Akademik Muxtar İmanov - 70

BÜTÜN YÖNLƏRİ İLƏ AKADEMİK SƏVİYYƏ

Çağdaş ədəbiyyatşünaslığın keçdiyi yolda onu irəliyə aparan, ağırlığını çəkən, elmi-nəzəri fikrə bir hərəkətlilik gətirən tədqiqatçılar var; onların istedadla yazılmış əsərləri, onillikləri aşan ömür və sənət yolu gələcək tədqiqatlar üçün də bir istinad mənbəyidir. Onlar ədəbiyyatşünaslıq elmimizin dünəninə və bugününə fədaicəsinə böyük əmək sərf etmişlər, tərcümeyi-halları ilə, elmi əsərləri, araşdırmaları ilə ədəbi mühitdə sanbal və nüfuz göstəricisi olmuşlar. Siyasi proseslərin ədəbi, elmi mühitə təsir etdiyi, ictimai formasiyaların dəyişdiyi bir zamanda elmi maarifçilik yolunu davam etdirmək, qorumaq alimdən böyük mətanət, səbr və gərgin zəhmət tələb edir. Onların tutduğu bu yol F.Köçərli, Ə.Abid, H.Zeynallı, Ə.Nazim, B.Çobanzadə, F.Qasımzadə, M.C.Cəfərov, H.Araslı, K.Talıbzadə, Ə.Mirəhmədov, Y.Qarayevin tutduğu elmi və maarifçilik yoludur. Bu yolu tutan ədəbiyyatşünaslardan biri də akademik Muxtar Kazımoğludur.

Muxtar Kazımoğlu (İmanov) 1955-ci ilin 28 may günü anadan olub; o zaman bu gün sovet Azərbaycanında yox, mühacirlər arasında xüsusi gün kimi qeyd olunurdu. Bu günün assosiasiyası onun ömürlüyündə izsiz ötüşməyib, onun həyatına və yaradıcılığına da təsir edib, necə deyərlər, milli istiqlal duyğusu onu layiq olduğu yerə gətirib. Onu tanıdığımdan bəri hər zaman cümhuriyyətçi, milli vətəndaşlıq mövqeyini görmüşəm, nəzəri, konseptual araşdırmaları ilə seçilib. 80-ci illərin lap başlanğıcında böyük alim, nəzəriyyəçi M.C.Cəfərovun xeyir-duası ilə elm aləminə qədəm qoyub. Ona görə xeyir-duası deyirəm ki, M.C.Cəfərovun sədrliyilə keçən imtahanda yüksək qiymət alaraq aspiranturaya daxil olmuşuq. Sonrakı dövrdə də elmin çətin yollarında addımlarımızı birgə atmışıq. O, ədəbiyyat nəzəriyyəsi, mən isə Azərbaycan ədəbiyyatı ixtisası üzrə bir yerdə imtahan vermişik. Mənim imtahan qiymətimi ilk dəfə mənə elan olunmazdan əvvəl deyən də Muxtar olmuşdu. Mən imtahan verdikdən sonra imtahan komissiyasının qarşısına keçən Muxtar komissiya üzvlərinin mənə əla qiymət verməklə bağlı qərarına tanıq olmuş və mənə onların fikrinin müsbət olduğunu söyləmişdi. Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olan akademik Məmməd Cəfər Cəfərovun bu seçimi hər ikimizin elmə zəmanətimiz oldu. Doğrudan da biz bundan sonra da bir çox mərhələni birgə addımladıq, bir-birimizə məsləhətlər verdik, yol göstərdik, uğurlarımıza sevindik. O zaman ilk addımlarını atan bir gənc bu gün Azərbaycan humanitar elminin görkəmli nümayəndələrindən biridir; ədəbiyyat nəzəriyyəsi, folklor nəzəriyyəsi, Azərbaycan ədəbiyyatı ilə bağlı fundamental tədqiqatlar müəllifidir. Uzun müddət (beş ilə qədər) Folklor İnstitutuna ləyaqətlə rəhbərlik etmiş, Folklorşünaslıq ixtisası üzrə Dissertasiya Şurasının və Folklor Elmi Şurasının sədri, "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər" jurnalının baş redaktoru olmuşdur. Bir müddət İctimai Televiziya və Radio Yayımları Yayım Şurasının üzvü və sədri olub. Azərbaycanda və Türkiyədə olan bir çox elmi jurnalların idarə heyətinin üzvü kimi çox iş görüb. Bunların arxasında böyük bir intellekt, zəhmət durur. İlk işə başladığı kənd müəllimliyindən filologiya elmləri doktoru, professor Muxtar Kazımoğluna qədər gələn elm yolunda uzun və zəhmətli yaradıcılıq kredosuna bağlı bir alim ömrü durur. Bu ömürün lap başlanğıcından elm yolunda atdığı ilk addımlarının şahidlərindən biri kimi Muxtar Kazımoğlu araşdırmalarını, sanballı elmi məqalələrini yaxından izləmiş, qırx illik fasiləsiz, sabit, gərgin zəhmət və yaradıcılıq uğurları ilə müşahidə olunan elmi fəaliyyətinin yüksəlişinə sevinmişəm. Bu uğurlar, nəhayət, onu halal haqqı olan AMEA-nın həqiqi üzvü adını qazanmağa gətirib çıxardı... Ardı...