Kitabxananın ŞÖBƏLƏRİ

Kitabxana 1928-ci ildə çox az kitab fondu və təkcə bir xidmət şöbəsi,- qiraətxana ilə fəaliyyətə başlamışdır. 1937-ci ildə kitabxanaya aktyor, rejissor Məmməd Əlilinin təşəbbüsü ilə Azərbaycan dramaturgiyasının banilərindən biri olan yazıçı-dramaturq Cəfər Cabbarlının adı verilmişdir. 1950-ci illərdən başlayaraq kitabxana öz fondunu zənginləşdirərək ətrafına geniş oxucu kütlələrini, xüsusilə də gəncləri cəlb etmiş, şöbələrinin, oxucularının və kitab fondunun sayını sürətlə artırmışdır. 1976-cı ildə kitabxanaya Respublika Dövlət Gənclər Kitabxanası statusu verilmişdir. 90 illik fəaliyyəti dövründə kitabxana geniş oxucu kütlələrinə respublika rəhbərliyinin Azərbaycanın rifahı naminə ictimai-siyasi, iqtisadi, elmi, mədəni həyatında xidmətlərini, kitabxana işi haqqında qəbul edilən qanunları, gənclər siyasəti ilə bağlı verilən əmr və sərəncamları, milli və dünya ədəbiyyatını təbliğ etmək, dünya kitabxanalarının yeni standartlarına uyğun tərtibat aparmaq istiqamətində işini davam etdirmişdir.

  • Kitabxananın 10 şöbəsi vardır:

    Komplektləşdirmə və kitabişləmə şöbəsi

  • Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdrılması şöbəsi

  • İnformasiya-resurs şöbəsi

  • Azərbaycan xidmət şöbəsi

  • Xarici ədəbiyyat şöbəsi

  • Mədəni-kütləvi işlər şöbəsi

  • Hüquqi informasiya şöbəsi

  • Metodika və biblioqrafiya şöbəsi

  • Oxu zalı

  • İncəsənət.

Komplektləşdirmə və kitabişləmə şöbəsi

Bütün çap məhsulları ilə kitabxananın ardıcıl olaraq komplektləşdirilməsi onun gələcək inkişafını təmin etməklə yanaşı həm də fondun zənginləşməsinə xidmət edir. Məhz komplektləşdirmə şöbəsi fondun tərkibinin dəqiq işlənməsi, fonda yeni daxil olan hər bir ədəbiyyatın sistemləşdirilməsi, şöbələr üzrə bölünüb oxucuların istifadəsinə verilməsi, kataloqlarla müntəzəm iş aparılması istiqamətində fəaliyyət göstərir. Kitabxananın kitab fondunun komplektləşdirilməsi onun formalaşdırılmasının tərkib hissəsi olmaqla bərabər həmçinin, bütün kitabxana prosesinin təşkilinin əsasıdır. Bu məqsədlə şöbə nəşriyyatlarla, Kitabxana Kollektoru ilə sıx əlaqələr saxlamağa, komplektləşdirmədə mütləq oxucuların maraq və istəyini nəzərə almağa, iqtisadiyyat, texnika, ictimaisiyasi, tarix, xüsusilə Azərbaycan tarixi, fəlsəfə, humanitar elmlər, milli və dünya xalqlarının bədii ədəbiyyatlarına daha böyük yer ayırmağa, həmçinin, rusdilli oxucuların da tələbatına uyğun olaraq rus dilində kitabların alınmasına əsas verir.

Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdrılması şöbəsi

Bu şöbə elektron kataloqun məlumat bazasına kitabxanaya daxil olan yeni və kitabxananın fondunda olan retro kitabları, dövri mətbuat materiallarınından aktual məqalələri, not-musiqi nəşrlərini, elektron resursları daxil edir. Şöbə, kitabxananın elektron kataloqunun idarə olunması, elektron kataloqun “Kataloqlaşdırma”, “Komplektləşdirmə”, “Oxucu”, “Kitab verilişi” modullarının işinin təşkili ilə sistemin fəaliyyətinə nəzarət və koordinasiya funksiyasını həyata keçirir. Şöbənin əsas vəzifəsi - ədəbiyyatın biblioqrafik yazılarının tərtibi, biblioqrafik yazıların redaktə- si, ənənəvi kataloq üçün elektron formada kartoçkaların redaktəsi və çapı, tamməntli kitabların Elektron Kitabxana bazasına yerləşdirilməsindən ibarətdir. Kitabxananın Facebook səhifəsi də bu şöbə tətəfindən idarə olunur.

