CƏFƏR CABBARLI 120

Yaradıcılığının ikinci dövrü

C.Cabbarlının 1920-1923-cü illərdəki ədəbi fəaliyyətinin ən yaxşı nəticəsi "Aydın" və "Oqtay Eloğlu" pyesləri oldu. Hər iki əsər 1921-1923-cü illərdə Azərbaycan Dövlət Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuş və teatrın repertuarında görk əmli yer tutmuşdur. İdeya və üslub cəhətdən bir-birinə yaxın olan bu əsərlərdə Cabbarlı pulun hökmranlıq etdiyi bir cəmiyyəti, bu cəmiyyətdə əzilən zəhmətkeşlərin faciəsini göstərmişdir. "Oqtay Eloğlu" əsərini yazmaqda Cabbarlının məqsədi Azərbaycan Milli Teatrını yaratmaq ideyası idi. Oqtay pərəstiş etdiyi xalq səhnəsini yüksəltmək, milli teatr yaratmaq uğrunda dinclik bilmədən çalışır. O, səhnə xadimidir. Səhnəni bütün varlığı ilə sevən Oqtay hər şeydən əvvəl yaradıcı bir insandır. Yaradıcılıq onun əsas keyfiyyətidir. O, deyir: "Yaşamaq istəyiriksə, yaratmalıyıq. Səhnəmiz yox, fəqət olmalıdır. Onu da mən yaradacağam".

Yaradıcılığının ilk dövrundə yazılmış pyeslərində – "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş" (1915), "Solğun çiçəklər" (1915), "Ədirnə fəthi" (1917), "Nəsrəddin şah" (1916) – məharətlə süjet qurmaq, fərdi psixoloji xarakterlər yaratmaq yolunda göstərdiyi səylər artıq gənc Cəfər Cabbarlıya oxucu rəğbəti qazandırmış olsa da, onun geniş oxucu – tamaşaçı kütlələrinin hiss və duyğuları, fikir və düşüncələri üzərində əsl dramaturq hakimiyyəti "Aydın" (1919), "Oqtay Eloğlu" (1921) pyesləri ilə başlayır.

Cəfər Cabbarlının əsl peşəkar ustalığı, bədii texniki yetkinliyi, həyati konfliktlər, təbii monoloq və mükalimələr qurmaq məharəti ilk dəfə olaraq bu pyeslərdə tam qüdrəti ilə təzahür edir. Bu pyeslər həm də Cəfər Cabbarlı dramaturgiyası zəminində Cabbarlı teatrını qurmaq və ucaltmaq yolunda iki əsas təməl sütunları idi. İdeoloji təzyiqlərə məhəl qoymadan millilik elementlərini qoruyub saxlayan, səhnə və sənətkar problemini də bu rakursdan həll etməyə çalışan sənətkarın vətənpərvərlik və ziyalılıq ruhu bu pyeslərdə tam gücü ilə duyulur. Xalqın yaşaması, özü-özünün təsdiqi üçün milli mədəni intibahın başlıca şərt olduğunu anlayan Oqtay ("Oqtay Eloğlu") xalqını dahilər, sənətkarlar, şəxsiyyətlər yetişdirməyə çağırır. Lakin doğma səhnəni boş görən sarsılmış gənc aktyor təbiətinə məxsus çılğınlıqla üzünü salona tutaraq: "Səfil xalq, nə bağırırsan. Səndə sənətkar bir qadın yox, varsansa yarat, yaratmırsansa sus, uzan öl" – deyir.

Tragik qəhrəman səviyyəsinə yüksələn Oqtay Eloğlu pərəstiş etdiyi, varlığı qədər sevdiyi səhnəni yüksəltmək, milli teatr yaratmaq uğrunda dinclik bilmədən çalışır, faciəli sənət yolu keçir.

Aydının və Oqtayın mübarizə, inkar və etiraz hədəfləri müxtəlif olsa da, onlar talecə eyni bir həyat məcrasında birləşir və qovuşurlar. Qızılın və pulun qəddar dərəbəyliyi, incəsənət, şöhrət və sərvət ehtiraslarının mənhus tuğyanı qarşısındakı əlacsızlıq onları eyni bir ağrı və iztirab dəyirmanında üyüdür.

Vətənə, xalqa, milli mədəniyyətə və sənətə xidmət yolunda hər cür fədakarlığa hazır olan bu qəhrəmanlardakı parlaq romantika, nəcib xəyalpərvərlik hadisələr axarında az keçmir ki, həyatın sərt daşlarına dəyərək çiliklənir. Hər iki əsər faciəvi bir finalla, sarsıdıcı bir sonluqla tamamlanır.

