Mikayıl Müşfiq - 110

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Mikayıl Müşfiqdir. Ötən əsrin birinci yarısının sənətkarları nəslinə mənsub olan istedadlı şair çox qısa bir ömür yaşamasına baxmayaraq Azərbaycan poeziyasının inkişafında, onun yeni mövzu, bəşəri məzmunla zənginləşməsində böyük rol oynamışdır.

M.Müşfiq bədii yaradıcılığa çox gənc yaşlarından başlamış, ilk şeiri 1926-cı ildə çap olunmuşdur. Qısa müddətli yaradıcılıq dövründə şairin on şeirlər kitabı çap olunmuşdur. M.Müşfiq qələmindən çıxmış bütün lirik şeirlər və poemalar yetkin sənət nümunələri olub, Azərbaycan poeziyasını zənginləşdirən bədii əsərlərdir. Müasirlik, coşqun hisslər, yüksək ilham və həyat sevgisi bu əsərlərin əsas səciyyəsi, onları dəyərləndirən əlamətlərdir.

Bu il iyun ayının 5-də Turan yolçusu və Azərbaycan aşiqi, 1937-1938-ci illərdə repressiya qurbanı olmuş nakam məhəbbət şairi Mikayıl Müşfiqin 110 yaşı tamam olur. Şairin yubileyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 17 may 2018-ci il tarixli sərəncam imzalamışdır

M.Müşfiq qısa ömrünə baxmayaraq, maraqlı və orjinal əsərləri ilə ədə- biyyatımızda dərin izlər qoyub. Nakam şairin lirikasının hər bəndi, hər misrası oxucu qəlbinin dərinliklərinə nüfuz edir, könülləri oxşayır, insanları yüksək hisslər, yüksək amallar aləminə aparır. Bu lirika bu gün də aktualdır, bu gün də sevilən nümunələr, sevilən şeirlərdir. M.Müşfiq lirikasının əzəməti də məhz bundadır!

Düz 80 ildir ki, böyük şairin nəşi çox sevdiyi Xəzərdə uyuyur, ona həmişə hüsnünə heyran olduğu Xəzərin ləpələri ağı deyir, “Xəyalının yelkəni”ni yelləyir. Müşfiqin məzarı Xəzər boydadır, ruhu dənizin üzərində daim dolaşmaqdadır, şeirləri, əsərləri isə onu çox sevən insanların qəlbində, ürəklərində, könüllərin- dədir.

Azərbaycan poeziyasının gözəl incilərini yaratmış Mikayıl Müşfiq yaradıcılığı haqqında yaşlı oxucuların yaddaşını təzələmək, gənc nəslə isə onu təqdim etmək məqsədilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Könüllərdə yaşayan şair” adlı elektron məlumat bazası tərtib edib.