Qərbi Azərbaycan tarixi torpağımızdır
Qərbi Azərbaycan deyəndə İrəvan və Gümrü şəhərləri, Vedibasar, Zəngibasar, Göyçə, Dərələyəz, Dərəçiçək, Zəngəzurun Meğri, Gorus, Sisyan, Qafan bölgələri, Ağbaba gözlərimizin önündə canlanır.
Qərbi Azərbaycan tariximizin bir parçasıdır: Ürək ağrıdan, qəlb göynədən parçası. Bu torpaqlarda Dədə Qorqud qopuz çalıb, söz qoşub, igidlərə ad verib, Koroğlu qarı düşmənə daş atıb, Aşıq Ələsgər dağlarımızı, buz bulaqlarımızı, güllü-çiçəkli torpağımızı vəsf edib, oxşayıb, tərənnüm edib.
Qərbi Azərbaycan torpağı Azərbaycan elminə görkəmli şəxslər – ictimai xadimlər, elm, mədəniyyət, ədəbiyyat və incəsənət aləmində öz sözü olan şəxslər bəxş etmişdir.
VII əsr ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının coğrafi mühiti həm də Qərbi Azərbaycanla bağlıdır. Dastanda adı çəkilən Şirökuvən, Altuntaxt, Göyçə gölü oğuz qəhrəmanlarının doğma yurdları olmuşdur və bu ərazilər indi Ermənistan adlanan Qərbi Azərbaycanın ərazisi daxilində yerləşir.
Qərbi Azərbaycanın köklü sakinləri Azərbaycan türkləri olmuş, ermənilər isə xaricdən bu ərazilərərə köçürülmüşdür. Məhz bunun nəticəsidir ki, tarixən, yəni 1991-ci ilə kimi ərazinin toponimlərindən 90 %-dən çoxunu türk mənşəli toponimlər təşkil edirdi.
XIX əsrin əvvəllərindən başlayaraq 1994-cü ilə kimi Qərbi Azərbaycan ərazisində olan türk mənşəli oykonimlərin ,oronimlərin və hidronimlərin adları dəyişdirilərək ermənıləşdırilmiş və ya ruslaşdırılmışdır.
1828-ci ildə bağlanan Türkmənçay müqaviləsinin nəticəsi olaraq ermənilər İrandan, Türkiyədən bu ərazilərə köçürülmüşdür. Bu tarixi faktlar erməni [85] və rus [83] mənbələrində öz əksini aydın şəkildə tapmışdır. Burada yaşayan azərbaycanlılar isə zaman-zaman - 1905-1906, 1918-1920,1948-1953 və 1988-1991-ci illərdə tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar.
Sovet hakimiyyəti dövründə azərbaycanlıların indiki Ermənistandan dövlət səviyyəsində, özü də SSRİ adlanan nəhəng imperiya tərəfindən deportasiyası köçürmə adı ilə həyata keçirilmişdir. SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı, 1948-ci il martın 10-da isə həmin qərara əlavə olaraq qəbul edilən “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 754 saylı qərarlarına əsasən 150 min azərbaycanlı tarixi-etnik torpaqlarından - Ermənistandan deportasiya edilmişdir.
Ardı...
