|
Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri
Masallıda rayon Mərkəzi Kitabxanasının Veb-saytı, Elektron kataloq və Elektron kitabxanasının təqdimatı keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı» uğurla həyata keçirilir.
Sözügedən Dövlət Proqramının icrası məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Masallı rayon Mərkəzi Kitabxanası Avtomatlaşdırılmış Kitabxana – İnformasiya Sistemi ilə təmin edilmiş, kitabxananın Veb-saytı (http://www.masalli-mks.az) hazırlanaraq İnternet məkanında yerləşdirilmişdir. Bu gün Masallı rayon Mərkəzi Kitabxanasında kitabxananın yeni Veb-saytının, habelə Elektron kataloq və Elektron kitabxanasının təqdimatı keçirilmişdir. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova çıxış edərək Azərbaycanda kitabxana – informasiya sahəsi üzrə Dövlət Proqramının uğurla həyata keçirildiyini və bu məqsədlə kitabxanaların fondunun zənginləşdirildiyini, respublikanın şəhər, rayon kitabxanalarında Avtomatlaşdırılmış Kitabxana – İnformasiya Sisteminin quraşdırıldığını bildirdi. O, qısa bir müddətdə respublikanın 30-dan çox şəhər və rayon kitabxanalarının Veb-saytlarının yaradıldığını və bu saytlar vasitəsi ilə kitabxanaların öz resurslarını İnternet qlobal informasiya məkanına çıxarılmasına nail olduğunu qeyd etdi. L. Məmmədova Masallı rayon Mərkəzi Kitabxanasında kitabxana – biblioqrafiya proseslərinin avtomatlaşdırılması məqsədi ilə Avtomatlaşdırılmış Kitabxana – İnformasiya Sisteminin quraşdırılmasını rayonun ictimai və mədəni həyatında mühüm hadisə olduğunu qeyd etdi. O, Avtomatlaşdırılmış Kitabxana – İnformasiya Sisteminin quraşdırıldıqdan sonra rayon Mərkəzi kitabxanasında Elektron kataloq və Elektron kitabxananın yaradılması işinə bağlanılacağını və gələcəkdə yaradılan bu resurslar virtual xidmət vasitəsi ilə oxuculara təqdim ediləcəyini bildirdi.
Tədbirdə çıxış edən Masallı rayon mədəniyyət və turizm şöbəsinin müdiri Lətifə Mövsümova Masallı rayonunda mədəniyyət sahəsində ilk dəfə olaraq məhz rayon Mərkəzi Kitabxanasının Veb-saytının yaradılmasının əhəmiyyətli bir hadisə olduğunu bildirdi. O, Veb-saytda nəinki kitabxana – informasiya sahəsi, Masallı rayonu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Masallı rayonuna səfəri, habelə rayonun turizmi, tarixi abidələri, muzey sərvətləri, istirahət məkanları və s. haqqında ətraflı məlumatlar yerləşdirildiyini qeyd etdi.
Masallı rayon İcra Hakimiyyəti başçısının müavini N.Muxtarov çıxışında dövlətin mədəniyyətə, kitabxanalara qayğısının diqqətəlayiq olduğunu və Azərbaycan xalqının intellektual potensialının formalaşmasında kitabxanaların üzərinə böyük vəzifələr düşdüyünü qeyd etdi. N.Muxtarov çıxışında Masallı rayon Mərkəzi Kitabxanasının Veb-saytının yaradılması və kitabxana proseslərinin avtomatlaşdırılması rayonda elmin, təhsilin, mədəniyyətin inkişafına yardım edəcəyini və masallılar üçün böyük bir töhfə olduğunu vurğuladı.
Sonra rayon Mərkəzi Kitabxanasının Veb-saytı və yeni quraşdırılmış Avtomatlaşdırılmış Kitabxana – İnformasiya Sistemi proyektor vasitəsi ilə təqdimat iştirakçılarına nümayiş etdirildi. Elektron resurslar oxucuların böyük marağına səbəb oldu.
Beynəlxalq aləmdə Azərbaycan kitabxanaçılarının daha bir uğuru!
Bu saatlarda aldığımız məlumata əsasən “Krım-2010” Beynəlxalq Kitabxana Konfransı çərçivəsində Elektron Kitabxanalar və Yeni İnformasiya Texnologiyaları Beynəlxalq Assosiasiyanın (ELNİT) hesabat-seçki konfransı keçirilmişdir. Assosiasiyasının 354 rəsmi üzvündən Konfransda 224 üzv iştirak etmişdir. Açıq seçki yolu ilə ELNİT Assosiasiyasının prezidenti yenidən professor Y.Şrayberq seçilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova ELNİT Assosiasiyasının İdarə Heyətinə üzv seçilib.
Beləliklə ELNİT Assosiasiyasının İdarə Heyətinə 11 nəfər üzv seçilmişdir (sədr daxil olmaqla). Sözügedən məsələ Azərbaycan kitabxanaçılarının daha bir böyük uğuru hesab edilir. Bu Azərbaycan kitabxanaları üçün avtomatlaşdırılmış kitabxana – informasiya sistemlərini güzəştli qiymətlə alınması, habelə kitabxanalarda Elektron kataloq və Elektron kitabxanaların yaradılması istiqamətində yeni imkanlar yaradacaqdır.
Azərbaycan kitabxanaçıları "Krım-2010" Beynəlxalq kitabxana konfransında fəal iştirak edirlər.
Cari il iyun ayının 7-də Ukraynanın Krım Vilayətinin Sudak şəhərində "Krım-2010" Beynəlxalq kitabxana konfransının rəsmi açılışı olmuşdur. Açılış mərasimində təşkilat komitəsinə və iştirakçılara müxtəlif dövlətlərdən, o cümlədən Rusiya Federasiyası, Ukrayna Respublikası və s. dövlətlərin prezidentlərinin məktubları oxunmuşdur.
Azərbaycan nümayəndə heyəti Konfransın təşkilat komitəsinin sədri Y.L.Şrayberqə hədiyyə olaraq milli çuxa hədiyyə etmişlər. Cənab Y.L.Şrayberq Azərbaycan xalqına hörmət əlaməti olaraq milli Azərbaycan geyimi üçün Azərbaycan dilində “çox sağ olun” demişdir.
İyun ayının 7-də Sudak şəhərində "Kara-Dag" zalında Azərbaycan kitabxanalarının inkişafına həsr olunmuş deyirmi masa keçirilmişdir.
Tədbir zalında Azərbaycanın təbliği məqsədi ilə Azərbaycanın iqtisadiyyatı, turizm gözəllikləri və kitabxana – informasiya sahəsinə dair respublikada son zamanlar nəşr olunan kitablar nümayiş etdirilmişdir. Bundan başqa, Odlar Yurdu Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, kitabxanalarını əks etdirən xüsusi video-slayd iştirakçılara təqdim edilmişdir. Maraqlı çıxışlar, diskussiya ilə davam edən dəyirmi masanın sonunda iştirakçılar Milli geyimlərdə olan oğlan və qızlarımızın dəvəti ilə Azərbaycan milli şirniyyatı və içkilərini dadmış, Azərbaycan musiqi havaları altında rəqs etmişlər. Dəyirmi masada Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Belorus, Gürcüstan, Qazaxıstan nümayəndələri də iştirak etmişlər.
Tədbir çərçivəsində İ.Qasprinski adına Krım-tatar kitabxanasında Türkdilli dövlətlərin kitabxanalarının inkişafı mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə F.Köcərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşı türkdilli dövlətlərin kitabxanaları arasında əməkdaşlığın genişləndirilməsi barədə çıxış etmişdir.
Qasprinski adına Krım-tatar kitabxanası ilə Hacıqabul rayon MKS-i arasında əməkdaşlığın yaradılması məsələsi müzakirə edilmiş və qarşılıqlı əməkdaşlıq barədə Sazişin imzalanması məqsədəuyğun hesab edilmişdir.
Bundan başqa, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası Qasprinski adına Krım-tatar kitabxanası arasında aktual mövzulara dair onlayn konfrans keçirilməsi məsələsi razılaşdırılmışdır.
Azərbaycan kitabxanaçıları "Krım-2010" Beynəlxalq Kitabxana
Bugün Ukraynanın Krım Vilayətində XVII Beynəlxalq Krım Konfransı öz işinə başlayır. Konfransda dünya kitabxana-informasiya sahəsində baş verən yeniliklər, kitabxana işinin inkişafı, muzey və kitabxanaların avtomatlaşdırılması, kitabxanalar vasitəsi ilə məsafəli təhsilin həyata keçirilməsi və s. maraqlı məsələlər müzakirə olunacaqdır.
Beynəlxalq Konfransda 130-dan çox ölkənin 2 minə yaxın nümayəndəsi iştirak edir. Bu il Konfransda ELNİT (Elektron kitabxanaların istifadəçiləri və işləyib hazırlayanları) Assosiasiyasının Rəyasət Heyəti seçiləcəkdir. Azərbaycandan 25-dən çox kitabxana, o cümlədən Mədəniyyət və Turizm Nazirliyi ELNİT Assosiasiyasının üzvüdür. Azərbaycan nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsi ilə göndərilən mütəxəssislər, habelə Prezident Kitabxanasının, Xarici İşlər Nazirliyinin kitabxanası, Bakıdakı Amerika Mərkəzinin, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nümayəndələri daxildir (cəmi 18 nəfər).
Konfransın 1-ci günündə Qara dağ auditoriyasında Azərbaycan kitabxanaçıları uğur və nəaliyyətlərindən danışılacaq, milli geyimli Azərbaycan qızları Azərbaycanın kitab mədəniyyətini bir daha dünyaya nümayiş etdirəcəklər. Konfransın açılışı ilə əlaqədar Nazirliyin Kitabxana işi sektorunun müdiri Lətifə Məmmədovanın konfransın Təşkilat Komitəsinin sədri L.Y.Şrayberqin adına təbrik məktubu oxunulacaqdır.
Konfrans işini 7-12 iyun tarixlərində davam etdirəcəkdir.
III ənənəvi Kitab bayramına yekun vuruldu
27 may 2010-cu il tarixində Zaqatala, Şamaxı, Qubadlı (Sumqayıt şəhərində), Laçın (Ağcabədi rayonu Taxta Körpü qəsəbəsi) rayonlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü, 2010-cu il Ekologiya ilinə həsr edilmiş III Kitab bayramı keçirilmişdir.
Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə keçirilən Kitab bayramında “Azərbaycanın dövlətçiliyi”, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev”, “Azərbaycan mədəniyyəti”, “Zəngin turizm potensialı” və s. adlı kitab və fotosərgilər nümayiş etdirilmiş, rayon Mədəniyyət evinin rəqs kollektivlərinin çıxışları iştirakçılarının marağına səbəb olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə əlaqədar ekoloji marafon keçirilmişdir. Marafonda iştirakçılar ekologiya ilə əlaqədar maarifləndirmə işləri də aparmışlar.
Şamaxı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə rayonda keçirilən Kitab bayramında tədbir iştirakçıları əvvəlcə tarixi abidələri ziyarət etməklə və orada təmizlik işlərinin aparılması ilə başlandılar.
Tədbir iştirakçıları yaşıllıq işləri aparmış və ekologiya ilinə öz töhfələrini vermişlər. Sonra Kitab bayramı bədii hissə ilə davam etdirilmişdir.
Tədbirdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları da iştirak etmişlər.
Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə keçirilən Kitab bayramında şeir və rəsm müsabiqələrinin qalibləri mükafatlandırıldı. Qubadlı rayonu, onun tarixi abidələri haqqında gənc və yeniyetmələrə geniş məlumat verildi. İşğal olunmuş torpaqlara qayıdacaq günün yaxında olduğuna inam çıxış edən natiqlərin hər birinin nitqində qeyd olunurdu.
Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində müvəqqəti yerləşən Laçın rayon MKS-nin təşkilatçılığı ilə III Kitab bayramı keçirildi. Kitab bayramında Azərbaycan dövlətçiliyi, tarixi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan mədəniyyəti haqqında maraqlı sərgilər nümayiş etdirildi. Laçın rayonunun bütün ictimaiyyəti, ziyalılar, məktəblilər tədbirdə yaxından iştirak etdilər.
Təşkil olunmuş şeir və rəsm müsabiqəsi işğal altında olan torpaqlar, yurd həsrəti və qələbəyə inama həsr olunmuşdur.
ABŞ-ın kitabxana və muzey təcrübəsi Azərbaycan kitabxanaçıları tərəfindən öyrənilmişdir
Yaxın günlərdə mədəniyyət və turizm nazirliyinin kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova, Gəncə və Lənkəran şəhər, Salyan və Kürdəmir rayon kitabxanaçıları və sözügedən regionların mədəniyyət və turizm şöbələrinin rəhbərləri ABŞ-ın Vaşinqton, Şimali Karolinanın Şarlotte, habelə ABŞ-ın Massaçusets ştatının Boston, Vorçester şəhərlərində olmuşlar.
Onlar bir sıra rəsmi görüşlərdə iştirak etdilər: ABŞ Nümayəndələr Palatasının üzvü Ceyms Mkqovern və başqaları ilə görüşlər keçirdilər.
Ən böyük təəssürat ABŞ-ın və dünyanın ən böyük kitabxanası Konqress kitabxanası olmuşdur. Səfər zamanı ayda bir dəfə Azərbaycan dilində nəşr olunan materialların Konqress Kitabxanasına göndərilməsi barədə ikitərəfli razılıq əldə edildi. Səfərin ən müsbət nəticəsi Gəncə şəhər Mərkəzi Kitabxanasının ABŞ-ın Şarlotte şəhərinin Meklenburq kitabxanası arasında Qarşılıqlı Əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanması oldu. Memoranduma əsasən hər iki kitabxana kitabxanaların idarə edilməsi və kitabxana marketinqi, kitabxana-informasiya sahəsinin bütün bölmələrinə aid mütəxəssislərin hazırlanması, sözügedən kitabxanada “Azərbaycan guşəsi”nin yaradılması nəzərdə tutulmuşdur.
Şarlotte şəhərinin Uşaq Kitabxanası ilə də Anlaşma Memorandumunun imzalanması haqqında razılıq əldə edilmişdir. Bu Memorandum F.Köçərli adına Respublika Uşaq Kitabxanası Şarlotte şəhər Uşaq Kitabxanası arasında yaxın vaxtlarda imzalanacaqdır. Sözügedən kitabxananın əməkdaşları Bakıya ezam olunacaq və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının yeni binasının tərtibatında və dizaynında yaxından iştirak edəcəklər.
Uşaq Kitabxanalarında iş çox yüksək səviyyədə qurulmuşdur: burada oyun və mütaliə zalları, rekreativ mütaliə zonaları, əyləncə mərkəzləri, hətta studiyalar da təşkil edilmişdir.
Kitabxanalar və muzeylər ən müasir texniki avadanlıqlar və informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuşlar. Oxuculara göstərilən xidmət isə tamamilə avtomatlaşdırılmışdır.
Azərbaycan nümayəndə heyəti ABŞ-da rəsmi səfərdə olarkən Azərbaycanın tarixi, dövlətçiliyi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva, habelə Azərbaycan mədəniyyəti, incəsənəti, adət - ənənələri, turizmi, ədəbiyyatı, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında kitab, jurnal və elektron nəşrləri sözügedən kitabxanalara hədiyə etmişdir.
ABŞ kitabxanalarında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsi əsasında hazırlanmış “Azərbaycanın Kitab Abidələri” DVD elektron nəşri maraqla qarşılanmışdır.
Səfər haqqında məlumatlar və fotoşəkillər sözügedən şəhər, rayon mərkəzi kitabxanalarının Veb-saytlarında yerləşdirilmişdir.
Paytaxtımızda III ənənəvi Kitab bayramı
Bu gün Bakı şəhərində Filarmoniya bağında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş III Kitab bayramı keçirilir.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Nazirlər Kabinetinin Elm, təhsil, mədəniyyət, və sosial problemlər şöbəsinin baş məsləhətçisi Mirəli Seyidov, ictimaiyyət nümayəndələri, ziyalılar, mədəniyyət müəssisələrinin əməkdaşları, məktəblilər iştirak edirlər.
Tədbiri giriş sözü ilə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev açaraq təşkil olunmuş Kitab bayramının əhəmiyyətindən danışaraq gənc və yeniyetmələri kitaba, elmə, biliyə, mütaliəyə yiyələnməyə və bu məqsədlə kitabxanaların xidmətindən istifadə etməyə çağırdı.
Sonra o, sözü mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevaya verdi. Sevda Məmmədəliyeva ulu öndər Heydər Əliyevin kitaba və kitabxanaya qayğısından danışaraq, kitabxana – informasiya sahəsinin inkişafına dair son zamanlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 6 sərəncam, habelə Dövlət Proqramının imzalandığını qeyd etdi. O, məhz Dövlət Proqramının icrası məqsədi ilə əhalinin kitaba, elmə, mütaliəyə, kitabxanalara marağının artırılması məqsədi ilə 3 ildir ki, respublikanın şəhər, rayon kitabxanaları tərəfindən ənənəvi kitab bayramlarının keçirildiyini bildirdi.
Kitab bayramında Bakı şəhər musiqi məktəbləri və mədəniyyət evlərinin kollektivləri, Bakı Uşaq Teatrı, “Cəngi”, “Aysel”, “Şəms” rəqs qrupları çıxış edir və hazırladıqları maraqlı rəqs və musiqi nömrələrini iştirakçılara təqdim edirlər.
Tədbirdə müxtəlif mövzulara dair çoxsaylı kitab sərgiləri nümayiş etdirilir. Kitab bayramında M.Seyidzadə adına Uşaq İnformasiya Mərkəzi – Kitab Mağazası, Bakı Kartoqrafiya Fabrikinin, habelə Bakıda fəaliyyət göstərən nəşriyyatların kitab sərgi-satışı da təşkil olunub.
Bakı şəhərində III Kitab bayramının keçirilməsində Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Qəbələ Konserv Zavodu, Azersun Holding MMC, “Orli-servise” təşkilatı dəstək göstərmişlər.
Kitab bayramı bu gün saat 19:00-a qədər davam edəcəkdir.
KİV nümayəndələri tədbirə böyük maraq göstərirlər.
Kitabsevərlər həmin tədbirə məmnuniyyətlə dəvət olunur
Qusarda Kitab bayramı
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə dünən Qusar rayon Nəriman Nərimanov adına Mədəniyyət və İstirahət Parkında III Ümumrespublika Kitab bayramı keçirilmişdir.
Kitab bayramı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibəti ilə təşkil olunmuşdur.
Bayram münasibəti ilə istirahət parkında müxtəlif mövzularda kitab sərgiləri və fotosərgilər təşkil olunmuşdur.
Tədbirdə rayon Mədəniyyət Evinin və Pedaqoji Kollecinin özfəaliyyət kollektivləri maraqlı musiqi, rəqs nömrələri ilə çıxış etmişlər. Məktəblilər kitaba, mütaliəyə həsr etdikləri səhnəcikləri nümayiş etdirmişlər.
2010-cu ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Ekologiya ili” elan edilməsi ilə əlaqədar müxtəlif viktorinalar keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyət Başçısının müavini Elman Mustafayev, Qusar rayon mədəniyyət və turizm şöbəsinin müdiri David İbramxəlilov, rayon MKS-nin direktoru Zahir Mustafayev çıxış etdilər.
Bayram tədbirində rayon ziyalıları, ictimaiyyətin nümayəndələri, mədəniyyət müəssisələrinin əməkdaşları, məktəblilər, habelə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, C. Cabbarlı adına Respublika Gənclər kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları da iştirak etmişlər.
III Ümumrespublika kitab bayramı regionlarda uğurla davam edir
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Göygöl rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci, habelə Böyük Vətən müharibəsində qazanılan qələbənin 65-ci ildönümlərinə həsr olunmuş Kitab bayramı keçirilmişdir.
Kitab bayramı Göygöl rayon Mədəniyyət və İstirahət Parkında açıq havada təşkil olunmuşdur. Mədəniyyət və İstirahət Parkında Heydər Əliyevin mədəniyyət, kitabxana, xalq haqqında müdrik fikirlərini əks etdirən şüarlar, bayraq və şarlarla bəzədilmişdi.
