ƏQİDƏ VƏ MƏNƏVİYYAT ADAMI
Bu gün Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, "Əməkdar jurnalist", professor Hikmət Babaoğlunun ad günüdür.
Qədim dövr Çin filosof - mütəfəkkiri Konfutsi qeyd edir ki, ömür yoldur, o, qət etdikcə zənginləşir. Hər bir insanın ömür yolu onun yaratdığı həyat nümunəsidir. Hikmət Babaoğlu, sözün əsl mənasında, ömür yolunu addım-addım qət etdikcə zənginləşdirən vətənpərvər şəxsiyyət və ləyaqətli ziyalıdır. Hikmət müəllimi yaxından tanıyanlar, onunla həmsöhbət olanlar yaxşı bilirlər ki, o, müəllim təfəkkürü ilə yaşayan, öyrənmək və öyrətmək prinsipi əsasında hərəkət edən ziyalıdır. Əlbəttə, müəllim ailəsində yetişən bir şəxsiyyətin həyat kredosunun bir ziyalı kimi insana, cəmiyyətə və xalqa fayda vermək prinsipinə əsaslanması təsadüfi deyil. Hikmət müəllimin həm elm adamı, həm publisist, həm də ictimai-siyasi xadim kimi fəaliyyəti məhz bu məqsədə xidmət edir, ictimai faydalılıq meyarına söykənir.
Hikmət Babaoğlu hər şeydən əvvəl, əqidə - mənəviyyat adamıdır. Vətəninə, xalqına, dövlətinə bağlılığı ilə seçilir. O həm də müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqət nümunəsi ortaya qoyan prinsipial siyasətçi və vətənpərvər şəxsiyyətdir. Hikmət müəllimin ictimai-siyasi fəaliyyətinə nəzər salanda görürük ki, bu, milli-mənəvi dəyərlərin yaşadılması və təbliği, milli maraqların qorunması, ictimai həmrəyliyin gücləndirilməsi, vətənpərvər gəncliyin yetişməsi kimi məqsədlərə xidmət edir.
Hikmət Babaoğlu Milli Məclisin deputatı kimi bu günə qədər ölkəmizdə qanun yaradıcılığı prosesində, hüquqi bazanın formalaşdırılmasında, qanunvericiliyin təkmilləşdirilməsində yaxından iştirak edib və çox fəal rol oynayıb. O, parlamentin fəal və seçicilərin rəğbətini qazanmış deputatlarından biridir desək, qətiyyən yanılmarıq.
