CƏFƏR CABBARLI 120

Kino fəaliyyəti

Cəfər Cabbarlı teatra böyük qiymət verir və onun başlıca rolunu xalqa xidmətdə görürdü. Teatr haqqında yazdığı qeydlərindən birində oxuyuruq:

"Teatro-yüksək bədii bir dərəcədədirsə ölkə də ümumən gözəl inkişaf edəcəkdir. Mədəniyyət – elm və sənətdən ibarətdir. Teatro isə sənətin başqa qismlərini birləşdiriyor". Bütün həyatını teatrla bağlamasına baxmayaraq dramaturq incəsənətin vacib sahələrindən biri olan kinoya da çox böyük əhəmiyyət verir, Azərbaycan milli kinosunun yaranması və inkişafı üçün əlindən gələni əsirgəmirdi.

Sevil (film, 1929)

Uzun müddət Azərbaycan Dövlət Dram Teatrında ədəbi-hissə müdiri işləyən professional dramaturq o vaxt yenicə inkişaf edən kino sənəti ilə çox maraqlanırdı. 1928-ci ildə Bakı kino fabrikində Mirzə Fətəli Axundovun vəfatının 50 illiyi münasibətilə "Hacı Qara" əsərinin motivləri əsasında "Sona" adlı kino-film çəkilir. "Hacı Qara" bədii filmi ilə Azərbaycanın ilk milli kino ssenaristi kimi tanınan Cabbarlı Azərbaycan qadınlarını qara çadradan xilas edib siyasi, iqtisadi və ictimai həyata çıxartmaq üçün kinematoqrafın böyük imkanlarından istifadə etmək fikrində idi. O, bu arzusunu "Sevil" filmi ilə həyata keçirdi.

Sevil (film, 1970)

"Sevil" filmi 1929-cu ildə Cəfər Cabbarlının ssenarisi üzrə çəkilmişdir (1999-cu ildə filmin 70 yaşı tamam oldu). Bu film Azərbaycan kinematoqrafçılarının qadın hüquqsuzluğuna, qadın əsarətinə ilk etiraz səsi idi. Kinofilmdə Sevil rolunu oynamaq üçün münasib bir azərbaycanlı qızı axtarmaq işində Cabbarlı yaxından iştirak etmişdi. C.Cabbarlı öz qəhrəmanının ekranda surətini canlandıracaq aktrisanı tapmaq üçün Bakının küçələrinə düşüb qapı-qapı gəzərək evlərdə, idarələrdə, ali məktəblərdə azərbaycanlı qız axtarırdı. Cəfər istəyirdi ki, filmdə Sevili mütləq azəri qızı oynasın. O, bu arzusuna da özünə məxsus bir inadkarlıqla nail olmuşdu. Hətta başına qəribə macəralar da gəlmişdi. Bu axtarış zamanı aldığı təəssürat əsasında "Gülər" hekayəsini yazmışdı. Sevil rolunu Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun tələbəsi İzzət Orucova oynamışdır.

Almaz (film, 1936)

"Sevil" filmi böyük müvəffəqiyyət qazandı. Kinodakı bu işindən hədsiz dərəcədə sevinən Cabbarlı "Almaz" və "1905-ci ildə" pyesləri üzrə kinossenarilər yazdı və "Sevil"dən sonra dərhal "Almaz" filminin çəkilişlərinə başladı.

Sona xanımın xatirələrindən:

"Burada da qəhrəman rolunu, yəni Almazı İzzət xanım oynayırdı. T əəssüf ki, Cəfər bu quruluşu başa çatdıra bilmədi. Amansız ölüm onu bu işindən də vaxtsız ayırdı. Cəfərin sənət dostları "Almaz" filmini C əfərsiz çəkib qurtardılar və 1935-ci ilin axırında, onun ölümünün birinci ildönümündə, işi müvəffəqiyyətlə qurtardıqları haqqında məzarı üstündə raport verdilər".

