Birinci Türkoloji Qurultayın tarixi missiyası
Birinci Türkoloji Qurultay (26 fevral - 5 mart 1926-cı il), heç şübhəsiz, "xalqlar həbsxanası" olan Rusiyada sosialist inqilabının qələbəsi, məzlum millətlərin öz müqəddəratını təyin etmək hüququnun elanı, demokratik islahatlara başlanılması ehtiyacının nəticəsi idi. Və onun arxasında SSRİ - sovet hakimiyyəti kimi hər cəhətdən yeni (eksperimental), iddialı, eyforik bir ictimai, siyasi və ideoloji qüvvə dayanırdı.
Qurultayın ilk təntənəli iclasını açan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu giriş sözünə belə başlamışdı:
"Yoldaşlar, birbaşa məsələyə keçməzdən əvvəl sizə məlumat verməliyəm ki, əvvəlcə xan istibdadı və məsuliyyətsiz feodallar sistemi, daha sonra isə rus mütləqiyyəti tərəfindən incidilən Azərbaycan ilk dəfədir ki, tarixi fəaliyyət səhnəsinə taleyini öz arzularına uyğun şəkildə qurub-yaradan azad xalq kimi qədəm qoyur. Və əgər azərbaycanlılar, türkmənlər, özbəklər, keçmiş Romanov imperiyasının bütün kiçik xalqları mövcud olmağa, düşünməyə, asudə nəfəs almağa başlamışlarsa, bu, Böyük Oktyabr inqilabının iradəsilə baş verib. Bu inqilabın başçılarının, ilk növbədə, onun dahi təşkilatçısı olan Ulyanov Lenin yoldaşın xatirəsini yad etmədən biz tarixi əhəmiyyəti olan heç bir işə başlaya bilmərik".
Qurultay nümayəndələri ayağa qalxıb V.İ.Leninin xatirəsini yad etdikdən sonra S.Ağamalıoğlu nümayəndələrə Azərbaycan fəhlə və kəndlilərinin, bütün Azərbaycan xalqının salamlarını çatdırmış, əsrlərlə mürgüləmiş qoca Şərqin artıq oyandığını, Şərq xalqlarının öz müqəddəratlarını təyin etmək uğrunda mübarizəyə qalxdıqlarını qeyd edərək demişdir:
"Əvvəllər "qeyri-tarixi", əsarətdə olan, indi isə qüdrətli inqilabın həyata qaytardığı, canlandırdığı çoxmilyonluq xalqların tərəqqisi, həqiqətən də, bəşəriyyətin gələcək azadlıq hərəkatının möhtəşəm qüvvəsidir. Sovet ölkələrinin həyatlarını sovet qanunları, sovet iqtisadiyyatı, elmin işıqlandırdığı sovet mədəniyyəti əsasında, düzgün quran türk-tatar xalqlarının bununla Şərqin hələ də oyanmaqda olan əsarət altındakı xalqlarının oyanışı üçün stimul yaratdıqlarını söyləsəm, heç də mübaliğə olmaz. Lakin Qurultayın önəmi təkcə bunda deyil; o, türkoloji elmin ədəbiyyatına qiymətli töhfə verəcək ki, bu da bəşəriyyətin inkişaf tarixində öz izini qoymalıdır".
