Əsrin müqaviləsi - 30

“Əsrin müqaviləsi” beynəlxalq əhəmiyyətli hadisədir

Heydər Əliyev: “Əsrin müqaviləsi” və onun icrasının 5 illik tarixi, əldə olunmuş gözəl nailiyyətlər müstəqil Azərbaycanda hüquqi demokratik, dünyəvi dövlət quruculuğu prosesinin bəhrəsidir, Azərbaycan dövlətinin düşünülmüş daxili və xarici siyasətinin nəticəsidir, Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, ölkəmizin dünya iqtisadiyyatı ilə inteqrasiyası və Azərbaycan dövlətinin respublikamıza xarici sərmayələrin cəlb edilməsi sahəsində apardığı ardıcıl siyasətin nəticəsidir”.

1991-ci il oktyabrın 18-də müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının qarşısında bir neçə başlıca vəzifə dururdu: birincisi, öz suverenliyini, dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq, Dağlıq Qarabağ problemini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etmək, ikincisi,dünya birliyi tərəfindən müstəqil, hüquqi, demokratik bir dövlət kimi tanınmaq, dünya birliyinin layiqli bir üzvünə çevrilmək, üçüncüsü isə, mövcud iqtisadi potensialdan istifadə etməklə bazar iqtisadiyyatı prinsipləri əsasında öz iqtisadi inkişafını təmin etmək və iqtisadiyyatı müasir tələblər səviyyəsində modernləşdirmək, Azərbaycan xalqına layiqli həyat şəraiti yaratmaq.

Yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının iqtisadi potensialı onun əhalisini lazımi səviyyədə yaşatmağa və iqtisadiyyatın aparıcı sahələrini müasir dünya standartları səviyəsində qurmağa kifayət edərdi. Lakin müstəqilliyin dadını təzə-təzə hiss edən Azərbaycan Respublikası qonşu Ermənistan ilə ədalətsiz müharibəyə sürükləndi, böyük maddi və mənəvi itkilərə məruz qaldı, onun torpaqlarının 20 faizindən çoxu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu və əhalisinin bir milyondan çoxu qaçqın və köçkün vəziyyətinə düşdü. Azərbaycan Respublikası 1990-93-cü illərdə artıq tam iqtisadi və siyasi böhran həddinə gəlib çatmışdı. O, öz dövlət müstəqilliyini möhkəmləndirmək, iqtisadiyyatı yenidən qurmaq və modernləşdirmək, neft sənayesinə xarici kapital cəlb etmək üçün təcili olaraq bu və ya digər xarici dövlətlərlə iqtisadi və siyasi əlaqələr qurmalı idi. Belə bir zamanda,Azərbaycan Respublikası Xəzərin neft və qaz ehtiyatlarının xarici şirkətlərlə birgə işlənməsi yolunu tutdu. Bu yolla Azərbaycan həm xarici şirkətlərdən yardım almaqla öz iqtisadiyyatını qurmaq, həm də həmin şirkətlərin aid olduğu dövlətlərin siyasi dəstəyini almaqla Qarabağ probleminidə həll etmək və işğal olunmuş ərazilərini geri qaytarmaq, dövlət müstəqilliyini daha da möhkəmləndirmək məqsədini güdürdü.

Aparıcı Qərb şirkətləri Azərbaycanın dəniz neft yataqlarının işlənməsinə hələ 1989-cu ildən həvəs göstərirdilər.Bir qədər sonra, 1990-cı ildə dənizdəki “Azəri”neft yatağının işlənməsi üçün ilk tender elan olundu. Lakin Azərbaycanın o vaxtkı rəhbərliyi dövlət müstəqilliyinə o qədər də inanmadığı və Moskvanın diktəsi ilə işlədiyi üçün bu siyasət həyata keçmədi.