CƏFƏR CABBARLI 120

Cəfər Cabbarlı xatirələrdə

Məhəmməd Əmin Rəsulzadə:
«O, gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqdir. Bu nitqində o, "həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial sifariş" üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır».

Sona Cabbarlı:
« O məşum gecə-1934-cü ilin dekabrın 30-dan 31-ə keçən gecə idi.Cəfər 35, mən 29 il yaşamışdım. Oğlumuz Aydının 10, qızımız Gülarənin 4 yaşı var idi o vaxtı.Cəfərin mənim üçün qoyub getdiyi xəzinə bu iki uşaq idi.Öz xalqı üçün də o, qiymətli dəfinə qoyub getmişdi-əsərlərini.» «Cəfərin belə bir xasiyyəti var idi: bir pyes yazmağı düşünəndə əvvəl onun qəhrəmanlarından birinin mahnısını fikirləşirdi. Bəzən bunu xalq mahnılarından götürür, bəzən də özü yeni bir mahnı yaradardı. Sözlərini yazır, hətta musiqisini də özü bəstələyirdi. Bu mahnını uzun zaman dodaqaltı oxuyur, pianoda çalırdı, sonra pyesi yazmağa başlayırdı. Məsələn: “Od gəlini”ndə Solmazın “Mən bir solmaz yarpağam ki”, “1905-ci ildə” Sonanın “Azad bir quşdum”, “Almaz”da Yaxşının “Gərək günəş dağları aşıb sönməyəydi”, “Yaşar”da Yaqutun “Küçələrə su səpmişəm”, “Sevil”də Sevilin “Sənə nə olub, zalım yar?” mahnıları belə yaranmışdır.

Səməd Vurğun:
«C.Cabbarlı XIX və XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən nadir simalarından biridir. Cabbarlı öz yaradıcılığının vüsəti, sənət xəzinəsinin zənginliyi etibarilə Mirzə Fətəli Axundovdan və Cəlil Məmmədquluzadədən (Molla Nəsrəddin) sonra XX əsr ədəbiyyatının ən görkəmli simasıdır. Cabbarlı Azərbaycan klassik dramaturgiyası və klassik şeiri zəminəsində yetişmiş, milli ədəbiyyatımızın ən gözəl ənənələrini inkişaf etdirmiş, yeni bir dramaturgiya ədəbi məktəbini yaratmış bir şəxsiyyətdir".»

Süleyman Rüstəm:

«Bu torpağın gözü acdır, nə versələr yeyəcək.
O hər zaman dil açıb, mən acam, acam deyəcək.

Bu iki sətri əziz dostum Cəfərin ölüm xəbərini eşidəndə demişdim. Onun ani ölümü biz dostlarını dərindən sarsıtdı. Cəfəri xalqa sevdirən, onun yaratdığı ölməz əsərlər oldu.

Gənclik illərində biz onun əsərlərinə teatrda təkrar-təkrar tamaşa edər və sonra məktəbimizin dram dərnəyində hazırlayıb tələbələr qarşısında nümayiş etdirərdik. O zaman hər yerdə, hər evdə Cəfərin səhnə əsərlərindən qızğın, işlərin söhbətlər gedərdi. Ailələrdə təzə doğulan körpələrə təntənəylə, böyük iftixarla Cəfərin əsərlərindəki qəhrəmanların adları qoyulardı.

1922-ci il idi. Mən Nəriman Nərimanov adına sənaye məktəbində oxuyurdum. Kollektivimiz məktəbimizin birillik yubleyini keçirirdi. Biz C.Cabbarlının “Almaz” pyesini tamaşaya qoymuşduq. Mənə də Surxal rolu tapşırılmışdı. Bu tamaşanın rejissoru Cəfərin yaxın dostu,xalqımızın böyük sənətkarlarımızdan biri olan mərhum İsmayıl Hidayətzadə idi.

Cəfərlə yaxından tanışlığımız 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakultəsində oxuyarkən oldu. O, yuxarı kursda olduğuna baxmayaraq bizimlə dostluq eləyirdi.

Onun sadəliyi, səmimiliyi, təvazökarlığı bizi özünə ürək dostu eləmişdi.

