Qarabağ torpaqlarının işğaldan azad olunması. II Qarabağ müharibəsi.

Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Müraciətdə deyilirdi:

- Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur.

Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür.

Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artileriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artileriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan həbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğulibiyyətlə razılaşdı. Mən bu barədə demişəm, bir daha demək istəyirəm, əgər bizim istəyimiz olsaydı hərbi döyüşləri Ermənistan ərazisinə keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan halda bir neçə gündən sonra atəş dayandırılmışdır.

Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü? İlk növbədə Azərbaycan torpaqlarının işğalı onların planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır. Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür və bu məqsədlər onlar üçün əsas məqsədlərdir.

İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır. Əfsuslar ki, bu, onlar üçün dərs olmadı. Halbuki mən iyul təxribatından sonra demişdim ki, Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır.

Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azəbaycana diversiya qrupu göndərilmişdir. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışdır və hazırda ifadələr verir. Bu ifadələrdə açıq-aydın göstərilir ki, bu planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlmişdir. Mülki əhaliyə və hərbçilərimizə qarşı növbəti hərbi təxribat bu gün Ermənistan tərəfindən törədildi və qeyd etdiyim kimi, bu dəfə də onlar öz cəzasını alıblar və alacaqlar.

Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır. Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndidə demişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi. İkincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyk zərbə idi. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır”, onda hansı danışıqlardan söhbət gedə bilər?! Bununla paralel olaraq, Ermənistanın rəhbərliyi artıq iki il ərzində dəfələrlə bəyan edir ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Bu da danışıqlar prosesinə vurulan böyük zərbədir. İlk növbədə, Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq. İkincisi, danışıqlar formatını dəyişdirmək cəhdləri bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışqıları pozmaq və status-kvonu saxlamaqdır. Halbuki ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbul edilməzdir və bu, o deməkdir ki, işğala son qoyulmalıdır.

Ermənistanın bizə qarşı təxribatları bu faktlarla bitmir. Bu yaxınlarda bizim qədim Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi keçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər.

Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ Respublikası” parlamentinin qədim Azərbaycan şəhəri - Şuşaya köçürülməsi haqqında qərar qəbul edildi. Bu, növbəti təxribatdır. Bu yaxınlarda Ermənistanın baş naziri bəyan etmişdir ki, on minlərlə insanı birləşdirən “könüllü” hərbi birləşmələr yaradılacaqdır. Bu, nə üçün lazımdır? Bunlar kimə qarşı vuruşacaqlar? Bu, Azərbaycana qarşı bu gün törədilən təxribatın hazırlıq mərhələsi idi. Mən artıq bir neçə dəfə demişdim, o cümlədən bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır və dayandırılacaqdır.

Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirildi. Bu, hərbi cinayətdir. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir. Bu cinayətə görə Ermənistan cavab verəcəkdir. Bu, bizə qarşı növbəti təxribatdır. İşğal edilmiş torpaqlarda məskunlaşma aparmaq cinayət hesab olunur və bu siyasət Ermənistan tərəfindən uzun illər ərzində aparılır. İş burasındadır ki, Ermənistanda mövcud olan ağır iqtisadi, siyasi və sosial vəziyyətə görə ölkə əhalisi azalır. Ermənistanda demoqrafik böhran yaşanır və onlarda insan resursları yoxdur ki, işğal edilmiş torpaqlarda öz adamlarını yerləşdirsinlər. Ona görə xaricdə yaşayan ermənilərə ümid edirlər. Hazırda bu siyasət davam etdirilir. Bununla paralel olaraq, bizdə olan dəqiq məlumata görə, bizim işğal edilmiş bəzi ərazilərimizdə Ermənistan qanunsuz məskunlaşma aparıbdır. Bizim rayonlarımızın, kəndlərimizin adları dəyişdirilir. Azərbaycanlıların tarixi irsi silinir. Bizim tarixi abidələrimiz dağıdılır. Azərbaycan məscidləri dağıdılır, təhqir edilir. Bizim məscidlərimizdə Ermənistan inək, donuz saxlayır. Bu, bütün müsəlman aləminə ən böyük təhqirdir. Bizim əcdadlarımızın qəbirləri traktorla dağıdılır. Bunu edən faşistlərdir, vandallardır, vəhşilərdir.

