac üzərinə deyil, sadəcə cümlənin gözəl və incə olması məqsədilə işlədir və həmin sözlərin azərbaycanca qarşılığı olmasına baxmayaraq, “kobuddur” deyə yazmırlar”.

Dilə belə münasibətin tarixi kökləri vardır. Cabbarlı deyirdi ki, “bizim dilimiz lap qədimdən geniş kütlələrin anlamadığı ərəb sözləri ilə dolmuşdur. Bu dil yalnız aristokratiyanın, yüksək dairələrin anladığı bir dil idi. Azad olmuş geniş kütlələr bu dil əleyhinə mübarizə aparmağa başladılar... İndi bu tendensiyalar əleyhinə mübarizə apararaq, xalq kütlələrinin anlaya biləcəyi bir dil uğrunda çalışırıq”.Beləliklə, dramaturq ədəbi dilimizin yenidən “təşkili” işində əsasən xəlqiləşmə prinsipini müdafiə etmiş, lakin bununla belə hər cür əyalətçiliyə, şivəçiliyə qarşı olmuşdur. Belə ki, məqalələrinin birində ayrı-ayrı şivəni xalq dili başa düşərək “bizim Qazaxda və ya Gəncədə elə yox, belə danışırlar, bu, əsil xalq dilidir, belə də yazmaq lazımdır” deyən adamlarla hesablaşmır və bu nəticəyə gəlirdi ki, biz ümumi Azərbaycan ədəbi dili uğrunda mübarizə aparmalıyıq ki, burada nər obraz öz dilində danışacaq, hətta qazaxlı bir kəndçi də həmin ədəbi dilə uyğunlaşdırılmış kəndçi dilində danışmalıdır.

Xalqa, xalq dilinə zidd olan cərəyanın nümayəndələri iddia edirlər ki, ədəbi dil kütləvi ola bilməz, o, ancaq cəmiyyətin müəyyən bir təbəqəsinə aid ola bilər. Ədəbi dili sadələşdirməyə çalışmaq əbəs və mənasız bir işdir. Guya ədəbi dil nə qədər çətin, qəliz ibarələrlə, anlaşılmaz, təmtəraqlı və ağır ifadələrlə doldurulsa, bir o qədər bu dil mötəbər və təsirli olar.

C. Cabbarlı isə böyük bir inamla deyirdi ki, xalqımızın ədəbi dilini bu yolla aparmaq istəyənlər xalqın nəinki dilinə, habelə onun tarixinə və mədəniyyətinə yad olan adamlardır. Ədəbi dil ümumxalq dili olmalıdır. O, hamı üçündür, hamı bu dildə yazıb oxumalı, beləliklə, cəmiyyətin mədəni inkişafında yaxından iştirak etməlidir.

C. Cabbarlı ədəbi dil məfhumunu məhdud mənada götürməmiş, bununla da ədıbi dilin düzgün inkişafını istiqamətləndirməyə çalışmışdır. O, bədii yaradıcılığında ədəbi dil normalarını yaratmağa səy etmişdir. Buna görə də əsərlərinin çoxusu bədii dil etibarıilə nəinki köhnəlməmiş, əksinə, bu dil bu gün belə ədəbi dilimizin inkişafı nöqteyi-nəzərindən böyük əhəmiyyətə malikdir. Bu dil bu gün də öz gözəlliyini, təravətini saxlamaqdadır. Bu dil oxucunun şüuruna, onun hiss və duyğularına təsir edə bilir, onu həyəcanlandırır, eyni zamanda dərindən düşündürə bilir. Cabbarlının əsərlərini bir sənət nümunəsi kimi yaşadan amillərdən biri də məhz gözəl və ahəngdar dildir.

Məlumdur ki, qarşılıqlı əlaqə nəticəsində başqa dillərdə olduğu kimi, Azərbaycan dilinə də ən çox rus dili vasitəsilə bir sıra sözlər, ifadələr daxil olur, bunların bir qismi dildə yaşayır, onun lüğət fondunun və tərkibinin zənginləşməsinə səbəb olur. Bunun çox təbii və qanunauyğun proses olduğunu Cabbarlı düzgün başa düşərək dil haqqındakı məqalələrindən birində yazırdı: “hər bir xalq özündə tapmadığı islahatları mədəniyyəti götürdüyü xalqdan almışdır; məsələn, ərəblər yunanlardan mədəniyyəti, bir çox islahatları da onlardan qəbul etmiş, qərblilər ərəblərdən mədəniyyəti alarkən, onlardan bir çox istilahlar götürmüşlər. Yalnız bu islahatları hər kəs qismən dilinin ahənginə görə azacıq dəyişmişdir... indi də biz mədəniyyəti ərəblərdən almadığımız üçün, bu islahatları da beynəlxalq dildə işləndiyi kimi yalnız dilimizə uyğunlaşdıraraq qəbul etməliyik”. C. Cabbarlının tarixi dəlillərlə aydinlaşdırmağa çalışdığı bu mülahizədən görünür ki, o, dilimizdə qarşılığı mümkün olmayan elmi islahatları rus və beynəlxalq dillərdən qəbul edib dilimizə uyğunlaşdıraraq işlətməyin tərəfdarı olmuşdur. Ədəbi dilin-mətbuat, elmi ədəbiyyat dilinin yenidən təşkili məsələsində Cabbarlı mümkün qədər xalqın öz dilinə əsaslanmağı vacib bilmişdir. Lüğət tərkibini ana dilinin öz sözləri hesabına artırmaq, zənginləşdirmək, onu yabançı sözlərdən mümkün qədər təmizləmək prinsipinə tərəfdardı. Lakin o, lüğət tərkibinin yabançı sözlərdən təmizlənməsini dildə işlənən hər cür alınma, keçmə sözlərin hamısını atmaq kimi başa düşmürdü. Bu məsələdən bəhs edərkən müəllif yazırdı ki, bizcə, bu vaxtadək ərəblərdən, farslardan götürülmüş və xalq tərəfindən mənimsənilmiş sözlərə toxunulmamalıdır. Bu sözlər içərisində ylnız dilimizin ahənginə uyuşmayan və arxaik sözlər atılmalıdır.

C. Cabbarlı bu fikirdə idi ki, sözün lüğət fonduna keşib yaşaması, mütləq vətəndaşlıq hüququ qazanması vacibdir. Əks təqdirdə ahəngcə dilimizin ümumi prinsiplərinə uyğun gəlməyən, xalq tərəfindən qəbul edilməyən alınma sözləri ədəbi dilimizdə işlətmək mümkün deyildir.

Ədəbi dili ağırlaşdıran əsas səbəbləri araşdıran C. Cabbarlı göstərirdi ki, “ümumiyyətlə yazını ağırlaşdıran cəhətlər bunlardır: sözlərin düzülüşü,-tərs avand olması ilə cümlə quruluşunun pozğunluğu, ümumən uzun sözlərin çox işlənilməsi, xalqın bilmədiyi köhnə sözlərin işlədilməsi və xalqa bildirilmədən uydurulmuş yeni sözlər işlədilməsi və ilaxır...”.

Ədib belə hesab edirdi ki, ədəbi dilin təşkili xalq işidir. Bu məsələdə mətbuat böyük rol oynamalı, düzgün istiqamət götürməli və onun dili təmiz, aydın olmalıdır.