Tədbirdə “Müstəqil Azərbaycan dövlətinin memarı”, “Müstəqil Azərbaycan H.Əliyevin şah əsəridir”, “Yeni latın qrafikalı kitablar”, “Azərbaycan Böyük Vətən müharibəsi illərində”, “ 2010-cu il Ekologiya ilidir”, “ Çox oxusan, çox bilərsən”, “İngilis dili öyrənənlərə”, “Uşaq ədəbiyyatı”na dair kitab sərgiləri iştirakçılara təqdim olundu.
Rayonda açıq havada ilk dəfə olaraq “Bacarıqlı əllər” adlı rəsm və əl işlərindən ibarət sərgi nümayiş etdirildi.
Tədbirdə kitablar haqqında müxtəlif kəlamlar, şeirlər söylənildi. Məktəblilər şairlər Tofiq Mahmudun “Sehrli kitabxana” və Aləmzər Əlizadənin “Şəkilli kitab” şeirlərini səhnələşdirib nümayiş etdirdilər, vətən, təbiət, qəhrəmanlıq haqqında şeirlər söylədilər.
Kitab bayramında Mədəniyyət evinin “Nərgiz” xalq kollektivi və “Bahar” rəqs qrupu maraqlı musiqi nömrələri ilə çıxış etdilər.
Kitab bayramında Göygöl rayon MKS-nin direktoru İ. Əliyeva Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ş.Hümbətova rayon icra hakimiyyətinin Təhsil, Səhiyyə və Mədəniyyət məsələləri üzrə şöbə müdiri K. İbrahimova çıxış etdilər.
Biləsuvar rayon MKS-nin təşkilatçılığı ilə rayon rəhbərliyinin, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, mədəniyyət müəssisələrinin kollektivləri və məktəblilərin iştirakı ilə “Kitab bayramı” keçirilmişdir.
Kitab bayramı münasibəti ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan kitabların sərgisi təşkil edilmiş, eyni zamanda Biləsuvarlı yazarların əsərləri nümayiş etdirilmişdir.
Tədbirdə ayrı-ayrı yazıçı və şairlərin yaradıcılığından bəhs edən səhnələşdirilmiş əsərlər, şeir və mahnılar bayram iştirakçılarına təqdim edilmişdir.
Rayonun gənc rəssamları “Kitablar dünyası uşaqların gözü ilə” adlı rəsm əsərlərini n sərgisi bayram iştirakçılarının marağına səbəb oldu. Bayram tədbirində müxtəlif rəqs, mahnı nömrələri iştirakçıların alqışları ilə müşayiət olundu. Bayram münasibəti ilə bir qrup qabaqcıl kitabxanaçı və fəal oxucu rayon Mədəniyyət və Turizm şöbəsinin fəxri fərmanları ilə təltif edilmişdir. Tədbirdə rayon mədəniyyət və turizm şöbəsinin müdiri Rəfiqə Cəfərova, rayon MKS-nin direktoru Elşad Talıbov çıxış etmişlər.
Bu gün Kitab bayramı Daşkəsən rayonunda başa çatdı. Tədbirdə rayon ictimaiyyəti, mədəniyyət müəssisələrinin kollektivləri, məktəblilər iştirak etmişlər. İlk dəfə olaraq Daşkəsən rayonunda keçirilən Kitab bayramında Gəncə şəhər MKS-nin əməkdaşları da iştirak etmişlər. Kitab bayramı Daşkəsən rayon Mərkəzi Parkında keçirilmişdir. Tədbirdə rayon Tarix – Diyarşünaslıq Muzeyində saxlanılan eksponatlar açıq havada nümayiş etdirilmişdir.
Regionlarda Kitab bayramları keçirilmişdir
Dünən Ucar rayon MKS-nin təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə, habelə qələbənin 65 illiyinə həsr olunmuş Kitab bayramı keçirilmişdir.
Ucar rayon Mərkəzi Parkı əsl bayram libasını geymiş, parkda “Ulu öndər Heydər Əliyev-87”, “Qələbə-65” sərgiləri, habelə şəkil və plakatları bayram iştirakçıları maraqla qarşılamışlar.
Kitab bayramını Ucar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Bəsirə Abbasova açaraq, Azərbaycanda keçirilən III ənənəvi kitab bayramının Ucarda da rəğbətlə qarşılandığını, məktəbli və yeniyetmələrin marağına səbəb olduğunu bildirmişdir. 1941-1945-ci illərdə əldə edilmiş qələbədə Azərbaycan xalqı, o cümlədən ucarlılar üçün böyük əhəmiyyət daşıdığını bildirdi. Ucar rayonunda yaradılmağa başlanmış “416-cı Taqonoroq” diviziyası Berlinə qədər şanlı döyüş yolu keçmişdir.
Tədbirdə Ucar rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov, Ucar rayon mədəniyyət və turizm şöbəsinin müdiri Qiyas Rəhimov, Böyük Vətən Müharibəsinin veteranları və digər rayon ictimaiyyəti iştirak etmişlər.
Kitab bayramında rayon İcra Hakimiyyəti başçısı Yaşar Məmmədova yeni kitablar hədiyyə olunmuşdur. Tədbir iştirakçıları “Yeni kitablar” və rayonun balaca istedadlarının əl işlərindən ibarət sərgilərə baxış keçirdilər, sonra müsabiqələrin qaliblərini mükafatlandırdılar.
Ucar rayon incəsənət məktəbinin kollektivi, şəhər 1 saylı, 2 saylı, 3 saylı və 6 saylı məktəblərin şagirdləri, 3 saylı və 6 saylı uşaq bağçasının uşaqları müxtəlif musiqi nömrələri və şeirlərlə çıxış etdilər. Sonda sülh göyərçinləri havaya buraxıldı və Ucar şəhər incəsənət məktəbinin xor kollektivinin ifası ilə kitab bayramı sona çatdı.
Bu gün Şəmkir rayon mərkəzində Əhməd Cavad adına şəhər Mədəniyyət evinin ətrafındakı Kitab bayramı keçirildi. Bayram tədbirində rayon icra hakimiyyəti başçısının Humanitar sahə üzrə müavini, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və başqa məsul şəxslər, rayonun Füzuli, Nizami, Əhməd Cavad, Cahangir Rüstəmov adına məktəbləri, 2 saylı şəhər uşaq bağçası, səhiyyə işçiləri, rayon mədəniyyət müəssisələrinin əməkdaşları, musiqi məktəbinin kollektivləri və digər təşkilatlar iştirak etmişlər.Bayram tədbirini rayon Mədəniyyət Turizm şöbəsinin müdiri Qüdrət Əliyev açaraq bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Sonra rayon MKS-nin direktoru Sahibə Əmiraslanova ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış etdi.
Şəmkir rayon icra hakimiyyəti başçısının müavini Fəxrəddin Vəliyev çıxış edərək respublikada əldə olunmuş nailiyyətlərin məhz ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində reallaşdırıldığını bildirdi. O çıxışında Şəmkirin respublikanın ən abad rayonlarına çevrildiyini və son zamanlar rayonda xeyli quruculuq işlərinin aparıldığını qeyd etdi. Nizami adına şəhər orta məktəbinin müəllimi Hacı Məmmədov, rayon Heydər Əliyev Muzeynin direktoru Fəxri Yusifov çıxış edərək tədbir iştirakçılarını təbrik etdi.
Tədbirdə “Şəmkir yazarları”, “Muğam dünyasına səyahət” “Biri vardı biri yox, Azərbaycan poeziyası,” “Dilimiz – ruhumuz mənəvi dünyamız”, “Uşaqların sevimli yazıçıları”, “Xalım- xalçam dünyam mənim”, “Dünya ədəbiyyatı”, “Mənəvi paklığımız”, “Azərbaycan tarixini öyrənirik” və digər mövzularda da sərgilər nümayiş etdirildi.
Kitab bayramında rayonun 1, 2, 3, 4 saylı orta məktəblərinin şagirdləri fəal iştirak etdi, onlar maraqlı şeirlər söylədi, səhnəciklər nümayiş etdirdilər.
“Qızıl Gədəbəy”də Kitab bayramı
Dünən Gədəbəy rayonunda təşkil olunmuş “Qızıl Gədəbəy” başlığı altında III Kitab bayramı keçirildi.
Kitab bayramı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibəti ilə təşkil olunmuşdur.
Bayramı giriş sözü ilə Gədəbəy rayon MKS-nin direktoru Duman Nağıyev açaraq respublikada keçirilən kitab bayramının kitaba, mütaliəyə diqqətin artmasında mühüm rol oynadığını bildirdi. O, öz çıxışında «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»na uyğun olaraq bu il Gədəbəy rayon Mərkəzi Kitabxanasında Elektron kataloqun quraşdırıldığını, kitabxananın Veb-saytının İnternet məkanına çıxarıldığını qeyd etdi.
Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini Qüdrət Paşayev bayram iştirakçılarını təbrik edərək, respublikada, habelə Gədəbəy rayonunda gedən iqtisadi inkişaf, mədəni quruculuq işlərindən danışdı. O, mədəniyyət müəssisələrinə son zamanlar diqqətin artdığını, rayon ərazisində bir çox müəssisələrin təmir və yenidənqurma işlərinin aparıldığını bildirdi.
Kitab bayramında Gədəbəy şəhər 3 saylı orta məktəbin şagirdlərinin ifasında vətənə, anaya, dilimizə həsr olunmuş şerlər səsləndi. Kitab bayramında müxtəlif mövzulara həsr olunmuş kitab sərgiləri, istedadlı uşaqların əl işlərindən ibarət sərgi, balaca fidanların nağıl qəhrəmanlarını canlandırması xüsusi maraqla qarşılandı.
Kitab bayramında rayonda yaşayan uzunömürlülər haqqında “Gədəbəyin 100 yaşlıları” sərgisi, habelə rayonun Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan maraqlı, qədim, tarixi eksponatlar nümayiş etdirildi. Rayon Mədəniyyət evinin musiqi kollektivlərinin və rayondakı aşıq kollektivlərinin çıxışları bayram iştirakçılarının alqışları ilə qarşılandı.
Tədbirdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları da iştirak etmişlər.
Qobustan rayonunda Kitab bayramı keçirildi
Dünən Qobustan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü ilə rayondakı Heydər Əliyev adına parkda Kitab bayramı təşkil edilmişdir.
Kitab bayramı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibəti ilə təşkil olunmuşdur.
Kitab bayramında müxtəlif adlı sərgilərdə 500 nüsxədən çox kitab nümayiş etdirilmişdir.
Tədbirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci illiyinə həsr edilmiş “Azərbaycanın sönməz günəşi”, “Yeni kitablar”, “Xarici ölkə ədəbiyyatı”, “Qədim, doğma Qobustanım”, “Ən maraqlı kitablar”, “Uşaqlar bizim gələcəyimizdir”, “Qadın yazıçılarımız”, “Qobustanın gənc yazarları”, “2010-cu il Ekologiya ilidir” başlıqlı sərgilər nümayiş etdirilmişdir. Nümayiş etdirilmiş nəşrlər ictimaiyyətin geniş marağına səbəb olmuşdur. Tədbir iştirakçılarını maraqlandıran müxtəlif suallar kitabxanaçılar tərəfindən cavablandıraraq ötən illərin dəyərli kitablarını və mədəniyyət hadisələrini onların diqqətinə çatdırılmışdır. Tədbirdə həmçinin rayonumuzun gənc, istedadlı şairi Şəmsinin yeni çapdan çıxmış “Gözlərin güləndə” kitabının təqdimatı keçirildi və satışı təşkil olundu.
Qobustan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Adilə Cəbrayılova tədbir haqqında məlumat verərək bildirdi ki, tarixin ən qədim dövrlərdən başlayaraq insanların kitabla sıx bağlı olduğunu və məhz bu ehtiyacları müqabilində kitabın yeni-yeni formalara düşərək təkmilləşdiyini və formalaşdığını bildirmişdir. O, öz çıxışında xüsusilə qeyd etdi ki, oxucular arasında kitaba məhəbbət oyatmaq, kitabın nüfuzunu qaldırmaq üçün tədbirlərin müxtəlif formalarından biri də Kitab bayramıdır.
Kitab bayramı oxuculara kitabı, elmi, mütaliəni təbliğ etmək məqsədi ilə keçirildiyini bildirən A.Cəbrayılova respublikanın bütün bölgələrində bu cür tədbirlərin keçirildiyini qeyd etdi.
Tədbirdə məktəblilər arasında şeir müsabiqəsi də keçirildi. Qobustan şəhər Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifasında səslənən musiqi nömrələri tədbir iştirakçılarının marağına səbəb oldu.
Astara rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibəti ilə kitab bayramı keçirildi
Dünən Astara rayonunda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibəti ilə Heydər Əliyev Muzeyinin qarşısında kitab bayramı keçirilmişdir.
Bayramda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, rayon ictimaiyyəti, mədəniyyət, təhsil müəssisələrinin əməkdaşları, rayon məktəbliləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Astara rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev açaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin xilaskarı kimi fəaliyyətindən, respublikada bütün sahələrdə gedən inkişaf prosesindən danışaraq Astara rayonunun da son dövrlər böyük inkişaf yolu keçdiyini qeyd etdi.
Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Şadoğlan Bayramov çıxışında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2007-ci ildən başlayaraq respublikanın regionlarında keçirilən Kitab bayramının mədəniyyət sahəsində canlanmaya səbəb olduğunu bildirdi.
Sonra tədbirdə rayon MKS-nin direktoru Nazim Fərəməzov uşaqların, yeniyetmə və gənclərin kitaba, elmə, mütaliəyə həvəsləndirilməsi istiqamətində aparılan işlərdən danışaraq, hər il keçirilən kitab bayramının əhəmiyyətindən söz açdı. O, kitab bayramının gənc istedadların üzə çıxarılmasında da böyük rol oynadığını bildirdi.
Kitab bayramında gənc istedadların əl işlərindən ibarət sərgi, rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan maraqlı eksponatlar, habelə rayon MKS-nin təşkil etdiyi kitab sərgiləri nümayiş etdirildi.
Tədbirdə rayon məktəblilərinin təşkil etdiyi nağıl qəhrəmanlarının paradında Azərbaycan nağıllarının qəhrəmanları Cırtdan, Məlikməmməd, Tık-tık xanım, Göyçək Fatimə obrazları kitabların dili ilə canlandırıldı.
Tədbirdə bir çox maraqlı viktorinalar, müsabiqələr, habelə rayon məktəblilərinin və Mədəniyyət Evinin rəqs kollektivlərinin çıxışı böyük maraqla qarşılandı.
Ağdaşda Kitab bayramı keçirildi
Dünən Ağdaş rayon Mədəniyyət evində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü, faşizm üzərində Qələbənin 65 illiyi münasibətilə rayon ictimaiyyətinin iştirakı ilə III ənənəvi Kitab Bayramı keçirilmişdir.
Tədbiri giriş sözü ilə Ağdaş rayon mədəniyyət və turizm şöbəsinin müdiri Tahir Əliyev açaraq respublikada keçirilən kitab bayramlarının ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edildiyini bildirdi. O, kitab bayramının əhalinin kitaba, kitabxanaya, biliyə, mütaliəyə marağının artırılması məqsədi ilə təşkil edildiyini qeyd etdi. Tahir Əliyev çıxışında müstəqil Azərbaycanın memarı olan ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında müstəsna xidmətləri haqqında danışaraq, məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünya dövlətləri arasında nüfuzlu yer tutduğunu qeyd etdi.
Tədbirdə çıxış edən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin
direktoru Seyfəddin Feyzullayev kitabın tarixən keçdiyi inkişaf yolundan, onun insanların həyatındakı rolundan bəhs edən məruzə ilə çıxış etdi. O, gənc nəsli mütaliəyə çağıraraq, inkişaf yolunun məhz elmdə, mütaliədə olduğunu qeyd etdi.
Kitab bayramında balaca istedadların hazırladığı “Bacarıqlı əllər” sərgisi iştirakçıların marağına səbəb oldu.
Sonra tədbir iştirakçıları “Zamanın lideri”, “Əbədiyaşarlıq zirvəsi”, “Gənclər vətən uğrunda”, “Böyük Qələbə-65”, “Yazılsın tarixə bir qızıl xətlə”, “İncəsənətdə müharibə mövzusu”, “Ədəbiyyatımızın nəsri” kitab sərgiləri ilə tanış oldular.
Tədbirdə Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri və yerli mətbuat nümayəndələri iştirak etmişlər.
Azərbaycanın Kitab abidələri Azərbaycan xalqının milli – mədəni sərvətidir
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Fərmanı imzalandıqdan sonra Mədəniyyət və Turizm Nazirliyində respublikada mövcud olan unikal və nadir nüsxəli kitabların, xüsusi əhəmiyyətli nəşrlərin, əlyazmaların və s. aşkar edilməsi işinə başlanmışdır.
Azərbaycan kitabxanalarında aşkar edilmiş nadir və qiymətli nəşrlər (Kitab abidələri) Azərbaycan Respublikasının milli – mədəni sərvətlər reyestrinə daxil edilmişdir.
Toplanmış materiallar əsasında respublikada mövcud unikal və nadir nüsxəli kitablar, xüsusi əhəmiyyətli çap sənəd¬lə¬ri, nadir kitablar, əlyazmalar, qəzetlər, jurnallar, diyarşünaslığa aid nəşrlər, xəritələr, açıqcalar, poçt markaları, notlar, müəlliflərin sağlığında nəşr edilmiş əsərləri, görkəmli şəxslərin avtoqraf yazdıqları kitablar haqqında məlumatları əks etdirən “Azərbaycanın Kitab abidələri” adlı elektron nəşri hazırlanmışdır.
Oxuculara təqdim olunan CD-nin I buraxılışına Prezident Kitabxanasında, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında, Azərbaycan Texniki Universitetinin kitabxanasında, Azərbaycan Pedaqoji Universitetinin kitabxanasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanasında, Azərbaycan Dillər Universitetinin kitabxanasında, Respublika Elmi Tibb Kitabxanasında, Respublika Elmi Texniki Kitabxanasında, Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanasında, C.Cabbarlı adına Dövlət Teatr Muzeyində, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində, Musiqi Mədəniyyəti Dövlət Muzeyində, şəhər (rayon) kitabxanalarında və tarix-diyarşünaslıq muzeylərində mühafizə edilən nadir və unikal kitablar və s. nəşrlər daxil edilmişdir.
CD-də müxtəlif müəssisələrdə saxlanılan kitab abidələrinin fotokolleksiyası da istifadəçilərə təqdim olunur.
“Azərbaycanın Kitab abidələri” adlı elektron nəşrdə respublikada saxlanılan ən qədim kitablar da müəyyən edilmişdir.
CD-nin I buraxılışında Azərbaycan Respublikasında ən qədim kitab abidələri hesab edilən Prezident Kitabxanasında saxlanılan 1591-ci ildə italyan dilində çap olunmuş Appresso Erasmo, Viotto Parma “Historia di Parma”, M.F.Axundov adına Milli Kitabxanasında saxlanılan 1595-ci ildə Almaniyanın Yena şəhərində alman dilində çap olunan “Türklər haqqında on nəsihət” kitabları haqqında məlumat istifadəçilərə təqdim olunur.
Bundan başqa, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 3 iyun 1995-ci il tarixində M.F.Axundov adına Milli Kitabxanaya hədiyyə etdiyi müxtəlif dillərdə kitab kolleksiyası kitab abidələri hesab olunaraq elektron nəşrə daxil edilmişdir.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi sistemində çalışan əməkdaşların nəzəri hazırlıq səviyyəsinin artırılması prioritet istiqamət kimi
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi mahiyyət etibarı ilə yeni layihə həyata keçirir. Belə ki, Nazirliyin sistemində çalışan əməkdaşların nəzəri hazırlıq səviyyəsinin artırılması məqsədilə respublikanın tanınmış alimlərinin iştirakı ilə "Milli mədəniyyət və müasir mədəniyyət siyasəti" mövzusunda mədəniyyət müəssisələrinin əməkdaşları üçün regional seminarlar təşkil olunur.
Seminarlar Gəncə, Lənkəran, Şirvan şəhər, Ağdaş və Şamaxı rayonlarında artıq təşkil olunmuşdur. Nazirliyin təşəbbüsü ilə həyata keçirilən bu layihə il ərzində davam etdiriləcəkdir.
Seminarlar zamanı "Müasir Azərbaycanın mədəniyyət siyasətinin əsas hədəfləri və istiqamətləri", "Mədəniyyət siyasətinin xüsusiyyətləri", "Mədəniyyət sahəsində beynəlxalq münasibətlərin qurulması", "Mədəniyyət və təbliğat", "Mədəniyyət və diplomatiya", "Milli Azərbaycan mədəniyyəti", "Azərbaycan mədəniyyətinin tarixi" kimi mövzular ətrafında geniş diskussiyalar aparılır.
