Ədəbiyyatımızın Mir Cəlal zirvəsi

UNUDULMAYAN MİR CƏLAL MÜƏLLİM

Mir Cəlal Paşayev haqqında bu yazını qələmə alanda istər-istəməz 1967-ci ilin 1 sentyabr gününü xatırladım. I kurs tələbələri olan əlli nəfər gənc gözlərini intizarla qapıya zilləmişdi, görəsən, ilk müəllimimiz kim olacaq? Elə bu zaman qapı açıldı və əsərlərini sevə-sevə oxuduğumuz, yalnız şəklini görüb özünü görmək səadətinə nail ola bilmədiyimiz bir insan - Mir Cəlal Paşayev içəri daxil oldu.

Və o gündən - Mir Cəlal müəllimin auditoriyaya ilk qədəm basdığı gündən bizim beşillik tələbəlik həyatımız başladı. Həmin beş il ərzində biz Muxtar Hüseynzadə, Səlim Cəfərov, Məmməd Cəfər, Əkbər Ağayev, Ağamusa Axundov, Musa Adilov, Bəxtiyar Vahabzadə, Firidun Hüseynov, Tofiq Hacıyev, Samət Əlizadə, Fərhad Zeynalov kimi tanınmış dilçilərin və ədəbiyyatşünasların mühazirələrini dinlədik, amma o birinci gün yaddaşımıza əbədi həkk olundu. Mir Cəlal müəllim şirin bir təbəssümlə bircə-bircə hamımızın adını soruşdu. Mən öz adımı deyəndə əlini çiynimə qoyub dedi: "Sənin adın "Vaqif" pyesindən doğulub".

İllər gəlib keçib. Mir Cəlal müəllim qırx altı ildi əbədiyyətə, haqq yoluna qovuşub. Amma onun şirin təbəssümü, bir müəllim kimi söylədiyi mühazirələr, bir alim kimi ədəbiyyatşünaslığımıza bəxş etdiyi elmi incilər, bir yazıçı kimi qoyub getdiyi qiymətli romanlar, hekayələr, bir şəxsiyyət kimi isə könüllərdə əbədiyaşarlığı unudulan deyil.

Mir Cəlal Azərbaycan ədəbiyyatında və filoloji fikrində bir yazıçı və alim kimi öz yolu olan bir şəxsiyyət idi. Onsuz keçən bu qırx altı ildə bu yolun saflığına, həqiqət yolu olduğuna heç bir şübhə ola bilməz. Mir Cəlal XX əsr Azərbaycan ədəbiyyatı tarixində böyük bir ədəbi irs yaradıb. Onun əlli illik bədii yaradıcılığı XX əsr Azərbaycan gerçəkliyinin sənətkarlıqla qələmə alınmış canlı, müəzzəm lövhələridir. O əsərlərin ən başlıca bədii məziyyəti ondadır ki, hansı quruluşda yazılmasından asılı olmayaraq həyat həqiqətini ifadə edir.

Mir Cəlal son dərəcə realist yazıçı idi. Bu gün belə onun əsərlərini oxuduqda təsvirlərin canlı və reallığına heyrət edirsən. Elə bil ki, həyat hadisələri, insanlar, heç yazıçı müdaxiləsi olmadan birbaşa bədii əsərə köçürülüb. Amma belə deyil, Mir Cəlalın bədii nəsrindəki gerçəklik yazıçının bədii qüdrətiylə yaradılan gerçəklikdir.

Ardı...