Sona xanım Cabbarlının xatirələrindən məlum olur ki, yazıçı ömrünün son illərini kinostudiyadakı fəaliyyətinə sərf etmiş, həyatı qədər sevdiyi teatrdan özü ist əmədən uzaqlaşmağa məcbur olmuşdu. Cəfərin bədxahları iddia edirdilər ki, güya yazıçı Azərbaycan Dövlət Dram Teatrını monopoliyaya götürüb və nə qədər ki, Cəfər teatrdadır və yazır, onlar oraya pyes verməyəcəklər.

Cəfər Cabbarlının bununla əlaqədar Sovet Yazıçıları İttifaqının təşkilat komitəsinə yazdığı məktubdan bir parçaya diqqət yetirək:

"...Əgər bu doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram, təki onlar yazsınlar. Mən başqa müəssisələrə: 14 ildən bəri kimsənin heç bir şey yazmadığı və mənim bu il iki libretto yazmalı olduğum operaya; heç vaxt işləmədiyim və buna baxmayaraq repertuarını mənim "1905-ci ildə", "Almaz", "Yaşar", "Sevil" pyeslərim təşkil edən rus işçi teatrına; 14 ildən bəri kimsənin heç nə etmədiyi, mən isə özümü orada borclu saydığım Azərkinoya; habelə pyeslərimin əksəriyyəti oynanılan özbək, türkmən, tacik, tatar teatrlarında, fəhlə klublarında işlərəm, nəhayət, tamamilə yazmaya bilərəm, təki o yoldaşlar yazsınlar".

Beləliklə də, Cəfər tamamilə teatrdan çıxıb Bakı kino fabrikində daimi işə keçdi. Kino Cabbarlını getdikcə daha çox cəlb edirdi. Azərbaycanda sənətin bu sahəsində lazımi kadrların olmaması v əziyyəti çox ağırlaşdırmışdı. Cabbarlı kino işlərini canlandırmaq məqsədi ilə əlindən gələni əsirgəmir, orada həm ssenarist, həm də rejissor kimi çalışırdı. Cabbarlı azərbaycanlılardan operator, rəssam, rejissor və kino-aktrisa yetişdirmək barədə məsələ qaldırmış, kinoda işlədiyi zaman isə bu sahədə ciddi fəaliyyət göstərmişdi. Teatrda olduğu kimi kino işinə də çox ciddiliklə yanaşan yazıçı bu sahədə milli kadrların yetişdirilməsi və hazırlanmasına böyük əhəmiyyət verirdi. "Hara gedir Azərkino" adlı məqaləsində oxuyuruq:

"Azərkinonun rəhbərlərinə sual verəndə: nə üçün Sizdə fabrikin nəzdində yerləşən mətbəədə dörd mürəttibdən (özü də onların ikisi yenicə işə götürülüb) biri də türk deyil və türk yazıları bu dili bilməyənlər tərəfindən elə təhrif olunur ki, "gözəl qızlar"-"gözəl qozlar" kimi yazılır, onlar cavab verirlər ki, türk mürəttibləri yoxdur, burada isə türk mürəttibi özü üçün gəzir və nərd oynayır. Soruşanda ki, nə üçün Sizdə türk qadını rolunda türk qadını çəkilmir, dedilər türk qadınları yoxdur.

Lakin elə buradaca, fabrikdə türk qadını Orucova (Azərkinonun türk olmayan 125 işçisinin içərisində həmin 8-9 türkdən biri, gözəl aktrisa) makinaçı işləyir. Kişi rollarında aktyorlar nə üçün Moskvadan, Leninqraddan, Xarkovdan dəvət olunur sualına isə heç kəs aydın cavab verə bilmir və direktor rejissorun, rejissor operatorun, operator rejissorun üstünə yıxır və s.i.a. Azərkinonun öz siması yoxdur. O, özünün şəxsi yaradıcılıq simasını tapmalıdır. Azərkinonun yeganə xilas yolu-başlıca olaraq xidmət etdikləri Azərbaycanın zəhmətkeş kütlələrinə inamsızlıqdan imtina etməsində və bu əsas kütlənin yaradıcılıq iradəsini və təbiətini özünün bütün işi üçün bazis seçməsindədir. Bizim kinofabrikanın qapılarını açmaq və oraya bu canlı yaradıcı kütləni buraxmaq lazımdır. Yalnız o, Azərbaycan kinosunun əsl simasını müəyyənləşdirməyə qadirdir. Bütün qalanlar isə yapmadır, sünidir, surroqatdır, inandırıcı deyil və deməli, bir qəpiyə də dəyməz və məhvə məhkumdur. Başqa kino təşkilatları belə işləyir və bizimki də belə işləməlidir. Bizim kinomuzun rəhbərləri bunu nə qədər tez dərk etsə, o qədər yaxşı olar. Və əgər yenə inadkarlıq etmək fikrinə düşsələr, çox guman ki, bu dəfə onların özləri üçün pis qurtaracaq. Biz isə indi xəbərdarlıq edirik, bizim kino yanlış yol ilə məhvə doğru gedir".

