Professor Əkbər Ağayev - 110

USTAD TƏNQİDÇİ, GÖRKƏMLİ ƏDƏBİYYATŞÜNAS

O, 100 il bundan öncə, 1915-ci il - baharın ilk günü-martın 21-də Şuşada dünyaya göz açdı. Orda, indi bizim üçün müvəqqəti də olsa, həsrətini çəkdiyimiz (amma tezliklə qovuşacağımız) o cənnətməkanda orta məktəb bitirdi, sonra APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil aldı.

Gələcəyin tanınmış tənqidçisi elə tələbə ikən özünün xüsusi qabiliyyəti, geniş mütaliəsi və rəvan nitqi, söz demək -müstəqil fikir yürütmək bacarığı ilə seçildi. Çox keçmədən onun məqalə və resenziyaları ədəbi mətbuata yol tapacaq, "Tənqidçi Əkbər Ağayev" imzasını ədəbi ictimaiyyətə tanıdacaqdı.

1937-ci il qara bir kabus kimi Azərbaycan xalqının başı üstündə dolanmağa başladı, millətin ən gözəl ziyalıları məhv edildi. O sıradan Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələri bolşevik "troyka"sının qurbanı oldular. M.K.Ələkbərli, B.Çobanzadə, A.Musaxanlı, Ə.Nazim, Ə.Abid, H.Zeynallı kimi tənqidçi-ədəbiyyatşünaslar, fikir sahibləri bu ölüm qurğusunun cəngindən qurtula bilmədilər.

Ancaq ədəbi fikir meydanı boş qalmadı. Tənqid və ədəbiyyatşünaslıqda artıq cavan, istedadlı kadrlar yetişirdi. Məmməd Arif, Məmməd Cəfər, Mehdi Hüseyn, Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Əli Sultanlı, Mir Cəlal, Həmid Araslı, Cəfər Xəndan 30-cu illərin əvvəllərindən öz imzalarını tanıtmaqdaydılar, az sonra Cəfər Cəfərov, Əkbər Ağayev, Orucəli Həsənov da bir tənqidçi-ədəbiyyatşünas kimi bu sıraya qoşuldular.

Əkbər Ağayev məhz belə bir çətin, mürəkkəb dövrdə tənqidə gəldi. İlk məqaləsini Əhməd Cavadın V.Şekspirdən etdiyi "Otello" pyesinin tərcüməsinə həsr etmişdi. Oxucu məktubu kimi dərc edilən o yazıda gənc Əkbər Ağayevin tənqidçilik keyfiyyətinin iki başlıca cəhəti diqqəti cəlb etdi: birincisi tənqidçinin haqqında söz açdığı əsərin ideyasını, bədii-sənətkarlıq xüsusiyyətlərini tam qavraması və bu bilgi ilə tərcüməyə qiymət verməsi, ikincisi tərcümə olunan əsərin uğurlu cəhətlərini və eyni zamanda, nəzərə çarpan, gözdən qaçmayan qüsurlarını çəkinmədən söyləməsi. "Yüksək keyfiyyətli bədii tərcümə uğrunda" adlı bu məqalə 1937-ci ildə, "Ədəbiyyat qəzeti"nin 31 yanvar sayında dərc edilmişdi və o yazıdan başlayaraq mətbuatda Əkbər Ağayevin tənqidçi kimi imici formalaşmağa başladı. Onda Əkbər Ağayevin heç 22 yaşı tamam olmamışdı, hələ tələbə idi və 1989-cu ilin martına - bu dünya ilə vidalaşana qədər tənqidçi-ədəbiyyatşünas, tərcüməçi, pedaqoq Əkbər Ağayev ədəbi gündəmdən düşmədi. Ardı...