Tovuz hadisələri.

Dövlət iki halda sarsıla bilər:
günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə.
Ümummilli lider Heydər Əliyev.

1988-ci ildən Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları və Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladılar. SSRİ Silahlı Qüvvələrinin Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldular. Əvvəlcə Dağlıq Qaraabağın azərbaycanlı yaşayış məskənlərinin işğalına başlandı. Dağlıq Qarabağda ermənilərin kompakt yaşadığı yaşayış məntəqələrindən azərbaycanlılar qovuldular.

1991-ci ildə Xankəndi, 1992-ci ildə Xocalı, Şuşa, Laçın, Xocavənd, 1993-cü ildə Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları ermənilər tərəfindən işğal olundu.

Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu Birləşmiş Millətlər Təşkilatı təsdiq etdi. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında qətnamələr qəbul etdi. Lakin erməni işğalçıları bu qətnaməni yerinə yetirmədilər.

Ermənilərin ərazi iddiası otuz ildən artıqdır ki, davam etməkdədir.

2020-ci ilin iyul ayının 12-də Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutdular. Döyüşlər Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması ilə başladı. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam etdi. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edildi.

İyulun 13-də Tovuz istiqamətində Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında artilleriya qurğuları yenidən işə düşdü, tərəflər bir-birinə qarşılıqlı zərbələr endirdilər. Döyüş zamanı Ermənistan artilleriyası toplarla Tovuzun Dondar Quşçu və Ağdam kəndlərini də atəşə tutdular.

İyulun 14-də səhər saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutdular. Erməni ordusunun hücumu nəticəsində Azərbaycan ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mİrzəyev və hücumun qarşısını alarkən 5 hərbi qulluqçu da həlak oldular. Həmçinin, döyüşlərdə Azərbaycan tərəfdən əlavə yaralanan, Ermənistanın artilleriya atəşləri nəticəsində Ağdam kəndinin 76 yaşlı sakini həlak oldu. Azərbaycan tərəfi isə gəzən sursat vasitəsilə Ermənistanın komanda məntəqəsinə hücuma keçdi. Ermənistan Silahlı Qüvvələrinə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvələr məhv edildi. Məhz bu hadisədən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ermənistana qarşı cəza əməliyyatının başlanmasına dair göstəriş verildi. İlham Əliyev döyüşlərin başlanmasına səbəb olan postun tamamilə məhv edildiyini bildirdi. Bu döyüşdə Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı vuruldu və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edildi. Ermənistanın Tavuş mərzi istiqamətində eskalasiya səbəbindən sərhəd kəndlərinin qaz kəmərləri şəbəkələri sıradan çıxdı, nəticədə sərhəddə yerləşən Aygepar, Nerkin Karmiraxpyur və Çinarlı kəndlərində qaz təchizatı qismən dayandırıldı.

İyulun 15-də döyüşlər sakitləşdi.

İyulun 16-da döyüşlər yenidən davam etdi. Ermənistan tərəfi döyüş bölgəsinə əlavə qüvvələr göndərməyə başladılar. Vanadzordan 3 AK 63853 nömrəli ayrıca motoatıcı briqada, Razdan 96583 ayrıca motoatıcı briqadası və Dilicandakı briqada tamamilə döyüş zonasına yeridildi. Ermənistan ordusunun rəhbərliyi sərhəddə şəxsi heyəti sırasında böyük boşluqlar yarandığı üçün keçmiş hərbi qulluqçuları, çağırışçıları, o cümlədən ikinci və üçüncü qrup əlilləri, habelə həbsxana məhbuslarını Tavuş bölgəsinə göndərmək üçün tələsik şəkildə səfərbər etdilər. Gecə saat 4 radələrindən başlayaraq Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun Ağdam, Donqar Quşçu, Əlibəyli, Hacallı kəndlərini ağır artilleriya silahlarından atəşə tutmağa başladılar. Daha intensiv atəş Ağdam kəndi istiqamətində oldu. Dondar Quşçu kəndinin ərazisinə iyirmiyədək top mərmisi düşdü. Azərbaycan tərəfi döyüşlərdə Ermənistana aid "X-55" taktiki pilotsuz uçuş aparatını vurdu. Bu döyüşlərdə Ermənistanın 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə vasitəsi, döyüş postları və dayaq məntəqəsi Azərbaycan Ordusunun atəşi ilə məhv edildi. Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət keçən bir hərbi qulluqçusu həlak oldu.