Eyni zamanda, işğal edilmiş torpaqlarda bu yaxınlarda keçirilmiş hərbi təlimlər bizim üçün Ermənistanın növbəti təxribatı sayılmalıdır. Çünki bu təlimlərin bir məqsədi var: Azərbaycana hücum etmək, mülki əhalini atəşə tutmaq və yeni torpaqları işğal etmək! Sadaladığım bütün faktlar bir daha onu göstərir ki, bu gün regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkin siyasətidir.

Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan sadəcə olaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır. BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.

Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Bəli! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin deddiyi kimi: “Qarabağ Azərbaycandır!” Lakin 28 ildən bəri Azərbaycanın torpaqlarını işğal edən Ermənistan yenə bu reallığı qəbul etmək istəmədi. Öz torpaqlarının iyirmi faizini Birinci Qarabağ müharibəsi nəticəsində itirən Azərbaycan əsasən 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra Ermənistan Respublikası ilə BMT Təhlüükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplimatik danışıqlar aparmasına baxmayaraq sülh danışıqları prosesi Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyənatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə nəticələndi.

27 sentyabr 2020-ci il səhər 06.00 radələrində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Ordumuz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən qalibiyyət yolunda zəfər yürüşünə başladı. Bu, Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq idi. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edildi. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmağa və İkinci Qarabağ müharibəsinə çevriidi. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı münaqişəni kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa, mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdılar.

Müharibənin ilk günlərindən etibarən, bir sıra beynəlxalq mətbuat orqanlarında dünyanın müxtəlif ölkələrinin vətəndaşları olan ermənilərin Qarabağdakı döyüşlərdə iştirak etmək üçün Ermənistana yollandığına dair məqalələr dərc olundu. Əsasən Livan, Suriya, Fransa və bəzi

Latın Amerikası ölkələrində yaşayan erməni əsilli vətəndaşların erməni diasporunun çağırışları ilə beynəlxalq hüquq prinsiplərinə zidd olaraq, döyüşlərdə iştirakı məlum oldu. Bundan əlavə, 01 oktyabr tarixində Suriya İnsan Haqları Monitorinq Mərkəzi erməni əsilli suriyalı döyüşçülərin Suriyadan Ermənistana aparıldığını təsdiqlədi.

Əfqanıstan, Ukrayna, Pakistan, Türkiyə və Şimali Kipr Respublikası Azərbaycana dəstək olduqlarını bildirdilər. Ermənistan ərazidə müharibəni uduzduğunu gördüyü üçün fərqli strategiyalarla müharibədəki tarazlığı öz xeyrinə dəyişdirmək istədi. Ermənistanın Baş naziri Nikol Paşinyan bir tərəfdən Putin, Makron və Tramp kimi liderlərlə əlaqə yaradaraq atəşkəs istədiyi halda, Ermənistan ordusu Azərbaycanın təmas xəttindən uzaqda yerləşən şəhərlərini birbaşa hədəf alaraq Azərbaycanı müharibəni genişləndirmək üçün təhrik etməyə çalışdı.

