CƏFƏR CABBARLI 120

Yaradıcılığının ilk dövrü . Lirik və satirik şeirləri. Hekayələri və ilk dram əsərləri.

Cabbarlının yaradıcılığı zaman etibarilə çox davam etməsə də, siyasi-ictimai cəhətdən çox əhəmiyyətli bir dövrü, 1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi mərhələni əhatə edir. Çox mühüm ictimai-siyasi hadisələrlə dolu olan bu tarixi dövrü nəzərdə tutaraq deyə bilərik ki, Cabbarlının ədəbi fəaliyyəti Azərbaycanda, xüsusən Bakıda kapitalizm münasibətlərinin sürətlə inkişaf etdiyi burjua v ə mülkədar Azərbaycanının fəhlə-kəndli sovet respublikasına çevrildiyi illərdə keçmişdir. Cabbarlının böyük yaradıcılıq yolu çətin və ziddiyyətli olsa da, əsasən, yüksəliş və tərəqqi yolu olmuşdur.

Azərbaycan demokratik-realist klassik ədəbiyyatına, zəngin xalq yaradıcılığına əsaslanan Cabbarlı, başlıca olaraq, Mirzə Fətəli Axundov realizmindən qidalanırdı. Mirzə Fətəli Axundovun maarifçi-demokratik fikirlərini, həyatla dərindən bağlı olan realizmini Cabbarlı ümumiyyətlə Azərbaycan ədəbiyyatı üçün, xüsusən özü üçün ən düzgün bir yaradıcılıq yolu hesab edirdi.

Cabbarlının əsaslandığı realizm xalq həyatı ilə, Azərbaycan zəhmətkeşlərinin azad və gözəl həyat haqqındakı arzuları ilə, xalqın irəliyə, işığa və sədaqətə doğru coşqun meylləri ilə bağlı idi. Qeyd edildiyi kimi, Cabbarlı ədəbiyyata şeirlə gəlmişdi və ilk mətbu şeirləri 1911-ci ildə "Həqiqəti-Əfkar" qəzetində dərc olunmuşdu. 1915-ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində onun "Bahar" adlı şeiri nəşr olunmuşdur.

"Məktəb" jurnalı tutduğu mövqe və məktəblilər arasında geniş yayılması ilə C.Cabbarlını da özünə cəlb edə bilmişdi. Deməli, C.Cabbarlının yaradıcılığa başlamasında "Məktəb" jurnalının da müəyyən rolu olmuşdur. 1915-ci ildə "Qurtuluş" jurnalı tərəfindən elan edilmiş müsabiqədə Cabbarlının "Qürub çağı bir yetim" şeiri bəyənilmiş və o, birincilik qazanaraq Sabirin "Hophopnamə"si və "Qurtuluş" jurnalının birillik abunəsi ilə mükafatlandırılmışdır.

Gənc Cabbarlı hələ uşaq yaşlarından insanların ağır vəziyyətini, cəmiyyətin yoxsullara və varlılara bölündüyünü görür, birincilərin ağır, məşəqqətli həyat içərisində yaşamasını müşahidə edir və bütün bunları qələmə almağa, onlara öz münasibətini bildirməyə çalışır. Ayrı-ayrı ailələrin ağır vəziyyəti onu düşündürür. O, düşündüklərini "Boranlı qış gecəsi", "Bayram saxlayanlara", "Dilənçi" və "Novruz bayramına hazırlaşan müsəlmana töhfə" kimi şeirlərində əks etdirmişdir.

Cabbarlı yaradıcılığının ilk dövründə mühüm yer tutan satira ədibin bir realist, bir demokrat kimi yetişməsində mühüm rol oynamışdır. Onun ilk satirik şeirlərində həm mövzu, həm də forma cəhətdən Sabir ruhu duyulmaqdadır. XX əsrin əvvəllərində Azərbaycanda yetişən realist satirik şairlərin hamısı bu və ya başqa şəkildə Sabir satirasının qüvvətli təsirini hiss etmişlər. Gənc Cabbarlı da ilk satirik şeirlərini bu böyük satirikin təsiri altında yazmışdır.