Nazirliyin bu cür təşəbbüsləri regionlarda çalışan əməkdaşların təfəkkürünün müasirləşməsi və yeni peşəkarlıq keyfiyyətlərinə yiyələnməsində böyük əhəmiyyətə malikdir. Seminarlar eyni zamanda Nazirliyin regionlara olan qayğı və diqqətinin artırılmasının təzahürü kimi də qiymətləndirilməlidir.
“Sənətin Məcnunu” kitabının təqdimatı
2010-cu il 16 aprel, saat 16.30-da Dövlət İncəsənət Muzeyində Əməkdar İncəsənət Xadimi, sənətşünas Ziyadxan Əliyevin dahi Azərbaycan rəssamı Səttar Bəhlulzadəyə həsr olunmuş “Sənətin Məcnunu” adlı kitabının təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimində Baş nazirin müavini Elçin Əfəndiyev, Mədəniyyət və Turizm Nazirinin müavinləri Sevda Məmmədəliyeva və Ədalət Vəliyev, Nazirliyin Aparatının rəhbəri Firudin Qurbanov, Milli Məclisin deputatları Nizami Cəfərov, Elmira Axundova Qənirə Paşayeva, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyev, Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun direktoru Ertəkin Salamzadə, Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, sənətşünaslıq doktoru, professor İlham Rəhimli, Dövlət İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov və Azərbaycanın digər görkəmli mədəniyyət və incəsənət xadimlərinin, ziyalıların iştirakı gözlənilir. Çıxışlar arası bədii qiraət ustaları tərəfindən Məhəmməd Fizulinin qəzəllərindən nümunələr oxunacaq, xanəndələr Gülay Qədirova və Ehtiram Hüseynov müşayiətçilər Sahib Paşazadə (tar), Toğrul Əsədullayevlə birgə (kamança), konsert nömrələri ilə çıxış edəcəklər
Dövlət Proqramının icrasına həsr olunmuş görüş keçirilmişdir
2010-cu il 13 aprel tarixində Hyatt Recensy-Naxçıvan otelinin Quba zalında Azərbaycan Respublıkası Prezidentinin 2010-cu il 6 aprel tarixlı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin dövlət qurumlarının və turizm sənayesinin nümayəndələri ilə görüşü olmuşdur.Tədbirdə “2001-ci ildən başlayaraq Azərbaycan turizmi dayanıqlı və davamlı inkişaf yolundadır” fikri səslənmişdir. Nazir Əbülfəs Qarayev demişdir ki, Azərbaycanda turizm sektorunun dayanıqlı inkişafını təmin etmək və turizmin ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə nail olmaq məqsədilə təsdiq edilmiş proqram bu sahə ilə məşğul olan qurumlar qarşısında ciddi tələblər qoyur və yeni inkişaf perspektivləri açır. Proqram Azərbaycan turizminin ölkə iqtisadiyyatının ən aparıcı, inkişafda olan bir sahəsinə çevrilməsinə təkan verəcəkdir. Proqramda, əsasən, turizmlə bağlı yeni layihələrin hazırlanması, mövcud qanunvericilik aktlarına əlavələr və dəyişikliklərin edilməsi, yeni xüsusi zonaların, onların əsasnamə və nizamnamələrinin yaradılması, beynəlxalq investorların Azərbaycanın turizm sektoruna cəlb edilməsinə xüsusi önəm verilir. Eyni zamanda, proqramda Azərbaycanın zəngin mədəni irsinin təbliği, infrastrukturun yaradılması və peşəkar kadrların hazırlanması da əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Bu proqram 4 il müddətində uğurla icra edildikdən sonra Azərbaycanın turizm sektoru tamamilə yeniləşəcəkdir. Nazir qeyd etmişdir ki, sənəddə turizmin mədəni, ekoloji, idman və başqa istiqamətləri öz əksini tapmışdır.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanda turistlərin yerləşdirmə biznesi dinamik surətdə inkişaf edir. 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda, ötən dövr ərzində onların sayı 4 dəfə artaraq 370-ə çatmışdır. Bu obyektlərdə ümumi yerlərin sayı da 2002-ci illə müqayisədə təxminən 3 dəfə çoxdur. Hazırda 50-ə yaxın yeni belə obyektin tikintisi aparılır. Görülən kompleks işlərin nəticəsi olaraq Azərbaycana gələn turistlərin sayı ilbəil artır, ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin şəbəkəsi genişlənir. Hazırda respublikada 123 turizm müəssisəsi lisenziya əsasında fəaliyyət göstərir. Turizm müəssisələrinin sayı 2002-ci illə müqayisədə 3 dəfədən çox artmışdır.
Vurğulanmışdır ki, turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədilə 2006-cı ildə Azərbaycan Turizm İnstitutu yaradılmış və onun nəzdində müxtəlif peşələr üzrə daim fəaliyyət göstərən kurslar açılmışdır. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov çıxış edərək bildirmişdir ki, zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir.
Bildirilmişdir ki, “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində ölkədə turizmin inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. Növbəti proqram ölkə iqtisadiyyatının sürətli inkişafında turizmin payının daha da artmasına gətirib çıxaracaqdır. Natiq qeyd etmişdir ki, 2002-ci ildən başlayaraq hər il Azərbaycanda beynəlxalq turizm sərgisi təşkil olunur. Ölkədə turizmin əhəmiyyətini artırmaq, turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq məqsədi ilə tematik nəşr məhsulları (kitab, buklet, CD, DVD-lər və s.) hazırlanır və yayılır, dünyanın müxtəlif televiziya kanallarında reklam çarxı nümayiş etdirilir, həyata keçirilən yeni layihələr barədə reklam və elanlar verilir, bu istiqamətdə internetin imkanlarından və digər vasitələrdən də geniş istifadə edilir. Son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyiş bu vəzifənin yeni imkanlara adekvat səviyyədə həllinə şərait yaratmışdır. Təbii ki, “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” ölkədə turizmin rastlaşdığı problemlərin həlli və bu sahənin daha da inkişaf etdirilməsinin təmin olunması üçün hazırlanmışdır. Tədbirdə Azərbaycan Respublikasının İqtisadi Siyasət Məsələləri üzrə Dövlət Müşaviri xidmətinin sosial siyasət məsələləri sektorunun müdiri Mehman Tağıyev, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin baş məsləhətçisi Mirəli Seyidov, mədəniyyət və turizm nazirinin müavini Teymur Mehdiyev və başqaları iştirak etmişlər
“Gəncə - Azərbaycanın Əfsanələr Paytaxtıdır” tədbirinə start verildi
Bu gün qədim Gəncə şəhərinin Dövlət Dram Teatrında “Gəncə - Azərbaycanın Əfsanələr Paytaxtı – 2010” adlı tədbiri start verildi.
Tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2010-cu il üçün Xalq Yaradıcılığı Paytaxtları ilə əlaqədar keçirildi. Tədbirin əsas mahiyyəti Azərbaycan xalqının qədim və rəngarəng qeyri-maddi irsini qorumaqdan və əsrlərdən - əsrlərə ötürməkdən ibarətdir.
Tədbiri giriş sözü ilə Gəncə şəhər icra hakimiyyəti başçısının müavini A.Ələkbərov açıq elan etdi. O, qeyd etdi ki, 2010-cu il Gəncə şəhərinin tarixində və gəncəlilərin yaddaşında xüsusi iz buraxacaqdır. İl ərzində şəhərdə maraqlı tədbirlər keçiriləcəkdir. Gəncə şəhərinin Azərbaycanın əfsanələr paytaxtı seçilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlığını bildirdi.
Mədəniyyət və
turizm nazirliyinin kitabxana işi bölməsinin müdiri Lətifə Məmmədova gəncəliləri və şəhərin qonaqlarını salamlayaraq, onları bu tədbirlə əlaqədar təbrik etdi və mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin ən səmimi və xoş arzularını mərasim iştirakçılarına çatdırdı. L.Məmmədova çıxışında qeyd etdi ki, qeyri-maddi mədəni irsin qorunması və təbliği sahəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən islahatların aparılması
planlaşdırılıb. Bu məqsədlə Nazirlik tərəfindən “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı təsdiq edilmişdir. 2010-cu il üçün “Gəncə - Azərbaycanın Əfsanələr Paytaxtı”, “Qazax – Azərbaycanın Folklor Paytaxtı”, Şəki isə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan olunmuşdur. Bütün tədbirlərin keçirilməsində çıxış edən natiq gəncəlilərə uğurlar və müvəfəqiyyətlər dilədi.
Gəncə şəhər mədəniyyət və turizm İdarəsinin rəisi
Mina Məlikova tədbiri yekunlaşdıraraq Mədəniyyət və Turizm Nazirliyinə, Gəncə şəhər İcra Hakimiyyətinə öz təşəkkürünü və minnətdarlığını bildirdi və o qeyd etdi ki, mədəniyyət işçilərinin səyi nəticəsində il ərzində keçirilən tədbirlər yüksək peşəkarlıqla keçiriləcək və Gəncənin adət və ənənələrinin, mentalitetini yaşadacaq.
Tədbirin sonunda Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri, Dövlət Kamera Orkestrlərinin, habelə rəqs ansambllarının iştirakı ilə konsert proqramı nümayiş etdirildi.
Tədbirin keçirilməsi ilə əlaqədar Gəncə şəhər Mərkəzi Kitabxanasında “Azərbaycan xalqının tarixi”, “Azərbaycan nağıl və dastanları”, “Qədim Gəncə” adlı kitab sərgiləri təşkil olunmuşdur.
Region kitabxanalarının Veb-saytlarında daha bir yenilik
Bir sıra region kitabxanaları öz Veb-saytlarını zənginləşdirmək məqsədi ilə rayonun Tarix-Diyarşünaslıq Muzeyində olan eksponatlar haqqında kitabxana saytlarında məlumat verirlər.
Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Veb-saytında (www.xacmazmks.webs.com) “Muzeyimizin eksponatları” bölməsində rayon Tarix-Diyarşünaslıq Muzeyində mühafizə edilən 18 eksponat - küp qablar, qədimi silahlar, qədim pullar, tunc dövrünün bəzək əşyaları, daş çapacaqlar nümayiş etdirilir.
Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Veb-saytında (www.barda-mks.az) rayon Tarix-Diyarşünaslıq Muzeyində mühafizə edilən 20 eksponat haqqında maraqlı məlumatlar verilmişdir. Eksponatlar arasında saxsıdan süzgəc, antik dövrə aid saxsıdan emal edilmiş əczaçılıq qabı, saxsı çıraq, paleolit dövrünə aid daş balta, saxsı şamdan, üzüm emal etmək üçün daş alət və s. oxucuların marağına səbəb olmuşdur.
Bu təcrübə digər region kitabxanalarında da yayılacaqdır.
Ekologiya problemlərinin həllində kitabxanaların rolu
Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2007 və 2008-ci illərdə Rusiya Federasiyasının tanınmış mütəxəssislərinin iştirakı ilə “Ekoloji problemlərin həllində kitabxanaların rolu” seminar-treninqlər keçirilmişdir. Hal-hazırda bu istiqamətdə silsilə tədbirlər davam edir.
2010-cu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə respublikada “Ekologiya ili” elan edilmişdir. Bu gün Xaçmaz rayon Mərkəzi Kitabxanasında tədbir keçirilmişdir. Tədbiri Xaçmaz rayon MKS-nin direktoru A.Əlifxanov giriş sözü ilə açaraq ekologiyanın mühafizəsinin hər bir vətəndaşın borcu olduğunu qeyd etmiş və bu istiqamətdə kitabxanaların üzərinə mühüm vəzifələr düşdüyünü bildirmişdir. Tədbirdə .Xaçmaz rayon 5 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin baş məsləhətçisi İ.Ağabayev “Ekoloji mühit və ekoloji problemlər” mövzusunda məruzə ilə çıxış etmişdir.
Tədbirdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun “Antarktida gündəliyi” kitabının təqdimatı da keçirilmişdir.
Milli Teatr Festivalı
Azərbaycan Respublikası Prezidenti «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramının təsdiq edilməsi haqqında 18 may 2009-cu il tarixli Sərəncam imzalamışdır. Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirən bu Dövlət Proqramında respublika və beynəlxalq səviyyəli festivalların, konqreslərin, elmi-praktiki konfransların keçirilməsi nəzərdə tutulmuşdur.
Bununla əlaqədar 2010-cu ilin fevral ayından başlayaraq il ərzində Bakıda Milli Teatr Festivalının keçirilməsi planlaşdırılır. Festivalda respublikada fəaliyyət göstərən 27 teatr iştirak edəcək. Aktyor Evinin foyesində Azərbaycan teatrının 137 illik tarixini əks etdirən səyyar sərgi nümayiş etdiriləcəkdir. Festival çərçivəsində tanınmış teatr tənqidçiləri, aktyor və rejissorların iştirakı ilə dəyirmi masanın keçirilməsi də nəzərdə tutulmuşdur.
Tədbirlərin yüksək səviyyədə təşkili üçün Təşkilat Komitəsi yaradılmış və tənqidçilər qrupunun tərkibi təsdiq edilmişdir. Festivalın fevral-mart aylarıə üçün repertuarını və tənqidçilər qrupunun tərkibi təqdim olunur.
Tənqidçilər qrupu:
Məryəm Əlizadə - sənətşünaslıq doktoru, professor
İlham Rəhimli - sənətşünaslıq doktoru, professor
İsrafil İsrafilov- sənətşünaslıq doktoru, professor
Aydın Talıbzadə - sənətşünaslıq namizədi
Əli Əmirli - dramaturq
Elçin Hüseynbəyli-dramaturq
Vəfa Mühacirova - gənc tənqidçi
2010-CU İL MİLLİ TEATR FESTİVALININ CƏDVƏLİ
Teatrın adı Tarix Göstəriləcək tamaşalar Məkan
1. Gəncə Dövlət Dram Teatrı
22 fevral- Elçin «Ölüm hökmü», Gənc Tamaşaçılar Teatrı, Saat 19.00
23 fevral- Ə.Əmirli «Varlı qadın», Gənc Tamaşaçılar Teatrı, Saat-19.00
24 fevral- Ə.Əmirli «Varlı qadın»,Sumqayıt Teatrı, Saat-14.00
2.Gəncə Dövlət Kukla Teatrı
23 fevral- R.Həsənli «Ağca və Sarıca», Dövlət Kukla Teatrı- Saat 14.00
24 fevral- «Şəngülüm, Şüngülüm, Məngülüm», Dövlət Kukla Teatrı- Saat 14.00
3.Şuşa Dövlət Musiqili Dram Teatrı
25 fevral-Ç.Aytmatov «Dəniz kənarıyla qaçan alabaş», Rus Dram Teatrı, Saat-19.00
26 fevral-E.Abdullayeva «Ağ qayıq», Sumqayıt Teatrı, Saat-17.00
4.Azərbaycan Dövlət Musiqili Komediya Teatrı
27 fevral-R.Hacıyev «Talelər qovuşanda»,Musiqili Komediya Teatrı, Saat 19.00
28 fevral-Ü.Hacıbəyli, «Arşın mal alan», Musiqili Komediya Teatrı, Saat 19.00
5.Lənkəran Dövlət Dram Teatrı
1 mart-M.Xubai «Şeytanın oyunları», Aktyor evi, Saat 19.00
2 mart-V.Səmədoğlu, «Mamoy kişinin yuxuları» Aktyor evi, Saat 19.00
3 mart-M.Xubai «Şeytanın oyunları», Sumqayıt Teatrı, Saat 17.00
6.Sumqayıt Dövlət Musiqili Dram Teatrı
4 mart-Ə.Haqverdiyev «Şah», Aktyor Evi, Saat 19.00
5 mart-Ç.Aytmatov «Ümid sahili», Sumqayıt Teatrı, Saat 17.00
6 mart-Y.Onil "Qarağaclar altında məhəbbət", Sumqayıt Teatrı, Saat 17.00
Azərbaycan haqqında kitablar Budapeşt kitabxanasında
Cari ilin 9 fevral tarixində Macarıstanın Szabo Ervin adına Budapeşt şəhər kitabxanasında “Azərbaycan kitabxanada” adlı tədbir keçirilmişdir.
Kitabxanada macar dilində nəşr edilmiş və Macarıstandakı Səfirliyimiz tərəfindən kitabxanaya hədiyyə edilmiş kitablar nümayiş etdirilirdi. Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabxanaya hədiyyə edilmiş Azərbaycan mədəniyyəti, tarixi, incəsənəti haqqında kitablar oxucularının marağına səbəb olmuşdur. Kitabxanada Bakı şəhərinin təsvirlərindən ibarət sərgi də təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Kiss Balas açmış və qeyd etmişdir ki, Azərbaycanla bağlı kitabxanada təşkil olunmuş sərgilər oxucuların böyük marağına səbəb olmuşdur.
Tədbirdə Azərbaycan Respublikasının Macarıstandakı Səfiri Həsən Həsənov çıxış edərək tədbir iştirakçılarına Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasəti, iki xalq arasındakı tarixi qohumluq kökləri haqqında məlumat vermişdir.
Sərgilər fevral ayının sonuna qədər kitabxanada nümayiş etdiriləcəkdir.
Bu həftə Bakıda GUAM-ın Turizm üzrə İşçi qrupunun iclası və info-turu keçirilir
2010-cu il 13-17 fevral tarixlərində GUAM-a üzv ölkələrinin və GUAM Katibliyinin nümayəndələri Azərbaycanda səfərdə olacaqlar. 13-15 fevral tarixlərində həm də GUAM-a üzv ölkələrin nümayəndələrinin Azərbaycana info-turu təşkil olunacaq.
2010-cu il 16 fevral saat 10.00-da isə Bakıda, “Hyatt Recensy” otelinin “Şamaxı” zalında GUAM-ın Turizm üzrə İşçi qrupunun növbəti iclası keçiriləcək.
Nazirliyin dəstəyi ilə regionlardakı kitabxanalar avtomatlaşdırılır
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın icrasını təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabxanaların informasiyalaşdırılması işi davam etdirilir.
Bu günlərdə Gəncə, Mingəçevir şəhər, Zərdab rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin Veb-saytları İnternet şəbəkəsində yerləşdirilmişdir:
Gəncə şəhər Mərkəzi Kitabxanasının www.gencekitab.az Veb-saytında “Gəncə şəhərinin tarixi” bölməsində şəhərin adının yaranması, habelə şəhərin yaranmasının 2500 illik tarixi haqqında geniş məlumat verilmiş, bir sıra tarixi faktlar işıqlandırılmışdır.
“Gəncə şəhərinin tarixi abidələri” bölməsində Gəncə şəhərində dövlət reyestrinə daxil edilmiş abidələr haqqında məlumat verilir və onların fotoları yerləşdirmişdir.
Kitabxananın Veb-saytının “Ana səhifə”sində keçirilmiş tədbirlər haqqında məlumatlar və şəkillər öz əksini tapmışdır. Bundan başqa, şəhər Mərkəzi Kitabxanası, onun şöbələri, habelə kitabxanada fəaliyyət göstərən “Amerika Mərkəzi” haqqında məlumatlar veb-saytda verilmişdir.
Gəncə şəhər Mərkəzi Kitabxanasının Veb-saytında “Azərbaycan kitabxanaları” bölməsi verilmişdir ki, bu linklərdən digər kitabxanaların Veb-saytına daxil olmaq mümkündür.
Respublikanın şəhər kitabxanaları arasında Veb-sayt yaradılması işində Mingəçevir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Veb-saytı www.mingacevirmks.webs.com istifadəçilərin marağına səbəb olmuşdur. Kitabxananın Veb-saytında məlumatlar 3 bölmədə sistemləşdirilmişdir. Birinci kitabxana haqqında məlumatlar, ikinci şəhər, şəhərin iqtisadiyyatı, tarixi abidələr və turizm potensialı, üçüncü - Azərbaycan haqqında, respublikamızın dövlət rəmzləri, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlar, habelə Mədəniyyət və Turizm Nazirliyi və Mingəçevir şəhər İcra Hakimiyyətinin Veb-saytlarına birbaşa keçid linkləri yerləşdirilmişdir.
“Kitabxana” bölməsində kitabxana və onun şöbələri haqqında məlumatlar verilmişdir. Veb-saytda “Xəbərlər” bölməsində şəhər MKS-də keçirilən tədbirlərin fotoları yerləşdirilmişdir.