1926-cı ildə universitetdə dram və ədəbiyyat dərnəyini təşkil etməkdə Cəfər bizə çox yaxından kömək etdi. O, bu dərnəklərə tez-tez gəlib bizə gözəl məsləhətlər verirdi.

Yadımdadır, biz Hüseyn Cavidin mənzum “İblis” faciəsini böyük bir həvəslə tamaşaya hazırlayırdıq. Məşqlərimizdə Cəfər də iştirak edirdi. Əfrasiyab Bədəliyli-İblis, mən isə Arif rolunda çıxış etməli idik. Yaman həyacan keçirirdik. Cəfər bizə ürək-dirək verib tamaşanın yaxşı keçəcəyindən danışdıqca biz özümüzdə quvvət, cəsarət hiss eləyirdik. O zaman Mirzə Fətəli Axudov teatrında verdiyimiz bu tamaşa doğrudan da müvəffəqiyyətlə keçdi. Hətta “Kommunist” qəzetində bu tamaşa haqqında yaxşı bir məqalə də çıxdı.

Biz universitetdə dərslərimizə yaxşı hazırlaşan tələbələrdən idik. Bir dəfə təhsil ilinin sonunda, bir neçə tələbə fars dilindən imtahana hazır olmadığımızı başa düşdük. Bizdən başqa hamı imtahanı vermişdi. Bu dəfə də Cəfər köməyimizə yetişdi. O, bizə müəllimin evinə gedib orda imtahan verməyi məsləhət gördü.

Cəfər də imtahana gecikənlər sırasında idi.

Fars ədəbiyyatı müəllimi Mirzə Möhsun İçəriçəhərdə yaşayırdı.Cəfər, Əfrasiyab Bədəl-bəyli və mən yolda bir kruşka ayaq üstü piyvə içib cəsarətlə onun evinə tərəf yolandıq, müəllimiz kiçik, qaranlıq bir otaqda yaşayırdı. O, bizi görüb təccübləndi. Cəfər dedi ki, sizə imtahan verməyə gəlmişik. Müəllimiz otağın pərakədəliyindənmi, nədənmi yaman tutulmuşdu.

Söhbətə Cəfər başladı. Vəziyyət helə oldu ki, müəllimiz yox, biz müəllimizi imtahana, sorğu-suala çəkdik. Ona yeni fars ədəbiyyatı haqqında sualar yağdırırdıq. O da bizə hərarətlə cavab veridi.

Nəhayət Mirzə Möhsün gülümsəyərək kitabçamızı alıb fars ədəbiyyatından bizə qiymət yazdı.

Cəfər Cabbarlı “Gənc qızıl qələmlər” təşkilatının üzvü olmasa da, o, bu təşkilatın yaranmasında yaxından iştirak edənlərdən biri idi. İttifaq yaranmamışdan əvvəl “Kommunist” qəzeti yanında ədəbiyyat dərnəyi vardı. Bu dərnəkdə gənclərin yeni əsərləri təhlil və müzakirə olunurdu. Cəfər Cabbarlı bu dərnəyə demək olar ki, rəhbərlik edirdi. Cəfər o zaman “Kommunist” qəzetində əməkdaşlıq eləyirdi. Müəyyən illərdə qəzetə rəhbərlik edən Həbib Cəbiyev, Ruhulla Axundov, Cəfərə böyük hörmət bəsləyirdilər.

Qəribə burasındadır ki, Cəfər kimi sənətkar, istedadlı, şöhrətli dramaturq həmişə gənclərin arasında görünürdü.

Dost səfərdə daha yaxşı, daha dərindən tanımaq olur.

Cəfər Cabbarlı ilə bir neçə dəfə səfərdə olmuşuq. İlk səfərimiz 1929-cu ildə Gürcüstana,Ermənistana getməyimizdir. Bizim nümayəndələr arasında Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev, Hacı Kərim Sanılı, Abdulla Şaiq, Süleyman Sani Axundov, Əhməd Cavad, Mikayıl Müşfiq, Məmməd Rahim və Cəfər Cabbarlı vardı. Heyətimizin sədri Haqverdiyev, katibi isə mən idim. Gürcü və erməni dostlarımız bizi çox böyük hörmət və məhəbbətlə qarşıladılar.