İyul ayının 17-də Tovuz rayonu istiqamətində nisbi sakitlik höküm sürsə də, ümumilikdə gərginlik davam etdi. Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 97 dəfə pozdu.

İyul ayının 18-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejimi cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində 53 dəfə pozuldu.

İyul ayının 19-da Ermənistan Silahlı Qüvvələri atəşkəsi 70 dəfə pozdu.

İyul ayının 20-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 60 dəfə pozdu.

İyul ayının 21-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 62 dəfə pozdu. Ermənistan Silahlı Qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları vasitəsilə gecə saat 00:30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08:45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərdi. Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki pilotsuz uçuş aparatları aşkarlanaraq vuruldu.

İyul ayının 22-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 38 dəfə pozdu. Ağdam kəndi istiqamətində Ermənistana məxsus növbəti taktiki pilotsuz uçuş aparatları vuruldu.

İyul ayının 23-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 47 dəfə pozdular.

Azərbaycan Tovuz döyüşlərində on iki hərbi və bir mülki vətəndaşını itirdi.

Tovuz döyüşlərində həlak olan Azərbaycan vətəndaşları:

1. Polad İsrayıl oğlu Həşimov-
General-mayor. 1975-ci ilin yanvar ayında Sumqayıt şəhərində anadan olmuşdur.
Əslən Qəbələ rayonunun Vəndam kəndindəndir. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi", III dərəcəli "Qüsursuz xidmətə görə", "Hərbi xidmətlərə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", II dərəcəli "Qüsursuz xidmətə görə", "Vətən uğrunda", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", I dərəcəli "Qüsursuz xidmətə görə", III dərəcəli “Vətənə xidmətə görə”, II dərəcəli “Vətənə xidmətə görə”, "Azərbaycan Silahlı Qüvvələri Veteranı", "Azərbaycan Ordusunun 100 illiyi" medalları ilə təltif olunub.
Ailəli idi. İki oğul və bir qız atası idi.
2020-ci ilin iyul ayıının 14-də şəhid olub, iyul ayının 15-də Bakıda II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlı tərəfindən büstü hazırlanıb.
2020-ci ilin avqust ayında “Qanun” Nəşriyyatı tərəfindən general haqqında "Polad generalımız" adlı kitab nəşr edilib.
2020-ci ildə Qəbələ şəhərində Şəhriyar xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib.

2. İlqar Anzor oğlu Mirzəyev-
Polkovnik. 1973-cü il may ayında Gürcüstanın Qardabanı şəhərində anadan olub.
Orta təhsilinin Qardabani şəhərində alıb. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Müxtəlif illərdə Bakı, Gəncə, Naxçıvan, Beyləqan, Goranboy və Şəmkirdə hərbi xidmətdə olub. 2016-cı ildə Aprel döyüşləri zamanı göstərdiyi şücaət və qəhrəmanlığa görə, "Vətənə Xidmətə görə" II və III dərəcəli medalı ilə təltif olunub.
2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı ilə təltif olunub və polkovnik-leytenant rütbəsindən polkovnik rütbəsinə yüksəlib.
Ailəli idi. Bir oğul və bir qız atası idi.
2020-ci ilin iyul ayıının 14-də şəhid olub, iyul ayının 15-də Bakıda II Fəxri Xiyabanda dəfn olunub.
İlqar Mirzəyevin şəhid olmasından bir ay sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlı tərəfindən barelyefi hazırlanıb.