Sabirdən öyrənmək, onun demokratik fikirlərindən mütəəssir olmaq, satirik üsullarından istifadə etmək Cabbarlının müsbət cəhətidir. Sabir yaradıcılığı onun üçün ilk realizm məktəbi, vətəndaş poeziyası məktəbi, cəmiyyətə, xalqa xidmət məktəbi idi.

Cabbarlı öz satirik şeirlərini sadə, aydın yazmağa, fikrini real v ə canlı ifadə etməyə çalışarkən çox vaxt Sabirə müraciət edir və ondan bacarıqla istifadə etməyə müvəffəq olur. Aşağıdakı parçalar buna ən yaxşı misal ola bilər:

"Qızıma" adlı satirasında qızlarını cəhalətdə saxlayan köhnə fikirli atalar tənqid edilmişlər. Maraqlıdır ki, Cəfər Cabbarlının "Qızıma" satirası Oksford Universiteti t ərəfindən çap olunmuş dərsliyə daxil edilmişdir.

Zahirən yüngül və bir qədər də "məzəli" görünən bu satirik şeirlərdə Cabbarlının qəzəbli səsi aydınca eşidilirdi. Onun ilk satirik şeirlərində qadın azadlığı mövzusuna xüsusi yer verilmişdir.

"Hürriyyəti-nisvançılara protesto", "Arvadlar deyirlər", "Kişilər deyirlər", "Qızlardan kişilərə protesto" və başqa şeirlərində şair vaxtilə dəb halını almış qadın azadlığı məsələsinin yarımçıq həll edildiyindən, qadınların hələ də ibtidai hüquqlardan məhrum olduğundan bəhs edirdi. Bəzən şairin tənqid atəşi ictimai, siyasi məsələlərə doğru yönəlir, dövlət quruluşundakı nöqsanları ifşa edir.

Cəfər Cabbarlının pyes və hekayələrində olduğu kimi, satirik şeirlərində də kapitalizm şəraitində qadına münasibət məsələsi mühüm yer tutur. Yazıçı satirik şeirlərində pis kişinin qadına, naxələf övladın anaya və eləcə də feodal-burjua cəmiyyətin qadına mənfi münasibətlərini tənqid edərək, onları öz hüquqlarını müdafiə etməyə çağırır. İlk şeir, hekayə və dramlarını Cabbarlı 1915-1916-cı illərdə yazmışdır. İlk hekayələrindən olan "Aslan və Fərhad"ın üzərində 15 iyul 1916-cı il tarixi vardır. "Mənsur və Sitarə" hekayəsinin əlyazma nüsxəsi və həmçinin "Sitarə" adlı operanın əlyazma nüsxəsində tarix yoxdur. Lakin əlyazmaların xəttindən, əsərlərin üslubundan asanlıqla təyin etmək olar ki, bunlar da 1915-ci ilin axırları və ya 1916-cı ilin ortalarında yazılmışdır. Cabbarlının ilk satirik və lirik şeirləri ilə bir zamanda yazılan bu əsərlərin mövzusu da, demək olar ki, bir-birinə çox yaxındır. Müəllif bu əsərlərində də cəmiyyətdəki ədalətsizlikdən bəhs edir. Gördüyü zülmə və haqsızlıqlara soyuqqanlı baxa bilməyən gənc yazıçı öz həyəcanını, qəzəb və nifrətini ifadə etməyə çalışır.

C.Cabbarlı yaradıcılığa şeirlə başlasa da, ən gözəl əsərlərini dramaturgiya janrında yazmış və Azərbaycanın görkəmli dramaturqu və teatr xadimi kimi tanınmışdır. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında gör ən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaratmış, eyni zamanda incəsənətin müxtəlif sahələrində də fəaliyyət göstərmişdir.

C.Cabbarlının yaradıcılığının ilk dövrünə aid olan "Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş" əsərinin üzərindəki qeydə görə əsər 30 dekabr 1915-ci ildə yazılmışdır. Müəllif bu əsərində cəmiyyətdəki ədalətsizlikdən bəhs edir, gördüyü haqsızlıqlara qəzəb və nifrətini bildirirdi. Bu əsərdə dramaturq burjua-mülkədar cəmiyyətində hökm sürən nadanlığın,cəhalətin və avamlığın bir-birini təmiz məhəbbətlə sevən gənclərin həyatlarına böyük maneə olduğunu göstərmişdir.

"Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş" əsərindən sonra yazıçı "Solğun çiçəklər" əsərini yazmışdır. Əsər 1915-ci ildə yazılmışdır. Dramda yazıçı ictimai quruluşa qarşı öz etirazını bildirmişdir. Yazıçı "Solğun çiçəklər"də yaşadığı burjuamülkədar cəmiyyətinin ziddiyyətlərini əsas götürərək, onu bir ailə daxilində verməyə çalışmışdır. Eyni zamanda həmin cəmiyyətdə hakim rolu olan pulun və dövlətin insanların əxlaqını pozaraq, daxili aləmlərini eybəcərləşdirdiklərini, sədaqətli, təmiz qəlbli insanlara əzab və işgəncələr verildiyini ifşa etmişdir. Əsər ilk dəfə 1916-cı ildə İsmailiyyədə oynanılmışdır.

Ailə-məişət mövzusuna həsr olunmuş pyes Cabbarlının qüvvətli dramaturq istedadına malik olduğunu göstərir. Cəfər Cəfərov "Solğun çiçəklər" və "Vəfalı Səriyyə" pyesləri haqqında yazır:

"Klassik Azərbaycan dramaturgiyasının ən yaxşı ənənələrinə sadiq qalan Cabbarlı eyni zamanda özünəməxsus bir səpgisi, orijinal xüsusiyyəti olan, ədəbiyyata yeni mövzular, obrazlar və ideyalar gətirən bir ədib kimi meydana çıxır. Bu pyeslərin ən qiymətli cəhəti mənfəət düşgünlərinin qəddar, qaba və nadan adamlar olduğunu ifşa etməsidir".

Əsərdə Cabbarlı həyatı realist boyalarla təsvir edərək, ədalətsizliyin, fəlakətlərin mənbəyini göstərə bilmişdir.

"Nəsrəddin şah" C.Cabbarlının ilk tarixi pyesidir. Ədibin əlyazmaları içərisində "Nəsrəddin şah" pyesinin variantlarının ən köhnəsi təxminən 1916-cı ilə aiddir. Əsərdə Cabbarlı İranda hökm sürən şah despotizmi fonunda zəhmətkeş kəndlilərin ağır həyatını, xanların azğınlığını, mütərəqqi İran gənclərinin azadlıq uğrunda mübarizəsini göstərmişdir. Cəfər Cabbarlı Azərbaycanda ilk dəfə olaraq tarixi dram janrını milli-azadlıq ideyaları ilə, geniş xalq kütlələrinin şah mütləqiyyətinə qarşı çıxışı ilə zənginləşdirmişdir. "Nəsrəddin şah" pyesində istibdad və mütləqiyyətə qarşı geniş xalq kütlələrinin mübarizəsinin əks olunması onun fərqli xüsusiyyəti olmuşdur. Azərbaycan dramaturgiyasında və C.Cabbarlının yaradıcılığında tarixi mövzunun işlənilməsi "Nəsrəddin şah"la yeni mərhələ idi. "Nəsrəddin şah" ilk dəfə Aşqabadda 1919-cu ildə tamaşaya qoyulmuşdur.