Veb-saytın “Bizim şəhər” bölməsində Mingəçevir şəhəri, onun tarixi və müasir Mingəçevir haqqında maraqlı məlumatlar təqdim edilir. “Memarlıq abidələri” bölməsində şəhər ərazisində mövcud olan və mühafizə edilən bir sıra tarixi abidələr və onların fotoşəkilləri yerləşdirilmişdir.
Şəhər MKS-nin Veb-saytının “İqtisadiyyat” və “Turizm potensialı” bölmələrində Mingəçevirin respublika iqtisadiyyatında tutduğu yer, şəhərin respublika enerji təminatçısı kimi rolu, yeni açılmış istehsalat obyektləri, habelə şəhərin turizm gözəllikləri əks olunmuşdur.
Mingəçevir şəhər MKS-nin Veb-saytında “Doğma Azərbaycan” və “Dövlət rəmzləri” bölmələrində Azərbaycan haqqında zəngin məlumat portalı olan www.azerbaijan.az saytına birbaşa keçid linki qoyulmuş, dövlət rəmzləri haqqında geniş məlumatlar yerləşdirilmişdir. Bundan başqa, Veb-saytda “Dağlıq Qarabağ problemi” bölməsində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlar verilmişdir.
Zərdab rayon Mərkəzi Kitabxanasının saytında Zərdab www.zerdabmks.webs.com rayonu haqqında ümumi məlumat, habelə rayonun yetirmələri Həsən Bəy Zərdabi, milli Azərbaycan hökumətinin yaranmasında fəallıq göstərmiş Şirin Nuriyev, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov və b. şəxslər haqqında məlumatlar verilir.
Saytın maraqlı linklərindən biri “Əkinçi” bölməsidir. Burada Azərbaycanda ilk mətbu orqan olan “Əkinçi qəzeti”, onun yaradıcısı Həsən bəy Zərdabinin bu sahədəki fəaliyyəti haqqında məlumatlar təqdim edilir.
Kitabxananın Veb-saytında “Kitabxana” və “strukturu” bölməsində rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, onun fəaliyyəti və şöbələri haqqında, “Tədbirlər” bölməsində isə keçirilən tədbirlər haqqında məlumatlar təqdim edilir. Bundan başqa, “Yeni nəşrlər” bölməsində kitabxana fonduna daxil olan yeni kitabların siyahısı təqdim edilir.
Hazırda «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın icrası məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə respublikanın şəhər, rayon kitabxanalarının avtomatlaşdırılması işi həyata keçirilir.
Turizm təhsilinin inkişafı sahəsində Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq töhfəsi
Milli turizm potensiallarından tam olaraq faydalanmaq məqsədilə xidmət sahəsində çalışanların peşəkarlığının artırılması, o cümlədən turizm yönümlü müəssisələr üçün milli kadrların hazırlanmasının önəmli əhəmiyyətə malik olması danılmazdır. Məhz bu səbəbdən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi öz fəaliyyətində turizm təhsilinin inkişafı məsələsini strateji məqsəd kimi qiymətləndirir.
Belə ki, Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclasının Protokolunun 3.6.-cı bəndinə əsasən cari ilin 3 fevral tarixində Braşov şəhərində Mingəçevir Turizm Kolleci ilə Rumıniyanın "Andrei Barseanu" İqtisadi Kolleci arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Qeyd olunmalıdır ki, Braşov şəhəri Rumıniyanın turizm üzrə ən inkişaf etmiş Transilvaniya adlı inzibati ərazisinin mərkəzidir. "Andrei Barseanu" İqtisadi Kolleci isə Rumıniyanın ən böyük tarixə malik olan ilk peşə məktəbidir.
Mövcud əməkdaşlıq çərçivəsində bir çox məsələlər ilə yanaşı turizm ixtisası üzrə təhsil alan tələbələrin peşə bacarıqlarının (xidmət sahəsi üzrə) artırılmasına xidmət edən qısamüddətli birgə təlim-kurslarının təşkil olunması da nəzərdə tutulmuşdur.
Leyla Cəmil qızı Axundzadə
Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Respublikanın əməkdar incəsənət xadimi, tanınmış sənətşünas, professor Leyla Cəmil qızı Axundzadə 2010-cu il fevralın 10-da faciəvi şəkildə vəfat etmişdir.
Leyla Axundzadə 1953-cü il iyun ayının 21-də anadan olmuşdur. 1975-ci ildə M.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin sənətşünaslıq şöbəsini bitirmişdir.
Sənətşünaslıq namizədi (1984), Azərbaycan Rəssamlar İttifaqının üzvü(1978), “Zamanın qanadları” yaradıcılıq assosiasiyasının direktoru (2000) olmuşdur.
1975-1984-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun Təsviri incəsənət şöbəsinin əməkdaşı olmuşdur.
1990-cı ildən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Təsviri incəsənət tarixi kafedrasının, 2000-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri incəsənət tarixi kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Leyla Axundzadə müasir Azərbaycan incəsənətinin problemlərindən bəhs edən, Azərbaycan, Türkiyə, Almaniya, İtaliya və Rusiyada nəşr olunmuş 40-dan çox məqalənin, həmçinin incəsənət ixtisaslı tələbələr üçün nəzərdə tutulmuş çoxsaylı tədris proqramlarının müəllifidir. Türkiyədə, Fransada, Gürcüstanda, İtaliyada, Serbiyada keçirilən Beynəlxalq simpozium və konfransların iştirakçısı olmuşdur.
Leyla Axundzadə müasir incəsənət formalarının inkişafı və Azərbaycan incəsənətinin təbliğ olunması işinə böyük töhvələr vermişdir. O, 2000-ci ildə gənc rəssamları, sənətşünasları və musiqiçiləri birləşdirən “Zamanın qanadları” adlı yaradıcılıq Assosiyasını yaratmışdır. Onun tərəfindən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri üçün müasir fotoqrafiya, videoart, aparıcı Avropa və Amerika rəssamları haqqında trenninqlər təşkil olunmuşdur. Assosiasiyasının üzvləri Almaniya, Rusiya, Fransa, Serbiya, Yunanıstan, Norveç, Türkiyə, İtaliya və digər ölkələrdə təşkil olunan beynəlxalq sərgilərdə uğurla iştirak etmişdir.
Azərbaycanda ilk dəfə 2003-cü ildə “Aluminium” Beynəlxalq müasir incəsənət Biennalesinin təşəbbüsskarı və təşkilatşısı olmuşdur. 2005, 2007, 2009-cu illərdə “Aluminium” Beynəlxalq müasir incəsənət Biennalesinin uğurla keçirilməsində əvəzsiz xidmətlər göstərmişdir.
Azərbaycan incəsənətinin dünyada tanıdılması və təbliğ edilməsi istiqamətində 2007, 2009-cu illərdə beynəlxalq aləmdə məşhur olan mədəniyyət layihəsi - İtaliyada “Venesiya Biennalesində Azərbaycan pavilyonunun təşkilatçısı və kuratoru olmuşdur.
L.Axundzadə Azərbaycan müasir incəsənətinin beynəlxalq aləmdə təbliğində və eyni zamanda dünya incəsənətində baş verən mədəni proseslərin Azərbaycanda tanıdılması işində böyük rol oynamış, Azərbaycan incəsənətinin ənənələrini isə xarici ölkələrin müxtəlif xalqlarının nümayəndələrinə sevdirə bilmişdir.
Amansız ölüm Leyla xanımı bizim aramızdan apardı. Onun yoxluğu ilə barışmaq çox çətindir. Lakin bir təsəllimiz var – nəcib insan, gözəl xanım, peşəkar sənətkar, əzizimiz Leyla Axundzadənin işıqlı xatirəsi hər zaman qəlblərdə və yaddaşlarda yaşayacaqdır.
Allah rəhmət eləsin!
“Azərbaycanın Əfsanələr Paytaxtı”, “Azərbaycanın Sənətkarlıq Paytaxtı” və “Azərbaycanın Folklor Paytaxtı”
Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramını təsdiq etmişdir. Proqramın icrası ilə əlaqədar diyarşünaslıq,
folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilmişdir.
Milli folklor ustaları və kollektivlərinin,
sənətkarların, milli adət-ənənələrin və eyni zamanda respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişafı, habelə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramının icrasını təmin etmək məqsədilə 2010-cu il üçün Gəncə şəhəri “Azərbaycanın Əfsanələr Paytaxtı”, Şəki şəhəri “Azərbaycanın Sənətkarlıq Paytaxtı” və Qazax şəhəri “Azərbaycanın Folklor Paytaxtı” elan edilmişdir.
Məsələ ilə əlaqədar Gəncə, Şəki və Qazax şəhərlərində il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və sair tədbirlərin təşkili nəzərdə tutulmuşdur.
Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 92-ci ildönümü
Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 92-ci ildönümünə həsr olunur:
“Qara Qarayev tələbələrinin xatirəsində”
5 fevral, saat 14.00, Bəstəkarlar İttifaqı
Yaşasaydı 92 yaşı olacaqdı... Kim bilir, Azərbaycan xalqının musiqi tarixi hansı gözəl əsərlərlə zənginləşəcək, haralarda səslənəcək, sayəsində yetişən istedadlı bəstəkarların sıralarına daha kimlərin adı düşəcəkdi ömür vəfa etsə idi... daha nələr, nələr ola bilərdi ömür vəfa etsə idi... Nə yazıq ki, anadan olmasının 92-ci ildönümünü onsuz qeyd edirik. Lakin dahi Azərbaycan bəstəkarı, görkəmli-alim pedaqoq, ictimai xadim SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı SSRİ və Azərbaycan Dövlət mükafatları Laureatı, akademik Qara Qarayevin xatirəsi ürəklərdə, millətin yaddaşında, Azərbaycan musiqi tarixində, özəlliklə də tələbələrinin hafizəsində əbədi olaraq yaşayır və yaşayacaq... Dahi sənətkarın adı daim sonsuz hörmət və ehtiram hissi ilə anılır, həyatımızın ritmini onun musiqisi olmadan təsəvvür etmirik, qədrinin bilə-bilə, sevə-sevə, yaratdıqlarını göz bəbəyi kimi qorumaq məqsədilə bir çox işlər görülür... Belə ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qara Qarayevə həsr olunmuş “Qara Qarayev tələbələrinin xatirəsində” kitab foto-albomu işıq üzü görüb. Kitabda bəstəkarın yaradıcılıq fəaliyyəti xronoloji ardıcıllıqla yerləşdirilib. Kitabın əsas məzmunun görkəmli bəstəkarın 40 ilə yaxın pedaqoji fəaliyyəti ilə bağlı müxtəlif dövrlərdə onun sinfini bitirmiş tələbələrinin xatirələri təşkil edir. Tərtibçi-redaktor Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, bəstəkar–musiqişünas Nərgiz Şəfiyevadır. Kitabın təqdimatı fevral ayının 5-də, saat 14.00 -da Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda (Xaqani, 27, 3-cü mərtəbə) olacaq. Tədbirdə görkəmli bəstəkarın tələbələrinin çıxışları dinlənəcək, əsərlərindən parçalar səslənəcək...
“Qara Qarayev. Seçilmiş əsərləri”
5 fevral, saat 19.00, Azərbaycan Dövlət Filarmoniyası
Fevralın 5-də Azərbaycan Dövlət Filarmoniyasında saat 19.00-da dahi Azərbaycan bəstəkarı, görkəmli-alim pedaqoq, ictimai xadim SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı SSRİ və Azərbaycan Dövlət mükafatları Laureatı, akademik Qara Qarayevin xatirəsinə həsr olunmuş “Qara Qarayev. Seçilmiş əsərləri” adlı foto-albomunun da təqdimat mərasimi keçiriləcək.
Azərbaycan kitabxanalarında Elektron kataloq və elektron resurslar bazası yaradılır
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq
edilmiş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın icrasını təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan
kitabxanalarında Elektron kitabxana və Elektron kataloqların yaradılması işinə təkan verilir.
Bu gün Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Prezident Kitabxanası”nda (www.preslib.az), M.F.Axundov adına Milli Kitabxanada (www.anl.az), C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında (www.ryl.az) və s. Elektron kitabxana və Elektron kataloqlar istifadəçilərə təqdim edilir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
“Prezident Kitabxanası” İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi vasitəsi ilə kitabxanadakı nəşrlər haqqında məlumat, habelə nəşrlərin tammətnli bazasını yaratmış və oxucuların istifadəsinə təqdim etmişdir.
Kitabxananın informasiyalaşdırılması sahəsində müsbət təcrübə qazanmış “Prezident Kitabxanası” istifadəçilərə “Tammətnli elektron nəşrlər”, “Tammətnli verilənlər bazasında müxtəlif dillər və mövzular üzrə elektron mətn axtarışı xidməti”, “Azərbaycanın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə dair əhəmiyyətli kitabların elektron versiyalarından ibarət kolleksiya”, “Elektron Kataloqun Verilənlər bazalarında biblioqrafik informasiya axtarışı”nı təmin edən bölmələr informasiya xidmətinin çoxşaxəli aparılmasına imkan verir.
Kitabxananın əməkdaşları tərəfindən Azərbaycanın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə və incəsənətinə dair fundamental kitabların elektron versiyaları hazırlanmışdır. Elektron kitabxanada (http://www.elibrary.az) əsasən müasir və aktual mövzular “Dağlıq Qarabağ problemi beynəlxalq hüquq müstəvisində”, “Qarabağ həqiqətləri”, “Tarixin qara səhifələri: Deportasiya. Soyqırım. Qaçqınlıq”, “Heydər Əliyev iqtisadi müstəqilliyimizin banisidir”, “İnkişaf - məqsədimizdir – Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin daxili və xarici siyasəti” və s. mövzularda müxtəlif dillərdə kitablar yerləşdirilmişdir.
Kitabxananın fonduna daxil olan kitablar və dövri mətbuat materialları,
həmçinin bir sıra rəsmi saytlar əsasında hazırlanmış ən qədim zamanlardan başlayaraq müasir dövrə qədər Azərbaycan xalqının keçdiyi tarixi yolu əhatə edən "ODLAR YURDU AZƏRBAYCAN" adlı tammətnli elektron baza (www.odlaryurdu.az) xüsusi ilə əhəmiyyətlidir.
Elektron bazada Azərbaycançılıq, Azərbaycanın zəngin tarixi, iqtisadiyyatı, inzibati ərazi vahidləri, Ümummilli lider Heydər Əliyev, Azərbaycanlıların soyqırımı və deportasiyası, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında materiallar, faktlar, tarixi sənədlər sistemləşdirilərək 3 dildə dünya istifadəçilərinə təqdim edilir.
Azərbaycan kitabxanalarında ilk dəfə olaraq “Prezident Kitabxanası”nda istifadəçilərin onlayn müraciəti əsasında sənədlərin elektron çatdırılması xidməti təşkil edilmişdir.
M.F.Axundov adına Milli Kitabxananın (www.anl.az) yaratdığı Elektron kitabxana müxtəlif sahələr üzrə - humanitar, texniki, təbiət, mikrofilm, dövri və ardı davam edən nəşrlərin tammətni yerləşdirilmişdir. Elektron kitabxana yaradılarkən əsasən yeni və aktual nəşrlərin tammətni skaner olunaraq hazırlanır və oxuculara təqdim edilir. Elektron kitabxana mütəmadi olaraq zənginləşdirilir. Elektron kitabxanada ilk dəfə olaraq mikrofilmləşdirilmiş qədim kitablar və dövri mətbuat nümunələri oxucuların istifadəsinə verilir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı əsasında Azərbaycan dilində latın qrafikası ilə çap olunmuş kitablar M.F.Axundov adına Milli Kitabxananın Elektron kitabxanasında yerləşdirilmişdir.
Milli Kitabxanada Elektron kataloq müxtəlif aspektlər üzrə müəllif, sərlövhə, predmet və s. üzrə aparılır. Elektron kataloqda kitablar, not-musiqi nəşrləri, kartoqrafiya, məqalələr, dissertasiyalar, avtoreferatlar, mikrofilmlər, dövri mətbuat üzrə axtarış aparmaq mümkündür.
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında (www.ryl.az) kitabxana – biblioqrafiya proseslərinin avtomatlaşdırılması istiqamətində işlər aparmış, kitabxananın Elektron kataloqu və Elektron kitabxanası Azərbaycan gənclərinə təqdim edilmişdir. Elektron kitabxanada əsasən Azərbaycan – Ermənistan Dağlıq Qarabağ münaqişəsi, Qarabağ həqiqətləri, Xocalı faciəsi haqqında xarici müəlliflərin kitabları, habelə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə nəşr olunmuş Azərbaycan dilində latın qrafikalı kitabların tammətni yerləşdirilmişdir. Elektron kitabxanada kitablar əlifba sırası ilə verilmişdir.
Hal-hazırda Elektron kitabxana və Elektron kataloqların yaradılması Azərbaycanın region kitabxanalarında davam etdirilir.
Azərbaycan kitabxanalarının Veb-saytlarının yaradılması işi davam edir
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Veb-saytı (www.ryl.az) zənginləşdirilmiş və sayta yeni bölmələr və məlumatlar daxil edilmişdir: gənclər hərəkatı, aktual mövzular, təhsil. Aktual mövzular bölməsində gəncləri maraqlandıran aşağıdakı mövzular haqqında məlumatlar verilmişdir: insan hüquqları, narkomaniya, QİÇS, ekologiya, korrupsiya, dünya iqtisadi böhranı, ipoteka. Saytda hər ay teatr və konsert müəssisələrində gedən tamaşaların repertuarı da öz əksini tapır. Veb-saytda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət sahəsinə dair imzaladığı sərəncamlar, habelə Prezident İlham Əliyevin mədəniyyət, ədəbiyyat, tarixi-mədəni irs və milli-mənəvi dəyərlər haqqında kəlamları verilmişdir.
Sayta yerləşdirilən ən maraqlı məlumatlardan biri kitabxananın nəzdində fəaliyyət göstərən İctimai – Hüquqi İnformasiya Mərkəzi haqqındadır. Sözügedən saytda istifadəçilər Azərbaycan tarixi, dövlət rəmzləri, Dağlıq Qarabağ problemi, Azərbaycanın turizm gözəllikləri haqqında məlumatlara da əldə etmək olar.
Hacıqabul rayon Mərkəzi Kitabxanasının saytında (www.haciqabul-mks.az) kitabxana və onun şöbələri haqqında, habelə kitabxanaya daxil olan yeni kitablar haqqında məlumat verilir. Eyni zamanda saytda rayonun tarixi və görkəmli şəxsləri haqqında məlumatlar verilir. Sözügedən saytdan birbaşa Mədəniyyət və Turizm Nazirliyi, Prezident Kitabxanası, M.F.Axundov adına Milli Kitabxana, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının saytına daxil olmaq mümkündür.
Gəncə şəhər Mərkəzi Kitabxanasının Veb-saytında (www.gencekitab.az) Gəncə şəhərinin tarixi, abidələri, kitabxana tərəfindən keçirilən tədbirlər öz əksini tapmışdır. Kitabxananın nəzdində 2008-ci ilin may ayından fəaliyyət göstərən Amerika Mərkəzi haqqında qısa məlumat verilib. Kitabxananın saytında qeyd olunur ki, kitabxananın sorğu informasiya xidməti şöbəsində oxucuların istifadəsinə “Rusiya Federasiyasının qanunvericilik bazası” təqdim olunur.
“Gənclik – gələcəyin səsi”
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə hər il 2 fevral tarixi «Gənclər günü» kimi qeyd edilir. Bu il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı və Sumqayıt şəhərlərində «Gənclər günü»nə həsr edilmiş “Gənclik – gələcəyin səsi” adı altında silsilə tədbirlər keçiriləcəkdir. 2010-cu il 2-4 fevral tarixlərində Bakı və Sumqayıt şəhərlərində gənc xanəndə və klassik musiqi ifaçılarının, Uşaq-gənclər Simfonik orkestrinin konsertlərinin keçirilməsi, Sumqayıt Dövlət Rəsm Qalereyasında və Bakıda Rəssamlar İttifaqı ilə birlikdə V.Səmədova adına Sərgi salonunda gənc rəssamların əsərlərindən ibarət sərgilərin təşkili nəzərdə tutulur. Fevralın 2-də saat 12.00-da Sumqayıt Dövlət Rəsm Qalereyasında gənc rəssamların əsərlərindən ibarət sərgi, Sumqayıt Dövlət Musiqili Dram Teatrında saat 17.00-da Dövlət Uşaq-Gənclər Simfonik Orkestrinin konserti, fevralın 3-də saat 16.00-da Sumqayıt Musiqili Dram Teatrında Gənc Muğam İfaçılarının konserti, fevralın 4-də saat 15.00-da Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət Məktəbində isə klassik əsərlərdən ibarət konsert olacaqdır.