29 sentyabr tarixində BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclas keçirdilər. Rusiyanın vasitəçiliyi ilə Beynəlxalq Qırmızı Xaş Komitəsi tərəfindən dəstəklənən, həm Ermənistan, həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixindən qüvvəyə minsə də Ermənistan silahlı qüvvələrinin mülki vətəndaşları hədəfə aldıqları terror aktları nəticəsində atəşkəs yenidən pozuldu. Gəncə başda olmaqla bir çox Azərbaycan şəhəri birbaşa ballistik raketlərin hədəfinə şevrildi. Oktyabrın 11-də gecə saatlarında düşmənin silahlı qüvvələri yenidən öz çirkin əməlinə əl ataraq Azərbaycan xalqına qarşı növbəti dəhşətli və insanlıqdan uzaq cinayət törətdi. Ermənistan hərbçiləri çox təhlükəli bir silah - “TOÇKA-U” raket sistemindən istifadə edərək, Gəncədə insanların sıx yaşadığı ərazini gecə saatlarında insanların yatdığı bir vaxtda raket atəşinə tutdu. Dünya tarixinə yazılacaq bu ən qanlı terror aksiyası bir daha sübut etdi ki, Ermənistan dövlət səviyyəsində terroru himayə edən bir dövlətdir. Gəncə hərbi əməliyyatların getdiyi yerdən altmış kilometr aralıda yerləşsə də, bu şəhərin raket zərbələrinə məruz qalması beynəlxalq hüququn kobud şəkildə pozulmasıyla bərabər, düşmən ölkənin əsas məqsədlərini də açaıq-aşkar göstərdi. Hətta Ermənistan Azərbaycanın Qarabağdan əlavə özünün ərazilərini vurmasına cəhd göstərərək Rusiyanın Kollektiv Təhlükəsizlik Təşkilatı Sazişi çərçivəsində müharibəyə qarışmasına çalışdı. Bir faktı da qeyd edək ki, sentyabrın 27-dən başlayan müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan ordusu onun rəhbərliyinin, baş nazir Nikol Paşinyanın dünya liderlərinə yalvarmasının nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında humanitar məqsədli müddətli atəşkəs rejiminin bərqərar olmasından sonra bu addımı atdı. Moskvanın Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin iştirakı ilə oktyabrın 10-da əldə etdiyi “humanitar atəşkəs” razılaşması erməni işğalçılarının, qatillərinin Gəncəni raket atəşinə tutması ilə faktiki olaraq ləğv olundu. Ermənilərin qürurla öyündükləri Ermənistan ordusu Azərbaycan ordusu ilə üz-üzə, təkbətək döyüşmək yerinə, dinc sakinləri, silahsız qadın və uşaqları hədəfə almağa başladı. Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarlığın növbəti bariz nümunəsi oldu və Ermənistan rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını göstərdi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutması beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirdi.

Qisas kimi Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv etdi.

Bir faktı da bildirək ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi terror aktı ilə bağlı fransız, ispan, alman, rus, ingilis, ərəb dillərində hazırladığı video dünya ictimaiyyətinə çatdırıldı. Erməni hərbi birləşmələri tərəfindən törədilmiş cinayətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə hazırlanmış videoçarx böyük marağa səbəb oldu, eləcə də rəqəmsal mediada kütləvi şəkildə yayıldı. Video ilə bağı Türkiyənin “Haber Global” televiziya kanalında da süjet hazırlanaraq ictimaiyyətə təqdim olundu.

Sentyabr ayının 30-da prezident İlham Əliyev hərbi təxribat zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə “Mən demişdim ki, əgər bizə qarşı törədilmiş hərbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir. Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır. Bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər şərtlər qoydu. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var. Torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq." deyə bildirdi. Prezidentin bu sözləri əlbəttə ki, hərbçilərimizdə çox böyük ruh yüksəkliyinə səbəb oldu.

Azərbaycan ərazilərini erməni işğaıçılarından azad etmək uğrunda 44 gün davam edən müharibədə vətən övladları əsl qəhrəmanlıq göstərərək yalnız irəliliyə doğru addımladılar. Bu günlər ərzində rayon və şəhərlərdə saysız-hesabsız dağıntılar törədildi, şəhidlər verildi, yaralananlar oldu. Hamının ürəyində yuva quran yalnız bir amal,- torpaqların erməni qəsbkarlarının əsarətindən azad edilməsi amalı qələbəyə doğru hər gün addım-addım irəlilədi. Bu müddət ərzində ölkələr üç dəfə humanitar atəşkəs barədə razılığa gəldi. Azərbaycan humanitar atşkəslə razılaşdı, lakin Ermənistan tərəfi hər dəfə atəşkəsi pozub dinc əhaliyə divan tutdu.

