Akademik Yusif Məmmədəliyev – 120

DÜNYA ELMİNƏ TÖHFƏLƏR VERƏN ALİM

Akademik Yusif Məmmədəliyevin adını orta məktəbdə oxuyarkən kimya müəllimimdən eşitmişdim. Doğrusunu deyim ki, o vaxtdan bəri bu böyük insanı görmək arzusu ilə yaşayırdım. Mənim kimyaçı olmağımın bir səbəbi o dövrdə dövlət səviyyəsində “Kimyalaşdırma” siyasəti getdiyinə görə idisə, digər əsas səbəbi Yusif Məmmədəliyevə olan qiyabi sevgim və ehtiramım idi.

Müharibədən sonra dünyaya gələn digər yaşıdlarım kimi, mən də müharibə illərində bir azərbaycanlının kəşf etdiyi maddənin qələbədə oynadığı rol haqqında əfsanələr eşitmişdim, sonra biləndə ki, bu adam Yusif Məmmədəliyevdir və o, kimyaçıdır, həmin ixtisasa marağım daha da artdı. Deyirlər, ürəkdən arzulayanda Allah adamın bütün istəklərini gerçəkləşdirir və mən BDU-nun kimya fakültəsinə daxil olandan sonra xüsusən Moskvada təhsil aldığım illərdə onun çalışdığı laboratoriyada işləyəndə bu fikrin həqiqət olduğuna inandım. Təəssüf ki, vaxtsız dünyadan köçən Yusif Məmmədəliyevi görmək mənə müyəssər olmadı, o zaman mənim 11 yaşım var idi, ancaq onun toxunduğu avadanlıqlar, işlədiyi otaq, təhsil aldığı auditoriyalar mənə hər zaman bu böyük şəxsiyyəti xatırladıb: məni daha məsuliyyətli olmağa, daha dərindən öyrənməyə, daha çox çalışmağa sövq edib. Doğrusu, tələbə olanda da, aspirantlıq illərində də hesab edirdim ki, o, mənim yanımdadır, işlərimə nəzarət edir, daha yaxşı nəticələr əldə etmək lazımdır. Rektor olandan sonra da həmin hisslər məni tərk etməyib: ən çətin məqamlarda, çıxılmaz anlarda, yaxud həlledici qərar qəbul etmək lazım gələndə akademik Yusif Məmmədəliyevi xatırlayıram: görəsən, indi rektor o olsaydı, nə edərdi?

Bu gün Yusif Məmmədəliyevin 110 illik yubileyinin respublikamızda geniş miqyasda keçirilməsi xalqımızın öz tarixinə, Azərbaycan elminə hörmətinin göstəricisidir, çünki bu şəxsiyyət elmimizin simvolu hesab oluna bilər. Xalqımız Yusif Məmmədəliyev kimi elm xadimləri ilə tanınır və fəxr edir. Belə insanlar Azərbaycan xalqının zəkasını, elmini, mədəniyyətini, daxili mənəviyyatını bütün dünyaya nümayiş etdirir. Yusif Məmmədəliyev əsərləri, ixtiraları ilə Azərbaycan elminin inkişafına, o cümlədən dünya elminə, xüsusən neft kimyası elminə böyük töhfələr verib. Yusif Məmmədəliyevin alimliyi həm geniş nəzəri xarakter, eyni zamanda daha çox əməli, tətbiqi xarakter daşıyır. O, nəzəriyyəni təcrübə ilə birləşdirən, onu tətbiq edə bilən və əməli nəticə götürən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən alim olmuşdur. Akademikin elmi axtarışları böyük ixtiralara, yeni elmi konsepsiyaların yaranmasına gətirib çıxarmışdır. Yusif Məmmədəliyev ixtiraları, tapıntıları, fikirləri Azərbaycanın neft kimyası sənayesində böyük inqilab yaratmışdır. Onun təkcə Azərbaycanın yox, Sovetlər İttifaqı adlanan böyük ölkənin neft kimyası sənayesində misilsiz xidmətləri olmuş və bunlar da neftdən yeni, yüksək keyfiyyətli məhsulların istehsal olunub ölkənin istifadəsinə verilməsinə gətirib çıxarmışdır. Yusif Məmmədəliyevin alimliyinin, elmi xidmətinin, ölkəyə verdiyi faydanın mənası bundan ibarətdir. Görkəmli şəxsiyyət xalqımızın tarixinə böyük alim, maarifçi, təşkilatçı, ictimai-siyasi xadim kimi daxil olmuşdur.

Kimya elminin sistemli inkişafı Azərbaycanda Xalq Cümhuriyyəti dövründə Bakı Dövlət Universitetinin təsis edilməsi (1919), sonralar bu bazada kimya fakültəsinin və Neft-Kimya İnstitutunun yaradılması, Elmlər Akademiyasının formalaşması ilə bağlıdır. Akademik Yusif Məmmədəliyev kimi görkəmli kimyaçının yetişməsi isə Azərbaycan milli kimya məktəbinin yaranmasına gətirib çıxardı. Dərin və hərtərəfli elmi biliyə malik olan, sənayeni və elmi əlaqələndirməyi bacaran bu böyük şəxsiyyətin xidmətləri sayəsində Azərbaycanda neçə-neçə elmi mərkəz və laboratoriyalar, elmi-tədqiqat institutları və təhsil müəssisələri yaradılmışdır

Ardı...