Hüquqi informasiya şöbəsi

Şöbə 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı ilin dekabr ayının 28-də “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” imzaladığı sərəncamı ilə yaradılan mərkəz əsasında fəaliyyət göstərir. Şöbənin əsas məqsədi Azərbaycan vətəndaşlarını Rusiya Federasiyasının qanunvericiliyinə dair məlumatlandırılmasını təmin etmək, lazım olan məlumatı tez, operativ çatdırmaq, Rusiya Qanunvericilik toplusundan yararlana bilən 35 məntəqə üçün metodiki mərkəz rolunu oynamaq və s. ibarətdir. Həmçinin, 2011-ci ildə kitabxananın “Digesta” firması ilə bağladığı müqaviləyə əsasən Azərbaycan Respublikasının Qanunvericilik bazası da yaradılmışdır. Bu bazaya daxil olanların Azərbaycan Qanunvericiliyini əks etdirən bütün sənədlərdən, normativ hüquqi aktlardan yararlanmaq imkanı vardır. Proqram yükləndiyi gündən bir neçə dəfə istehlakçılar onun üzərində müxtəlif növ yenilənmələr etmişlər

İnformasiya - resurs şöbəsi

Şöbə kitabxananın elektron məlumat bazalarının yaradılması, yeni elektron məlumat resursların hazırlanması, istifadəçilərə virtual xidmətin, soraq-biblioqrafiya aparatının təşkili, biblioqrafik informasiya, soraq-biblioqrafiya, tövsiyə biblioqrafiya xidməti göstərilməsi, biblioqrafik informasiyanın istifadəçilərə çatdırılması məqsədilə tərtib edilən elektron resursların kitabxananın saytında, facebook səhifəsində yerləşdirilməsi, fonda daxil olan yeni kitabların biblioqrafik icmallarının verilməsini icra edir..

Metodika və biblioqrafiya şöbəsi

Dünyanın qabaqcıl kitabxanalarının təcrübəsindən və metodikasından istifadə edərək biblioqrafik informasiyanı istifadəçilərə çatdırmaq, ənənəvi və elektron məlumat bazalarından istifadə edərək əlamətdar-tarixi günlər, görkəmli şəxsiyyətlərin yubileyləri ilə əlaqədar ənənəvi və elektron resurslar, slaydlar hazırlamaq, aktual mövzularda yeni rubrikalar açmaq, ənənəvi kartotekalarla il boyu müntəzəm iş aparmaq şöbənin əsas iş prinsipidir.

Azərbaycan xidmət şöbəsi

Şöbə kitabxanaya yeni üzv olan hər bir oxucuya kitabla düzgün davranış qaydalarını aşılamaq, hər bir oxucunu kitabxananın www ryl.az veb saytı, ryl.az @ mail.ru,- elektron poçt ünvanı ilə məlumatlandırmaq, kitabxananın elektron kataloq və elektron kartotekası, ənənəvi kataloq və kartotekasından istifadə qaydalarını başa salmaq, elektron poçt ünvanlarına kitabxananın kitab fonduna yeni daxil olan ədəbiyyatlar haqqında məlumat göndərməyi təmin etmək, asudə vaxt problemlərinin həllində yardımçı olmaq, müxtəlif mövzularda təşkil olunan kütləvi tədbirlərə cəlb etmək, yeniyetmə və gənc oxucuların hərbi-vətənpərvərlik tərbiyəsində müəyyən dərəcədə rol oynamaq, gənclər kitabxanası statusunu daşımasına, oxucularını əsasən gənclər təşkil etməli olmasına baxmayaraq müxtəlif yaş qruplarına malik abonentlərə xidmət göstərmək, əlil, fiziki cəhətdən məhdudiyyətli, xəstə oxuculara səyyar kitabxana xidməti istiqamətində fəaliyyət göstərir.

Xarici ədəbiyyat şöbəsi

Şöbə digər xidmət şöbələri kimi öz xidmətini abunəçiləri kitabxana qaydaları ilə tanış etmək, kitabla düzgün rəftar, ənənəvi və elektron kataloqdan istifadə qaydalarını başa salmaq, hər bir oxucusunu kitabxananın ryl.az @ mail.ru,- elektron poçt ünvanı, kitabxananın www ryl.az veb saytı ilə məlumatlandırmaq, əlil, fiziki cəhətdən məhdudiyyətli, xəstə oxuculara səyyr kitabxana xidməti göstərmək, asudə vaxt problemlərinin həllində yardımçı olmaq, fəal oxucuların poçt ünvanlarına yeni alınan ədəbiyyatların siyahısını göndərmək, əlamətdar tarixi günlər, yubileylərlə əlaqədar tədbirlər keçirmək, həmçinin, təşkil olunan bütün kütləvi tədbirlərə oxucuları da cəlb etmək istiqamətində qurmuşdur. Şöbə öz fəaliyyətində hər ay gənclərlə aktual mövzularda söhbət-mühazirələr aparmağı, milli ədəbiyyatımızla yanaşı dünya ədəbiyyatına, klassiklərin yaradıcılığına maraq və meyl yaratmağı, mümkünsə bu kitabların tərcümə variantını deyil, yazıldığı dildə mütaliə etməyi də təbliğ edir.

