Konstitusiya və Suverenlik İli - 2025

KONSTİTUSİYA VƏ SUVERENLİK: HEYDƏR ƏLİYEV SİYASİ İRSİNİN TƏMƏL SÜTUNLARI

Azərbaycan Prezidentinin Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli”ndə ictimaiyyətin diqqət mərkəzində dayanan ən aktual mövzulardan biri Azərbaycanın dövlətçilik tarixində Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, onun müstəqillik və suverenlik yolunda misilsiz xidmətləri ilə bağlıdır.

Hər bir xalqın müstəqillik və suverenlik uğrunda, işıqlı gələcək naminə apardığı şərəfli mübarizə yolu vardır. Tarixi inkişafın müxtəlif mərhələlərində Şirvanşahlar, Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Əfşarlar kimi dövlətlər və imperiyalar quran xalqımız xarici təcavüz və işğallara məruz qalsa da, öz zəngin dövlətçilik ənənələrini, mənəvi dəyərlərini, milli kimliyini qoruyub saxlamış, nəsildən-nəslə ötürmüş, azadlıq və müstəqillik arzularını gerçəkləşdirməkdən çəkinməmişdir. 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki il yaşamasına və bolşevik işğalı nəticəsində süquta uğramasına baxmayaraq, müasir, milli suveren dövlət qurmaq, onun idarəçilik, müdafiə, təhlükəsizlik institutlarını formalaşdırmaq, ölkənin beynəlxalq əlaqələrini təşkil etmək ənənəsini yaratmışlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1995-ci il mayın 27-də Respublika Günü münasibətilə keçirilən təntənəli yığıncaqda demişdir: “Ən böyük nailiyyət, tariximizə yazılmış qızıl səhifə ondan ibarətdir ki, çoxəsrlik tariximizdə ilk dəfə Azərbaycan xalqı dövlət müstəqilliyini əldə edə bilmişdir, müstəqillik əhvali-ruhiyyəsini hiss edə, dərk edə bilmişdir, müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq duyğularını dərk edə bilmişdir”.

Təəssüf ki 1990-cı illərin əvvəllərində SSRİ dağılarkən və keçmiş müttəfiq respublikalar müstəqillik əldə etmək imkanı qazanarkən Azərbaycanda AXC-Müsavat iqtidarı keçmişin təcrübəsindən və acı dərslərindən nəticə çıxara bilmədi.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilməsinə baxmayaraq, iqtidarda olan qüvvələr qarşılarında duran vəzifələri yerinə yetirmədilər. Ölkə daxilində anarxiyanın baş alıb getməsi, hakimiyyətin müxtəlif qruplar tərəfindən idarə olunması dövlət suverenliyinin oturuşmasını və müstəqil siyasət yürüdülməsini mümkünsüz hala gətirmiş, yaşanan hərc-mərclik ölkəni sanki feodal pərakəndəliyi dövrünə qaytarmışdı. Ali hakimiyyət müxtəlif qruplar tərəfindən idarə olunurdu, Qarabağ və Şərqi Zəngəzur Ermənistanın işğalı altına düşmüşdü, ölkə parçalanma həddinə çatdırılmışdı. İstər XX əsrin əvvəllərində, istərsə də sonunda Azərbaycan öz müstəqilliyinə qovuşmaq imkanı qazandığı dönəmlərdə cərəyan edən proseslər göstərdi ki, bir dövlət üçün müstəqillik və suverenlik yolunda həlledici amillərdən biri də real şəraiti düzgün qiymətləndirməyi, dövlətin bütün resurslarını vahid məqsəd uğrunda səfərbər etməyi bacaran, geniş dünyagörüşlü, möhkəm əqidəli, həyatın çətin sınaqlarından çıxmış, ölkəsinə və xalqına bağlı olan, vətənpərvər və güclü liderin mövcudluğudur. Buna görə də, 1980-ci illərin sonları – 1990-cı illərin əvvəllərində Azərbaycan yenidən müstəqilliyinə qovuşmaq fürsəti əldə edərkən, məhz Ümummilli Lider Heydər Əliyev faktoru xalqımızın suverenlik və müstəqillik arzularının gerçəkləşdirilməsində həlledici amil olmuşdur.

Liderlik - gördüyü işlər sayəsində qazanılmış böyük nüfuza, yüksək təşkilatçılıq və idarəçilik bacarığına malik olan, hadisələrin gedişini dəyişdirməyi və istiqamətləndirməyi bacaran, müdriklik, uzaqgörənlik, qətiyyət və prinsipiallıq kimi keyfiyyətləri özündə birləşdirən xarizmatik şəxsiyyətlərə məxsus xüsusiyyətdir. Tarixi şəxsiyyət, böyük lider olan Heydər Əliyev respublikamıza rəhbərliyinin birinci dövründə öz fəaliyyəti və qəbul etdiyi qərarlarla xalqımızın istiqlal duyğularını, milli dövlətçilik düşüncəsini inkişaf etdirmiş, əsrin sonlarına isə müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuş, banisi olduğu bu dövlətin yüksəlişini, onun müstəqilliyinin əbədiliyini və dönməzliyini təmin etmişdir.

Ardı...