CƏFƏR CABBARLI 120

Yaradıcılığının üçüncü dövrü

Mürəkkəb ictimai-siyasi hadisələrlə zəngin olan 1920-1930-cu illər Azərbaycan xalqının həm siyasi, həm də ədəbi tarixində xüsusi mərhələ təşkil edir. Bolşevik hakimiyyəti, sovet rejimi, kolxoz quruculuğu, elliklə kollektivləşmə kimi mürəkkəb hadisələrlə xarakterizə olunan bu dövrün həqiqətlərini əks etdirən tarixi sənədlər, ədəbiyyat nümunələri çoxdur. C.Cabbarlı mürəkkəb, ziddiyyətli bir tarixi dövrün ədəbi səhnəsinə onun həm qaranlıq, həm də işıqlı cəhətlərini bizə çatdırmaq üçün gəlmişdir. Cəfər Cabbarlı 1920-1930-cu illərdə Azərbaycan dramaturgiyasının ən populyar dramaturqu idi. Dövrün tarixi-ictimai məzmununu təsvir və səciyyələndirmək qüdrəti məhz ona nəsib olmuşdur. Cəfər Cabbarlısız bu dramaturgiyanı bütöv, fəal, müstəqil və qüdrətli hesab etmək mümkün deyildir.

1928-ci ildən etibarən yazıçının yaradıcılığının üçüncü dövrü başlayır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət dram yaradıcılığına fasilə verən yazıçı 1927-ci ildə "Sevil" əsərini yazır. Əsər qadın azadlığı mövzusuna həsr olunmuşdur. 1928-ci ildə "Sevil"in tamaşaya qoyulması ilə sanki Şərq qadınlarının azadlığı üçün bir yol açıldı. Qadın azadlığı Cabbarlı dramaturgiyasının əsas mövzularındandır. Cəlil Məmmədquluzadə kimi Cabbarlı üçün də qadın dərdi "köhnə bir dərd" idi. Yazıçının hekayələrinin əksəriyyəti Azərbaycan qadınının bədbəxt taleyinə həsr edilmişdir. Lakin yazıçı Azərbaycan qadınlarını donmuş bir v əziyyətdə yox, inkişafda təsvir etmişdir. Onlar get-gedə şüurlanır, insanlıq ləyaqətlərini dərk edirlər. Cabbarlının qadın surətləri passiv etirazdan başlayaraq fəal etiraza, ictimai mübarizəyə qədər yüksəlirlər.

Qadın azadlığı hərəkatında mətbuatın və bədii ədəbiyyatın üzərinə mühüm vəzifə düşürdü və Cabbarlının "Sevil" pyesi bu mübarizədə xüsusi əhəmiyyət kəsb etdi. Əsərdə Azərbaycan qadınının dünənki, bugünkü, hətta gələcək həyatı Sevilin simasında əks etdirilmişdir.

1930-cu illərin ədəbi-ictimai mühitinə bilavasitə təsir göstərən, böyük tamaşaçı və oxucu kütləsi arasında rezonansa səbəb olan "Sevil" pyesində dramaturq yeni cəmiyyət, yeni insan, yeni ailə və əxlaq normalarının bədii illüstrativ təsvirinə səy göstərmişdir. Əsərdə müti bir qadının keçdiyi həyat yolu, mənəvi təkamül prosesi təsvir olunur. Pyesdə ədib müasir həyat materialı əsasında köhnəlik və yeniliyin mübarizəsini əks etdirmişdir. 1930-cu ildə Cabbarlı Türk Dövlət Teatrında bədii hissə müdiri və rejissor vəzifəsində işləməyə başladı.

"Sevil"dən sonra dramaturqu iki mövzu düşündürürdü; onlardan biri xalqlar dostluğu, ikincisi isə yeni kənd məsələsi idi.

C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı "Almaz" pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də göstərilmişdi. Tamaşa böyük müvəfəqiyyət qazanmışdı. Sosializm quruculuğu dövrünün, 1929-1930-cu illərin əsas ictimai məsələlərindən biri kənd təsərrüfatının kollektivləşdirilməsi idi. Almazın simasında yazıçı sosializm cəmiyyəti üçün xarakterik olan bir gəncin surətini yaratmışdır.

