Akademik Nizami Cəfərov - 65

Ziyalılığımızın Nizami Cəfərov ünvanı

Hər bir millətin inkişaf səviyyəsi və taleyüklü problemləri, arzu və istəkləri, qayğıları və çətinlikləri onun yetirdiyi ziyalılarının əsərlərində yaşayır. Yaxından, çox yaxından tanıdığım üçün qürur hissi keçirirəm ki, yaşadışımız dövrdə xalqımızın yetirdiyi barmaqla sayılası ziyalılar içərisində Nizami Cəfərov ünvanı da var. Ziyalılığımızın Nizami Cəfərov ünvanı ilə ötən əsrin 80-90-cı illərindən tanışam. Bakı Dövlət Universiteti Tarix fakültəsinin dekanı olaraq Sovet dövrü üçün çətin islahatlar proqramı həyata keçirirdim. Türk xalqlarının tarixini, qədim türk dillərini, əski əlifbanı, bir sözlə, türkçülüyü tarixçi tələbələrə olduğu kimi öyrətmək lazım idi. Böyük türkçümüz və dostum Tofiq Hacıyev müdiri olduğu kafedra ilə birlikdə mənə dəstək olurdu. Söhbətlərimizin birində Tofiq müəllim mənə bildirdi ki, o zaman "Ədəbiyyat və İncəsənət" qəzetində çalışan bir gəncin gələcəyinə böyük ümidlər bəsləyir, onu fakültəmizə dəvət etsiniz yaxşı olar. Nizami Cəfərovla ilk tanışlığım belə başlandı. Çox keçmədən əmin oldum ki, böyük türkçümüz Tofiq Hacıyevin gələcəyinə böyük ümidlər bəslədiyi Nizaminin, həqiqətən də böyük gələcəyi var...

... İndi o illərdən az qala 40 il keçir. Bütün bu illər ərzində yaxın dostluq münasibətlərimdə, həyatın sınaq anlarında dönə-dönə əmin oldum ki, Nizami Cəfərov ünvanı xalqımız üçün çox gərəkli olan əsl ziyalılıq ünvanıdır. Belə ziyalılar hər deyəndə yetişmir...

Sonralar Nizami Cəfərova olan ümid və hörmətim getdikcə artdı və bu gün də artmaqda davam edir. Nə üçün?

Nizami böyük alimdir. Daim mütaliə edir, yazır, yaradır, milli-mənəvi sərvətlər xəzinəmizi nadir yaradıcılıq inciləri ilə daha da zənginləşdirir, əldə etdiyi adlara, rütbələrə, tutduğu vəzifəyə deyil, zehninə, zəkasına, biliyinə, yazdığı və yazacağı əsərlərə güvənir!
Ardı...