3. Anar Gülverdi oğlu Novruzov-
Mayor. 1976-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin mayoru idi.
Ailəli idi. Bir oğul, bir qız atası idi.
2020-ci ilin iyul ayıının 13-də şəhid olub. İyulun 14-də doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsində dəfn olunub.





4. Namiq Najan oğlu Əhmədov-
Mayor. 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı qəsəbəsində anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin mayoru idi.
Ailəli idi. Bir oğul, bir qız atası idi.
2020-ci ilin iyul ayıının 13-də şəhid olub. İyulun 14-də doğulduğu Qazax rayonunun Yuxarı Salahlı qəsəbəsində dəfn olunub.





5. Rəşad Rəşid oğlu Mahmudov-
Baş leytenant. 1992-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı idi.
Subay idi. Sevdyi qız var idi, payızda həm nişanı, həm də toyu olacaqdı.
2020-ci ilin iyul ayıının 13-də şəhid olub. Həmin gün doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dəfn olunub.





6. İlqar Ayaz oğlu Zeynallı-
Gizir. 1995-ci ildə Tovuz rayonunun Cəlilli kəndində anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin giziri idi.
2020-ci ilin iyul ayıının 14-də şəhid olub. Həmin gün doğulduğu Tovuz rayonunun Cəlilli kəndində dəfn olunub.





7. Yaşar Vasif oğlu Babayev-
Gizir. 1987-ci ildə Ağstafa rayonunun Köçəsgər qəsəbəsində anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin giziri idi.
2012-ci ildə ailə həyatı qurmuşdu və 8 il övlad arzusunda idi. Ölümündən iki gün sonra, iyulun 16-da qızı anadan oldu.
2020-ci ilin iyul ayıının 14-də şəhid olub. İyulun 15-də Ağstafa rayonunun Köçəsgər qəsəbəsində dəfn olunub.





8. Vüqar Lətif oğlu Sadıqov-
Çavuş. 1987-ci ildə Ağstafa rayonunun Göyçəli qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, çavuş
Ailəli idi. İki qız, bir oğul atası idi.
2020-ci ilin iyul ayıının 12-də şəhid olub. İyul ayının 13-də doğulduğu Ağstafa rayonunun Göyçəli qəsəbəsində dəfn olunub.





9. Elşad Dönməz oğlu Məmmədov-
Baş əsgər. 1996-cı ildə Tovuz rayonunun Ağdam qəsəbəsində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri idi.
Ailəli idi. Altı aylıq oğul atası idi.
2020-ci ilin iyul ayıının 12-də şəhid olub. İyulun 13-də Tovuz rayonunun Ağdam qəsəbəsində dəfn edilib.





10. Nazim Əfqan oğlu İsmayılov-
Əsgər.1996-cı ildə Ağstafa rayonunun Kolxəlfəli qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, əsgər.
Subay idi.
2020-ci ilin iyul ayıının 16-da şəhid olub. Həmin gün doğulduğu Ağstafa rayonunun Kolxəlfəli qəsəbəsində dəfn olunub.





11. Elçin Arif oğlu Mustafazadə-
Əsgər. 1992-ci ildə Ağstafa rayonunun Həsənsu qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi Qulluqçusu.
Nişanlı idi, ailə həyatı qurmağa hazırlaşaırdı.
2020-ci ilin iyul ayıının 14-də şəhid olub. Həmin gün doğulduğu Ağstafa rayonunun Həsənsu qəsəbəsində dəfn olunub.





12. Xəyyam Məhəmməd oğlu Daşdəmirov-
Əsgər. 2002-ci ildə İsmayıllı rayonunun Balik qəsəbəsində anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri idi.
2020-ci ilin iyul ayıının 12-də şəhid olub. İyul ayının 13-də doğulduğu İsmayıllı rayonunun Balik qəsəbəsində dəfn olunub.
Subay idi.