1931-ci ildə Cabbarlı "1905-ci ildə" pyesini tamamlayıb teatra verdi. Əsər xalqlar dostluğundan bəhs edir. Türk Dövlət Dram Teatrı 1931-ci il mövsümünü bu pyeslə açmışdır. Əsərin quruluşçu rejissoru Lyütse işi yarımçıq qoyub getdiyi üçün quruluş üzərində Cabbarlı özü işləmişdir.

1932-ci ildə C.Cabbarlı "Dönüş" əsərini yazmışdır. Həyat yoldaşı Sona xanıma yazdığı məktubda ədib əsər haqqında bunları deyir:

"Bir balaca pyes yazmağa başlayacağam. Burada qurtara bilməsəm, gerisini gəlib bağda qurtaracağam..."

Cabbarlının 1932-ci ilin yayında yazdığı bu məktubda göstərdiyi balaca pyes – "Dönüş" pyesi idi. Yazıçı bu pyesi nə səbəbə "balaca" adlandırmışdı? Bu suala ədibin bir az əvvəl A.A.Tuqanova yazdığı məktub cavab verməkdədir. Həmin məktubda Cabbarlı bildirir ki, Dövlət Dram Teatrının yubileyi münasibəti ilə kiçik satirik bir pyes yazacaqdır. Belə məlum olur ki, Cabbarlı teatrın yubileyində tamaşaya qoymaq üçün nöqsanlarını yoldaşcasına tənqid edən bir pyes üzərində işləyirdi. Bu pyes bir və ya iki pərdəli bir komediya, "səhnəmizin güzgüsü" kimi tənqidi bir əsər olacaqdı. Lakin iş zamanı əsər getdikcə böyümüş, mövzuca genişlənmiş və axırda sosializm sənəti məsələlərini əhatə edən ciddi bir pyesə çevrilmişdi. Əsəri yazmaqda yazıçının əsas məqsədi ədəbiyyat və sənət aləmindəki nöqsanları meydana çıxarmaq, zərərli və yaramaz fikir və nəzəriyyələrdən teatr mühitini təmizləmək idi. Nöqsan isə az deyildi. Onları cəsarətlə tənqid etmək lazım idi. Moskvada oxuyub Azərbaycana gəlmiş gənc Gülsabah teatr kollektivini yeni repertuar, yeni üsul, möhkəm intizam uğrunda mübarizəyə çağıranda bu nöqsanlarla üz-üzə gəlir. Gülsabah gördüyü nöqsanları hamının nəzərinə çatdırır. Kollektivin köməyi ilə onları aradan qaldırmağa çalışır. O deyir: "Bir də, yoldaşlar, bizdə bir konservatizm vardır: Yenilikdən qorxmaq, köhnəliyə pərəstiş". Gülsabahı hər şeydən artıq bu əsas nöqsan, mühafizəkarlıq narahat edir; o, konservatizmlə, köhnəliklə mübarizəyə girişir. Pyes "Oqtay Eloğlu" əsərinin davamı kimi götürülə bilər.

"Dönüş" ilə bir zamanda, 1932-ci ildə Cabbarlı "Yaşar" pyesi üzərində də işləyirdi. Əsər 1932-ci ilin dekabrında tamaşaya qoyulmuşdu. Əsərdə yeni Azərbaycan ziyalısının obrazı yaradılmışdır. Yaşar yeni tipli gənc bir alimdir. O, öz ixtirası ilə vətən torpağını abad etmək istəyir. Pyesdə Cabbarlı köhnə elmi normalara, köhnəlmiş üsullara pərəstiş edən elmin əleyhinə çıxır, inkişafa mane olan köhnəlmiş qaydaları cəsarətlə qırıb atan yeni, təşəbbüskar elm adamlarını alqışlayır. "Yaşar" Cabbarlının son tamamlanmış əsəri idi. 1933-1934-cü illərdə Cabbarlının səhnəyə yeni bir əsər verməməsinə baxmayaraq, bu illər də onun həyatında ən gərgin fəaliyyət illəri idi. Bu zaman o həm dram teatrında, həm opera teatrında, həm də kinoda işləyirdi.