Kinoda işləməyə başladıqdan sonra Cabbarlı istirahəti tamamilə yaddan çıxarmışdı. Sona xanım Cabbarlıya yazdığı 29 avqust 1933-cü il tarixli məktubunda Cəfər Cabbarlı öz gərgin iş vəziyyətini belə təsvir edirdi:

"...Sonra, Sonası, öz işim belədir: Moskvada qət olunub ki, kinoda "1905-ci il"in pastanovkasını ancaq mən verməliyəm. Özgə adamın verməsinə razı olmayıblar. Moskvada həll olunub ki, hansı kinolar gedə bilər və hansını hansı rejissor qoymalıdır. "1905-ci ildə" filminin rejissorundan söhbət gedəndə demişlər ki, Braginski-mraginski tanımırıq, Cəfər özü qoymalıdır. Özü də bu il olmalıdır. Və teatrdan kinoya keçməlidir. Mən dedim: teatrdan getmərəm. Sonra dedilər ki, teatrda da, kinoda da işlə. İndi gərək rejissor ssenarisinə başlayaq. Ayın 1-dən kinoda qulluqdayam. Sonra, "Səfa"nın ancaq bircə 4-cü pərdəsi qalıb. 1-ci, 2-ci, 3-cü pərdələrini qurtarmışam. Tamam-kamal. Bu yandan da Qliyer gəlib Narkomprosda deyir: gərək bir həftəyə "Şahsənəm"i qurtarasan, operada oynayaq. Deyirəm vaxtım yoxdur. Deyirlər, özgə adam eyləyə bilməz. Bu yandan da Şillerin "Qaçaqlar"ı, o yandan da "Əfqanıstan" ...Xülasə, işlərim çox dolaşıqdır, haraya gedib çıxsa, sənə yazaram... Sonra, Türk teatrında "1905-ci ildə"ni quruluşda verməliyəm. Rus teatrında da "1905-ci ildə" gedir. Mayorov deyir, gərək ikili işləyək, tək qoya bilmərəm. Operada da "Səfa"nın pastanovkasını gərək mən verəm. Bizim teatrda da "Otello"nu təzələmək boynuma qalmışdır. Onlardan bir cür ilə boyun qaçırmışam. Hamısı da deyir bir vaxtda. Xülasə, aləm çaxnaşıb bir-birinə, heç bilmirəm nə edəcəyəm. Hə, "Od gəlini"ni də gərək Mayorov ilə mən işləyəm. Budur, təxminən mənim işlərim. İndi gələk sənin işlərinə...".

Bir daha qeyd edək ki, Cəfər Cabbarlı Azərbaycanda milli kino sənətinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərdəndir. Azərbaycan milli kinosunun yaranmasında, bu sahədə milli kadrların yetişdirilməsində, kino işinin yeni, milli əsaslar üzərində qurulmasında Cabbarlının xidmətləri əvəzsizdir.

O, 1928-ci ildə Mirzə Fətəli Axundovun "Hacı Qara" pyesi əsasında ssenari yazaraq Azərbaycanın ilk milli kino ssenaristi olmuş, kinematoqrafiya tariximizin qızıl fonduna "Sevil", "Almaz" kimi gözəl filmlər bəxş etmişdir.

"Solğun çiçəklər" pyesi (1987)

"Aydın" tamaşası (birinci hissə)

"Aydın" tamaşası (ikinci hissə)

"Oqtay Eloğlu" tamaşası (1984)