13. Əzizov Əziz İzzət oğlu-
Mülki şəxs. 1944-cü ildə Tovuz rayonunun Ağdam kəndində anadan olub.
Ermənistan silahlı qüvvələri tərəfindən açılmış artilleriya atəşi nəticəsində öz evində süfrə arxasında həlak olub.
2020-ci ilin iyul ayıının 14-də həlak olub, həmin gün doğulduğu Tovuz rayonunun Ağdam kəndində dəfn olunub.

Tovuz rayonunun atəşə məruz qalmış yaşayış məntəqələrində - Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlüyə baxış zamanı müəyyən olunub ki, 6 ev və yardımçı tikili tam yararsız vəziyyətə düşüb və əsaslı tikinti tələb olunur. Bundan başqa, 15 ev və yardımçı tikili, habelə tövlələrə ciddi zərər dəydiyi, 40 ev və təsərrüfatda isə yüngül fəsadlar olduğu müəyyənləşdirilib.

Bunlarla yanaşı, artilleriya atəşi nəticəsində fərdi təsərrüfatlara da ciddi ziyan dəyib. Kənd sakinlərinin 20-25 xırdabuynuzlu heyvanı və 70-75 ev quşu tələf olub, qış ehtiyatı üçün toplanan 300-350 ot bağlaması tamamilə yanıb, bir sıra vətəndaşların şəxsi avtomobilləri mərmi qəlpələrindən ciddi zədələnib, 15 evdə vətəndaşların məişət əşyaları və həyətyanı əkin sahəsi zərər görüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında 20 iyul 2020-ci il tarixdə Sərəncam imzalayıb.

Döyüşlər zamanı Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycanın 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Fövqəladə Hallar Nazirliyinə bir milyon manat məbləğində vəsait ayrılıb.

Tovuz hadisələri dünyanın bir çox ölkəsində etirazlarla, mitinqlərlə qarşılandı. O ölkələrdə yaşayan soydaşlarımız öz etiraz səslərini bildirdilər. Çünki, Tovuz döyüşləri Ermənistanın işğalçı olmasının sübutu və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində qətiyyətinin dünyaya nümayişi idi.

Türkiyə Respublikasının prezidenti R.T.Ərdoğan "Biz qardaş Azərbaycanı qəti şəkildə tək qoymarıq. Bütün dəstəyimizi verəcəyik"- dedi.

Azərbaycan hərb istəmir, lakin hərbə hazırdır. 30 ildə sülh danışıqlarının qeyri-konstruktiv münasibətlə uzadılmasına, münaqişəni dondurmaq niyyətinə, yeni ərazilər qazanmaq iddiasına dövlətimiz və xalqımız qətiyyətlə etiraz edir.

Tovuz hadisələri Azərbaycan xalqının mübarizliyini, vətənpərvərliyini bir daha sübut etdi. Bu hadisələrdən sonra Azərbaycanın bütün regionlarından minlərlə gənc, orta yaşlılar, hətta qızlar, qadınlar da könüllü olaraq səfərbərliyə alınmaq üçün müraciət etdilər.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da Tovuz hadisələrinə öz münasibətini müxtəlif kütləvi tədbirlər vasitəsi ilə bildirdi.

COVİD-19 virusunun yayılması, pandemiya ilə əlaqədar karantin şəraitində kitabxana oxuculara onlayn xidmət göstərməsinə baxmayaraq instaqram səhifəsində paylaşımlar, məlumatlandırıcı materiallar-, xəbərlər, canlı yayınlar, Amerika Birləşmiş Ştatlarının Texas ştatında Hyuston şəhərində Azərbaycanlıların həmrəylik yürüşü, generel-mayor Polad Həşimov haqqında material yerləşdirildi. Tovuz hadisələrinə həsr olunmuş virtual sərgi təşkil olundu.

Tədbirin FOTO GÖRÜNTÜLƏRİ

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.