USTAD ŞAİRƏ DOST TƏBRİKİ
Ağır cərrahiyyə əməliyyatından çıxmışdım. Ev şəraitində müalicə olunurdum. Oğlum həftənin qəzetlərini gətirmişdi. "Ədəbiyyat" qəzetini oxuyanda gözüm bir xəbərə sataşdı: "Azərbaycan Yazıçılar Birliyində ustad şairimiz İlyas Tapdığın 75 illiyinə həsr olunmuş yubiley məclisi keçiriləcək". Xəbəri oxuyan kimi ürəyimdən bir sızıltı keçdi. Qırx ilə yaxındır ki, çox yaxından tanıdığım, qayğısını gördüyüm, şəxsiyyətinə və yaradıcılığına dərin hörmət bəslədiyim, boynumda halal haqqı olan, gəncliyin yaradıcılıq uğurlarına ürəkdən sevinən və onları sevə-sevə təbliğ edən, uzun illər ərzində heç vaxt uğurumu diqqətdən qaçırmayan şair dostum İlyas Tapdıq haqqında onun məclisində söz demək fürsətini xəstəliyimlə bağlı təbiət mənim əlimdən almışdı. Sevinc, kədər qarışıq kövrək duyğular içində xəyala getdim: Zəlimxan, ağrılar imkan verməsə də, bu imkansızlıqda imkan tapıb ağsaqqal şairimiz İlyas Tapdıq haqqında kürsüdən deyə bilmədiyin sözləri qələmə pıçıldayıb varaqlara deməlisən. Belə də oldu.
Əsərləri dünyanın bir çox aparıcı dillərinə tərcümə olunan, kitabları keçmiş SSRİ məkanında kütləvi tirajlarla nəşr olunan, ömrü boyu sazımızın-sözümüzün keşiyində dayanan, ustad aşıqlarımızın dostu, gənc şairlərin qayğıkeş ağsaqqalı olan, "Gədəbəydədir" qoşmasıyla doğulduğu torpağın himnini yazan, bir uşaq saflığından yaranmış uşaq şeirləriylə balalarımızın mənəvi dostuna çevrilən bir şair haqqında ürək sözü demək hər bir qələm adamı kimi mənim üçün də olduqca xoşdur.
Ardı...