Azərbaycan ordusu nəinki torpaqlarımızı işğaldan azad edərək irəlilədi, həmçinin, Xocalı qətliamının, I Qarabağ müharibəsinin şəhidlərinin qisasını aldı. Narahat şəhid ruhları nahatlıq tapdı, ana torpaq düşmən tapdağındana xilas oldu.

44 gün davam edən müharibə ərzində Azərbaycan Ordusu tərəfindən 04 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 08 noyabrda Şuşa şəhəri işğaldan azad edildi.

08 noyabr tarixində Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Dünya hərb tarixi də göstərir ki, belə itkilərə məruz qalmış tərəf məğlub hesab edilir, təslim olur və hərbi əməliyyatlar dayandırılır. Beləliklə, müasir tarixmizin ən şanlı və eyni zamanda ən çətin, ən qanlı Vətən müharibəsi başa çatdı. Ermənilərin "Qarabağ qədim erməni torpağıdır" kimi ağ yalan və sentimental illüziyaları puç oldu.

Ali Baş Komandan, Azərbaycan Republikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə uzun illər formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Şuşa şəhəri, Xocavənd, Hadrut qəsəbəsi, Kəlbəcər, Ağdam, Laçının geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yollar, yüksəkliklər, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olmasıdır. Kəlbəcər, Ağdam və Laçının boşaldılması və Ermənistanla sərhəd bölgələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağı yalnız 5 kilometrlik kiçik Laçın dəhlizi əlaqələndirəcək. Bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olunur.

44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu tərəfindən Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələri darmadağın edildi. Minlərlə canlı qüvvəsi, yüzlərlə hərbi texnikasnı məhv oldu.

44 gün ərzində Azərbaycan Ordusu ümumilikdə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın kənd, çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi.

Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırıldı.

Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 01 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin olunması elan edildi.

Azərbaycan Republikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyannın birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Prezident İlham Əliyev dəfələrlə, o cümlədən BBC-yə son müsahibəsində də bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda, hərbi əməliyyatlar dayandırılacaqdır. Ermənistan Azərbayanın şərtlərini qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi.

Dağlıq Qarabağa heç bir statusun verilməməsi, erməni işğalında olan bütün ərazilərin azad edilməsi, Ermənistanın hərbi birləşmələrinin Qarabağdan son nəfərə qədər çıxarılması, azərbaycanlı məcburi köçkünlərin Qarabağa və ətrafdakı 7 rayona qayıtması, sərhədlərin tam bərpası da mütləq təmin olunacaq.

Dünya ölkələrinin, liderlərin Dağlıq Qarabağ münaqişəsinə münasibətləri:

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan:- Türk milləti hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanındadır.

Türkiyə Respublikasının Müdafiə naziri Hulusi Akar:- Ermənistanın mövqeyi Qafqazda sülh və sabitliyin ən böyük əngəlidir.

Pakistanın Xarici İşlər Nazirliyi:- Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatını dayandırmalıdır. Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyirik və bu, yekdilliklə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğundur.

Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi:- Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşir. Macarıstan beynəlxalq hüququn ümumi prinsipi kimi dövlətlərin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Macarıstan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında eskalasiyanın azaldılması və münaqişənin ATƏT Minsk qrupu həmsədrlərinin məşvərətləri çərçivəsində danışıqlar yolu ilə həllinə çağırışları dəstəkləyir.

Əfqanıstanın Xarici İşlər Nazirliyi:- Dağlıq Qarabağ bölgəsi beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınıb.

ATƏT-in Minsk qrupunun amerikalı sabiq həmsədri Riçard Hoqland:- Beynəlxalq hüquqa görə, Ermənistan başqa bir suveren dövlət olan Azərbaycanın suveren ərazisinə soxulub və işğal edib. ABŞ-ın əsas siyasəti bütün millətlərin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək və qorumaqdır.

