Şair, tərcüməçi Əli Kərim - 95

Əli Kərim poeziyasında XX əsrin böyük elmi kəşflərinin əksi

Əli Kərimin poetik irsi həmişə dərin siqlətli ideya və fikirlə yüksək bədii formanın vəhdəti ilə diqqəti cəlb etmişdir. Sağlığında da, ölümündən əlli ildən artıq bir vaxt keçdikdən sonra da vəziyyət dəyişməyib: şairin təkraredilməz şeir dünyası bu gün də oxucuların estetik zövqünü oxşamaqda, onları mənən zənginləşdirməkdədir.

Fərdi intellektual üslub, ən adi həyat hadisələrindən, detallardan çıxış edərək bədii-fəlsəfi ümumiləşdirmələr aparmaq, yaratdığı obrazlar, təşbihlər vasitəsi ilə həyatda, təbiətdə baş verənlərin mahiyyətinə, ilk baxışda gözə görünməyən daxili aləmə varmaq bacarığı onun şeirlərinin səciyyəvi xüsusiyyətləridir. Professor Yaşar Qarayev Əli Kərimin həyat həqiqətlərini, gizlinlərini, dərin mənaları poetik əsərin materialı etmək üsulu, elmi-intellektual, fəlsəfi yanaşımı barədə yazır: “Biz burada sübhün və şəfəqin, səhərin və təbəssümün, büllur və “mavi” bir nəğmənin əyaniləşən, detala çevrilən surəti ilə rastlaşa bilirik. İşıq şüası boşluqda yalnız müəyyən bir predmetə, cismə dəyib sınanda, parçalananda əks oluna, görünə bildiyi kimi, Əlinin sənətkarlığı, təsvir və ifadə gücü də məhz belə detallarda, simvollarda və predmetlərdə əks olunur. Ümumiyyətlə, hər şeyi canlandırmaq, əyaniləşdirmək, bədii detala, rəmzə çevirib təsvir etmək bu şeirlərin əsas üslubi xüsusiyyətini təşkil edir”.

Qeyd etmək istəyirik ki, ədəbiyyatımızın görkəmli nümayəndələri dövrünün biliklərinə mükəmməl sahib olan, yüksək intellektual səviyyəli sənətkarlar olmuşlar (Burada poeziyanın yüksək intellektual səviyyəyə ucalmasında böyük xidmətləri olan Xaqani, Nizami, Nəsimi, Füzuli kimi şairləri xatırlamaq yerinə düşür).

XX əsrdə, xüsusilə də Əli Kərimin novator sənətkar kimi yaşayıb yaratdığı 50-60-cı illərdə həyat həqiqətlərinə əsrin elmi səviyyəsindən baxmaq istəyi xüsusi əhəmiyyət daşımış və bu proses intensivliyi ilə seçilmişdir. Ümumiyyətlə, XX əsrin, xüsusilə 50-60-cı illər və sonrakı dövrlər Azərbaycan poeziyasının böyük əhəmiyyətə malik xüsusi missiyasını nəzərə çatdırmaq istərdik: Şeir bir tərəfdən dərin mənaları, əsrin tərəqqi və təzadlarını, elmi-fəlsəfi qənaətləri ifadə edirdi, digər tərəfdən, əsərlərin dili milliləşir, ərəb-fars söz və ifadələrindən təmizlənirdi. Bu proses ilk baxışda təzadlı görünür, lakin bununla bərabər, şairlərimizin xidmətini daha da qabarıq nəzərə çatdırır. Məsələ orasındadır ki, ənənəvi olaraq dini, ictimai, elmi, fəlsəfi və s. anlayış və terminlər ədəbi dilimizdə əsasən ərəb-fars sözləri ilə ifadə olunurdu. Ərəb-fars sözlərini maksimum azaldaraq, dili milliləşdirərək yeni dövrün elmi səviyyəsinə yüksələ bilməsi XX əsr Azərbaycan poeziyasının danılmaz böyük xidmətidir. Əli Kərim yaradıcılığında bu proses xüxusilə intensiv getmiş, əsrin böyük kəşfləri - Albert Eynşteynin nisbilik nəzəriyyəsi, nüvə silahının icad edilməsi, kosmosun fəthi onun poetik təfəkküründə, yaratdığı obrazlarda əksini tapmışdır.



Ardı...