AKADEMİK MİRZƏ İBRAHİMOV
Azərbaycan xalqının dövlətçilik və ədəbi-bədii fikir tarixində müstəsna xidmətləri olan Mirzə İbrahimovun ömür və sənət yolunu müxtəlif problemlər işığında, özü də ədəbiyyatşünaslıq, tənqid, publisistika, elmi-biblioqrafik janrların imkanları müqabilində uzun illərdir araşdıran, sanballı, yüksək poliqrafik səviyyədə əsərlər nəşr etdirən professor Teymur Əhmədovun elmimiz qarşısında böyük xidmətidir, həm də məktəbidir. Teymur müəllimin digər sahələrdəki fəaliyyətinin ədəbi-mədəni fikir tariximizdəki yerini, çəkisini azaltmadan, onun Mirzə İbrahimov sənətinə və şəxsiyyətinə sabit, dəyişməz ehtiram və sevgisini Mirzə müəllim haqqında nəşr etdirdiyimiz xatirələr kitabının hazırlanması prosesindəki əməkdaşlığımız zamanı görmüşəm.
Mirzə İbrahimovun adı ilə bağlı məktəb böyük milli idealların, kişilik, ustadlıq, sənət-elm amallarının qovuşduğu mənəvi məkandır. Onun görkəmli tələbəsi, yorulmaq bilmədən milli-mədəni tərəqqi yolunda həsəd doğuran gənclik ehtirası ilə çalışan professor Teymur Əhmədovun “Akademik Mirzə İbrahimov” əsəri təkcə bu böyük şəxsiyyətin yaradıcılığı ilə məhdudlaşmır, XX əsr Azərbaycan ədəbi-nəzəri fikrinin əsas inkişaf yönümləri, bu sahədəki dövlətçilik meyarları, hakim siyasi rejimlə ədəbi-mədəni həyatın kəsişən və ayrılan yolları haqqında zəngin faktik materiala söykənən təsəvvür yaradır.
Məlum olduğu kimi, Mirzə İbrahimovun böyük bir epoxanı, özü də mürəkkəb, xalqın taleyi ilə bağlı ziddiyyətli, ağrılı-acılı zaman hüdudlarındakı çoxşaxəli fəaliyyətində sənətin nəzəri məsələləri, milli ədəbi irs, dünya ədəbiyyatı, müasir ədəbi prosesin problemləri xüsusi yer tutur. Geniş oxucu kütləsinə təqdim olunan bu monoqrafiyaya zəngin arxiv materialları, elmi-nəzəri araşdırmalar, xatirələr, ümumən XX əsrin böyük bir dövrünün ədəbi-ictimai gedişatının kontekstində Mirzə İbrahimovun böyük yazıçı olduğu kimi, daşıdığı akademik adına hörmət və ehtiram gətirən bir tədqiqatçı alim, nəzəriyyəçi ədəbiyyatşünas və tənqidçi olduğunu təsdiq edir.
Azərbaycan Milli Elmlər Akademiyası 1945-ci ildə təsis ounarkən ona iki yazıçı həqiqi üzv seçilmişdir. Səməd Vurğun və Mirzə İbrahimov, XX əsr klassiklərini qatı inkarçılıq mövqeyindən dəyərləndirənlər, bu hadisəni hər iki yazıçının ictimai-siyasi nüfuzu ilə bağlamışlar. Bu amilin rolu şübhəsizdir, lakin XX əsr humanitar fikrinin tarixinə nəzər saldıqda görürük ki, Səməd Vurğun və Mirzə İbrahimov məhz 1930-40-cı illərdə milli tərəqqiyə yön verən şəxsiyyətlər idilər.
Ardı...