Misir Ərəb Respublikasında Azərbaycan Mədəniyyət Günləri
Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikasının Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişə uyğun olaraq 24-28 yanvar 2010-cu il tarixində Misir Ərəb Respublikasında Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi nəzərdə tutulmuşdur. Mədəniyyət Günləri çərçivəsində Misirin Qahirə və İsgəndəriyyə şəhərlərində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsertlər təşkil olunacaq, rəsm əsərləri və xalq tətbiqi-dekorativ sənət nümunələrindən ibarət sərgilər nümayiş etdiriləcəkdir. Mədəniyyət Günlərinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Misir Ərəb Respublikasına yanvarın 24-də böyük nümayəndə heyəti yola düşəcək. Rəsmi nümayəndə heyətinin tərkibinə Bakı Şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Əlikram Əliyev, M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov daxildir. Mədəniyyət günlərinin konsert proqramında Ü. Hacıbəyovun, Q.Qarayevin, F.Əmirovun, S.Ələskərovun, T.Quliyevin əsərləri, folklor musiqisi səslənəcək. Dövlət Rəqs Ansamblının bir qrup üzvü zərif milli rəqslərimizi ifa edəcək. Solistlərdən Xalq Artisti vokalçı Azər Zeynalov, Xalq Artisti xanəndə Nəzakət Teymurova, Əməkdar Artist vokalçı Gülnaz İsmayılova, Xalq Artisti, xanəndə Mənsum İbrahimov, Əməkdar artistlər Elçin Həşimov (tarzən), Elnur Əhmədov (kamançada), qarmonda Etibar Qasımbəyli, aşıq Samirə Əliyeva, Əməkdar Artist, ud ifaçısı Mircavad Cəfərov, nağarada Kamran Kərimov, kanonda Çinarə Mütəllimova kimi məharətli ifaçılarımız çıxış edəcəklər. Azərbaycan nümayəndə heyətinin yanvarın 25-də Qahirədə, yanvarın 27-də isə İsgəndəriyyə şəhərində olması planlaşdırılır.
Uşaq ili və kino
Dövlət Film Fondunun yeni binasında keçirilən ilk tədbirlərdən biri Uşaq ilinə həsr olunmuş kino bayramı oldu. Tədbirdə uşaq evlərinin, orta məktəblərin kiçik yaşlı şagirdləri iştirak etdi. Heydər Əliyev Fondu ilə birgə hazırlanmış “Azərbaycan cizgi filmləri-2” diskinin təqdimatı keçirildi. Bayram proqramına həmçinin Uşaq Kino məktəbinin açılışı, “Mən kino çəkirəm” uşaq rəsmləri sərgisinin təqdimatı, “Nuş olsun” yeni cizgi filminin premyerası daxil edilmişdi. Dövlət Kukla Teatrı aktyorlarının şən məzhəkələri, Suraxanı rayonu 3№-li uşaq incəsənət məktəbi və Avropa liseyi şagirdlərinin ifasında rəqs nömrələri, 30-40 il əvvəl kinoda uşaq rollarını ifa etmiş insanlarla görüş tədbirin gənc iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Uşaqların hamısına cizgi filmləri toplusu, oyuncaqlar, idman geyimləri hədiyyə olundu.
YUNESKO-da Azərbaycan Günü
 |
Noyabrın 17-si YUNESKO-da Azərbaycan Günü çərçıvəsində “Azərbaycan qadını: dünən, bu gün və sabah” elmi konfransı, Görkəmli alim Musa Əliyevin həyat və yaradıcılığına həsr olunmuş Simpozium və dahi rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş sərgi keçirildı.
Azərbaycan Respublikası Prezidentinin “YUNESKO-nun 2008-2009- cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” Sərəncamına əsasən 2009-cu ilin noyabr ayının 17-də YUNESKO-da “Azərbaycan günü” keçirildi. Ölkəmizlə bağlı tədbirlərdə iştirak etmək üçün Parisə gələn Azərbaycanın Baş nazirinin müavini, xalq yazıçısı Elçin Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Xarici İşlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Elmlər Akademiyasının vitse-prezidenti Akif Əlizadə, tanınmış elm və mədəniyyət xadimləri daxil idi. Gün Azərbaycan diplomatiyasının 90 illiyinə həsr olunmuş “Azərbaycan qadını: dünən, bu gün və sabah” adlı konfransla başladı. Konfransı Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəsi, səfir Eleonora Hüseynova açaraq “Azərbaycan günü ” ilə bağlı tədbirlərdən danışdı, belə bir günün YUNESKO-da keçirilməsinin mühüm hadisə olduğunu vurğuladı. Nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini Elçin Əfəndiyev dedi: “Mən azərbaycanlı kimi, Azərbaycan vətəndaşı və yazıçısı, nəhayət Azərbaycan hökumətinin nümayəndəsi kimi, bugünkü sevincimi, daxili fəxarət hissimi sizinlə bölüşmək istəyirəm. YUNESKO-da “Azərbaycan günü”nün keçirilməsi ölkəmiz üçün tarixi bir hadisədir. Azərbaycan YUNESKO ilə sıx əlaqə saxlayan ölkələrdən biri, bəlkə də birincisidir. Azərbaycan xalqının böyük abidəsi olan “Kitabi-Dədə Qorqud”un 1300 illiyi, dahi Füzulinin 500 illiyi, “Leyli və Məcnun” operasının, görkəmli alim Yusif Məmmədəliyevin, gözəl insan və tanınmış yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin 100 illiklərini burada qeyd etmişik. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra mədəniyyət sahəsi ölkədə ən prioritet istiqamətlərdən biri olmuşdur. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın dünya birliyinə inteqrasiya prosesində mədəniyyət məsələlərinə xüsusi önəm verirdi. Bu siyasət bu gün də davam edir. Ölkəmizlə bağlı bu tədbirlər Prezident İlham Əliyevin xüsusi sərəncamları əsasında keçirilir. YUNESKO ilə Azərbaycan arasında əlaqələrin, münasibətlərin bu dərəcədə sıx, bu dərəcədə effektli təşkil olunmasında və inkişaf etməsində respublikamızın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi rolu vardır. Baş nazirin müavini konfransın Azərbaycan diplomatiyasının 90 illiyinə həsr olunduğunu xatırlatdı, diplomatiyamızın qədim dövrlərə təsadüf etdiyini, 1500-cü ildə Səfəvilərin hökmdarlığı illərində Avropanın bir çox ölkələrinin, o cümlədən Fransanın Azərbaycanla diplomatik əlaqələr yaratdıqlarını, Roma Papası ilə əlaqə saxlandığını və bunlara dair sənədlərin Fransa muzeylərində mühafizə edildiyini diqqətə çatdırdı. Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev Azərbaycan diplomatiyası tarixinin 1918-ci ildə Şərqdə ilk demokratik hakimiyyət qurmuş Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı vaxta təsadüf etdiyini, bu dövlətin cəmi 23 ay yaşadığını, qısa bir vaxtda fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan diplomatiyasının yaranmasında xüsusi rola malik olduğunu bildidı. “Tarixi köklərə malik olan Azərbaycan diplomatiyası bu gün beynəlxalq sahədə uğurla fəaliyyət göstərir. 1992-ci ildən etibarən ölkəmiz dünyanın bir çox beynəlxalq təşkilatları, o cümlədən YUNESKO ilə əməkdaşlığa başlamış və bu qurumun tamhüquqlu üzvu olmuşdur. Azərbaycan bu gün YUNESKO ilə sıx əməkdaşlıq edir. Sevindirici haldır ki, Azərbaycan YUNESKO-nun elm, təhsil və mədəniyyət kimi sahələrində xüsusi fəallıq göstərir. Azərbaycanda diplomatik xidmət sürətlə inkişaf edir. Əgər 2003-cü ildə Azərbaycanın xarici ölkələrdə 26 diplomatik nümayəndəliyi vardısa, bu gün onların sayı 65-ə çatmışdır. Bura səfirliklər və beynəlxalq təşkilatlardakı nümayəndəliklər daxildir. Onlar beynəlxalq həyatda fəal iştirak edirlər”.YUNESKO baş direktorunun müavini Hans d’Orvill YUNESKO-da “Azərbaycan günü”nün keçirilməsini qurumla Azərbaycan arasında sıx əlaqələrin olmasına dəlalət etdiyini diqqətə çatdırdı, Azərbaycanda mədəni irsin və qeyri-maddi mədəni irsin qorunmasında, mədəniyyətin inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini yüksək qiymətləndirdı, qadın və kişi bərabərliyinin təşkilatın ən mühüm prioritetlərindən biri olduğunu, Azərbaycanda bu məsələnin müvəffəqiyyətlə həyata keçirildiyini bildirdı. Azərbaycan qadınının dünənki, bugünkü və sabahkı fəaliyyətinə toxunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova hələ XV əsrdə Sara xatunun bir azərbaycanlı qadın diplomat kimi danışıqlarda iştirak etdiyini, Xll və XlX əsrlərin məşhur qadın şairlərinin yaşadıqları dövrün ağır şəraitinə baxmayaraq ölməz əsərlər yaratdıqlarını, bu qadınların timsalı Avropada Şərq qadını barədə formalaşmış yanlış fikirlərin çürüklüyünü üzə çıxardı, onların mövhumatın əsirinə çevrilmələri barədəki faktı alt-üst etdiyini bildirdı. “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra ölkədə qadın hərəkatı geniş vüsət almışdır. Nəinki Şərq aləmində, habelə dünyada belə ilk dəfə Azərbaycan qadınına seçmək və seçilmək hüququ verilmişdir. Hətta bu gün inkişaf etmiş Avropa ölkələrinin əksəriyyətində bu məsələ çox sonralar öz həllini tapmışdır. Fransız oxucularının yaxşı tanıdığı yazıçı Ümbülbanu Əsədullayeva azərbaycanlı qadın olub Avropada məşhurlaşmışdır. Sovetlər birliyi dövründə cinslər arasında fərq götürülsə də, qadınların ölkənin ictimai-siyasi həyatında iştirakına müəyyən məhdudiyyətlər qoyulmuşdur. Rejimin çətinliklərinə baxmayaraq, bir çox qadınlar müxtəlif sahələrdə yüksək vəzifələr tuta bilmişlər. Onların arasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Zərifə xanımın oftalmologiya sahəsində əldə etdiyi uğurlar nəinki Azərbaycanda, habelə onun hüdudlarından kənarda məşhur olmuşdur. Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin yeni bir istiqamətinin əsasını qoymuşdur. Onun əsərləri bütün ərəb dünyasında yaxşı tanınmışdır. Azərbaycan ailələrində xeyirxahlıq təcəssümü hesab edilən qadına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində aman verilmədi. Münaqişə nəticəsində minlərlə azərbaycanlı qadın qaçqın və məcburi köçkünə çevrilmişdir. Müstəqilliyini bərpa etmiş Azərbaycanda indi elə bir sahə yoxdur ki, orada qadın fəaliyyət göstərməsin. Elm, təhsil, mədəniyyət sahələri ilə bərabər digər sahələrdə də minlərlə qadın çalışır. Onların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı balanslaşdırılmış siyasət nəticəsində bu gün ölkəmiz qüdrətli dövlətə çevrilmişdir. Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva zəngin mədəniyyətimizin dünyada tanınmasında böyük əmək sərf edir. Konstitusiya Məhkəməsində və Ali Məhkəmədə qadınların iştirakı getdikcə artır. Milli Məclisin üç müavinindən biri, daimi komitələrdən birinin sədri qadındır. 125 deputatdan 14-ü qadındır. 15 qadın akademik adına layiq görülmüşdür. Elmi dərəcə almış iki min qadın xalq təsərrüfatının müxtəlif sahələrində çalışır, 3 qadın universitet rektorudur. Bütün bunlar Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında mühüm rola malik olmasını əks etdirir. 2006-cı ildə ölkəmizdə gender bərabərliyi barədə qanun qəbul edilmişdir. Bu, azərbaycanlı qadınların bütün sahələrdə fəaliyyətinə geniş yollar açır.” Fransa Strateji və Diplomatik Araşdırmalar Mərkəzinin fəxri sədri, beynəlxalq məsləhətçi Jan-İv Şevalye, “Yol” jurnalının redaktoru, sənətşünas alim Lalə Kazımova, arxeologiya elmləri doktoru xanım Bertiy Lionnet, filologiya elmləri doktoru, Beynəlxalq Diplomatiya Akademiyasının müəllimi Şirin Melikof və AMEA-nın müxbir üzvü, kimyaçı alim, institut direktoru Elmira Ramazanova Azərbaycan qadınının ədəbiyyat və diplomatiya, incəsənət və elm sahələrindəki fəaliyyətlərindən, Şərqdə və Avropada ilk dəfə olaraq 1918-ci ildə azərbaycanlı qadınlara seçmək və seçilmək hüququnun verilməsindən bəhs etdılər. Konfrans zamanı Azərbaycan qadınının fəaliyyətindən, mədəni həyatdakı rolundan bəhs edən çıxışlar maraqlıslaydlar nümayiş etdirilmişdir. Konfransda YUNESKO-nun rəsmiləri, Azərbaycanın Fransadakı səfiri Tarik Əliyev, müxtəlif ölkələrin səfirləri, akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, Fransa ictimaiyyətinin nümayəndələri, diasporumuzun təmsilçiləri, tələbələrimiz iştirak etmişlər. “Azərbaycan günü” çərçivəsində dünya şöhrətli alim, ölkəmizdə geologiya elminin inkişafında xüsusi xidmətləri olmuş, Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidentlərindən biri Musa Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş simpozium da keçirilmişdir. Baş nazirin müavini Elçin Əfəndiyev simpoziumda çıxış edərək Musa Əliyev kimi görkəmli alimin 100 illiyinin YUNESKO-da qeyd edilməsinin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını söylədi. O, Azərbaycan elminin inkişafına xüsusi töhfə vermiş Musa Əliyevin Şərqin ən qədim şəhərlərindən biri olan, şairlər və alimlər vətəni, böyük elmi və mədəni ənənələrə malik Şamaxıda anadan olduğunu xatırlatdı. Musa Əliyevi bu ənənələri dünya səviyyəsinə gətirib çıxaran alim kimi xarakterizə edən Elçin Əfəndiyev onun vətəndaş fəaliyyətinin ictimai və dövlət xadimi kimi fəaliyyəti ilə sıx vəhdət təşkil etdiyini, 1940-cı ildə Moskvaya dəvət edilmiş alimin həmin dövrdə yüksək vəzifə tutduğunu, sovet ordusunun yanacaqla təmin edilməsində çox böyük rolu olduğunu, müharibədən sonra Bakıya qayıdaraq Azərbaycanda sənayenin inkişafına rəhbərlik etdiyini, akademiyaya prezidentliyi dövründə Azərbaycanda elmin inkişafı naminə bütün varlığı ilə çalışdığın dedi. Baş nazirin müavini Azərbaycan Prezidenti İlham Əliyevin elmə göstərdiyi böyük qayğı, Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qurumla Azərbaycan arasında yaratdığı sıx əməkdaşlıq sayəsində görkəmli Azərbaycan aliminin ildönümünün nüfuzlu beynəlxalq təşkilatda qeyd edildiyini vurğuladı. YUNESKO-nun baş direktorunun təbii və dəqiq elmlər üzrə müavini M.Erdelen belə bir tədbirdə iştirakın onun üçün böyük şərəf olduğunu qeyd etdi, Musa Əliyevin həm görkəmli alim, həm də ictimai xadim kimi fəaliyyətini yüksək qiymətləndirərək azərbaycanlı alimin nəinki öz ölkəsində tanındığını, onun elmi əsərlərinin bütün dünyada geniş yayıldığını bildirdi. Musa Əliyevin geologiya və paleontologiya elmlərinə verdiyi töhfələrin bu gün belə müasirliyini itirməməsinə toxunan M.Erdelen onun paleontologiya elmi üzrə Bakı məktəbini yaratmasından, akademiyaya rəhbərlik etdiyi vaxt gənc mütəxəssisləri təcrübə toplamaq məqsədi ilə xarici ölkələrə ezam etməsindən, Azərbaycanda yeni neft yataqlarının axtarışına gərgin əmək sərf etməsindən, bu günlər 60 illiyi təntənə ilə qeyd edilmiş əfsanəvi Neft daşlarının yaradılmasında xüsusi xidməti olmasından danışdı. Baş direktorun müavini gələcək nəslin Musa Əliyevi daim yad edəcəklərinə əminliyini ifadə etdi. Elm sahəsində beynəlxalq əməkdaşlığın inkişafında da Musa Əliyevin böyük roluolduğu vurğulandı. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Akif Əlizadə də YUNESKO-da “Azərbaycan günü”nün təşkil edilməsindən hər bir azərbaycanlının böyük iftixar hissi keçirdiyini qeyd etdi, akademik Musa Əliyevin yubileyinin belə bir qurumda təşkilinin ölkə rəhbərliyinin elmə göstərdiyi qayğının təzahürü olduğunu xüsusi vurğuladı, onun gözəl insani keyfiyyətləri ilə hamıya örnək olduğunu xatırlatdı. Musa Əliyev harada çalışmasından asılı olmayaraq, hər yerdə böyük təşkilatçılıq bacarığı nümayiş etdirir və gələcək nəslə də bunu öyrədirdi. Paleontologiya elminin gözəl bilicisi olan Musa Əliyev, neft sahəsinin inkişafında özünün böyük mütəxəssis olduğunu sübut etdi. 1949-cu ildə akademik Musa Əliyev ölkənin Plan Komitəsində çalışarkən yeni neft strategiyasının təməlini qoyanlarından biri idi. 60 il bundan əvvəl Xəzər dənizində salınmış nəhəng Neft daşları bu strategiyanın təzahürüdür. Bir sözlə, dünya şöhrətli alim istedadı və gərgin axtarışları ilə Azərbaycan elminin inkişafına töhfəsini vermişdir. Azərbaycan Milli Elmlər Akademiyası Seysmologiya Mərkəzinin direktoru İkram Kərimov Musa Əliyevin Əlcəzairdəki fəaliyyətinə toxunmuş, bu ölkədə yeni neft yataqlarının axtarışında və istismarında azərbaycanlı alimin gərgin səylər göstərdiyini, 1970-ci ildə onun fəaliyyətinin Əlcəzair Prezidenti tərəfindən yüksək mükafata layiq görüldüyünü, Saxarada çalışdığı illərdə böyük etibar və hörmət qazandığını, elə buna görə də hər il Əlcəzairdə neft sənayesi ilə bağlı keçirilən beynəlxalq konfranslara dəvət aldığını bildirdi. Fransanın nəhəng Total şirkətinin təmsilçisi Katrin Qrasse neft sənayesinin inkişafında xüsusi xidmətləri olmuş Musa Əliyevin ənənələrinin bu gün də yaşadığını söylədi və Total şirkətinin Azərbaycandakı fəaliyyəti barədə məlumat verdi. Akademik Musa Əliyevin nəvəsi Cəmilə Paşayeva babaları - Mir Cəlal Paşayevin və Musa Əliyevin yubileylərinin YUNESKO-da qeyd edilməsindən məmnunluq hissi keçirdiyini söylədi, buna görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya ailələri adından minnətdarlığını bildirdi. Simpoziumda akademik Musa Əliyevin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirildi. “Azərbaycan günü” çərcivəsində YUNESKO-nun “Segük” sərgi salonunda dahi Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 100 illiyinə həsr olunmuş sərgi isə bütün toplaşanlar tərəfindən həmin gün baş verən hadisələrin məntiqi sonlugu kimi dəyərləndirildi. Sərginin açılışında Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünya boyakarlıq sənətində Səttar Bəhlulzadənin xüsusi yeri olduğunu, ölkəmizin müxtəlif bölgələrini qarış-qarış gəzmiş rəssamın təbiət mənzərələrini ölməz əsərlərində əks etdirdiyini, yaratdığı tablolarda tamaşaçıya Vətənə məhəbbət hissi aşıladığını, sadə həyat tərzi keçirmiş bu insanın dünya şöhrətli əsərlər yaratdığını, ulu öndərimiz Heydər Əliyevin Səttar Bəhlulzadə yaradıcılığına xüsusi önəm verdiyini bildirdilər.Səttar Bəhlulzadənin əsərlərilə özünə ölməzlik abidəsi ucaltdığını qeyd edən Elçin Əfəndiyev və Əbülfəs Qarayev bir çox ölkələrdə dahi rəssamın əsərlərin sərgisinin keçirildiyini, onun bir çox tablolarının dünya muzeylərini bəzədiyini, rəssamın xalq tərəfindən hədsiz sevildiyini bildirdilər. Baş direktorun mədəniyyət məsələləri üzrə köməkçisi Fransuaz Riviyer YUNESKO ilə Azərbaycan arasında sıx əməkdaşlıq yarandığını, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yorulmaz səyləri sayəsində bu əməkdaşlığın inkişaf etdiyini xüsusi vurğuladı, belə sıx əməkdaşlıq nəticəsində qurumda Azərbaycanla bağlı müxtəlif tədbirlərin keçirildiyini xatırlatdı. F.Riviyer Azərbaycanın istedadlar ölkəsi olduğunu, Səttar Bəhlulzadənin 100 illiyi münasibətilə onun əsərlərindən ibarət təşkil edilmiş sərginin bunu bir daha təsdiq etdiyini diqqətə çatdırdı. O dedi ki, bu əsərləri görəndən sonra heç vəchlə Azərbaycanı görmək arzusundan vaz keçməyəcək. Dünyanın müxtəlif ölkələrindən gəlmiş tədbir iştirakçıları arasında alimlər, diaspora nümayəndələri ilə yanaşı Azərbaycanın böyük dostu, görkəmli yazıçı Oljas Süleymenov da vardı. Tamaşaçılar Səttar Bəhlulzadənin bir neçə orijinal əsəri və 80-ə yaxın fotoreproduksiyasıını böyük maraqla seyr edir və valeh olurdu. Ekspozisiyada sərgilənən əsərlərin kiçik formatda hazırlanmış fotoreproduksuyaları qonaqlara hədiyyə olundu. Böyük Səttarın ölməz əsərləri musiqiçilərimizin ifa etdiyi ecazkar Azərbaycan musiqisi fonunda daha da cazibədar görünür, böyük xalqın qədim və həmişəyaşar mədəniyyətini anladırdı.
