Filologiya elmləri doktoru, professor Buludxan Əziz oğlu Xəlilov – 60

DİLÇİLİK ELMİMİZİN ƏFSANƏSİ – BULUDXAN XƏLİLOV

Mötəbər elmi məclislərdə ciddi söz sahibi olan filologiya elmləri doktoru, professor Buludxan Xəlilov gənc yaşlarından elmi, təfəkkürü, yazdığı qiymətli əsərləri ilə elmi ictimaiyyətdə tanınmış, böyük nüfuz qazanmışdır. O, Müstəqil Azərbaycanımızın dilçilik, ədəbiyyat-şünaslıq sahəsinin tanınmış simalarından biri kimi öz dəstixətti, öz yaradıcılıq yolu ilə qənimət alimlərimizin birincilər sırasındadır. Bəli, saysız-hesabsız elmi əsərlərin, o əsərlərdə ortaya qoyduğu elmi yeniliklərin, müasir dilçilik elminin aktual problemlərinin müəllifi, dərs dediyi tələbələrinin əziz və sevimli müəllimi kimi, uyğun elm sahəsinin mütəxəssisləri arasında sözünün-elminin sanbalı ilə sayılan-seçilən alimlərimizdən olan Buludxan müəllimin yaşı ilə gördüyü işlər arasında fərq çox böyükdür. Müdrik ağsaqqal təsiri bağışlayan bu cavan alim tarixiliklə müasirlik arasında öz qalasını qurmuşdu, ətrafa gur işıq saçan mayak kimi. 1926-cı ildə keçirilən məşhur I Türkoloji qurultayda qarşıya qoyulan əsas məsələ türk xalqlarının dilçilik problemi idi. Az sonra o konfransa qatılan mütəxəssislərin 100-dən 90 faizi qətliam edildi. Türkçülük təfəkkürlərinə və milli ideoloji düşüncələrinə görə repressiya olunaraq qaranlıqlara gömüldülər. 1999-cu ildə professor Buludxan Xəlilov “Birinci Beynəlxalq Türkoloji qurultay” adlı 186 səhifəlik bir əsər yazıb ustad bildiyi türkoloq – dilçilərin xatirəsinə ithaf etdi. Dilçilik elminin keçdiyi ağır və acınacaqlı günlərinə işıq saldı, araşdırdı, haqqı tapdanan, ömürləri doğranmış, əsərləri yandırılmış, talan olmuş ustadlarının ruhunu sevindirdi, onları yad etdi. Elə bu axtarışlarının davamı olaraq yenidən o illərə qayıtdı: “Türkologiyanın intibah dövrü (XIX əsrin sonu XX əsrin 30-cu illəri)” adlı yeni bir əsər ortaya qoydu. Haqqında indiyədək neçə-neçə tədqiqatlar yazılmış Xalid Səid Xocayev, Bəkir Çobanzadə kimi məşhur simaların ömürlüklərini, elmi yaradıcılıq xidmətlərinin mahiyyət və məziyyətlərini yenidən tədqiq etdi və açılmamış qatlarını üzə çıxardı. Bunlar öz işinə dərin sevgiylə bağlanmış alimin ustadlara sayğısı, milli düşüncəyə ehtiramı, zəhməti, alın təridir. Ardı...