Oxu zalı

Şöbə kitabxananın oxucu kontingentini əsasən gənclər təşkil etməli olmasına baxmayaraq digər xidmət şöbələri kimi on dörd yaşdan yuxarı bütün yaş qruplarına malik abonentlərə kitabxana qaydalarını, kataloqlardan istifadəni başa salmaq, kitabxananın veb saytı ilə məlumatlandırmaq, sorğularını ödəmək, elektron poçt ünvanlarına yeni alınan ədə biyyatların siyahısını təqdim etməklə Azərbaycan və rus dillərində ədəbiyyatlar, qəzet və jurnallar, həm də elek tron resurslar olan CD-DVD disklərlə xidmət göstərir. Oxucuları kitabxanaya cəlb etmək və onların asudə vaxtını səmərəli təşkil etmək üçün şöbə tərəfindən mütəmadi olaraq kütləvi tədbirlər,- kitab sərgiləri, foto-stendlər təşkil olunur, yuxarı sinif şagirdləri ilə hər rüb hərbi-vətənpərvərlik mövzusunda söhbət-mühazirələr aparılır. Bir faktı da qeyd edək ki, kitabxana 1928-ci ildə yalnız qiraətxana ilə fəaliyyətə başlamışdır. Bu da oxu zalının kitabxananın digər şöbələrindən daha çox,- 90 illik fəaliyyətinin sübutudur.

İncəsənət şöbəsi

Şöbə digər xidmət şöbələri kimi il ərzində abonentlərinə layiqli kitabxana xidməti göstərmək, Azərbaycan və dünya incəsənətinin bütün sahələrinə dair ədəbiyyatları təbliğ etmək, klassik və müasir incəsənət xadimlərini, onların əsərlərini oxucuya tanıtmaq, sevdirmək istiqamətində fəaliyyət göstərir. Şöbənin fondunda həmçinin, hal-hazırda oxucuların çox az istifadə etdikləri milli və dünya musiqisinin bütün sahələrini əhatə edən nadir və qiymətli qrammafon valları da qorunub saxlanılır. Kitab fondunun tərkibində not yazıları da çoxluq təşkil edir ki, bunlar da daim oxucuların istifadəsində olur. İstənilən not yazısını şöbədə ifa etmək makanına da malik olması oxucular tərəfindən müsbət qiymətləndirilən haldır. Şöbəni digər xidmət şöbələrindən fərqləndirən cəhət həm abonement, həm də qiraət zalının olmasıdır. Oxucularla tez-tez təşkil olunan söhbət-mühazirələr, ümumiyyətlə, bütün kütləvi tədbirlər onların dünyagörüşlərinin artmasında, incəsənəti sevməsində müəyyən dərəcədə rol oynayır

Mədəni-kütləvi işlər şöbəsi

Şöbə kitab sərgiləri, elmi-praktik konfranslar, ədəbi-bədii gecələr, kitab təqdimatları, yaradıcılıq gecələri, görüşlər, dəyirmi masaların təşkili ilə oxucuların intellektual səviyyəsinin yüksəlməsində, asudə vaxt problemlərinin həllində, həmçinin, Azərbaycan və dünya ədəbiyyatını sevməsi və qiraət etməsində əhəmiyyərli dərəsədə rol oynayır. Çünki, oxucuya ədəbiyyat verməklə xidmətdən əlavə kütləvi tədbirlərin əyani və şifahi vasitələri ilə bu ədəbiyyatların təbliği də əsas yer tutur. Keçiriləcək tədbir haqqında elan qabaqcadan kitabxananın ryl.az saytında oxuculara çatdırılır. Hər bir oxucuya tədbirdə iştirak və çıxış etmək imkanı yaradılır. Təşkil olunan bütün kütləvi tədbirlər kitabxananın ryl.az saytında və facebook səhifəsində öz əksini tapır. Həmçinin, kütləvi tədbirlərdə iştirak edən KİV nümayəndələri tərəfindən materiallar dövri mətbuatda, televiziya kanallarında da işıqlandırılır. Bir faktı da qeyd edək ki, tədbirlər təkcə kitabxanada deyil, müxtəlif mədəniyyət mərkəzləri, təhsil ocaqlarında da təşkil olunur.

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.