“Nobellər və Bakı nefti” sərgisi “Berlin-Baku” Qalereyasında
 |
22-30 noyabr, 2009-cu il Berlin, Almaniya 22 Noyabr 2009-cu il tarixində Almaniyanın paytaxtı Berlin şəhərində BERLİN-BAKI Galereyasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, STATOİL Azərbaycan və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təşkilatçılığı və dəstəyi ilə “Nobellər və Bakı nefti” adlı foto-sənədli sərgi keçiriləcək. Açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Berlin nümayəndəliyinin rəhbəri cənab Elmar Məmmədov giriş sözü ilə, “Statoil Azərbaycan” şirkətinin ictimai əlaqələr şöbəsinin müdiri Bayba Anda Rubesa, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin muzey sektorunun müdiri Azadə Hüseynova çıxış edəcəklər. Sərgidə Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin əməkdaşları, Almaniyanın müxtəlif ictimai və siyasi nümayəndələri iştirakı gözlənilir. Sərginin Almaniyanın paytaxtı Berlində təşkil olunması Berlin-Bakı qalereyasının sahibi İbrahim Ehrari və Bakı Qız Qalası qalereyasının direktoru Emin Məmmədov tərəfindən həyata keçirilmişdir. Berlin şəhərində fəaliyyətə başlayan Berlin-Bakı qalereyasında 2007-ci ildən başlayaraq Azərbaycan mədəniyyətini Almaniyada tanıtmaq istiqamətində bir çox layihələr həyata keçirmişlər.“Nobel” mükafatının ianəçisi Alfred Nobel vəfat edən zaman onun varidatının əksər hissəsini onun dinamit istehsalı ilə məşğul olan şirkətlərindən deyil, digər şirkətlərindən, daha konkret desək, o vaxtlar dünyanın ən böyük neft şirkətlərindən biri olan “Nobel Qardaşları” neft hasilatı şirkətindən əldə etdiyi gəlirlər təşkil edirdi”. Bu sözlər Nobellər Ailəsi Cəmiyyətinin sədri Tomas Tidenin bu yaxınlarda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “Statoil Hydro-Abşeron” və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə “Nobellər və Bakı nefti” kitab-albomunda yazdığı ön sözdən götürülüb. Kitabın təqdimetmə mərasimi bu il sentyabrın 15-də Muzey Mərkəzində “Əsrin Müqaviləsi”nin imzalanmasının 15 illiyinə və Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin 130 illiyinə həsr olunmuş foto-sənədli, bədii və rəqəmsal sərginin açılışı zamanı keçirilmişdir. Sərgidə Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətini əks etdirən foto-sənədlər, onlara məxsus əşyalar, habelə Nobel qardaşlarına və Azərbaycan neft sənayesinin inkişafına həsr edilmiş sənədli film nümayiş etdirilmişdir. Bu sərgini digərlərindən fərqləndirən əsas cəhət onun müxtəlif interaktiv oyunlarla zəngin olan rəqəmsal versiyada nümayiş etdirilməsi idi. Sərgiyə gələnlər Nobellər ailəsi və onların fəaliyyəti ilə bağlı məlumatları müasir texnologiyalar vasitəsi ilə əldə etmək imkanı qazanmışlar.
Bu il 11-14 noyabr tarixlərində “Nobellər və Bakı Nefti” sərgisi həmçinin Londonun Asia House sərgi salonunda təşkil edilmişdir. Noyabrın 11-də təntənəli açılış mərasimi keçirilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Böyük Britaniyada fövqəladə və səlahiyyətli səfiri cənab Fəxrəddin Qurbanov, Mədəniyyət və Turizm Nazirliyinin muzey sektorunun müdiri Azadə Hüseynova, “Statoil Hydro-Abşeron” neft şirkətinin ictimai əlaqələr şöbəsinin müdiri Bayba Anda Rubesa və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin London nümayəndəliyinin rəhbəri cənab Rüfəf Əfəndiyev və eyni zamanda Londonun muzey ictimaiyyəti məşhur Viktoriya və Albert muzeyi tərəfindən təmsil edilmişdir. Viktoriya və Albert muzeyinin kuratoru xanım Makkillop çıxış etmişdir. Layihənin müəllifləri Azadə Hüseynova, Naidə Abbasova və Əminə Məlikovadır.
Elan
Azərbaycan Respublikasının Mədəniyət və Turizm Naziri Əbülfəs Qarayevin əmri ilə Quliyev İbrahim Hacıbaba oğlu Beynəlxalq Muğam Mərkəzinin direktoru və Kasimov İldırım Əli-Nazir oğlu isə Beynəlxalq Muğam Mərkəzinin direktor müavini təyin edilmişdir....
TÜRKSOY Daimi Şurasının növbəti XXVI toplantısı
 |
TÜRKSOY Daimi Şurasının XXVI Toplantısının açılış mərasimi 16 oktyabr 2009-cu ildə saat 15.00-da “Qafqaz Point” mehmanxanasında ( Bakı ş., K. Kazımzadə küç., 118) keçiriləcək. Açılış mərasimində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təbrik/ salamlama məktubu oxunacaq, TÜRKSOY Daimi Şurasının Müvəqqəti Koordinatoru, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev, TÜRKSOY-un Baş Direktoru Düsen Kaseinov və təşkilata üzv dövlətlərin mədəniyyət nazirləri çıxış edəcək. Həmin gün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində (Neftçilər pr., 123) TÜRKSOY rəssamlarının XI Laboratoriyasının rəsm və TÜRKSOY fotoqraflarının V Laboratoriyasının foto sərgisinin açılış mərasimi və həmçinin Adilbek Bayterekovun (Qırğızıstan Respublikası)-TÜRKSOY rəssamlarının X Laboratoriyasının qalibinin mükafatlandırılması baş tutacaq (saat 18.00-da başlanır).
Oktyabrın 17-də “Qafqaz Point” mehmanxanasının konfrans zalında yekun sənədlərin- TÜRKSOY Daimi Şurasının XXVI Toplantısının Bəyannaməsi və İşçi Protokolun imzalanması mərasimi olacaq. Təşkilatın növbəti koordinatoru və iclasın keçiriləcəyi ölkə müəyyənləşəcək, türkdilli ölkələrin Mədəniyyət Nazirlərinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.
TÜRKSOY Daimi Şurasının XXVI Toplantısının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir
- Keçən müddət ərzində Təşkilatın fəaliyyəti
- Keçən müddət ərzində Təşkilatın maliyyə fəaliyyəti
- TÜRKSOY-un hüquqi sənədlərinə düzəlişlər və əlavələr
- TÜRKSOY-un 2010-cu il üçün fəaliyyət Proqramının müzakirəsi və təsdiqi
TÜRKSOY Daimi Şurasının növbəti XXVI toplantısı 2009-cu il 16-17 oktyabr Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Türkdilli ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Müvəqqəti Koordinatoru, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin sədrliyi və TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və Təşkilata üzv dövlətlərin mədəniyyət nazirlərinin iştirakı ilə keçiriləcək. Beynəlxalq təşkilat olan TÜRKSOY Avrasiyanın türkdilli arealı çərçivəsində milli dil, tarix, mənəvi irs və müasir mədəniyyət və incəsənət yaxınlığı ilə birləşən ölkə və xalqların regional mədəni əməkdaşlığını həyata keçirir. TÜRKSOY təşkilatının əsası 1992-ci ilin yazında İstanbul şəhərində (Türkiyə) türkdilli dövlətlərin Mədəniyyət nazirlərinin Birinci görüşü keçirildiyi zaman qoyulmuşdur. Təşkilatın strukturu, idarəetmə orqanlarının və fəaliyyət mexanizmlərinin formalaşmasında təşkilatın 1992-ci ilin dekabrında Bakıda keçirilmiş İkinci Toplantısının böyük əhəmiyyəti oldu. Bu görüş TÜRKSOY Daimi Şurasının sayca Bakıda keçiriləcək 5-ci toplantısı olacaq. “TÜRKSOY- un yaradılması və fəaliyyət prinsipləri haqqında Müqavilə” 12 iyul 1993-cü ildə Almatı şəhərində (Qazaxıstan) altı təsisçi-dövlət və Təşkilatın daimi üzvləri – Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Türkmənistan, Türkiyə Respublikası və Özbəkistan Respublikası tərəfindən imzalanmışdır. Daha sonra TÜRKSOY haqqında müqaviləyə müşahidəçi dövlət qismində Tatarıstan Respublikası, Başqırdıstan Respublikası, Şimali Kipr Türk Respublikası, Rusiya Federasiyası tərkibində Tıva Respublikası, Xakasiya Respublikası, Altay Respublikası və Saxa-Yakutiya Respublikası və Moldova Respublikası tərkibində TAO Qaqauz Yeri qoşulmuşdur. TÜRKSOY-un əsas məqsədləri aşağıdakılardır:
beynəlxalq münasibətlərin humanistləşdirilməsi və stabilləşdirilməsinə istiqamətlənən beynəlxalq ictimaiyyətin mənəvi inkişafının prioritetlərinin regional və planetar səviyyədə qəbul və təsdiq edilməsi;
beynəlxalq dialoqun təşkili və inkişafı və TÜRKSOY üzv dövlətlərinin mədəni oxşarlığını dəstəklənməsi;
türkdilli xalq və ölkələr arasında dost münasibətlərin və qarşılıqlı anlaşmanın qurulması;
türkdilli xalqların etnogenezi, gerçək tarixi, ədəbiyyat, mədəniyyət və incəsənətinin öyrənilməsi sahəsində elmi araşdırmaların intensivləşdirilməsi;
öz xalqlarının milli tarixinin, doğma dilinin, ədəbiyyatının, mədəniyyət və incəsənətinin və ənənələrinin yeni nəsil tərəfindən öyrənilməsinə dəstək;
Türkdilli dövlətlərin rəhbərliyi tərəfindən TÜRKSOY-un fəaliyyəti daima dəstək və təqdir olunması öz əksini 2-3 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində TÜRKSOY-un Baş Direktoru D. Kaseinov və TÜRKSOY Daimi Şurasının Müvəqqəti Koordinatoru, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin də iştirakı ilə keçirilmiş türkdilli dövlətlərin Dövlət Başçılarının IX Sammitində qəbul edilmiş Naxçıvan Deklarasiyasında öz əksini tapmışdır. Hesabat müddəti ərzində Ankarada TÜRKSOY-un 15 illiyinə həsr olunmuş yubiley tədbirləri, İstanbul, Ankara, Nide, Manisa şəhərlərində Novruz bayramının qeyd edilməsi, TÜRKSOY rəssam və fotoqraflarının Laboratoriyaları, “Türk dillərinin bədii tərcüməsinin problemləri və müasir vəziyyəti” ( İstanbul ), “Sivilizasiyaların dialoqunda Türk dünyasının rolu”(Almatı) adlı Simpoziumlar, 17-ci beynəlxalq “Xəzər” axşamları (Elazığ, Türkiyə), türk dilinin 732 illiyinin qeyd edilməsi (Qaraman ş, Türkiyə), Mərsinə, Girnə, İstanbul şəhərlərində “Qız-Jibek” əfsanəsinin 500 illiyinə həsr olunmuş XXII TÜRKSOY Opera günləri, İstanbulda Tatarıstan və Başqırdıstanın mədəni mərkəzlərinin açılması və Sabantuyun qeyd edilməsi, “Xan Mirqen” qədim Xakasiya eposu kitabının Ankara və Abakanda və İstanbulda “Başqırd şəcərəsi” nin prezentasiyası, teatr və kino festivallar, ənənəvi və populyar musiqi festivalları keçirilmişdir. 8-18 sentyabr tarixlərində Bişkek, Almatı, Ankara və Bakı şəhərlərində TÜRKSOY-un beynəlxalq layihəsi- Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Başqırdıstan və Tatarıstanın opera teatrları solistlərinin iştirakı ilə məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Koroğlu Operasının tamaşaya qoyulması böyük müvəffəqiyyətlə həyata keçirilmişdir. 28 may 2008-ci ildə keçirilmiş Daimi Şuranın 24-cü toplantısında TÜRKSOY-un Baş Direktoru seçilən Düsen Kaseinov bu müddət ərzində TÜRKSOY ilə YUNESKO, İSESKO, Avropa Şurası, Avrokomissiya, İRCİCA, DHƏT( Dövlətlərarası Humanitar Əməkdaşlıq Təşkilatı) və MDB arasında əməkdaşlığın gücləndirilməsinə istiqamətlənmiş bir sıra beynəlxalq tədbirlər həyata keçirmişdir. 30 sentyabr 2009-cu ildə Novruz bayramı YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil olmuşdur. Bununla əlaqədar 2010-cu ildə TÜRKSOY Novruz bayramını Parisdə YUNESKO-nun qərargahında qeyd etməyi planlaşdırır. MDB-nin DHƏT-ı ilə birgə Avrasiya Türkoloqlarının Ensiklopediyasının nəşr edilməsi işlərinə başlanmış, DHƏT və Avropa Şurasının Təhsil, mədəni irs, gənclər və idman məsələləri üzrə Baş Direktorluğu ilə əməkdaşlıq haqqında müqavilə layihələri hazırlanmışdır.
Azərbaycanda İordaniya Haşimilər Krallığının Mədəniyyət Günləri
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2009-cu ilin II yarımilliyi üçün iş planına və “Bakı- İslam mədəniyyətinin paytaxtı- 2009” tədbirlər planına uyğun olaraq 19-23 oktyabr 2009-cu il tarixlərində Azərbaycanda İordaniya Haşimilər Krallığının Mədəniyyət Günləri keçiriləcək.
Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi oktyabrın 20-də saat 12.00-da Muzey Mərkəzində olacaq. Saat 18.00-da isə Muzey Mərkəzində İordaniya filmləri nümayiş etdiriləcək. Oktyabrın 21-də saat 18.00-da Muzey Mərkəzində filmlər göstəriləcək və İordaniya sənət sərgisi tamaşaçılara təqdim olunacaq. Mədəniyyət günləri oktyabrın 22-də saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında İordaniyanın «Ət Tafilə Dağları» mahnı-rəqs qrupunun konserti ilə yekunlaşacaq.
Beynəlxalq Caz Festivalı
 |
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi möhtəşəm Caz festivalı ilə Bakılılar və şəhərimizin qonaqlarını sevindirəcək. 21- 27 oktyabr 2009-cu il tarixlərində Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək. Festivala ABŞ-dan Richard BONA və Branford MARSALIS qrupları, dZihan&Kamien dueti (Avstriya), Jazzinho (Portuqaliya) və Hard Jazz Knights (İsrail) qrupları, həmçinin Bakı Beynəlxalq Muğam Festivalının iştirakçıları olan Vasumathi Badrinathan (Hindistan) və Amir Elsaffar (ABŞ) dəvət olunmuşdur.
21 oktyabr saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında Bakı Beynəlxalq Caz Festivalının açılışı keçiriləcək. Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edəcək. Dirijor – Fəxrəddin Kərimov, solistlər - Emil Əfrəsiyab oğlu (fortepiano), Şükürр Səmədov (klarnet). Konsertin proqramına L.Bernstein – “Kandid” uvertürası, K.Krautgartner – Klarnet və orkestr üçün Konzertino, G.Gershwin – Blüz üslubunda rapsodiya, L.Bernstein – “West Side Story” orkestr üçün süitası daxil edilmişdir. 22 oktyabr saat 19.00-da Caz Mərkəzində İsfar Sarabskinin (fortepiano) konserti keçiriləcək. İsfarla birgə səhnəni Aleksandr Zinger (zərb) və Ruslan Hüseynov (bass) paylaşacaq. Həmin gün Caz Mərkəzində saat 21:00-da İsrailin “Jazzing the Beatles” Hard Jazz Knights qrupu çıxış edəcək. Qrupun tərkibinə Amikam Kimelman – saksofon, Eitan Itzcovich - zərb, Eli Benakot – saksofon, Eric Naisberg – fortepiano, Yorai Oron – bass daxildir. Giriş sərbəstdir.
23 oktyabr saat 19:00-da Aktyor evində Cəmil Əmirov və “Savab” qrupu çıxış edəcək. Qrup Ənvər Sadıqov (akkordeon), Ənvər Sadıqov – akkordeon, Emil Həsənov - bas-gitara, İskəndər Ələsgərov - zərb kimi musiqiçilərdən ibarətdir.
Həmin gün Face club-da saat 21:00-da Jazzinho qrupunun koserti keçiriləcək. Qrupa Guida de Palma – vocal, Miguel Casais – zərb, Daniel Lima – fortepiano, Ciro Cruz – bass kimi tanınmış musiqiçilər daxildir.
24 oktyabr saat 23:00-da Face club-da məşhur “dZihan&Kamien” dueti maraqlı konsert proqramı ilə çıxış edəcək.
25 oktyabr saat 20:00-da Azərbaycan Dövlət Rus Dram Teatrında Richard Bona qrupu çıxış edəcək. Richard Bona : bass və vokal, Etienne Stadwijk: klaviş, Obed Calvaire: zərb, Jean-Christophe Maillard: gitara, Marshall Gilkes: trombon, Mike Rodriguez: truba.
26 oktyabr saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Salman Qəmbərov (fortepiano, klavişli) və "Bakustic Jazz" qrupu Vasumathi Badrinathan və Amir Elsaffar ilə birgə konsert verəcək. Qrupa Emil Həsənov - bas-gitara, Vaqif Əliyev - zərb, Tofiq Cabbarov – perkussiya daxildir.
Həmin gün saat 21:00-da Caz Mərkəzində Emil Əfrasiyab oğlu (fortepiano) və Mircavad Cəfərovun (ud) konserti keçiriləcək. Qrupun tərkibi: Emil Həsənov - bas-gitara, İskəndər Ələsgərov - zərb, Kamran Kərimov - nağara, Şirzad Fətəliyev - balaban. Giriş sərbəstdir.
27 oktyabr saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında festivalın yekun konserti keçiriləcək. Konsertdə Branford MARSALIS qrupu çıxış edəcək. Branford Marsalis – Saksofon, Joey Calderazzo – Piano, Eric Revis– Bass, Justin Faulkner – Zərb.
