Müstəqilliyin Bərpası Günü

Müstəqilliyin bərpası və qorunub saxlanılması

XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan etmişdir. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmisi 23 ay sürmüşdür. 1991-ci ildə yenidən müstəqilliyini əldə edən Azərbaycanda onun qorunub saxlanılması heç də asan olmamışdır.

80-ci illərin ikinci yarısında Sovet imperiyasının iqtisadi, siyasi və mənəvi həyatında böhranqabağı vəziyyət yaranmışdı. İstehsalın artım sürəti, səmərəliliyi, əməyin məhsuldarlığı durmadan aşağı düşürdü. Mövcud üsul-idarənin mənəvi dayağı olan ehkamçı kommunist ideologiyası iflasa uğramışdı. Milli respublikalarda milli özünüdərk, hüquqların tapdalanmasına, sərvətlərin talan olunmasına etiraz əlamətləri güclənməkdə idi. SSRİ-nin iflası mühüm xarici səbəblərlə də şərtlənirdi.

80-ci illərin ikinci yarısında Kommunist Partiyası növbəti dəfə Sovet imperiyasını mövcud böhranqabağı vəziyyətdən xilas etmək üçün bir sıra cəhdlər göstərdi. Təkpartiyalı siyasi sistem, partiya amirliyi ləğv olunmadan, respublikaların suveren hüquqları özlərinə qaytarılmadan iqtisadiyyatı dirçəltmək qeyri-mümkün idi.

Moskva mərkəzdənqaçma qüvvəsini zəiflətmək üçün ənənəvi "parçala, hökm sür" siyasətindən daha geniş istifadə edir, milli münaqişələri qızışdırır, xalqlar arasında qanlı nifaq salırdı. Kreml mühüm coğrafi-siyasi ərazi olan Azərbaycanı və bütün Cənubi Qafqazı əldə saxlamaq üçün uydurma "Dağlıq Qarabağ problemini" qızışdırdı. Sovet imperiyasını dağıtmaq üçün milli münaqişələr törətməyi mühüm vasitə hesab edən Qərb dövlətləri də bu işdə fəal iştirak etdilər.
Ardı...