Cəfər Cabbarlının təsvir etdiyi gənc qəhrəmanlar: aydınlar, oqtaylar real və həyatı idilər.

"Oqtay Eloğlu" ilə "Od gəlini" arasındakı illər Cabbarlı yaradıcılığında çox gərgin ədəbi fəaliyyət və yeni inkişaf dövrünə girmək üçün hazırlıq illəri olmuşdur.

"Od gəlini" tragediyası bir körpü kimi iki dövrü bir-birinə bağlayır. "Od gəlini" əsərində Cabbarlı öz həqiqi mübariz qəhrəmanını, yəni aydın və yüksək məqsəd uğrunda mübarizə edən əsl qəhrəmanını tapmışdır. Əsərin qəhrəmanı Elxan azadlıq və istiqlaliyyət uğrunda mübarizə aparan xalq kütlələrinin qəhrəman bir sərkərdəsi olmaqla bərabər, bir mütəfəkkir və islahatçıdır; o, ictimai quruluşun yaramazlıqlarını dərk etmiş və onu dəyişdirmək qərarına gəlmişdir. Bu nöqteyi-nəzərdən Elxan yalnız Cabbarlı yaradıcılığında deyil, bütün Azərbaycan ədəbiyyatında yeni müsbət bir qəhrəman idi.

"Od gəlini" tragediyası şahların, xəlifələrin, hökmdarların həyatına həsr edilmiş əsər deyil. O, zəhmətkeş xalqın həyatını, mübarizəsini, xalqın öz içərisindən çıxan qəhrəmanları təsvir edir. Babək xalq qəhrəmanı, xalq sərkərdəsi və xalq başçısıdır.

"Od gəlini" tragediyasını yazmaq fikri ilk dəfə Cabbarlıda 1924-cü ildə oyanmışdır. "Od gəlini" əsas etibarı ilə IX əsrdə baş vermiş tipik tarixi hadisələrə və bu hadisələrin başında duran xalq sərkərdəsi Babəkin ərəb işğalçılarına qarşı mübarizəsinə həsr edilmişdir. Əsərin ilk variantı 1925-ci ilin ortalarında hazır olduğu halda, Cabbarlı onun üzərində tam üç il də işləmiş, təkmilləşdirmiş və ancaq bundan sonra teatra vermişdir. Heç bir əsər üzərində Cabbarlı "Od gəlini" qədər çox və səylə işləməmişdir.

1928-ci ildə dramaturq "Od gəlini" pyesi ilə tarixi mənşəyinə görə olduqca problematik, zamanına görə aktual, aktual olduğu qədər də xətalı, süjet və kompozisiya həllinə görə bənzərsiz möhtəşəmliyə malik bir mövzuya müraciət etmişdi. Mövzunun dərinliyi və genişliyindəndir ki, əsər ilk variantında 38 şəkildən ibarət pyes kimi qələmə alınmış, tamaşaya hazırlıq prosesində isə 18 şəklə endirilmişdir.

Sovet tənqidinin "ateist ruhlu", dinə qarşı mübarizədə çox təsirli əsər kimi qiymətləndirdiyi faciədə konkret olaraq islam və onun ziyanlı cəhətlərinin təsviri yoxdur, lakin ərəblərin Azərbaycanda işğalçılığını, soyğunçuluğunu, xalqın adətlərinə, dininə, heysiyyatına təcavüzünü əks etdirən səhnələr bir-birini əvəz edir.

Məmməd Əmin Rəsulzadə "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində yazırdı: "Od gəlini"ni Cəfər "Çeka" həbsindən çıxdıqdan sonra yazmışdır. O, vaxtilə istər məmləkətdə, istərsə məmləkət xaricində səs salmış bir hadisəyə görə "müsavatçılar" qrupu ilə birlikdə həbs edilmişdi. Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparırlar. Neft dövlətin malı elan edilir. Ərəbistana daşınır. Azərbaycanlıları islam dinini gəbul etməyə məcbur edirlər.

Mənzərənin rəmziliyi göz qabağındadır. Tamaşaçılar üçün "ərəb" və "islam" sözləri yerinə "rus" və "kommunizm" sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir". "Od gəlini" əsəri 1928-ci ildə tamaşaya qoyuldu. Əsərin quruluşçu rejissoru A.A.Tuqanov idi.

Cabbarlının yaratdığı pyeslər öz bədii dili və üslubu ilə də seçilirdi. Heç şübhəsiz ki, Cabbarlının ədəbi dil sahəsindəki fəaliyyəti Azərbaycan dilinin inkişafında bir mərhələ təşkil etməkdədir.

