Kitabxananın TARİXİ

1928-ci ildə fəaliyyətə başlayan kitabxana ilk illər çox çətinliklərlə üzləşsə də, fəaliyyətini dayandırmamış, oxucuları, xüsusən də gəncləri öz ətrafına yığmağı bacarmışdır. İllər ötdükcə zəngin kitab fonduna malik, geniş oxucu kütlələrinə yüksək səviyyəli xidmət göstərən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası kimi tanınan, sevilən mədəniyət ocağına çevrilmişdir.

Qiraətxana kimi fəaliyyətə başlayan kitabxana ilk illər fondun məhdudluğu səbəbindən evlərə kitab vermək imkanına malik deyildi. Zəngin kitab fondu yaratmaq, minlərlə abunəçiləri cəlb etmək 1930-cu illərdə bu mədəniyyət ocağının qarşısında duran əsas məqsədlərdən biri olmuşdur.

Kitabxana yarandığı zaman qarşısına əsas iki vəzifə qoymuşdu:
1. Əhalinin ictimai mütaliəsini təşkil etmək.
2. Kitabxanaların ideoloji təbliğat imkanlarından istifadə etmək.


1930-cu illər məhz qarşıya qoyulmuş bu iki vəzifənin həyata keçirilməsi dövrü sayılır. Kitabxana fondu əsasən rusdilli kitabların hesabına zənginləşdirilir, azərbaycan dillində nəşr olunan ədəbiyyatların sayı isə azlıq təşkil edirdi. Ümumtəhsil və gecə məktəblərində oxuyan şagirdlərin kitabla təminatı, həmçinin, savadsızlığın aradan qaldırılması üçün kitabxana bütün imkanlardan istifadə edirdi. Az bir zamanda tədricən kitabxanadan istifadə üçün geniş imkanlar yaradıldıı. 1930-cu illərin ikinci yarısında repressiya dövrqnün başlanması ilə kitabxananın fondu yenidən azalmışdır. Buna səbəb digər kitabxanalar kimi repressiyaya məruz qalan şair, yazıçı, alimlərin əsərlərinin məcburi şəkildə fondlardan çıxarılması və ictimai mütaliəyə verilməsi qadağan edilməsi olmuşdur.

1937-ci ildə kitabxanaya Azərbaycan dramaturgiyasının banilərindən biri olan yazıçı-dramaturq Cəfər Cabbarlının adı verilmişdir.

“Yeni yol” qəzeti 1937-ci il 27 sentyabr tarixli nömrəsində Cəfər Cabbarlı Kitabxanası haqqında xüsusi məqalə dərc etmişdir. Bu məqalədə kitabxananın ağır vəziyyətindən söhbət açıldıqdan sonra fondunun zənginləşdirilməsi, onun yeni kitablarla komplektləşdirilməsinin zəruriliyi qeyd olunmuşdur.

1950-ci illərdə Azərbaycanda iqtisadiyyatın, mədəniyyətin, sosial həyatın bütün sahələri kimi kitabxana sahəsində də canlanma, inkişaf hiss olunmuşdur. Kitabxana öz fondunu ildən-ilə sürətlə zənginləşdirərək ətrafına geniş oxucu kütlələrini, xüsusilə də məktəbliləri cəlb etməyə başlamışdır. Kitabxananın keçirdiyi kütləvi tədbirlərə təkcə məktəblilər deyil, eyni zamanda digər yaş qruplarına malik oxucular maraq göstərməyə, iştirakçıları olmağa meyl göstərmışlər.

1957-ci ildə kitabxana üçün daha yararlı, yeni və geniş bina ayrılmışdır. Kitabxananın fəal oxucusu, Cəfər Cabbarlının yaxın dostu, Azərbaycan Kinematoqrafiyasının pionerlərindən biri olan aktyor, rejissor Məmməd Əlili öz xatirələrində yazır: “1957-ci il mənim üçün ən əziz ildir. Yeni binaya köçdükdən sonra kitabxana sanki yenidən yaranmış, daha da gözəlləşmişdir. Böyük dramaturqumuz Cəfər Cabbarlının adını daşıyan kitabxana mənəvi sənət mülkünə çevrilmişdir.

1958-ci ildə kitabxananın binası bir az da genişləndirilmişdir. O vaxt “Kommunist” qəzetinin 1958-ci il 18 mart tarixli nömrəsində belə bir cümlə yazılmışdı: “Cəfər Cabbarlı adına kütləvi kitabxananın yeni binaya köçürülməsi, onun oxuculara xidmət şəraitini daha da yaxşılaşdırmışdır”.

Məhz bu illərdən etibarən kitabxananın fəaliyyət dairəsi genişlənmiş, fondda toplanmış kitabların sayı artmışdır.