Bütün səfər boyu Cəfər biz gənclərin arasında idi. Cəfərin məzəli, duzlu söhbətləri, hazırcavablığı bizləri ona daha yaxın eləmişdi.

Bir gün Tbilisidən Mtsxetiyə yola düşərkən, Cəfər, Şaiq və mən bir maşına minməli olduq. Qabaqda Haqverdiyevin və Qalaktion Tabidzenin mindiyi maşın gedirdi. Birdən Cəfər şoferin qulağına gülə-gülə nə isə pıçıldadı. Şofer maşının sürətini artırdı. Maşınımız mənzilə hamıdan əvvəl yetişdi. Qocaların maşını bizdən sonra gəlib çıxdı.

Haqverdiyev çox pərt idi. Mən ondan belə bir töhmət aldım: “Bu dəfəlik günahından keçirəm... Adam sədrin maşınını keçməz cavan oğlan...”

Mən onun sözlərini təsdiq edərkən Cəfər bığaltı gülürdü... tblisidə, Yerevanda və başqa şəhərlərdə keçirdiyimiz xoş günlər, saatlar, unudulmazdı.

Cəfər yeni yaranan hər yaxşı əsərə ürəkdən sevinən sənətkardı. Hacıbaba Nəzərli ilə yazdığımız və “İşçi teatrı”nda tamaşaya qoyulmuş “Yanğın”komediyası münasibətilə o məni səmimi təbrik etdi, alqışladı. Dövlət Dram Teatrı üçün əsər yazmağı mənə məsləhət gördü.

Ədəbiyyata xaltur əsərlərlə soxulmaq istəyən təsadüfi adamlara qarşı Cəfər amansızdı.

Bəziləri ağzına gələni yazıb Dövlət Dram Teatrında zorla oynatmaq xəyalına düşmüşdü. Bu adamlar rədd cavabı aldıqda böhtanlara, iftiralara əl atmaqdan çəkinmirdilər.

Bir dəfə Cəfər mənə bu adamların əlindən zinhara gəldiyini söylədi. Mən bu məsələ ilə əlaqar “Kommunist” qəzetində çıxış etmək istədim. O buna razı olmadı. Mən öz fikrimi ayrı şəkildə qələmə aldım. “Dramaturq Cəfdər Əmi oğlu” adlı hekayəmdə Cəfərin əleyhinə olan xalturacılara, böhtancılara qarşı çıxdım.

Cəfərin üzünə tərif sözləri deyiləndə heç xoşlanmazdı. O,həmişə: “Mən həvəskaram, yazırıq, görək axrımız hara çıxacaq” deyirdi.

Biz, Cəfərlə hər görüşəndə ürəkdən sevinərdik. O, həmişə yazıb-yaratmaq eşqilə yaşayırdı.

1934-cü ildə Moskvada Sovet yazıçıları qurultayından qayıdandan sonra Cəfər xəstələndi.

Xəstəykən bir gün məni evinə çağırtdırdı. Yanında yalnız kino rejissoru Məhəmməd Əlili idi. Quzu kəsmişdilər. Sona bacı gözəl süfrə açdı. Söhbətimiz uzun çəkdi.

Bir gün onun aramızdan getdiyini eşidəndə gözlərimdən ixtiyarsız yaşlar artdı. O, aramızdan gənc ikən getdi. Cəfər xalqımız üçün hələ bir çox qiymətli əsərlər yarada bilərdi. O, böyük, coşqun istedadın aramızdan vaxtsız getməsinə inana bilmirdik. Heyhat! Bu itki ədəbiyyatımız üçün böyük, çox ağır bir itki oldu. Təsəllimiz budur ki, Cəfərin əsərləri yaşayır və həmişə yaşayacaqdır.

Demək dostumuz Cəfər də yaşayır və yaşayacaqdır.»

İzzəm xanım Orucova:
Mən Sevil və Almaz rollarını necə oynadım.

Bəzi hekayə və oçerklərdə tez-tez belə cümlələrə rast gəlirsən: “O, hələ uşaqlıqdan mühəndis olmağı arzu edirdi”. “Onun kiçik qəlbi uşaqlıqdan kino artisti olmaq kimi böyük bir arzu ilə döyünürdü.”

