Naxçıvan Muxtar Respublikası-100

Azərbaycanın dövlət müstəqilliyinin
Naxçıvan təməli və dərsləri

Keçmiş SSRİ-nin ali rəhbərlərindən biri, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyev sovet imeriyasının olimpindəki düşmən dairənin məkrli fitvası ilə istefaya məcbur ediləndən 4 il sonra Vətənin dar məqamında xalqının mübarizəsinə bacardığı köməyi göstərmək üçün 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməyə razılıq verdi.

“Çiyinimə avtomat salıb, Azərbaycan xalqının yolunda, onun azadlığı yolunda canımı qurban verməyə hazıram” məramı ilə siyasi fəaliyyətə qayıdan Ulu Öndər doğulub böyüdüyü Naxçıvan torpağında Azərbaycanın yaxınlaşan dövlət müstəqilliyinin əsaslarının formalaşdırılmasına rəhbərlik etdi. Bu tarixçə bir daha sübut etdi ki, böyük tarixi şəxsiyyətlərin həyatı və fəaliyyətinin bütün gedişləri və önəmli məqamları mənsub olduğu xalqın və ölkənin, hətta geniş mənada beynəlxalq münasibətlərin dəyişməsi və inkişaf etdirilməsi, yenidən qurulması ilə üzvi surətdə bağlı olur.

Ümummilli liderin blokada və işğal təhlükəsi şəraitində yaşayan Naxçıvanda siyasi fəaliyyətini davam etdirməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malikdir. Bu hadisəyə XX əsrin səksəninci illərinin sonu və doxsanıncı illərin başlanğıc dövrünün ictimai-siyasi proseslərinin müstəvisindən baxsaq, xalqımızın və ölkəmizin taleyi üçün tanınmış, təcrübəli və səriştəli siyasi liderin nə dərəcədə əhəmiyyətli olduğu qabarıq şəkildə nəzərə çarpar.

Keçən əsrin səksəninci illərinin ortalarından sonuna qədər bir-birini əvəz edən kommunist rəhbərləri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə rəhbərliyindən sonrakı dövrün boşluğunu doldurmaq gücündə ola bilməmişdilər. Doxsanıncı illərin əvvəllərində zamanın dalğasında romantik-idealist simalar kimi görünən AXC–Müsavat iqtidarının nümayəndələrinin isə nə siyasi təcrübəsi və səriştəsi, nə də normal idarəçilik qabiliyyətləri var idi. Sözün böyük mənasında, Azərbaycanın geniş dünyagörüşlü, möhkəm əqidəli, həyatın çətin sınaqlarından çıxmış, ölkəsinə və xalqına bağlı olan güclü dövlət xadiminə ciddi ehtiyacı var idi.

Nə kommunist rəhbərlərin arasında, nə də cəbhəçi bəylərin sıralarında mövcud tarixi şəraitdə ölkəyə rəhbərlik edə biləcək, Sovet İttifaqının dağılması ilə əlaqədar xalqı düşdüyü ağır vəziyyətdən çıxaracaq, ölkəni irəli apara biləcək əhəmiyyətli siyasi fiqur görünmürdü. Vəziyyət isə çox mürəkkəb idi. Sovet dövlətinin dağılması nəticəsində digər keçmiş müttəfiq respublikalar kimi, bəzilərindən isə daha çox Azərbaycan Respublikası çoxcəhətli böhranın dərinləşməsi dövrünü yaşamaqda davam edirdi. Xalqda ölkənin gələcəyinə böyük ümidsizlik yaranmışdı.

Ara-sıra Azərbaycanın parçalanacağı, regionların müxtəlif ölkələr arasında bölüşdürüləcəyi barədə mülahizələr səslənməkdə idi. Üstəlik də çətin blokada şəraiti Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında vəziyyəti daha da çətinləşdirmişdi. Bütün bunlar az imiş kimi, keçən əsrin səksəninci illərinin axırlarından etibarən Azərbaycan iqtidarındakı sol və sağ təmayüllü rəhbərlərin, demək olar ki, mütləq əksəriyyəti Naxçıvan Muxtar Respublikasına ögey münasibət bəsləyirdi. Onlardan bəziləri Naxçıvanı “acı bağırsaq kimi kəsib atmaq”, bəziləri isə muxtariyyət statusunu ləğv etmək barədə bəyanatlarla çıxış edirdilər. Yaranmış boşluqdan istifadə edən Ermənistan tərəfdən də siyasi-hərbi təzyiqlər qüvvətlənməkdə davam edirdi.

Olduqca çətin, mürəkkəb və məsuliyyətli məqamda Heydər Əliyev kimi böyük və zəngin həyat və siyasət məktəbi keçmiş təcrübəli dövlət xadiminin Azərbaycana qayıdışı, taleyin hökmü ilə 22 iyul 1990-cı ildə Naxçıvana gəlməsi, həmin ilin 30 sentyabrında Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə və Mirzə Fətəli Axundzadə adına Naxçıvan şəhər seçki dairəsindən Muxtar Respublikanın Ali Məclisinə deputat seçilməsi geniş mənada xalq arasında ölkənin gələcəyinə böyük ümid qığılcımları yaratmışdı.

Bu mənada, Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə xalqın tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan miqyasında böyük rəğbətlə qarşılanan əhəmiyyətli siyasi hadisə idi. Artıq xalqımız əmin idi ki, ən azı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası bundan sonra daha heç vaxt düşmən caynağına keçə bilməz. Bu hadisə o zamankı Dağlıq Qarabağ ətrafında torpaqların itirilməsi prosesinin tez-tez müşahidə olunduğu ağır bir vaxtda xalqda ölkənin ərazi bütövlüyünün bərpa olunacağına da böyük ümid yaratmışdı.
Ardı...