Türkoloq-alim, akademik Tofiq Hacıyev – 90

Akademik Tofiq Hacıyev

Tofiq İsmayıl oğlu Hacıyev 1936-cı ilin may ayının 1-də Qarabağ mahalında, Cəbrayıl rayonunun Soltanlı kəndində dünyaya gəlmişdir. Orta təhsilini başa vurub 1953-cü ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmuş, xüsusi istedadı, zəhmətkeşliyi ilə müəllimlərinin diqqətini cəlb edən tələbə Universiteti fərqlənmə diplomu ilə bitirərək 1958-ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada saxlanılmışdır. Dünya şöhrətli dialektoloq, akademik Məmmədağa Şirəliyevin rəhbərliyi ilə «Azərbaycan dilinin Cəbrayıl şivəsi» mövzusunda geniş (və məhsuldar) araşdırmalar aparan gənc tədqiqatçı namizədlik dissertasiyasını 1962-cı ildə uğurla müdafiə etmişdir. Tofiq Hacıyev 1962-ci ildən 1967-ci ilə qədər M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda əvvəl müəllim, sonra isə dosent kimi çalışmış, 1968-ci ildə yenidən doğma Universitetə qayıdaraq elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. 1969-cu ildə «XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili» mövzusunda müdafiə etdiyi doktorluq işi öz məzmun-mündərəcəsinə, araşdırılmış dil materialının zənginliyinə, təhlil (və ümumiləşdirmə) yeniliklərinə (və vüsətinə) görə müəllifə böyük şöhrət gətirmiş, çox keçmədən (1971-ci ildə – 35 yaşında) Universitetin yeni yaradılmış Türkologiya kafedrasının professoru seçilmişdir. Ardı...