Əlbəttə mən belə deyə bilməyəcəm. Çünki uşaqlıqdan heç kinonun və artistin nə olduğunu bilmirdim. Ancaq gözəl bir təsadüf məni Cəfər Cabbarlı ilə tanış etdi. Cəfər kinoda Sevil obrazını oynamaq üçün azərbaycanlı qızı axtarırdı. Əhvalat belə oldu.

O zaman mən indiki M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft-Kimya İnstitutunda oxuyurdum. Rəfiqələrimdən biri ilə keçmiş “Təyyarə” kino-teatrına getmişdim. Cəfər Cabbarlı məni görmüş və yanındakı dostuna belə demişdi: “Deyəsən Sevili tapmışam. Zənnimcə, bax o qız elə bil ki, Sevili oynamaq üçün yaranmışdır”.

Cəfər Cabbarlının dostu bizim ailəni tanıdığı üçün ertəsi gün onu bizim evə gətirdi. Cəfər Cabbarlı nə üçün gəldiyini bildirəndə atam çaşıb qaldı. Atamın sözləri indi də yadımdadır. O, Cəfər Cabbarlıya belə dedi: “Yox, oğlum, özün yaxşı birisən, müsəlman aləmində belə şey olmaz. Doğrudur, mən özüm də kinonu, teatrı, kitabı çox sevirəm. Tutalım razı oldum, bəs qohum-qardaş, görüb-eşidən nə deyər? Yox,yox, oğul, incimə, razı ola bilmərəm...”

C.Cabbarlı nə qədər xahiş etdisə atam razı olmadı ki, olmadı. C.Cabbarlı çox peşiman halda çıxıb getdi. Bir neçə gündən sonra C.Cabbarlı yenə bizim evə gəldi. Nədənsə bu dəfə atam onu çox mehriban qarşıladı. Yəqin ki, qohum-qardaşdan kimsə atamdan çox xahiş etmişdi. Odur ki, C.Cabbarlı ilə atam bir xeyli şirin-şirin söhbət etdilər, atam məhəlləmizdə yaşamış şair Mirzə Əbdülxaliq Yusifdən bir neçə qəzəl dedi. Deyəsən Cəfər atamın,atam da Cəfərin çox xoşuna gəlmişdi; onların söhbəti uzun çəkdi. Axırda Cəfəri yola salıb evə gəldi, Məni çağırdı dedi:
-Qızım, bu çeşməkli kişi böyük adamdır, bəlkə eşitmisən Cəfər Cabbarlı. Bir dənə kino çəkirlər adı “Sevil”dir. İstəyir ki, səni də o kinoya çəksin. Bilirəm məhəllə ağsaqqalları məni danlayacaqlar,amma kişinin sözündən çıxa bilmədim. Yaxşı adama oxşayır, elə bil üzündən nur tökülür. Sabah hazırlaş gəlib səni kinoya aparacaq...

Ertəsi gün məktəbdən gələn kimi təzə paltarımı geyib hazırlandım. Bir azdan Cəfər Cabbarlı gəlib çıxdı. Qapıda fayton dayanmışdı. Biz faytona əyləşib kinostudiyaya gəldik. O gündən Cəfər məni evimizdən həmişə fayton ilə aparıb, yenə fayton ilə gətirərdi. Mən yavaş-yavaş kinonun nə olduğunu başa düşürdüm. Kinonun çəkilişində rejissor Amo Bek-Nazarovla bərabər Cəfər Cabbarlı da iştirak edirdi. Cəfər Cabbarlı çox tələbkar idi. Bəyənmədiyi kadırları dəfələrlə yenidən çəkilməsinə israr edərdi. Heç yadımdan çıxmaz. Sevilin çarşabı başından atması epizodu bir neçə dəfə təkrarən çəkildi; amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyirdi:
-Yox, İzzət, olmadı. Çarşabı başından atmağın süni çıxır.Əsərin əsas kuliminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından yerə elə atmalısan ki, bu səhnə tamaşanıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb hissi oyatsın.