1920-ci illər Cəfər Cabbarlı dramaturgiyası üçün dərin sarsıntılar, iztirablı axtarışlar, varlığa estetik münasibətdəki eniş yoxuşlar mərhələsi idi. Azərbaycan Demokratik Cumhuriyyəti dövründə (1918-1920) bir çox yazıçılar kimi, gənc Cabbarlının da dərindən çulğalamış milli problematika, milli iftixar, qürur və vətənpərvərlik ruhu ilə yazılmış "Ulduz və ya Trablis müharibəsi" (1917), "Ədirnə fəthi" (1917) pyesləri tənqid tərəfindən "ziyanlı sənət", "zərərli təmayül" kimi qarşılanmışdı. Hər iki əsərin mövzusu türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdən götürülmüşdür. Obraz və mövzu yaxınlığını nəzərə alaraq "Ədirnə fəthi" pyesini "Trablis müharibəsi və ya Ulduz" pyesinin davamı hesab etmək olar. Bu əsərlər türk məişətini, türk qəhrəmanlığını və şücaətini təbliğ etdiyi üçün hələ yazıldığı gündən vulqar tənqid tərəfindən "pantürkist", "panislamist" təmayüllü əsərlər kimi qarşılanmış, az sonra tamamilə səhnədən çıxarılmışdır. "Trablis müharibəsi və ya Ulduz" və "Ədirnə fəthi" əsərlərinin mövzusu qardaş Türkiyə türklərinin mübarizə dolu tarixinin yaxın keçmişindən (1911-1913-cü illər) götürülmüşdür. "Ulduz" (1917) və "Ədirnə fəthi" (1917) əsərlərini müəllif ömrünün gənclik çağında (18 yaşında), yaradıcılığının ilkin mərhələsində yazmışdır. C.Cabbarlı Bakı Politexnik məktəbinin tələbəsi olmasına baxmayaraq, Türkiyə tarixinin Balkan müharibəsi (1911-1913) dövrünü mətbuat məlumatları əsasında diqqətlə izləmiş, bəhrələndiyi tarixi faktlara yaradıcı münasibət bəsləyərək, problemlərin və xarakterlərin ziddiyyətli məqamlarını üz-üzə qoyaraq oxucuları və tamaşaçıları təsir altına, gərgin həyəcanlı anlara sala biləcək, bu gün də Azərbaycanda mövcud olan ictimai vəziyyətlə bağlı əlahiddə aktuallıq kəsb edən dəyərli səhnə əsərləri yaratmışdır.

"Ulduz"da hadisələr İtaliya-Türkiyə müharibəsi fonunda cərəyan edir. "Ədirnə fəthi" faciəsini gənc Cabbarlı 1917-ci il oktyabrın 17-də bitirmiş, əsər elə həmin il, dekabrın 15-də tamaşaya qoyulmuşdur. Pyesin əsas məzmunu Balkan müharibələri dövründə təslimçi, riyakar mövqe tutmuş hakim dairələrə qarşı türk xalqının qəzəbi, itirilmiş Ədirnə torpaqları uğrunda vətənpərvərlik hərəkatı, qəhrəmanlıq və rəşadəti təşkil edir.

Yazıçının "Bakı müharibəsi" əsərində 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr, erməni daşnaqlarının azərbaycanlılara garşı etdiyi zülmlər təsvir olunur, başda Nuru Paşa olmaqla qəhrəman xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsindən danışılırdı. Həmin faciə 1919-cu il sentyabrın 16-da Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulmuşdur. Lakin çox təəssüf ki, əsər bu günə kimi tapılmamışdır. Cabbarlının satirik və lirik şeirlərdən başlanıb ictimai-məişət pyeslərinədək gələn ilk yaradıcılıq dövrünün ümumi istiqaməti belədir. Cəmi 3-4 il sürən bu dövrü yazıçının ədəbi təcrübə illəri adlandırmaq daha düzgün olar. Bu dövrdə yazdığı əsərlərin bir çoxuna Cabbarlı nəinki böyük əhəmiyyət verməmişdi, hətta onların çap olunmasına da çalışmamışdı.

Lakin buna baxmayaraq, bu dövr gənc yazıçının yaradıcılıq yolunda qanunauyğun bir mərhələ, ciddi ədəbi təcrübə əhəmiyyətinə malik idi. Bu dövrdə Cabbarlı realizm yoluna düşmüş və ictimai-məişət mövzularını işləməyə başlamışdı. İlk satirik və lirik şeirlərində o, cəmiyyətdəki nöqsanlara incə bir kinayə ilə gülməyi, onları acı-acı qamçılamağı, ifşa etməyi və onlara qarşı nifrət oyatmağı öyrənmişdi; hekayələrində insanlar arasındakı münasibətləri nisbətən geniş təsvir etməyə, yaxşı-yamanı, xeyir-şəri bir-birindən ayırmağa çalışmışdı. Bu hekayələrində Cabbarlı hələ cəsarətsiz bir şəkildə olsa da, xarakterlər yaratmağa təşəbbüs etmişdi. İlk pyeslərində isə bu təşəbbüs daha da artmışdı; yazıçı məişət səhnələrini, burjua cəmiyyəti ilə toqquşan fərdlərin faciəsini və nəhayət, ictimai ədalətsizliyə qarşı mübarizə meyllərini göstərməyi təcrübə etmişdi.

Sənətkarlıq və dil cəhətdən də bu dövr Cabbarlı üçün bir hazırlıq məktəbi idi.