“2 Fevral Gənclər Günü” münasibətilə keçirilən növbəti tədbir
2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir.
2 fevral 2021-ci il tarixdə Respublika Gənclər Kitabxanası, "Bizim gənclik"İB-nin, Suraxanı Gənclər evinin və "GUYS" gənclər təşkilatının birlikdə təşkil etdiyi “2 Fevral Gənclər Günü”nə həsr olunmuş tədbir baş tutdu. Tədbir “Zoom” platforması üzərindən təşkil olunaraq ətrafına 80-dən çox gənc toplamağa müvəffəq oldu. Tədbir Azərbaycan Respublikasının himninin səsləndirilməsi, sonradan isə II Qarabağ Müharibəsi zamanı həlak olmuş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sözügedən tədbirdə Suraxanı Gənclər Evi direktoru Natavan Rüstəmova, "GUYS" Təşkilatının sədr müavini Elmar Qasımov, "Bizim Gənclik" İctimai Birliyinin baş katibi Rəsul Quliyev, Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazımi, Respublika Gənclər Kitabxanasının Hüquq İnformasiya şöbəsinin müdiri Günay Həsənova və başqaları çıxış etdilər.
Respublika Gənclər Kitabxanasının nümayəndəsi Günay Həsənova çıxışında “2 Fevral – Gənclər günü”nün tarixinə kiçik nəzər saldı, Respublika Gənclər Kitabxanasının 90 illik fəaliyyəti müddətində əsas auditoriyasının gənclərdən ibarət olmasını vurğuladı. Daim inkişaf etməkdə olan Azərbaycan gəncliyinin asudə vaxtının, mütaliəsinin təşkili, intellektual səviyyəsinin yüksəldilməsi yönümündə həyata keçirdikləri tədbirlər haqqında məlumat verdi.
Tarix üzrə fəlsəfə doktoru Pərviz Kazımi “2 Fevral – Gənclər günü” münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi, bu günki gündə müasir Azərbaycan gəncliyinin yüksək dinamika ilə inkişaf etməsindən, daim öz üzərində çalışmasından, müasir texnologiya vasitələrinə marağından, sağlam rəqabət aparma qabiliyyətlərindən danışdı.
Çıxışçıların hər biri bu günün Azərbaycan gəncliyinin tarixində, inkişafında oynadığı müstəsna rolu qeyd edərək, ümummilli lider Heydər Əliyevin və onun kursunu uğurla davam edən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin gənclərə bəslədiyi etimadın, inamın və sonsuz ümidlərin bariz nümunəsi olduğunu qeyd etdilər. Ali Baş Komandanın müdrik siyasəti və rəhbərliyi altında geri qaytarılan əzəli Azərbaycan torpaqları uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirən şəhidlərimizin, qazilərimizin, əsgərlərimizin əksəriyyətinin gənclərdən ibarət olması dönə-dönə qeyd olundu.
Tədbirə qoşulan gənclər həmçinin, könüllük fəaliyyətləri, ölkəmizin hüdudlarından kənarda Azərbaycanın tarixinin, mədəniyyətinin təbliğinə yönəlmiş fəaliyyətləri haqqında məlumat verdilər.
|