Azərbaycan Milli Mətbuatı - 150

Azərbaycan Milli Mətbuatı : 150

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür. Ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı-qəzet və jurnal fəaliyyət göstərir.

Müstəqillik illərində müasir KİV sisteminin aparıcı qolunu təşkil edən müstəqil radio və televiziya kanalları yaranmış, geniş informasiya məkanında öz yerlərini möhkəmləndirməyə nail olmuşlar. Bu dövr, həmçinin müstəqil informasiya agentliklərinin, internet informasiya portallarının yaranması və strukturlaşması dövrü kimi xarakterizə olunur.

Bütün Sovet Sosialist Respublikası İttifaqında (SSRİ) başlayan yenidənqurma havası Azərbaycan da ictimai mühitə kəskin təsir göstərdi. Millətin dirçəliş dövrü kimi tarixdə qalan 1989-cu ildə "Azərbaycan" qəzeti yaradıldı. Müstəqil mətbuatın qaranquşları hesab edilən "Səhər" qəzeti 1989-cu ilin 4 avqust tarixində və "Azadlıq" qəzeti 1989-cu ilin 24 dekabr tarixində işıq üzü gördülər. "Səhər"ə tanınmış jurnalist Məzahir Süleymanzadə, "Azadlıq"a tanınmış jurnalist Nəcəf Nəcəfov rəhbərlik edirdilər.

1990-cı ildə "Zerkalo", "Səs", 1991-92-ci illərdə "Yeni Müsavat", "İki Sahil", "525-ci qəzet", "Yeni Azərbaycan" qəzetləri nəşr olunmağa başladı.

Milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı.

Ulu Öndərin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı uzun illər senzura şəraitində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin sərbəst inkişafı üçün şərait yaratdı.

Ümummilli Lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında “Dövlət sirri haqqında” (1996), “Mətbuat azadlığı haqqında” (1998), “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” (1998) Azərbaycan Respublikasının qanunlarının qəbulu mətbuat sahəsində atılan mühüm addımlardan oldu. 1999-cu ilin dekabr ayında KİV haqqında yeni qanunun qəbulu və sonralar əlavələrin edilməsi Avropa Şurasının rəy və təklifləri əsasında hazırlandı. Hazırlanan hər bir qanun demokratik ölkələrin təcrübəsinə əsaslanır və KİV-in fəaliyyət mexanizmini təşkil edir.

Heydər Əliyevin siyasi iradəsi nəticəsində plüralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması ilə dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edildi.

2000-ci ilin mart ayında Azərbaycan Prezidentinin sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Proqramı” təsdiq olundu. Proqrama əsasən jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, KİV-in istifadə etdiyi rabitə, nəqliyyat, kommunal xidmətlər üçün minimal xidmətlər nəzərdə tutulmuşdu. KİV-in inkişafına həmişə qayğı göstərən Prezidentin 2001-ci il 20 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” fərmanı ilə respublikaya gətirilən qəzet kağızına gömrük rüsumu ləğv olundu, həmçinin qəzetlərə kreditlər verilməsi qərara alındı.



Ardı...