QEYRİ-SƏLİS MƏNTİQ NƏZƏRİYYƏSİNİN BANİSİ
2021-ci il fevral ayının 4-də dünyanın ən məşhur azərbaycanlılarından biri, ABŞ-ın Kaliforniya
Universitetinin fəxri professoru, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər
Akademiyasının fəxri üzvü, dünya şöhrətli alim Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin)
anadan olmasının 100 illiyi tamam olur.
Professor Lütfi Zadə, yalnız elmi və fəlsəfi düşüncəyə deyil, həm də texnoloji inkişafa təsir
edən və təsir göstərəcək vacib fikirləri ortaya qoyan və irəli sürən dahi bir şəxsiyyətdir.
Lütfi Zadə 4 fevral 1921-ci ildə Bakının Novxanı kəndində, jurnalist Rəhim Ələsgərzadə və
həkim-pediatr Fanya Koremanın ailəsində dünyaya gəlib. O, ilk təhsilini Bakı şəhərindəki 16 nömrəli
rusdilli məktəbdə almışdır. 1931-ci ildə ölkədə yaranmış ağır iqtisadi vəziyyətlə əlaqədar Lütfi Zadə
ailəsi ilə birlikdə Tehrana köçür. O, Tehrana köçdükdən sonra təhsilini amerikalıların Alborz
missioner məktəbində davam etdirir. Orta təhsilini tamamladıqdan sonra Tehran Universitetinin
Elektrik mühəndisliyi fakültəsinə daxil olur və 1942-ci ildə həmin fakültəni uğurla bitirir. 1944-cü
ildə Lütfi Zadə Amerika Birləşmiş Ştatlarına gəlir və təhsilini Massaçusets Texnologiya İnstitutunda
davam etdirir. 1946-cı ildə mühəndis-elektrik ixtisası üzrə magistr diplomunu aldıqdan sonra
Kolumbiya Universitetinin doktoranturasına daxil olur. Lütfi Zadə, ona doktorluq dərəcəsini almağa
ilham verən müəllimi, professor Ernst Adolf Gilyemin ilə birgə elmi tədqiqat aparır və 1949-cu ildə
dissertasiya müdafiə etdikdən sonra mühəndislik bölməsində assistent olaraq çalışmağa başlayır.
Kolumbiya Universitetində Lütfi Zadə elektromaqnit sahə nəzəriyyəsi, dövrə analizi, sistem
nəzəriyyəsi, məlumat və ardıcıl maşınlar nəzəriyyəsindən mühazirələr oxuyur. 1950-ci ildə dosent,
1957-ci ildə isə professor elmi adlarına layiq görülür, daha sonra məşhur alim, "kibernetikanın atası"
hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya köçür və 1959-cu ildən ömrünün sonuna
kimi Kaliforniyanın Berkli Universitetində professor vəzifəsində çalışır. O, 1963-1968-ci illər ərzində
həmin universitetin "Kompüter elmləri və elektrik mühəndisliyi" kafedrasına rəhbərlik edir. Çalışdığı
dövrdə və sonralar bu kafedra "Elektron texnikası və kompüter elmləri" kafedrası kimi fəaliyyətini
davam etdirir.
Ardı...
