Professor Asif Rüstəmli - 70

Ədəbiyyatın layiqli sıra nəfəri

Son iki-üç ildə kitabları, imzaları ilə ədəbi mühitdə, cəmiyyətdə yaxşı tanınan, necə deyərlər, üzdə olan filoloqlarımız - ədəbiyyatşünas və tənqidçilərimiz bir-birlərinin ardınca 60 yaşın arxasını yerə vururlar. Yaddaşım məni aldatmırsa, indiyə qədər bu sıradan Azərbaycan MEA-nın müxbir üzvləri Kamal Abdulla və Teymur Kərimlinin, filologiya elmləri doktorları Rəhim Əliyev, Şirindil Alışanov, Kamran Əliyevin (yaddan çıxanlar varsa üzürlü saysınlar!) yubileyləri qeyd olunub. Bəndeyi-həqir də fəal elmi yaradıcılıqdan uzaq düşməsinə baxmayaraq ötən il həmin sıraya qoşuldu.

Bu günlərdə Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun kollektivi və ədəbi ictimaiyyət daha bir tanınmış alimin - filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin 60 illiyini qeyd etməyə hazırlaşır.

Asifin özündən əvvəl imzasını tanımışam. Müxtəlif ədəbi məcmuələrdə, qəzet və jurnallarda əsasən XX əsrin əvvəllərində yaşayıb-yaratmış ədəbiyyat xadimlərimiz haqqında yeni fakt və materiallara əsaslanan məqalələri diqqətimi çəkirdi. Mən də eyni tipli araşdırmalara üstünlük verdiyimdən yazılarını maraqla oxuyurdum. İndi yadımda deyil, kimsə yüksək elmi təhlil səriştəsi ilə seçilən bu yazıların müəllifinin haradasa "montyor", yaxud buna bənzər işdə çalışdığını mənə demişdi. Sonra özünü də gördüm. Ara-sıra Ədəbiyyat İnstitutuna, Əziz Mirəhmədovun, Yaşar Qarayevin, yaxud İslam Ağayevin yanına gəlirdi.

O zaman bir neçə ay idi ki, İnstitutda elmi işlər üzrə direktor müavini vəzifəsində işləyirdim. Direktorumuz, mərhum Yaşar Qarayev yalnız İnstitut deyil, daha geniş miqyasda gənc alimlərlə işi məşğul olacağım prioritet sahələrdən biri kimi müəyyənləşdirmişdi. Ona görə də, digər gənc həmkarlarımla bir sırada Asif Rüstəmli ilə də maraqlanırdım, İnstitutla əməkdaşlığının daha geniş və səmərəli olması üzərində düşünürdüm. İlk tanışlığımız da elə bu zəmində oldu. Dörddə bir əsrdən çox davam edən ədəbi əməkdaşlığımız, səmimi dostluq münasibətlərimiz beləcə başlandı. Bu, səhv etmirəmsə, 1987-ci ilin oktyabr ayında olmuşdu. Növbəti ilin yanvarında isə Asif Rüstəmli artıq müsabiqə yolu ilə Ədəbiyyat İnstitutunun əməkdaşları sırasında yer tutmuşdu.

Həmin dövrdə 36 yaşı və kifayət qədər elmi-ədəbi təcrübəsi olan Asifin ştatdakı yeganə boş yer olan baş laborantlığa razılaşmayacağını düşünürdüm. Əslində bunu etməyə haqqı da vardı. Çünki xidmətləri ilə müqayisədə təklif olunan iş həqiqətən də adekvat deyildi. Lakin Asif üçün öz taleyini elm məktəbi və məbədi saydığı Nizami İnstitutu ilə bağlamaq o qədər daxildən gələn və bütün varlığı ilə can atdığı bir arzu idi ki, o vəzifənin böyük-kiçikliyi, adı və sanbalı barədə əsla düşünmədi və tərəddüdsüz öz qərarını verdi.
Ardı...