Çingiz Əlioğlu – çərçivənin çərçivəsizliyi, yaxud çərçivəsizliyin çərçivəsi
Suyun çərçivəsi buzdur, ancaq əriyənə qədər... Və buxarlanana qədər...
Çingiz Əlioğlunun poeziyası da su kimidir, onu ancaq uca dağların başında
çərçivəyə salmaq, enini-uzunu ölçmək olar. Elə ki, əridi, yaxud buxarlandı, gərək
təzyiqini ölçəsən... Və bir də enerjisinin miqdarını...
Önümdə lümlüt sükut,
Axır çılçılpaq bulaq.
Suda cilvə şıltaqlıq,
Sükutda işvəyə bax.
Seyr elə təbiəti,
Gümüldəşən bulağı.
Sükutda qız ülfəti,
Suda övrət qılığı...
Çingiz Əlioğlunu ilk dəfə min doqquz yüz yetmiş yeddinci ildə Bakının indi
heç cür xatırlaya bilmədiyim kiçik bir parkında şeir oxuyanda görmüşəm. Əvvəl iki
rus şairi və ya rusca yazan iki şair şeir oxudu. Əl çaldılar. Dinləyicilərin çoxu parka
yığışmış yaşlı ruslar idi. Biz –qəbul imtahanına gəlmiş üç-dörd kənd uşağı əl
çalmadıq... Sonra Çingiz Əlioğlu ana dilində, ancaq adət etmədiyimiz bir intonasiya
ilə şeirlərini oxudu. Və mən kəndçilərimə dedim ki, gəlin bərkdən əl çalaq, hər halda
öz dilimizdə yazır... Necə alqışladıqsa, dönüb təəccüblə bizə baxdılar... Çingiz
Əlioğlu həvəslənib bir-iki şeir də oxudu. Hər şeirdən sonra alqışlarımızı,
əksəriyyətin etirazına baxmayıb, patriarxal stixiyamızla təkrar elədik. Şairlər
səhnədən düşəndə Çingiz Əlioğlu bizə yaxınlaşdı, “mən Çingiz Əlioğluyam, siz də
şeir yazırsınız?” deyə soruşdu... Və key-key baxdığımızı görüb əlavə elədi:
–Mən “Gənclik” nəşriyyatında işləyirəm, buyurun gəlin... Çox sağ olun!..
Orta məktəbi qurtarıb ilk dəfə Bakıya ali məktəbə sənəd verməyə gəlmiş kənd
uşaqlarına nə nəşriyyat lazım idi, nə də Çingiz Əlioğlu...
Gülümsündü... Və getdi...
Mən Universitetin filologiya fakültəsinə daxil oldum. Kəndçilərimin hərəsini
həyat bir yana atdı... Ədəbi aləmlə ilk tanışlığımda üç adın adətən yanaşı çəkildiyini
gördüm: Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı və Çingiz Əlioğlu... Sonralar onları
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası
Çingiz Əlioğlu - 80
da, tale necə birləşdirmişdisə, o cür də hərəsini bir yana atdı. Müxtəlif üslublar,
yaradıcılıq maneraları üzərində kökləndilər. Ancaq bu bir həqiqətdir ki, hər üçü
müasir Azərbaycan poeziyasında ən nihilist mövqedən belə danılması mümkün
olmayan iz qoydular.
Ardı...
