CƏFƏR CABBARLI 120

Həyatı

Cabbarlı Cəfər Qafar oğlu 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin "Dağlı məhəlləsi" adlanan yuxarı hissəsində yaşamışdır. Atası Qafar kişi Bakıda kiçik ticarət ilə məşğul olurdu. 1904-cü ildə Qafar kişi vəfat etdikdən sonra ailənin bütün yükü Cəfərin anası Şahbikə xanımın üzərinə düşür.

Cəfər Cabbarlını İlk təhsil illəri, gənclik illəri. Şahbikə xanım heç olmasa kiçik oğlunu təhsildən məhrum etməmək üçün Cəfəri əvvəlcə məhəllə mollasının yanında "çərəkə" oxumağa, bir az sonra isə Molla Qədirin yanında Quran oxumağa qoyur. Bu vaxtlar 6-7 yaşında olan Cəfər anasının bişirdiyi çörəkləri alverçilərin dükanına daşımaqla ailəsinə kömək edir. Mollaxananın ona bir şey verməyəcəyini başa düşən Cəfər başqa şəhər uşaqları ilə birlikdə 1905-ci ildə "Starıy Poçtovı-25"də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli "7-ci müsəlmani və rusi" məktəbinin birinci sinfinə daxil olur. Cəfərin ilk müəllimləri görkəmli pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev idi. Cəfər Cabbarlı 1908-ci ildə "7-ci müsəlmani və rusi" məktəbini bitirib bir müddət ailəyə kömək edir. Sonralar Bakıda Alekseyev adına 3-cü ali-ibtidai məktəbdə oxuyur. 1915-ci il aprelin 2-də məktəbi bitirən gənc Cəfər sənədlərini Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə verir.

Hələ ibtidai məktəbdə oxuduğu zaman Abdulla Şaiq və Süleyman Sani Axundov kimi yazıçı və müəllimlərin təsiri ilə Cəfərdə ədəbiyyata həvəs daha da qüvvətlənir və o, Azərbaycan və rus şairlərini mütaliə etməklə bərabər özü də şeir yazmağa başlayır. Cəfərin əlyazmaları içərisində hələ tamamilə bitməmiş, məktəbli xətti ilə yazılmış bir neçə şeir, hekayə, opera mətni və hətta roman da vardır. Bəzi tədqiqatçılar Cabbarlının 1913-cü ildən öz yazıları ilə qəzet idarələrinə gəldiyini göstərirlər. 1990-cı ilin əvvəllərinə qədər belə həsab edilirdi ki, Cabbarlının ilk mənzuməsi 1915-ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində çap olunmuş "Bahar" şeiridir. Lakin dramaturqun əsərlərini son illərdə tədqiq edən tədqiqatçı-alim Asif Rüstəmlinin axtarışlarından məlum oldu ki, C. Cabbarlının ilk lirik və satirik şeirlərinin tarixini 1915-ci ilin aprel və iyun aylarında çap edilmiş "Bahar" və "Əl götür" şeirlərindən deyil, "Həqiqəti-Əfkar" qəzetinin 5 noyabr 1911-ci il 2-ci nömrəsində dərc edilmiş "Eşidənlərə" və "Şücaətim" şeirlərindən başlamaq lazımdır. 1915-ci ildə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat alır. Sonra Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olur. Lakin bu sənət onu maraqlandırmadığına görə ərizə yazıb həmin fakültədən çıxır. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir.

Cabbarlı ədəbiyyata yüngül bir həvəslə gəlməmişdi. Onu ədəbiyyata çəkən qüvvə ictimai həyatda fəal iştirak etmək ehtiyacı idi. O, hətta ilk əsərlərində də böyük maarifçiyazıçıların, realistlərin yolu ilə getməyə çalışaraq, hər əsərində ictimai bir fikir ifadə edirdi, onun hər əsəri müəyyən daxili həyəcanın, düşüncənin nəticəsi kimi meydana çıxırdı. 1915-1920-ci illər Cəfər Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövrdür. O, bir-birinin ardınca "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Trablis müharibəsi və ya Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın" kimi Azərbaycan səhnəsini düşündürən əsərlər yazmış, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar etmişdir.