Bu kadrı o gün yenə çəkə bilmədik. Mən evdə anamın çarşabını başıma örtüb aynanın qabağında dayanıb, Cəfər Cabbarlının sözlərini yadıma salaraq dəfələrlə məşq edirdim. Bir dəfə bu səhnəni görən anam çarşabı əlimdən alıb üstümə qışqırdı:
-Ay qız, dəli olmusan nədir, bu çarşabı adam başından örtüb nə qədər yerə atar, çarşab dağılıdı ki...

Nəhayət “Sevil” kino-filminin çəkilişi tamamilə qurtardı. Film ekranlara buraxıldı. Həmin gün anamı da kinoya baxmağa aparmışdım. Kino-filmdə necə oynamağım ilə maraqlanan qohumlarımın çoxu da tamaşaya gəlmişdilər. Hamının biletini Cəfər Cabbarlı özü almışdı.

Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik olaraq tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi. C.Cabbarlı zarafatla anama deyirdi:
-Rübabə xala, İzzət bilirdi ki, sən o çarşabı atacaqsan, elə ona görə də dağıdırdı.

Sevildən sonra mən Almaz rolunda oynadım. Amma çox təssüf ki, amansız ölüm böyük sənətkara “Almaz” kino-filmini ekranda görməyə imkan vermədi. C.Cabbarlının ölümündən bir il sonra “Almaz” kino-filmini çəkib unudulmaz Cəfər Cabbarlının qəbri üstə raport verdik.

Rəsul Rza :
"Kim deyə bilərdi ki, illər keçəçək, əziz dostumuz, qardaşımız, xalqımızın ən qüdrətli sənətkarlarından biri Cəfər Cabbarlı haqqında xatirə yazmalı olacayıq.

Mən Cəfər Cabbarlı ilə harda, necə tanış olduğumuzu yadıma sala bilmirəm. İndi ötən günlər dəftərini vərəqlərkən uzaqlarda qalmış o illəri, ayları, günləri bir-bir xatırladıqda mənə elə gəlir ki, biz onunla həmişə tanış idik. Bu tanışlığımızın axırı olmadığı kimi əvvəli də yoxdur.

C.Cababrlı məşhur bir dramaturq, biz isə o zaman hələ ədəbiyyata yeni gəlmiş gənclər idik. Lakin Cəfər Cabbarlı ilə danışmaq mübahisə etmək, ondan məsləhət almaq üçün rəsmi və yaxın tanışlıq lazım deyildi.

Cəfər Cabbarlı bütün ömrünü saatlara böləcək, demək olar ki, bu saatların çox az hissəsi onun yuxusuna, istirahətinə-qalan böyük hissəsi isə teatrda, səhnədə, evdə, tramvayda, küçədə gedəndə onun bir laboratoriya kimi işləyən yaradıcı qəlbinin, beyninin fəaliyyətinə səfr olunurdu.

Bir dəfə Cəfərin “1905-ci ildə” pyesi haqqında, yanılmıramsa, elə ilk tamaşalarından sonra, qəzetlərin birində kəskin bir resenziya çıxmışdı.

Üç-dörd yoldaşla Kommunist küçəsilə üzü yuxarı gediridik. Cəfərə rast gəldik. Dayandıq. Salamlaşdıq.

Cəfər çox hərarətlə danışmağa başladı.

-Mən nə yazsam tənqidi əvvəldən hazırdır,-dedi.-Siz də susub durursunuz, Cəfəri tənqid eləyəndə maşallah təbiniz rəvan olur. Ancaq...

Görünür o danışmağa çətinlik çəkirdi. Bəlkə bu, şiddətlə əsən xəzrinin təsirindən, bəlkə də daxili bir həyacan onu sakit danışmağa qoymurdu.

Söhbətimiz xeyli sürdü. Mən ona məqalədən çox narazı olduğumu bildirdim. Elə bil məni birinci dəfə görürdü. Gözlərində maraq oyandı, o, diqqətlə üzümə baxdı.

Doğrudan da məqalə elə insafsız, ədalətsiz və qərəzlə yazılmışdı ki, ədəbiyyatla yaxın olmayanlar da bunu hiss edirdilər.

Bir neçə gün sonra Azərbaycan Dram Teatrında çağrılmış disputda məqalə müəllifini-İbrahim Xəlili, necə deyərlər, suya salıb çıxartdıq.

