Nəriman Nərimanov - 155

NƏRİMAN NƏRİMANOV VƏ AZƏRBAYCANIN MİLLİ MARAQLARI

Nəriman Nərimanovun milli-dövlətçilik baxışlarının həyata keçirilməsi baxımından ən ağır dövrü 1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra başlayır. Nərimanov o dövrdə Azərbaycanda deyildi. O, Bakıya yalnız 1920-ci il mayın 16-da gələrək Azərbaycan SSR Müvəqqəti İnqilab Komitəsinə və Xalq Komissarları Sovetinə rəhbərlik etmişdir.

Sovetləşmənin ilk günlərindən Azərbaycanın hakim elitasında milli məsələnin həlli yolları ətrafında ixtilaar başladı. Əslində, bu ixtilafların kökü əvvəlki illərdə qoyulmuşdu. 1918-ci ilin mart aprel aylarında Bakı quberniyası ərazisində Sovet hakimiyyətinin qurulmasının acı təcrübəsi, yəni on minlərlə azərbaycanlının soyqırımı, yerli əhali arasında bolşeviklərə qarşı inamsızlıq və mənfi münasibət hisslərinin yaranmasına səbəb olmuşdur. Buna görə 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurucuları arasında 1918-ci ildə Bakı Xalq Komissarları Soveti hökuməti ilə bağlı olan və qanlı Mart hadisələrində fəal iştirak etmiş bir sıra bolşeviklərin olması təbii olaraq azərbaycanlılar arasında birmənalı qarşılanmamışdı. Müsəlman əhalisi “bolşevik” sözündən dəhşətə gəlirdi. Buna görə də, sovet hakimiyyətinin ilk günlərindən N.Nərimanov milli məsələni həll edərkən 1918-ci ilin səhvlərinin təkrarlanmasına imkan verməyəcək bir siyasət yürütməyə çalışmışdı. Bu məsələni Nərimanov Moskvaya, RK (b)P Mərkəzi Komitəsinə, V. Leninin, İ.Stalinin ünvanına göndərdiyi məktublarda Kreml rəhbərliyi qarşısında dəfələrlə qaldırmışdı.

Lakin Aprel işğalından sonra sovet hakimiyyətinin Azərbaycanda ilk addımları bir daha 1918-ci ildəki kimi milli məsələnin həllində səhvlərin təkrarlanacağına əsas verirdi. Təsadüfi deyil ki, 1920-ci ilin mayında N.Nərimanov Bakıya qayıtdıqdan sonra müsəlmanlar onu bu sözlərlə qarşıladılar: “Bəlkə də sizdən əvvəl baş verən bu özbaşınalığa son qoyulacaq ... Azərbaycanı hərtərəfli qarət edirlər, sağa-sola güllələyirlər”. Buna görə Nərimanov Azərbaycan İnqilab Komitəsinin təsdiqi olmadan kimi isə güllələməyi qadağan edən bir neçə fərman imzaladı.

Əsasən, 1920-ci illərin əvvəllərində Azərbaycan rəhbərliyindəki qarşıdurmalar sovet siyasətinin aparılmasında yerli xüsusiyyətlərin nəzərə alınması amilləri ilə bağlı idi. Bu məsələyə münasibətdə bir-birindən az-çox fərqlənən iki xətt özünü büruzə verirdi. Bir qrup kommunistin fikrincə Rusiya ilə bir dövlətdə yaşamaq şəraitində respublikanın hüquqları nisbətən geniş olmalı, dəyişikliklər həyata keçirilərkən yerli şərait, milli adətənənələr, din və dil amilləri tam şəkildə nəzərə alınmalı, respublikanın azərbaycanlı kommunistləri tərəfindən idarə edilməsi təmin olunmalı idi. Bu qrupun ən görkəmli nümayəndəsi Azərbaycan İnqilab Komitəsinin və Xalq Komissarları Şurasının sədri N.Nərimanov idi. Beləliklə, N.Nərimanov Azərbaycan Kommunist Partiyası daxilində milli sapınçılıq hərəkatının əsasını qoymuşdur. “Nərimanovçuluq” kimi tarixə daxil olmuş bu ideologiya heç də təsadüfən yaranmamışdı, tarixi reallıqlardan qaynaqlanırdı. Nəriman Nərimanovun mərkəzi hakimiyyətə qarşı etirazının məğzində Azərbaycan xalqının milli maraqlarının müdafiəsi dayanırdı. O, sosializmin Şərq aləmində yayılmasının şəksiz tərəfdarı olaraq, dəfələrlə öz çıxışlarında, məqalələrində Azərbaycanda nümunəvi milli sosialist respublikanın yaranmasının zəruri olduğunu bildirmişdi. Onun fikrincə, belə bir respublikanın yaranması Şərqdə milli-azadlıq hərəkatına böyük təkan verə bilər və sosialist inqilabı istiqamətində inkişafı üçün zəmin yaradardı. Buna görə də N.Nərimanov elə hesab edirdi ki, Sovet Azərbaycanının milli simasını səciyyələndirən amillər geniş şəkildə saxlanılmalı və gücləndirilməlidir. Bu mənada N.Nərimanov “Azərbaycanın simasızlaşdırılmasının” qəti əleyhinə idi. Ardı...