Cabbarlının, xüsusən dramaturq Cabbarlının yaradıcılığında dil əsas tipləşdirmə vasitələrindən biridir. Buna görə də yazıçının saf, aydın və müstəqil Azərbaycan dili uğrundakı mübarizəsi bilavasitə onun sənətkarlıq xüsusiyyətləri ilə bağlıdır. Cabbarlı dilinin qüvvəti, hər şeydən əvvəl onun dramlarında meydana çıxır.

Cabbarlı müasir dram dilimizin banisidir: xalq danışıq dilinə əsaslanan dram dilinin yox, normativ bədii dilə əsaslanan dram dilinin yaradıcısıdır. Məhz dramaturqun formalaşdırdığı dram dili Avropa klassiklərinin pyeslərini ana dilimizə tərcümə eləməyə, bu sahədə lazımi adekvatlığa nail olmağa imkan verdi. O, Azərbaycan bədii dilinin normativ dram üslubunun banisi oldu. Dramaturqun yaratdığı bədii üslubu nə nəsr, nə də şeir dili ilə müqayisə etmək olar. Onun yaratdığı dramatik danışıq üslubunu Mirzə İbrahimov, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Sabit Rəhman, Ənvər Məmmədxanlı kimi istedadlı yazıçılarımız inkişaf etdirmişlər.

Cabbarlı Azərbaycan həyatından alınmış tarixi və əfsanəvi mövzularla çox maraqlanırdı. O, Azərbaycan xalqının azadlıq uğrundakı mübarizə tarixini, əfsanə və nağıllarını öyrənərək, xalqın mənəvi qüdrətini öz əsərlərində əks etdirmək istəyirdi.

Hələ 1922-1923-cü illərdən üzərində işlədiyi "Araz çayı" mənzum faciəsini Cabbarlı oynamaq üçün Dövlət Dram Teatrına təqdim etmişdir. Çox ehtimal ki, bu mənzum faciə Azərbaycan xalqının vəhdəti məsələsinə həsr edilmişdi. O dövrdə ağızlarda gəzən "Araz çayı, qalx aradan, qoy birləşsin Azərbaycan!" misrasının da həmin faciədən olması güman edilir. Lakin təəssüf ki, bu əsər tapılmadığı kimi haqqında müfəssəl məlumat da yoxdur. 1923-cü ildən başlayaraq Cabbarlı "Qız qalası" adlı əfsanəvi poemasını "Maarif və Mədəniyyət" jurnalında dərc etdirmişdir. "Qız qalası" 1922-1923-cü illərdə yazılmışdır. 1924-cü ildə Bakı Dövlət Universitetinin Şərq fakültəsində oxuyarkən Cabbarlı ədəbi fəaliyyətini də davam etdirirdi. O, bir sıra hekayə və şeirlər yazmaqla bərabər tərcüməçiliklə də məşğul olur, ayrı-ayrı mətbuat orqanlarında məqalələrlə çıxışlar edirdi. Yazıçının teatr sənəti haqqında nəzəri düşüncələri 1924-1925-ci illərdə yazdığı "Azərbaycan ədəbiyyatının son vəziyyəti", "Bizdə teatro", "Azərbaycan teatr məktəbi", 1922-ci ildə "Ədəbi mübahisələr" məqaləsini "Zəhmət" qəzetində dərc etdirmişdir.

Məmməd Əmin Rəsulzadənin qeydlərindən:

"Cabbarlı yalnız yazıçı deyil, eyni zamanda rejissordur. Məşhur musiqi professoru Qilyer onun "Şahsənəm" adlı mənzum pyesini nota çevirərək opera yazmışdır. "Qız qalası" mənzuməsi kimi, əsərlərindən bir qismi rusca ilə bərabər, Qafqaz dillərinə də tərcümə edilmişdir. Dramlarından başqa Cabbarlının şeirləri və hekayələri də vardı. Cabbarlının dramaturqluğu Azərbaycan dramaturgiyasında mühüm bir mərhələdir".

1925-ci ildə dövlət teatrı üçün Şekspirin "Hamlet" faciəsini tərcümə etmiş, 1927-ci ilin əvvəllərində "Dilbər" hekayəsini çap etdirmiş, eyni zamanda F.Qladkovun "Sement" əsərindən bir parça tərcümə etmişdi. 1928-ci ildə Lev Tolstoyun "Uşaqlıq" povestini və Maksim Qorkinin "Üzügülər" hekayəsini tərcümə və çap etdirmişdir.