Klassik ədəbiyyatın müasir tədqiqatçısı
Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Həşim oğlu Kərimli Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Görkəmli ədəbiyyatşünas, klassik ədəbiyyatımızın məhsuldar tədqiqatçısı 70 yaşının tamamına filologiya elmləri doktoru, professor, akademik, Dövlət mükafatı laureatı kimi gəlib çatıb.
Teymur Kərimli yaradıcılığa şair kimi başlayıb və buna görə də şeiri, xüsusən klassik poeziyanı duymaq qabiliyyəti yüksəkdir. Onun elmi maraq dairəsi çox genişdir. Nizami, Nəsimi, Füzuli, Cavid, Şəhriyar və bir çox başqa klassiklərimizin, eləcə də çağdaş sənətkarlarımızın yaradıcılığına dair dəyərli tədqiqat işlərinin müəllifidir.
Teymur Həşim oğlu Kərimli 1953-cü il oktyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Nürgüd kəndində anadan olub. Orta məktəbi qızıl medalla bitirib. Ali təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində alıb. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxuyub və 1983-cü ildə “Nizamidə tarixin romantik qavrayışı (“Yeddi gözəl” poeması üzrə)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Onun 2003-cü ildə müdafiə etdiyi “Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi” mövzusundakı doktorluq dissertasiyası elmi ictimaiyyətin böyük marağına səbəb olub.
Akademik İsa Həbibbəyli haqlı olaraq yazır: “Teymur Kərimlinin Nizami Gəncəviyə aid tədqiqatlarında bu böyük sənət dühasının əsərləri onun özünəqədərki tarixlə və öz dövrünün tarixi hadisələri və şəxsiyyətləri ilə birlikdə öyrənilmişdir. T.Kərimli qüdrətli sənətkar olan Nizami Gəncəviyə də dahi şair olmaqdan başqa, həm də böyük tarixi şəxsiyyət kimi yüksək qiymət vermişdir”.
vAlim 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2015-ci ildə həqiqi üzvü seçilib. 2010-cu ildə “Heydər Əliyev və klassik ədəbiyyat” araşdırmasına görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olub. Otuz ildən artıq AMEA Ədəbiyyat İnstitutunda çalışan alim institutun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, direktor müavini vəzifələrində çalışıb, iki dəfə bu elmi-tədqiqat müəssisəsinin direktoru vəzifəsini icra edib. O, 2015-ci ildən Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktorudur.
Ardı...
