Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

HƏRB TARİXİMİZDƏ İMZASI OLAN BÖYÜK SƏRKƏRDƏ

Hər bir dövlətin tarxində ordu faktoru həmin dövlətin daxili və xarici siyasətinin güzgüsü hesab olunmuşdur-cəmiyyətin və onun yaratdığı dövlətin orduya olan münasibəti onların öz nüfuzuna, bu gününə və sabahına olan münasibətidir. İstənilən dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri onun Silahlı Qüvvələridir-hər bir ölkənin qüdrəti, beynəlxalq siyasi nüfuzu onun ordusunun döyüş qabiliyyətindən asılıdır. Bu mənada Ulu öndərin “Vətəndaş – Milli Ordu – müstəqillik” triadası mühüm əxlaqi mahiyyət daşıyır-güclü Milli Ordunun yaradılması müstəqilliyin ləyaqət və şərəf işidir. Müstəqilliyin qorunub saxlanılmasında mühüm əhəmiyyət kəsb edən Azərbaycanın hərbi sənaye kompleksinin təməlini qoyan Ulu öndərin müstəqillik konsepsiyasının yaşarlılığı və müasirliyi onun mücərrəd seyrçilikdən uzaq olmasındadır. Ümummilli liderin dövlət quruculuğunun bütün sahələrində olduğu kimi müasir və modern Azərbaycan Ordusunun yaradılmasında da xidmətləri əvəzsizdir-məhz onun fəaliyyəti nəticəsində zamanın sınağından alnıaçıq, üzüağ çıxan milli ordumuz döyüş və mənəvi - psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə etmiş, dünyanın hesablaşdığı orduya, bu gün Azərbaycanı istənilən təcavüzdən qorumağa qadir bir qüvvə kimi günümüzün danılmaz reallığına çevrilmişdir. Bu uğuru Ulu öndərin rəhbərliyi altında azadlıq və müstəqillik ideyalarının tam təmin olunması naminə hazırlanan ordu quruculuğu konsepsiyasının təntənəsi kimi dəyərləndirmək olar. Ümummilli liderin xalqımız üçün qoyduğu zəngin və əvəzsiz irs, ölkəmizin gələcək inkişaf perspektivlərini müəyyənləşdirən çoxcəhətli, fundamental fəaliyyət proqramının əsasını, heç şübhəsiz ordu quruculuğu təşkil edir. Bu istiqamətdəki fəaliyyətin qlobal miqyası ölkəmizin keçmişinin, bugünkü reallıqlarının və gələcəyinin prizmasından olduqca əzəmətli görünür. Bütün dövrlərdə Şərqin uğurlarına qısqanclıqla yanaşan xristian dünyası hər sahədə olduğu kimi hərb sahəsində də dini ayrıseçkilik siyasətinə sadiqlik nümayiş etdirmişdir. Çar Rusiyası dövründə imperiyanın müsəlman xalqları orduda xidmətə cəlb edilmirdilər, yalnız bəy və mülkədar ailələri imperatora sədaqətlərini bildirmək üçün öz uşaqlarının hərbi xidmət keçməsinə könüllü razılıq verirdilər. Bu hal Sovetlər dövründə də davam etmiş və yalnız 1938-ci ildən sonra azərbaycanlıların ümumi hərbi xidmətə cəlb edilməsinə başlanmışdır-ancaq onlar əsasən xüsusi hərbi bilik və hazırlıq tələb etməyən hissələrə-daha çox tikinti batalyonlarına göndərilirdilər. Bu işdə özümüzün də günahı az deyildir-rüşvət müqabilində uşaqlarımızı ya hərbi xidmətdən yayındırır, ya da orduya işçi qüvvəsi kimi göndərirdik. Yalnız II Dünya müharibəsi illərində canlı qüvvəyə olan ehtiyac səbəbindən SSRİ-nin bütün müsəlman xalqları kimi azərbaycanlıların da ön cəbhəyə göndərilməsinə icazə verildi. Ardı...