Əməkdar incəsənət xadimi Barat Vüsal - 75

Barat Vüsalla «Ruh gəmisi»ndə

Azərbaycanda şeirsevərlər arasında Barat Vüsalı tanımayan yoxdur,-desəm, heç də səhv etmərəm. Kifayət qədər təbliğ olunan və kifayət qədər nəşr edilən Barat Vüsal sözün əsl mənasında istedadlı bir şairdir. O, düz iyirmi ildir ki, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialına rəhbərlik edir, Əməkdar İncəsənət Xadimidir. Qazax rayonunun Kosalar kəndində yaşayır və əsl kəndçi ömrü yaşayır. Və burda Baratın yurddaşı Nizami Cəfərovun sözlərini xatırlayıram: «Sənin yaradıcılığını «Şairlər vətəni»ni tərk edib Bakıda məskunlaşan hər hansı şairin yaradıcılığı ilə müqayisə etsək, geri qalmazsan. Və sən yalnız doğma yurda etibarlılığınla yox, Azərbaycan poeziyasının geniş miqyasında görünməyinlə də seçilirsən».

Bu yazını qələmə almaya da bilərdim, çünki kifayət qədər təbliğ olunan Baratın bəlkə də mənim onun şeirləri barədə fikir və mülahizələrimə ehtiyacı yoxdur. Maşallah, onun haqqında zəmanəmizin böyük yazıçısı İsa Hüseynov fikir söyləyib, MEA-nın müxbir üzvü Nizami Cəfərov söz deyib. Hələ Xalq şairi Nəriman Həsənzadəni demirəm. Gözəl tənqidçi Rüstəm Kamal Barat Vüsalın «yüksəklik sevdası»ndan söz açıb. Əjəba, bundan sonra deməyə bir şey qalırmı? Əlbəttə, hərənin öz fikri…Biz də Baratın şeirləri ilə bağlı bəzi mülahizələrimizi onun təzəjə çapdan çıxan «Ruh gəmisi» kitabından əsirgəməyəcəyik. Amma «Ruh gəmisi»nin sərnişini olmamışdan əvvəl Barat Vüsalın müxtəlif illərdə nəşr olunan «Ürəyimdən bir çay axır», «Yolumuz eşqə bağlıdı», «Ömür bitər, yol bitməz», «Qazaxda yaşadım mən öz ömrümü» kitablarına da bir «səyahət» edib bəzi ümumi mülahizələrimizi söyləyək.

Barat Vüsal kitabdan kitaba öz şair fərdiyyətini hifz edən bir şairdir və eyni zamanda, kitabdan kitaba bir az da irəliləyən, inkişaf edən şairdir. Olsun ki, on ildən sonra o, əvvəlki mövzusuna bir də qayıdır və hiss olunur ki, təzə söz deməyə can atır və deyə bilir. Barat Vüsal pıçıltı şairi deyil, hətta ən həzin şeirlərində də Baratdakı poetik enerji SƏS üzərində qurulub və bu fikri söyləyərkən, mən onu qətiyyən tribun şair kimi qələmə vermək istəmirəm. SƏS fikrin daha inamla və cəsarətlə söylənməsinə köklənir və bu məqamda mən həmkarım Rüstəm Kamala haqq qazandırıram ki: «Barat Vüsal poeziyasının maraqlı əlaməti-təbiiliyi və şair çılğınlığıdır. Poetik nitqi sərbəstdir və bu sərbəstlik öz gücünü danışıq dilinin informasiyasından alır».



Ardı...