1960-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin qəbul etdiyi “Müasir şəraitdə partiya təbliğatının vəzifələri haqqında” qərarda deyilirdi: “Kütləvi təbliğatın ən müxtəlif formalarının,- yığıncaqların, konfransların, sual-cavab gecələrinin, şifahi jurnalların, tematik gecələrin, müzakirələrin, mədəniyyət universitetlərinin və klublarının, bazar günü mühazirələrinin və sairənin ideya səviyyəsini yüksəltmək uğrunda səylə mübarizə aparılmalıdır.” Cəfər Cabbarlı adına kitabxana da öz fəaliyyətini bu istiqamətdə quraraq partiya təşkilatlarının rəhbərliyi altında siyasi təbliğat müəssisəsinə çevrilmişdi. Bununla yanaşı kitabxana ictimai mütaliənin təşkilatçısı olaraq kütlələrin savadlanması, şəxsi təhsil, dünyagörüşünün genişlənməsi və formalaşmasında əhəmiyyətli rol oynamışdır.

1976-cı ildə adına kütləvi kitabxanaya Respublika Dövlət Gənclər Kitabxanası statusu Cəfər Cabbarlı verilmişdir. Cəfər Cabbarlı adına kütləvi kitabxana Respublika Dövlət Gənclər Kitabxanası statusunu əldə etdikdən sonra onun fəaliyyət dairəsi daha da genişlənmiş , metodiki mərkəz funksiyası verilmiş, oxuculara xidmət işinin təşkilində funksiyasıları genişləndirmişdir. Müəllimlər, tərbiyəçilər, partiya, həmkarlar və gənclər təşkilatlarında çalışanlar, ümumiyyətlə gənclərin etik, vətənpərvərlik tərbiyəsi ilə məşğul olan müvafiq təşkilatların işçiləri kitabxananın xidmətindən istifadəyə cəlb olunmağa başlamışlar. Beləliklə, Bakı şəhərinin Oktyabr rayonu ərazisində kitabxana xidməti göstərməli olan bu müəssisə öz fəaliyyətini illər boyu tədricən genişləndirərək kiçik kitabxana-qiraətxanadan Respublika Kitabxanasına qədər böyük inkişaf yolu keçmişdir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası müstəqillik illərində Azərbaycan mədəniyyətinin inkişafı və mədəni sərvətləri mühafizə edərək gələcək nəsillərə çatdırılması, bir çox dünya kitabxanaları ilə əlaqələrin genişləndirilməsi və onların iş təcrübələrinin öyrənilməsi istiqamətində daim irəli addımlar atmışdır. Uzun illər ərzində kitabxana işi sahəsində dövlət proqramlarına, respublika rəhbərliyinin sərəncamlarına əməl etmək, fəaliyyətini təkmilləşdirilmək, maddi-texniki bazasını möhkəmləndirilmək, gənclər siyasəti ilə bağlı verilən əmr və sərəncamları, milli və dünya ədəbiyyatını təbliğ etmək, dünya kitabxanalarının yeni standartlarına uyğun tərtibat aparmaq istiqamətində işini davam etdirmişdir.

Həmçinin, ümummilli lider Heydər Əliyevin nəsillərə örnək olan həyat yolunu, Azərbaycanın istiqlaliyyəti, daxili və xarici siyasətində, iqtisadiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında, dünya miqyasında tanınması, layiqli yer tutmasında xidmətlərini oxucular arasında kütləvi tədbirlər vasitəsilə təbliğ etmək, bu mövzunu əhatə edən ədəbiyyatlarla kitabxananın kitab fondunu zənginləşdirmək də kitabxananın əsas iş prinsiplərindən biri olmuşdur.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası öz fəaliyyətini beş istiqamətdə həyata keçirir:
1. Dövlətin kitabxana siyasəti, vəzifələri və onun icrası;
2. Kitabxana işinin aktual texnoloji inkişafı və informasiyalaşması;
3. Beynəlxalq təcrübə mübadiləsi və təşəbbüslərin inkişaf etdirilməsi;
4. Oxucu-kitabxana əlaqələrinin inkişaf etdirilməsi;
5. Kitabxananın bütün fəaliyyət istiqamətlərinin elmi əsaslar üzərində təşkili.

Kitabxanada hər il bir neçə dəfə müxtəlif mövzuları əhatə edən treninqlər təşkil olunur. “Kitabxanalar innovasiya və müasir texnologiyaların tətbiqi şəraitində”, “Kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiqi”, “Kitabsevər uşaqlar layihəsinin inkişafı”, “Azərbaycan ədəbiyyatının virtual kitabxanasının oxucular arasında tətbiqi”, “İnformasiya mühitində müasir gəncliyin virtual imkanları və kitabxanaların özünüifadə metodları” və sair mövzuları əhatə edən treninqlərdə AMEA-nın Əlyazmalar İnstitutunun, Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Respublika Elmi Tibb Kitabxanasının əməkdaşları, respublikanın bir çox şəhərvə rayon MKS-lərinin kitabxanaçıları iştirak edirlər.

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.