|
Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanası 16 fevral 2010-cu ildə “Qaradağlı faciəsindən 18 il keçir” mövzusunda “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi ilə birlikdə dəyirmi masa keçirmişdir.
Tədbiri C. Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Tahir Sadıqov açaraq Xocavənd rayonnunun Qaradağlı kəndinin füsunkar gözəlliyindən, qonaqlı-qaralı kənd sakinlərinin mərdliyindən söhbət açmışdır.
Qaradağlı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
“Həsrət Yolu” və Girovlara Kömək İB-nin sədri Esmira Orucova faciə ilə bağlı çıxışında bildirmişdir ki, erməni hərbi quldur birləşmələri 1992-ci il fevral ayının 15-də ermənilər yaşayan kəndlərin sakinləri, muzdlu döyüşçülər, Xankəndidə yerləşən 366-cı motoatıcı alayının hərbçiləri, Xankəndi yolunun qarşısında duran alınmaz sayılan Xocavənd rayonunun Qaradağlı kəndinə 5 istiqamətdən hucuma keçiblər. Fevral ayının 17-də səhət tezdən kənd sakinlərinin sursatı tamamilə tükəndiyi üçün ermənilər istəklərinə nail olub, Qarabağlı kəndinin işğal ediblər. Günortaya yaxın erməni işğalçıları, silahsız kənd sakinlərini maşınlara doldurub, Xankəndinə tərəf aparıblar.
Tədbirdə 18 il əvvəl Xocavənd Rayon İcra Hakimiyyətinin nümayəndəliyində işləmiş Hüsrət Əzizov, Mübariz Veteranlar İB-nin sədri, vaxtilə könüllü
dəstənin komandiri kimi fəaliyyət göstərmiş Seymur Şirinov, “Qarabağ harayı” İB-nin sədri Aygün İbrahimova, professor Nadir Abdullayev və başqaları mövzu ətrafında çıxışlar etmişlər.
Sonda tədbir iştirakçıları Azərbaycanda fəaliyyət göstərən BMT-nin Azərbaycandakı nümayəndəliyinə, AŞPA-nın informasiya mərkəzinə, ATƏT-in Bakı ofisinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinə və Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin səfirliklərinə müraciət etmişlər. Qaradağlı faciəsi zamanı əsir və itkin düşmüş, şəhid olmuş soydaşlarımızın əzizləri bütün dövlətləri, beynəlxalq təşkilatları obyektiv mövqedən çıxış etməyə, həqiqi soyqırıma məruz qalmış Xocavənd rayonunun Qaradağlı kənd sakinlərinin başına gətirilən faciəni müəyyənləşdirməyə, əsir və girov Qaradağlıların vətəninə qaytarılmasına, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirməyə kömək etməyə çağırmışlar.
|