Diqqət! 13 oktyabr 2009-cu il saat 10.00-da Bakının Gülüstan Sarayında İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI Konfransı öz işinə başlayır!
 |
Bakıda İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI Konfransı və TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının 26-cı toplantısı keçiriləcək.2007-ci ilin 21-23 noyabr tarixində Liviyanın Tripoli şəhərində keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin V Konfransında Bakı şəhərinin 2009-cu il üçün “İslam Mədəniyyətinin Paytaxtı” elan olunması və nazirlərin VI Konfransının 2009-cu ildə Bakıda keçirilməsi qərara alınmışdır. Bununla əlaqədar olaraq “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” Mədəniyyət ilinin proqramına 100-dən artıq milli və beynəlxalq miqyaslı tədbir daxil edilmişdir. Tədbirlər sırasında Mədəniyyət ilinin açılış və bağlanış mərasimləri, İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransı, Türkdilli dövlətlərin mədəniyyət nazirlərinin toplantısı, Beynəlxalq Muğam Festivalı, Azərbaycanda Mərakeş Krallığının, Qətər Dövlətinin, İordaniyanın Mədəniyyət Günləri, “Şərq-Qərb” Beynəlxalq Kinofestivalı, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana direktorlarının II Konfransı, İSESKO-ya üzv dövlətlərin Beynəlxalq Turizm Filmləri Festivalı, Şərq-Qərb Beynəlxalq Rəqs Festivalı, İslam Mətbəxi I Beynəlxalq Kulinariya Festivalı, I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası və digərləri mühüm yer tutur. “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində 2009-cu ilin 13-15 oktyabr tarixlərində Bakıda İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransı öz işinə başlayır. Konfransda İKT-yə üzv dövlətlər, bir sıra Avropa dövlətlərinin rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri və yüksək səviyyəli nümayəndələri, tanınmış şəxslər iştirak edir. Konfransın ilk günü İslam Konfransı təşkilatına üzv dövlətlər və bir sıra Avropa dövlətləri arasında “Mədəniyyətlərarası dialoq” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masa ideyası 2008-ci ilin 2-3 dekabrında Bakıda keçirilmiş Avropa ölkələrinin mədəniyyət nazirlərinin konfransında irəli sürülmüş və həmin konfransda əsası qoyulan “Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi” çərçivəsində həyata keçirilir. Konfransdan öncə cari ilin 9-10 oktyabr tarixində Bakıda həmçinin İslam Dünyasının Mədəni Strategiyasının yerinə yetirilməsinə dair Məşvərətçi Şuranın IX İclası olmuşdur. İclasda konfransda qəbul ediləcək sənədlərin müzakirəsi aparılıb. Bununla yanaşı, 2009-cu ilin 16-17 oktyabr tarixində Bakıda TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının 26-cı toplantısı olacaq. İclasda TÜRKSOY-a üzv olan ölkələrin mədəniyyət nazirləri və bir sıra təşkilatların nümayəndələri iştirak edəcək.
13-15 oktyabr 2009-cu il tarixində Bakı şəhərində Gülüstan Sarayında keçirilən İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin VI konfransında Şimali Kipr Türk Respublikası, İraq, Liviya, Mavritaniya, Mərakeş, Fələstin, Qatar, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Sudan, Suriya, Tacikistan, Toqo, Əlcəzair, Banqladeş, Qabon, Kamerun, Çad, Yəmən Ərəb Respublikası, Tatarıstan, Başqırdıstan, Tıva Respublikası, Xakasiya və digər ölkələrin mədəniyyət nazirləri, İran İslam Mədəniyyət və Kommunikasiya Təşkilatının rəhbəri-Prezidentin müşaviri, Oman Respublikasının kral ailəsinin üzvü, mədəniyyət naziri-şahzadə, İSESKO, İRSİKA, Avropa Şurası və TÜRKSOY təşkilatlarının baş direktorları, Avstriya, Vatikan, Gürcüstanın mədəniyyət nazirliklərinin nümayəndələri, bir sıra Universitet və Akademiyaların rəhbərləri, bir çox beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş nümayəndə və səfirləri, Azərbaycan hökumətinin nümayəndələri iştirak edir. Bir sözlə, konfransın işındə 45-dən çox dövlətdən 200-dən çox iştirakçı olmaqla 25 nazir səviyyəli qonaq, 11 nazir müavini, 18 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir. Konfrans 13 oktyabr 2009-cu il saat 10.00-da öz işinə başlayır.
Haaqa şəhərində Dirçəliş Gününə həsr olunmuş konsert keçirildi
 |
2009-cu il 8 iyun tarixində Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin dəstəyi ilə «International Women Contact of Hugue» Təşkilatı və Azərbaycanın Holland Dostları İctimai Birliyi ilə birlikdə Haaqanın məşhur muzey-sərgi mərkəzi olan Museon-un konsert zalında Dirçəliş Gününə həsr edilmiş azərbaycanlı azyaşlı və gənc ifaçıların konserti təşkil edilmişdir. Qeyd edilən konsertdə Xalq Artisti, dirijor Teymur Göyçayevin rəhbərliyi altında Dövlət Uşaq və Gənclər Simfonik Orkestrinin solistlər ansamblı, Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri, II Televiziya Muğam Müsabiqəsinin qalibi Elməddin İbrahimovun daxil olduğu muğam triosu və gənc vokalçı İsmayıl Yunusov böyük uğurla çıxış etmişlər. Konsertin əvvəlində Azərbaycan Respublikasının Niderland Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Fuad İsgəndərov açılış nitqi ilə çıxış edərək qonaqları salamlamış, onlara ölkəmiz haqqında qısa məlumat vermişdir. Daha sonra tədbirin həmtəşkilatçıları olan qurumların rəhbərləri də salamlama nitqi ilə çıxış etmişlər. Çıxışlardan sonra Azərbaycan mədəniyyəti və turizm potensialını əks etdirən qısa videofilm göstərilmişdir. Tamaşaçıların əksəriyyətinin xarici vətəndaşların təşkil etdiyi konsert proqramı davamlı alqışlarla qarşılanmışdır. Qeyd etmək lazımdır ki, tədbirdə Niderland Krallığında fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, bir çox yüksək vəzifəli qonaqlar iştirak etmiş, konsert müxtəlif yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.
Ukraynanın daha bir kitabxanasında Azərbaycan Guşəsi yaradıldı
 |
Cari ilin 20-22 may tarixlərində Ukraynada keçirilən Azərbaycan Mədəniyyət Günlərində iştirak edən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi, mədəniyyətlərinin qarşılıqlı təbliği və s. məsələlər barədə ümumi razılıq əldə etmişdir.
Danışıqlar zamanı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Kiyev şəhər S.Vurğun adına kitabxanaya Azərbaycanın tarixi, dövlətçiliyi, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti, ədəbiyyatı haqqında kitab və elektron nəşr kolleksiyası göndərilməsi barədə razılıq əldə edilmişdir. Nazirlik tərəfindən hazırlanan kolleksiyaya «Prezident İlham Əliyev və mədəniyyət 2003-2008», Ильхам Алиев. «Каспийская нефть Азербайджана», Э.Ахундова. «Гейдар Алиев. Личность и эпоха», «Азербайджан: 100 вопросов и 100 ответов», «Erməni terroru», Chingiz Qajar. «Old Baku», Х.Мамедова. «Ходжалы: шехиды и шахиды», А.Алекперли. «Памятники Западного Азербайджана», «Протеътед ареас ин Азербаижан», К.Алиева, Э.Ибрагимов. «Лятиф Керимов: жизнь и творчество. Латиф Керимов: лифе анд wоркс», Ю.Сигов. «Азербайджан. Между Западом и Востоком», «Культурная политика в Азербайджане» və s. kitab və elektron nəşrlər daxil edilmişdir.
Belarusdan təşəkkür məktubu! Belarus Milli Kitabxanasında yaradılmış Azərbaycan ədəbiyyatı fondu zənginləşdi
 |
2006-cı ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəsmi səfər çərçivəsində Belarus Milli Kitabxanasında oldu və Milli kitabxanaya Azərbaycan haqqında çox dəyərli kitablar hədiyyə etmişdir. Elə həmin il Belarus Milli Kitabxanası və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlıq haqqında Saziş imzalandı.
2009-cu ilin aprel ayında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Belarus Milli Kitabxanasına ənənəvi və elektron kitab kolleksiyası, DVD-lər göndərildi. Kitabxananın kollektivi və çoxsaylı oxucularının marağına malik olan kitablar Belarus Milli Kitabxanasının Kitab muzeyində saxlanılır. Onların arasında “Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)”, “Heydər Əliyev və mədəniyyət”, “Azərbaycanın etnik musiqisi”, “Azərbaycan: 100 sual, 100 cavab”, “Azərbaycanın müasir tarixi”, “Azərbaycanın milli geyim mədəniyyəti” və b. kitablar öz əksini tapmışdır.
Belarus Milli Kitabxanası sözügedən kitab kolleksiyası üçün Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür məktubu göndərmişdir.
Gürcüstanda Azərbaycan Mədəniyyət Günləri
 |
2009-cu il iyun ayının 16-20-də Gürcüstanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcəkdir. Qonşu ölkədə mədəniyyətimizi təmsil edəcək 90 nəfərlik nümayəndə heyətinə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev rəhbərlik edəcək. Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi iyunun 16-da Tbilisi Dövlət Opera və Balet Teatrında keçiriləcək.
Nümayəndə heyətinin tərkibinə Xalq Artisti Teymur Göyçayevin bədii rəhbəri və baş dirijoru olduğu Dövlət Kamera Orkestri, Xalq Artisti Afaq Məlikovanın rəhbərliyi ilə Dövlət Rəqs Ansamblı, Dövlət Pantomima Teatrının Kollektivi, Xalq Artisti Rauf Babayevin rəhbərliyi ilə “Qaya” ansamblı, Salman Qəmbərovun “Bakustik-caz” qrupu, Ənvər Sadıxovun ansamblı, solistlərdən vokal ifaçıları Samir Cəfərov, İnarə Babayeva, muğam ifaçıları Təyyar Bayramov, Vəfa Orucova, əməkdar artistlər- tarzən Elçin Həşimov, kamança ifaçısı Elnur Əhmədov, aşıq Samirə Əliyeva daxildirlər. Gürcüstanlı tamaşaçılar fotoqraf və rəssamlarımızın işlərindən ibarət müasir incəsənət sərgisini də seyr edə biləcəklər.
Azərbaycan mədəniyyətinin təmsilçiləri Rustavi və Bolinisi rayonlarında da seyrçilər qarşısında çıxış edəcəklər.
Gürcüstanda Azərbaycan Mədəniyyət Günləri çərçivəsində iyunun 18-də Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının Azərbaycanda olan Gürcüstan xadimlərinin muzeyləri, mədəniyyət mərkəzi və dövlət teatrı, habelə Gürcüstanda olan Azərbaycan xadimlərinin muzeyləri, mədəniyyət mərkəzi və dövlət teatrının fəaliyyəti üzrə alt komissiyasının birinci iclası keçiriləcəkdir.
Xaçmazda I Ümumrespublika Dekorativ-tətbiqi sənət Festivalı
2009-cu il iyun ayının 1-də Xaçmaz şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən I Ümumrespublika Dekorativ-tətbiqi sənət Festivalı çərçivəsində regional mərkəzlərdə təşkil olunan sərgilərdən sonuncu sərginin açılışı olacaqdır. Sərgidə Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Quba, Qusar, Şamaxı, Hacıqabul və Qobustan rayonlarında yaşayan dekorativ-tətbiqi sənət ustalarının əsərləri nümayiş etdiriləcəkdir.
Nazir müavini Ədalət Vəliyevin rəhbərliyi altında Festivalın Təşkilat komitəsinin tanınmış incəsənət xadimlərindən ibarət üzvləri Xaçmaz şəhərinə səfər edəcəklər.
Buna qədər Gəncə, Naxçıvan, Lənkəran və Şəki şəhərlərində ətraf rayon və şəhərlərdən olan dekorativ-tətbiqi sənət ustalarının iştirak etmişdir.
2-3 iyun 2009-cu il tarixində Bakı şəhərində “İslam Tarixi Şəhərləri və Müasir Memarlıq” adlı Beynəlxalq Konfrans keçiriləcəkdir
 |
Mədəniyyət Nazirlərinin V İslam Konfransında Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri 2009-cu il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur. 2009-cu il ərzində İslam mədəniyyətinin təbliği, inkişafı, İslam mədəni irsinin qorunması məqsədi ilə Bakı şəhərində bir sıra beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Növbəti tədbir “İslam Tarixi Şəhərləri və Müasir Memarlıq” adlı Beynəlxalq Konfransdır. Tədbirin açılışı iyunun 2-də saat 11.00-da “Muzey Mərkəzi” binasında olacaq.
Konfransın mövzusu İslam tarixi şəhərləridir. İslam ölkələrinin tarixi şəhərləri əsrlər boyu yaşamış, böyümüş və zamanımıza çatmışdır. Bu şəhərlər tarixiliyini, özünəməxsusluğunu qoruyub saxlamışlar. Sosial, iqtisadi durum inkişaf etdikcə, tələbat dəyişdikcə onlar şəhərlərin inkişafını tələb edir. İnkişaf, ardınca yeni texnologiyalar memarlığı, şəhərsalmanı inkişaf etdirir, bəzi hallarda şəhərlərin formalaşmış strukturunda dəyişikliklər tələb olunur. Şəhərlərin tarixi mühitinə, onların tarixi və memarlıq irsinin mühafizəsinə diqqətlə yanaşılmalıdır. Tarixi şəhərlər yaşayır və yaşamalıdır. Yeni tikililər, yeni memarlıq, onların formalaşmış mühitinə necə daxil olmalıdır? Tarixi şəhərlərin gələcəyi necə olmalıdır?
Konfransın məqsədi İslam tarixi şəhərlərində memarlıq irsinin, tarixi mühitin qorunması və bununla yanaşı yeni inkişafın, müasir memarlığın və şəhərsalmanın bu mühitə təsirinin araşdırılmasıdır, qeyd edilən sahədə mütəxəssis və ekspertlərin təcrübə mübadiləsidir.
Konfransın təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və “İslam Konfransı Təşkilatı”nın “İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Beynəlxalq Tədqiqat Mərkəzi”dir (İRCİCA).
Həmtəşkilatçılar – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və TÜRKSOY-un Türk Xalqlarının Mədəni İrsi üzrə Beynəlxalq Mərkəzidir.
Konfransda Azərbaycan, Avstriya, Bosniya və Herseqovina, Türkiyə, Misir, İordaniya, Mərakeş, Özbəkistan, Qazaxıstan, Böyük Britaniya və Litvadan mütəxəssis və ekspertlər iştirak edəcəklər.
"Şərq-Qərb dünyası uşaqların gözü ilə" beynəlxalq rəsm müsabiqəsi
 |
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 2009-cu il 29 may-1 iyun tarixlərində Bakı şəhərində "Şərq-Qərb dünyası uşaqların gözü ilə" beynəlxalq rəsm müsabiqəsini keçirir. Müsabiqə uşaq yaradıcılığının inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi, müxtəlif xalqların mədəniyyətləri ilə tanışlıq vasitəsilə uşaqlar arasında dostluq əlaqələrinin yaradılması məqsədi daşıyır.
Sivilizasiyalararası dialoqun qlobal səviyyədə bəşəriyyətin ən vacib ehtiyaclarından birinə çevrildiyi, mədəni çeşidliyin müasir cəmiyyətin əsas mövcudluq şərtlərindən olduğu bir dövrdə mədəniyyətlərarası dialoq mənəvi zənginlik mənbəyinə çevrilərək xalqlar arasında qarşılıqlı anlaşmanın, barışıq və tolerantlığın möhkəmlənməsinə xidmət edir. Gənc nəslin dünya xalqlarının mədəniyyətinə marağını artırmaq, uşaqları kiçik yaşlarından digər xalqların mədəniyyətinə hörmət ruhunda tərbiyə etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mədəniyyətlərarası dialoqa həsr edilmiş tədbirlər sırasında uşaq və yeniyetmələrin iştirakı ilə keçirilən tədbirlərə böyük önəm verir.
"Şərq-Qərb dünyası uşaqların gözü ilə" beynəlxalq rəsm müsabiqə-sərgisinin açılışı 2009-cu il 1 iyun tarixində - Beynəlxalq Uşaqları Müdafiə Günündə Muzey Mərkəzinin incəsənət qalereyasında olacaqdır. Müsabiqədə iştirak etmək üçün Azərbaycan, Belarus, Bolqarıstan, Çin, Filippin, Gürcüstan, Honq-Konq, İsrail, Qatar, Qazaxıstan, Latviya, Misir, Rusiya, Tayland, Türkiyə, Ukrayna, Pakistan, Polşa və s. ölkələrdən 5-15 yaşlı uşaqların 2000-ə yaxın rəsm əsəri daxil olmuşdur. Müsabiqənin Əsasnaməsinə müvafiq olaraq bunlardan ən yaxşı 300 əsər seçilərək sərgidə nümayiş etdiriləcəkdir.
Azərbaycan, Rusiya və Özbəkistanın tanınmış rəssam və sənətşünaslarından ibarət münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdiriləcək, onlara diplom, medal və hədiyyələr veriləcəkdir.
“Muzeylər gecəsi: Tariximizə və mədəniyyətimizə səyahət”
Fransa Respublikasının Mədəniyyət və Kommunikasiyalar Nazirliyinin təşəbbüsü ilə hər il bahar fəslinin bir istirahət günündə «Muzeylər gecəsi» adı altında aksiya keçirilir. «Muzeylər gecəsi» bu il Azərbaycanda “Muzey və Turizm” devizi altında geniş qeyd olunacaq. Son illər Azərbaycan turizmi gözə çarpacaq şəkildə inkişaf etmişdir. Dünyanın hər tərəfindən ölkəmizə yüz minlərlə turist axışır. Turizmi mədəniyyət xəzinəsi sayılan muzeylərsiz təsəvvür etmək çətindir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların sadəcə qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir. Turizm inkişaf etdikcə muzeylərimizdə də bir canlanma, oyanış hiss olunur. Buna görə də muzeylərdə müxtəlif maraqlı turlar, proqramlar təşkil olunur. Bu məqsədlə Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi, Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Din Tarixi Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, «Şirvanşahlar Sarayı Kompleksi» Dövlət Tarixi-Memarlıq Qoruq – Muzeyi, Qobustan Dövlət Tarix–Bədii Qoruğu, Səməd Vurğunun Ev-Muzeyi, Üzeyir Hacıbəyovun Ev-Muzeyi, Abdulla Şaiqin Mənzil-Muzeyi, Leopold və Mstislav Rostropoviçlərin Ev- Muzeyi “Muzey və Turizm” devizi altında tur keçirir. Bu turda iştirak etmək üçün Bilgəh qəsəbəsi Müharibə və Əmək Əlilləri pansionatında yaşayan qocalar, Nizami rayonu 1 saylı və Xətai rayonu 3 saylı uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar dəvət olunur. Bu tədbirdə iştirakçılara “Tariximizə və Mədəniyyətimizə səyahət” mövzusunda ekskursiyalar, müxtəlif mövzulu sərgilər, əyləncəli oyunlar, konsert proqramları, yemək süfrəsi və hədiyyələr təqdim olunacaq. Tədbir 16 may 2009-cu il saat 15:00-da başlayır və 22:00-dək davam edir. Təntənəli açılış mərasimi Muzey Mərkəzinin qarşısında saat 18:00-də keçiriləcəkdir. Həmin gün «Memarlıq abidələrimiz Azərbaycan Memarlarının gözü ilə», «Teatr xalqımızın böyük sərvətidir», Ulu öndərimiz «Xalqımızın qayğıkeş atası», «Qobustan pirləri» adlı sərgilər təşkil ediləcək, «Halay vuraq, yallı gedək» yallı rəqsinin muzey əməkdaşları və iştirakçılarla birgə ifa olunacaq, «İrs» folklor ansamblı, «Ritmlərin ahəngi», «Musiqimizi yaşadaq», «Azərbaycan klassik musiqisinin inciləri», «Muğamın sehrində», Qədim musiqi alətləri ansamblının konsert proqramları və «Tıq-tıq xanım» nağıl-tamaşası göstəriləcək, «Bahar istəklimsən….» xalq şairi Səməd Vurğunun şerlərindən parçalar səsləndiriləcək və «Oyunlar aləmində» bölümündə isə müxtəlif xalq oyunları təşkil olunacaq. İştirakçılar xalçalar fonunda milli geyimlərdə şəkil çəkdirmək imkanına malik olacaqlar.Muzeylər gecəsində respublikamızın bütün muzeylərində rəngarəng tədbirlərin keçirilməsi planlaşdırılır.