Cəfər son dərəcə riqqətlənmişdi. O, gənclərin bu müdafiəsindən çox məmnun qalmışdı.

Sonra bir söhbət zamanı dedi ki, düzü mən elə bilirdim siz də məqaləçinin fikrini müdafiə edəcəksiniz. O, “məqaləçi” sözünü acı bir təbəssümlə dedi. Bu sözdə Cəfərə məxsus zərif bir yumor, bəlkə də bir istehza duyulurdu.

İli yaxşı yadımda deyil, onu deyə bilərəm ki, “Dönüş” pyesinin ikinci ya üçüncü tamaşası idi. Biz Cəfərlə lojada oturub tamaşaya baxırdıq. Artıq onunla dəfələrlə görüşmüş, dramaturqun ayrı-ayrı əsərləri haqqında xeyli söhbətimiz olmuşdu. Demək istəyirəm ki, bu bizim birinci ya ikinci görüşümüz deyildi. Oxucu sorşa bilər ki, o zaman Cəfər Cabbarlı tanınmış bir dramaturq, on-on beş illik ədəbi təcrübəyə malik bir yazıçı, sən isə yenicə ədəbi mühitə ayaq basmış, bür-bütün 5-10 şeirin, üç-dörd hekayənin və bir neçə məqalənin müəllifi olduğun halda necə ola bilər ki, Cəfər səninlə ədəbi mübahisələrə girir və öz əsəri haqqında səndə rəy eşitmək istəyirdi?

Əvvəla ona görə ki, C.Cabbarlı son dərəcə təvazükar bir adam idi. O, əsərləri haqqında ən adi adamların rəyini dinləyirdi. İkincisi, o zaman AzAPP-ın (Azərbaycan proletar yazıçıları cəmiyyəti) böyük nüfuzu vardır.Mən də bu azappçılardan biri idim.

Tamaşa zamanı mən ayrı-ayrı obrazlar və əsələrin bəzi cəhətləri haqqında öz fikrimi müəllifə deyiridim. Cəfər gah gülümsəyir, gah da çeşməyini çıxarıb dəsmala silirdi.

Cəfəri yaxşı tanıyanlar bilirlər ki, onun bu hərəkətlərinin öz dili vardı. Cəfər sənə gülümsəyə-gülümsəyə baxanda, bu o demək idi ki, sən çox sadəlövh fikir deyirsən, gətirdiyin dəlillər ciddi etiraza dəyməz, görünür ki, ya məsələnin nə yerdə olduğunu yaxşı dərk eləməmisən, ya da ağıllı görünmək üçün əllaməlik eləyirsən.

Bəzən də o tərifdən pərtəşdiyi zaman belə gülümsəyirdi.

Cəfər çeşməyini çıxarıb tez-tez siləndə, bu o demək idi ki, hirslənib, həyacanlanıb, deməli sən ya elə ölçüyə sığmaz, insafsız söz demisən ki, bu onu qəzəbləndirib, ya da dediklərin doğrudan da əsərin qüsurunu düzgün ifadə edir.

Tamaşa qurtaranda “ dönüş”ün onun o biri əsərlərindən zəif olduğunu dedim.

Cəfər həyəcanla:
-Yox, yox, -dedi-“Dönüş” mənim bu vaxtacan yazdığım və bundan sonra yazacağım əsərlərimi hamısından yaxşıdır.-Birdən onun səsi dəyişmişdir, gözləri elə bil ki, yaşardı. Qaynar, nüfuzedici və həmişə xəfif bir təbbəssüm gizlənmiş olan bu gözlər sanki dəyişdi. Yerinə bir ana nəvazişinə, bir dost yardımına möhtac qalan gözlər qoyuldu.
O, qolumdan tutub və alçaq bir səslə:
-Ata-ana öz şikəst balasını bütün övladlarından çox istəyər, - deyə davam etdi.
Biz artıq bir kəlmə belə danışmayıb ayrıldıq. Sonralar söhbətlərimiz zamanı mən inandım ki, bu sözlər gözəl bir söz kimi deyilməyib, Cəfər doğrudan da bu əsərin xüsusi bir məhəbbətlə sevilirdi.