Gürcüstan Respublikasının 3-cü prezidenti Mixeil Saakaşvili:- Mənim müvqeyim ərazi bütövlüyü prinsipinə əsaslanır. Yəni, Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey onu dəyişdirməyəcək.

Almaniya Xarici İşlər naziri Hayko Maas:- Ermənistan və Azərbaycan detallı danışıqların lehinə güc tətbiqindən dərhal imtina etməlidirlər.

İranın Ali Rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amili:- Azərbaycan xalqını qələbələrlə təbrik edir, Dağlıq Qarabağın tam azad olunmasını arzulayıram.

Bolqarıstan Respublikasının sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Rosen Plevneliev:- Mən Ermənistanın Azərbaycana hücumunu pisləyirəm, bu, təxribatdır. Mən tərəfləri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun, ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığı əsasında tənzimlənməsinə qayıtmağa çağırıram.

Bosniya və Herseqovina Demokratik Fəaliyyət Partiyasının lideri Bakir İzetbegoviç:- Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün hər cür haqqı var.

İsrail Respublikası Yisrael Beiteinu partiyasının lideri, ölkənin keçmiş xarici işlər və müdafiə naziri Aviqdor Liberman:- Tarixdən gördüyümüz kimi, hələ Sovet İttifaq yaranandan əvvəl də Dağlıq Qarabağ əsasən Azərbaycanın tərkibində olub.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov:- Dağlıq Qarabağ uğrunda döyüş əməliyyatları aparmaq Azərbaycanın haqqıdır, çünki dünyanın bütün ölkələri Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır, BMT də bu mənada qəti mövqeyini dəfələrlə ifadə edib. Ermənistan KTMT çərçivəsində müttəfiqdir. Amma Dağlıq Qarabağ Ermənistana aid deyil. Odur ki, Qarabağ ərazisindəki hərbi əməliyyatlarla bağlı Rusiya vasitəçilikdən savayı hər hansı öhdəçilik daşımır.

Qazaxstan Xarici İşlər Nazirliyi:- Azərbaycan və Ermənistanı vəziyyəti sabitləşdirmək, güc tətbiqindən imtina etmək və danışıqlara başlamaq üçün bütün tədbirləri görməyə çağırır, münaqişənin beynəlxalq təşkilatlar platformasında sülh yolu ilə həll olunmasına kömək təklif edirəm.

Kitabxanada keçirilən TƏDBİRLƏR

Əziz gənc dost!
Kitabxanada keçirilən çoxsaylı kütləvi tədbirlərin, elmi-praktiki konfransların, sərgilərin tam mətni ilə burda tanış ola bilərsiniz.

Kitabxanada keçirilən TRENİNQLƏR

Hörmətli sayt istifadəçimiz
Kitabxanada mütəmadi olaraq həmkar idarələrin əməkdaşları üçün müxtəlif mövzulu treninqlər keçirilir. Buyurub baxa bilərsiniz.

Gənclər hərəkatı və hərbi vətənpərvərlik

Əziz vətənpərvər dost
Kitabxana fəliyyətində vətənpərvərlik mövzusuna daim xüsusi diqqət ayırmışdır. Bu səhifədə Siz bu mövzuda maraqlı məlumatlar ilə tanış ola bilərsiniz.

Azərbaycan kitabxanaları internetdə

Əziz gənc dost!
Ölkəmizdə fəaliyyət göstərən kitabxanalardan yararlanmaq istəyirsinizsə, o zaman bu link Sizin üçün çox faydalı ola bilər.

Dünya kitabxanaları internetdə

www.ryl.az saytının istifadəçisi!
dünya ədəbiyyatından onlayn istifadə etmək istəyirsinizsə, buyurun... "Dünya kitabxanaları internetdə" linkı bu işdə Sizə yardımçı olar

Təhsil ocaqlarının veb ünvanları

Əziz şagird, sevimli tələbə!
BU səhifədə Siz ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarına virtual səyahət edə bilərsiniz.