Tədbirin proqramı
16 may 2009-cu il.
1500 – 1630 «Abidələrdə yaşayan tarix». Sərgi
Azərbaycan Tarixi Muzeyi
1700 – 1800 Qədim musiqi alətlər ansamblının konserti.
Musiqi Mədəniyyəti Dövlət Muzeyi
1830 – 1930 «Muğamın sehrində». Silahlı qüvvələrin mahnı və rəqs ansamblı.
L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi.
1930-2030 Ulu öndərimiz «Xalqımızın
qayğıkeş atası». Sərgi və konsert
Azərbaycan İstiqlal Muzeyi.
2100 - 2200 «Teatr xalqımızın sərvətidir» sərgi
«Qobustan pirləri». Foto-sərgi
Cəfər Cabbarlı adına
Azərbaycan Dövlət Teatr Muzeyi
1800 – 2000 «Muzeylər gecəsi» tədbirinin təntənəli açılışı
«Halay vuraq, yallı gedək».
Dövlət Uşaq Filarmoniyası «İrs»
folklor ansamblı.
«Muzey Mərkəzi»
Tədbirlərdə Bilgəh qəsəbəsi Müharibə və Əmək Əlilləri pansionatında yaşayan qocalar, Nizami rayonu 1 saylı və Xətai rayonu 3 saylı uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar iştirak edəcəklər.
TARİXİMİZƏ VƏ MƏDƏNİYYƏTİMİZƏ
SƏYAHƏT TƏDBİRİNİN PROQRAMI
16 may 2009-cu il.
1500–1550 «Memarlıq abidələrimiz Azərbaycan
Memarlarının gözü ilə». Sərgi.
«Şirvanşahlar Sarayı Kompleksi»
Dövlət Tarixi - Memarlıq Qoruq–Muzeyi
1710 – 1740 «Tıq-tıq xanım» nağıl - tamaşa
Abdulla Şaiqin Mənzil Muzeyi.
1710–1740 «Bahar, istəklimsən…» Səməd Vurğunun
şeirlərindən parçalar
«Azərbaycan klassik musiqisinin inciləri».
Vurğun Vəkilov və M. Rastropoviç adına
Musiqi məktəbinin şagirdləri.
Leopold və Mstislav Rostropoviçlərin Ev
Muzeyi
1800 – 1820 «Teatr xalqımızın böyük sərvətidir». Foto – sərgi.
«Qobustan pirləri». Foto-sərgi
«Ritmlərin ahəngi». «Səma» uşaq rəqs qrupu
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi.
1830 – 2100 «Musiqimizi yaşadaq». Bülbül adına orta
ixtisas musiqi məktəbinin şagirdləri.
Oyunlar aləmində; «Güləşmə», «Üzük-
üzük», «İpdartma», «Həna yaxma».
L.Kərimov adına Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi.
1800 – 2000 «Muzeylər gecəsi» tədbirinin təntənəli açılışı
«Halay vuraq, yallı gedək».
Dövlət Uşaq Filarmoniyası «İrs» folklor ansamblı. «Muzey Mərkəzi»
TƏDBİRDƏ İŞTİRAK EDƏN MUZEYLƏR:
1. Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi
2. Azərbaycan Tarixi Muzeyi
3. Azərbaycan İstiqlal Muzeyi
4. Azərbaycan Dövlət Din Tarixi Muzeyi
5. Qobustan Dövlət Tarix-Bədii Qoruğu
6. «Şirvanşahlar Sarayı Kompleksi» Dövlət Tarixi-Memarlıq
Qoruq - Muzeyi
7. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyi
8. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi
9. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi
10. Üzeyir Hacıbəyovun Ev-Muzeyi
11. Səməd Vurğunun Ev-Muzeyi
12. Abdulla Şaiqin Mənzil Muzeyi
13. Leopold və Mstislav Rostropoviçlərin Ev-muzeyi
«Yaradıcı gənclərin aktual problemləri və inkişaf meylləri» adlı III Respublika görüş-seminarı
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan gəncliyi Dövlət Proqramı»nın tədbirlər planına (2005-2009-cu illər) uyğun olaraq bu il də 15-17 may tarixlərində Zağulbada yerləşən «Gənclik» Beynəlxalq Turizm Mərkəzində «Yaradıcı gənclərin aktual problemləri və inkişaf meylləri» adlı III Respublika görüş-seminarı keçiriləcəkdir.
Seminar müddətində Əməkdar İncəsənət Xadimi, rejissor Bəxtiyar Xanızadənin rəhbərliyi altında Dövlət Pantomim Teatrının «Pantomima bu gün» layihəsi təqdim ediləcək, ustad-dərslər keçiləcək, Emin Əsgərov, Anar Heseynzadə, Nailə Zülfüqarova, Elmir Hüseynov və başqa gənc rəssamların əsərlərindən ibarət sərgi təşkil olunacaq, Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında tələbə-bəstəkarlar Leyla Şahbazova, Röya Hüseynova, Gülmirə Cəfərova, Azər Əsgərov, Fərid Nağızadənin əsərlərindən ibarət konsert veriləcəkdir.
100 nəfərə yaxın yaradıcı gəncin qatılacağı görüş-seminarda teatr, musiqi və təsviri sənət sahələri üzrə diskussiyaların aparılması və gənclərlə bağlı qətnamənin qəbul edilməsi gözlənilir.
KİV ictimaiyyətinin nəzərinə!
 |
14 may saat 11:00-da “Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” və “Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009” Tədbirlər Planına uyğun olaraq Nizami adına Ədəbiyyat Muzeyinin qarşısında (Nizami heykəlinin önündə) II Ümumrespublika Uşaq Kitabı - Mütaliə Festivalı keçiriləcəkdir.
Festival Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşəbbüsü ilə keçirilir.
Festivalın açılışı Bakı şəhəri 9 saylı Musiqi məktəbinin nağaraçalanlar qrupunun ifası ilə başlayacaqdır.
Festivalda giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edəcəkdir.
Festivalda A.Şaiq adına Kukla Teatrı, Uşaq Filarmoniyası, T.İsmayılov adına Uşaq və Gənclər Yaradıcılıq sarayı, S.Vurğun adına Rus Dram Teatrı, Bülbül adına musiqi məktəbi, Ş.Qurbanov adına Musiqili Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrı, O.Zülfüqarovun “Aysel” qrupu iştirak edəcək və hazırladıqları səhnəcik və musiqiləri iştirakçılara təqdim edəcəklər. Artıq ənənəyə çevrilmiş maraqlı şeir, rəsm müsabiqələri, viktorinalar, milli nağıl qəhrəmanlarının paradı balaca fidanların marağına səbəb olacaqdır.
Tədbirdə elm və mədəniyyət xadimləri, mədəniyyət müəssisələrinin kollektivləri, Bakı şəhərindəki məktəbəqədər müəssisələrin və orta məktəblərin şagirdləri iştirak edəcəklər.
Festivalda ilk dəfə olaraq respublikanın nəşriyyatları tərəfindən çap olunmuş kitabların simvolik satışı həyata keçiriləcək və uşaqlar uşaq kitabları çap edən nəşriyyatların redaktorları ilə də görüşə biləcəklər.
Musiqili Komediya Teatrı Musiqili Teatrların Beynəlxalq Assosiasiyasına üzv seçilmişdir
Bir əsrlik yubileyinə hazırlaşan Azərbaycan Dövlət Musiqili Komediya Teatrı bu günlərdə xoş bir müjdəni öz həmkarları, respublika teatr ictimaiyyəti və sevimli tamaşaçıları ilə bölüşmüşdür. Rusiyanın Akademik Bolşoy Teatrının, Qalina Vişnevskayanın Opera ifaçılığı mərkəzinin, Moskvanın Y.Kolobova adına Yeni Opera Teatrının, Sankt-Peterburqun «Muzik-Xoll» Teatrının, K.S.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının, Sankt-Peterburqun Musiqili Komediya Teatrının, ümumiyyətlə Rusiyanın, Ukraynanın, Belarusun, Qazaxıstanın dünya şöhrətli teatr kollektivlərinin daxil olduğu Musiqili Teatrların Beynəlxalq Assosiasiyasında bundan sonra Azərbaycan Teatrının da adı çəkiləcəkdir.
Aprelin 18-də Moskvada keçirilən Assosiasiyanın ümumi yığıncağında teatrın direktoru Əliqismət Lalayevin kollektivin yaradıcılıq yolu haqqında məruzəsindən sonra, yığıncaq iştirakçıları teatrın tamaşalarından, gündəlik iş fəaliyyətindən hazırlanan video görüntülərə baxmış, bu video materiallar əsasında teatrın ümumi iş ahəngi ilə tanış olmuşlar.Bundan sonra açıq səsvermə keçirilmiş, teatr yekdilliklə Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının üzvləri sırasına daxil edilmişdir. Bu, Qafqazda və bütün Şərqdə ilk və hələlik yeganə teatrdır ki, bundan sonra öz fəaliyyətini musiqili teatrların bu nüfuzlu qurumda davam etdirəcək, dövlətlərarası mədəni əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir.
Gəncədə “Kitab festivalı”
 |
“Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009” tədbirlər çərçivəsində Gəncə şəhərində “Övlad işıqdır” II Uşaq Kitab Festivalı keçirildi.
Festivalda “Müstəqilliyimizin əbədi memarı”, ”Ana dili hikmət xəzinəsi”, “Çox oxusan çox bilərsən”, “Ulu Gəncəm”, “Mənim nağıl dünyam” və s. sərgilərdə 700 artıq kitab, “Fırçaların rəqsi”, “Nə yoğurdum, nə yapdım, "Görün nələr yaratdım” əl işlərindən ibarət sərgilər nümayiş olundu. Tədbirin bədii hissəsində Gəncə Dövlət Kukla teatrının aktyorları, musiqi məktəblərinin kollektivlərinin çıxışları festival iştirakçılarının diqqətini cəlb etdilər. Şəhər ümumtəhsil məktəblərinin şagirdləri ifasında “Mənim dilim-kimliyim” ədəbi kompozisiyalar, Özəl Türk Liseyinin şagirdlərinin ifasında isə N.Gəncəvinin “Xeyr və Şər” əsərinin motivləri əsasında səhnələşdirilmiş kompozisiya göstərilmişdir. Festivalda şəhərin 34, 46 saylı uşaq bağçalarının körpə fidanlarının ifasında müxtəlif rəqslər və mahnılar ifa olunmuşdu. Kitabxananın fəal oxucularının ifasında ulu öndər Heydər Əliyevə, vətənə, torpağa, Qarabağa, həsr olunmuş şerlər səsləndi. Şəhərin gənc idmançıları bir sıra maraqlı idman nömrələrini kitabsevərlərə nümayiş etdirmişdilər.
Tədbirdə fərqlənən ifaçılara şəhər Mərkəzi kitabxanası tərəfindən kitablar hədiyyə olundu.
Festival “Qalx ayağa Azərbaycan” şeiri və “Azərbaycan” mahnısının sədaları altında sona çatmışdı.
Qubada II Ümumrespublika kitab Festivalı keçirilmişdir
 |
“Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009” Tədbirlər Planına müvafiq olaraq respublikanın bir çox şəhər və rayonlarında II Ümumrespublika kitab Festivalının keçirilməsi nəzərdə tutulmuşdur.
Bu məqsədlə bu gün Quba rayonunda ilk kitab Festivalı keçirilmişdir. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Quba rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Quba rayonunun mərkəzi meydanında açıq havada keçirilmişdir. Festivalda Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov, Mədəniyyət və Turizm Nazirliyi Kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının müdiri F.Quliyeva, yazıçılar Nüşabə Məmmədli, Ələmdar Quluzadə, Sevinc Nuruqızı iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibov respublikada hər bir sahədə olduğu kimi mədəniyyət sahəsində həyata keçirilən islahatlar və bu sahəyə göstərilən dövlət qayğısından danışaraq, əhalinin intellekt və bilik səviyyəsinin artırılmasında kitabxanaların böyük rolu olduğunu qeyd etmişdir. Mədəniyyət və Turizm Nazirliyi Kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova öz çıxışında kitaba, mütaliəyə olan marağın artırılması və gələcək nəslin daha ziyalı və intellektli formalaşdırılması istiqamətində kitabxanaların öz işlərini yüksək səviyyədə təşkilinin vacib olduğunu bildirmişdir.
Festivalda maraqlı viktorinalar, nağıl qəhrəmanlarının paradı, rəsm müsabiqəsi iştirakçıların böyük marağına səbəb olmuşdur.
Rayon musiqi məktəbinin hazırladığı maraqlı konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Kitab sərgisində respublikanın müxtəlif nəşriyyatları tərəfindən çap olunmuş 25 adda uşaq kitablar nümayiş etdirilmişdir. Təşkil olunmuş kitab yarmarkasında simvolik olaraq bir çox nəşriyyatlar öz kitablarının satışını da həyata keçirmişlər.
ədbirin sonunda F.Köçərli adına Respublika Uşaq Kitabxanası və “Beşik” nəşriyyatı nümayiş etdirdikləri bir sıra kitabları Quba rayon Uşaq Kitabxanasına hədiyyə etmişlər.
Tarixə qanla yazılan "31 mart"
31 mart 1918-ci il Azərbaycan xalqının tarixinə qanlı həriflərlə yazılmışdır. Bu gün milli mənsubiyyətinə görə insanların kütləvi surətdə məhv edilməsi və bəşər tarixində görünməmiş faciədir.
Faciənin üzərindən illər keçsə də Azərbaycan xalqı bu qanlı tarixi unutmadı və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1998-ci il 26 mart Fərmanı ilə “31 mart” tarixi Azərbaycanlıların soyqırım kimi günü elan edilərək dövlət səviyyəsində Azərbaycan tarixinə yenidən daxil edildi. Bu fərman uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətləri açmış, xalqımızın qan yaddaşını təzələmişdir.
Bu gün respublikanın hər bir yerində bu dəhşətli faciənin ildönümü qeyd olunur.
Neftçala rayon Mərkəzi Kitabxanasında “31 mart” tarixinin anım tədbiri keçirilmişdir. Tədbiri rayon MKS-nin direktoru Elmira Kazımova açaraq Azərbaycan xalqına qarşı zaman-zaman törədilmiş qanlı faciələrin unutmağa heç bir azərbaycanlının haqqı olmadığını və erməni millətçilərinin iki əsrdən çox dövr ərzində azərbaycanlılara qarşı məqsədli həyata keçirilmiş soyqırımların dünyada tanıdılmasının vacib olduğunu qeyd etmişdir.
Tədbirdə kitabxananın fəal oxucuları - orta məktəb şagirdləri şəhidlərin əbədiyaşar ruhuna həsr olunmuş şerlərlə çıxış etdilər.
Tədbirin sonunda “Soyqırım və faciələr balaca fidanların gözü ilə” əl işləri rəsmlərdən ibarət sərgi iştirakçılara nümayiş etdirildi.
Macarıstan Respublikasında “Azərbaycan kitabı ayı” keçirilmişdir
Azərbaycan haqqında məlumatların yayılması, respublikamızın Avropa ölkələrində daha da yaxından tanıdılması və təbliği məqsədi ilə Azərbaycanın Macarıstan Respublikasındakı Səfirliyinə kitab kolleksiyası göndərilmişdir.
Fevral-mart aylarında Macarıstanda “Azərbaycan kitabı ayı” keçirilmişdir. Bu ay çərçivəsində Macarıstan Milli Elmlər Akademiyası kitabxanasına bir sıra ali məktəblərin kitabxanalarına Azərbaycan haqqında kitab, elektron nəşrlər və digər materiallar təqdim olunmuşdur. Təqdimetmə mərasimində kitabların sərgisi təşkil olunmuşdur.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hədiyyə olunmuş kitablar Macarıstan kitabxanalarının elektron kataloqlarına daxil edilmişdir.
Mütaliəni sevən uşaqlara və gənc oxuculara Novruz sovqatı!
 |
“Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009” tədbirlər planında nəzərdə tutulmuş ilk tədbir M.Seyidzadə adına Mərkəzi şəhər Uşaq Kitabxanasının nəzdində Uşaq İnformasiya Mərkəzi – Kitab mağazasının açılışı olmuşdur.
Bu gün isə uşaqların Novruz sevincinə daha bir sevinc əlavə edilmişdir - Uşaq İnformasiya Mərkəzinin saytının istifadəyə verilməsi. Sayt Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə yaradılmışdır.
Saytın “Ana səhifə”sindən populyar Miki Mausun köməyi ilə uşaqlar birbaşa Disneyin nağıllar aləminə daxil ola bilərlər. Bu səhifədə Uşaq İnformasiya Mərkəzi – Kitab mağazasında “gənc ledi”ləri maraqlandıran kitabların siyahısı verilib.
Saytın “Elektron kitabxana” bölməsində balalarımıza “Cırtdan”, “Göyçək Fatma”, “Qaraca Qız”, “Şəngülüm, Şüngülüm, Məngülüm” və b. nağıllar təqdim edilir.
Satışda olan rus və ingilis dillərindəki kitablarla “Bu gün satışda” bölməsində tanış olmaq mümkündür. Gənc teatrsevər oxucular isə mart ayında Azərbaycan Dövlət Musiqili Komediya, Rus Dram, Azərbaycan Dövlət Kukla, Azərbaycan Dövlət Mahnı teatrlarındakı gedən uşaq tamaşalarının repertuarı ilə tanış olurlar.
Yeni yaradılmış saytdan uşaqlar birbaşa F.Köçərli adına Respublika Uşaq və Rusiya Dövlət Uşaq kitabxanalarının saytına daxil ola bilərlər.
Uşaq-İnformasiya Mərkəzi – Kitab mağazasının nəzdində «XXI əsrin ziyalı ailəsi», «Körpəlikdən fenomenal yaddaş», «Йога для детей», «Развитие интеллекта с детства», «Семейная психология», «Уроки по домашнему хозяйству» kursları fəaliyyətə başlayacaq.
Yeni sayt www.childcentre.az ünvanda yerləşdirilmişdir.
“Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)” elektron kitabı işıq üzü görmüşdür
 |
Mədəniyyət və Turizm Nazirliyinin növbəti layihəsi ilə “Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)” iki cildlik kitabın elektron versiyası hazırlanmışdır. İki cildlik kitab 2008-ci ilin oktyabr ayında geniş ictimaiyyətin və mütəxəssislərin diqqətinə təqdim edilmişdir. Respublikanın, habelə xaricdəki təşkilatlardan, kitabxanalardan Nazirliyə daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, kitabın elektron versiyası hazırlanmışdır. Təqdim edilən elektron kitab Ü.Hacıbəyovun “Koroğlu” operasının uvertürası ilə müşahidə edilir.
Kitabın I cildində Prezident İlham Əliyevin Azərbaycan və dünya mədəniyyət xadimləri ilə görüşləri, müxtəlif mədəniyyət müəssisələrində olan zaman çıxış və tövsiyələri, müsahibələri öz əksini tapmışdır.
Kitabın II cildində Prezident İlham Əliyevin mədəniyyət xadimlərinə göndərdiyi təbriklər, mədəniyyət sahəsində imzaladığı fərman, sərəncam və qanunlar, habelə mədəniyyət, ədəbiyyat, tarixi-mədəni irs və milli-mənəvi dəyərlər haqqında fikirləri verilmişdir. Kitabın hər iki cildində Prezident İlham Əliyevin mədəniyyət sahəsi ilə əlaqədar fotoşəkilləri verilir.
“Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)” elektron kitabın bütün oxucuların istifadəsinə təqdim etmək məqsədi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Veb-saytının ( www.ryl.az) “Elektron kitabxana” bölməsində yerləşdirilmişdir.
“Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)” elektron kitabın təqdimatı yaxın vaxtlarda keçiriləcəkdir. Elektron kitab “Nurlar” Nəşriyyat- Poliqrafiya Mərkəzində hazırlanmışdır.
Layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, buraxılışa məsul Teymur Mehdiyev, Sevda Məmmədəliyeva, Ədalət Vəliyev, tərtibçilər Lətifə Məmmədova və Mayıl Əhmədovdur. Nəşrin elmi məsləhətçiləri professor Teymur Əhmədov və hüquq elmləri namizədi Əli Eyvazovdur.
Elektron kitabın hazırlanmasında AzərTac-ın materiallarından istifadə edilmişdir.
|