Dönməz və döyüşkən ruhlu şair
Valideynləri Cənubi Azərbaycanın Ərdəbil vilayətinin Çanaxbulaq kəndindən
olan Əli Tudə 1924-cü il yanvarın 31-də Bakı şəhərində dünyaya göz açmışdır.
Nakam tale Əlini çox erkən yaşlarında gözüyaşlı qoymuş, bir yaşında atası, beş yaşı
olanda isə anası dünyadan köçmüşdür. Bundan sonra Əli nənəsi Qəribin himayəsi
altında böyümüşdür. Şəhadətnamədə adı Heydər, soyadı isə Rzazadə yazılan balaca
Əli 1931-ci ildə keçmiş Sovet küçəsindəki “Bədəlbəyin məktəbi” deyilən 1 nömrəli
məktəbdə oxumağa başlayır. 4-cü sinifdə 150 nömrəli məktəbdə təhsilini davam
etdirir.
12 yaşında ovaxtkı Bakı Mərkəzi Pionerlər Evinə gələrək sarayın nəzdində şair
Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinə üzv yazılır.
1938-ci ildə
Pionerlər evinin almanaxında “Oktyabr rayonu 150 nömrəli məktəbin yeddinci sinif
tələbəsi Heydər Rzazadə” imzası ilə Əlinin iki şeiri şəkli ilə birgə çap edilmişdir. Bu
imza ilə 1937-ci ildə onun “Sovet Konstitusiyası” şeiri “Kommunist”, “Vətən
nəğməsi” şeiri isə “Yeni yol” qəzetlərində dərc olunmuşdur.
1938-ci ildə Bakıdan “iranlı” adı ilə Cənuba sürgün edilmiş şair yeniyetməlik
dövründən inqilabi hərəkata qoşulmuşdur. O, yenidən dirçəlməyə başlamış milliazadlıq hərəkatında fəal mübariz kimi vuruşmuşdur. İranda əvvəl Tudə (xalq – red.),
sonra isə Demokrat partiyalarının fəal üzvlərindən biri olan Əli Tudə təkcə şair kimi
yox, həm də Milli Hökumətin dövlət xadimi kimi ad-san qazanmışdır. Maarif
Nazirliyinə şöbə müdiri təyin edilən Əli Tudə ana dili dərslik kitablarının tərtibində
və çapında xüsusi rol oynayır. Sonra isə dövlət filarmoniyası yaradır və onun ilk və
son müdiri olur. O, hökumətin “21 Azər” medalı ilə təltif edilmişdir. Məhz elə bu
zaman 22 yaşlı Əlinin alovlu misraları ilə dolu kitabı Təbrizdə Azərbaycan dilində
çapa hazırlanmışdı. Lakin Milli hökumət süquta uğradığından kitab mətbəədəcə
yandırılmışdır.
Ardı...
