Professor Əziz Əliyev – 130

BÖYÜK VƏTƏNPƏRVƏR

Azərbaycan xalqının görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyev 1897-ci il yanvarın 1-də Zəngəzurda, Hamamlı kəndində dünyaya gəlib. 1917-ci ildə İrəvan gimnaziyasını qızıl medalla bitirən Əziz Əliyev Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi, maliyyə yardımı ilə həmin il Petroqrada gedib. Hərbi Tibb Akademiyasına daxil olur.

Birinci kursu bitirəndə ‒1918-ci ildə erməni daşnaklarının azərbaycanlılara qarşı qətliamları başlanır. On minlərlə azərbaycanlı İrəvandan, Zəngəzurdan, Qərbi Azərbaycandan didərgin düşür. Əziz Əliyev isə üstəlik, Petroqrad Hərbi Tibb Akademiyasından ayrılmaq məcburiyyətində qalır, Şərura, Şahtaxtı kəndinə köçür. Daşnaklar Naxçıvana ayaq açdıqdan sonra qanlı qırğınlar başlanır. Qan-qadadan canını qurtaran ailə bu dəfə Güney Azərbaycana, Ərəblər kəndinə pənah aparır. Naxçıvan Mirzə Nəsrulla bəy Əmirovun qurduğu Müdafiə Komitəsinin igidlərinin, IX İslam Ordusunun komandanı Kazım Qarabəkir paşanın və əsgərlərinin rəşadəti nəticəsində Andranikin, Ozanyanın hücumlarından xilas olduqdan sonra yenə Şahtaxtıya qayıdırlar.

Əziz Əliyev bu illərdə valideynlərini itirir, anası Zəhra xanım o tayda dünyasını dəyişir. Arazın bu tayında da, o tayında da həkim məntəqələrində çalışaraq xəstələrə şəfa verən Əziz Əliyev əhali arasında dərin hörmət qazanır. O, Şahtaxtıda İrəvanın zadəgan soylarından olan Leyli xanımla ailə qurur. İlk övladları ‒ Zərifə və Tamerlan orada dünyaya gəlir. Sonra onun taleyinin Bakı üzü başlayır. Öncə Nəriman Nərimanovun qayğısı ilə Xalq Komissarları Sovetində kargüzarlıq şöbəsində müdir müavini olur, daha sonra müdir kimi fəaliyyətə başlayır. Eyni zamanda, Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olur.

Gənc yaşlarında namizədlik və doktorluq dissertasiyaları müdafiə edən Əziz Əliyev nəzəri, elmi biliklərə yiyələnməklə yanaşı, praktik məktəb keçərək alim, həm də qurucu ‒ təşkilatçı kimi formalaşmışdı. Tibb İnstitutunu bitirdikdən sonar o, Xalq Səhiyyə Komissarlığı yanında müalicə şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarının birinci müavini, Dövlət Klinik İnstitutunun direktoru, Bakı Şəhər Soveti səhiyyə şöbəsinin müdiri, yenidən Tibb İnstitutunun direktoru, 1937-ci ilin dəhşətli repressiyaları zamanı həm də, Azərbaycan Dövlət Universitetinin rektoru kimi fəaliyyət göstərmişdi. “1930-cu ildə Azərbaycan Dövlət Universitetinin bir fakültəsi kimi sadəcə elan edilmiş Tibb İnstitutunun yaradıcısı Əziz Əliyevdir. Onun rəhbərliyi dövründə ən yaxşı mütəxəsislər cəlb edilərək müvafiq kafedralar yaradılmış, milli kadrlar yetişdirilmiş, həkimlər ixtisas artırmaq, tədqiqatçılar elmi işlərini davam etdirmək üçün Moskvaya, Leninqrada göndərilmiş, onlarca dərslik və dərs vəsaitləri yazılmış, institutun maddi-texniki bazası formalaşdırılmışdır.

1938-ci ildə Azərbaycan SSR Ali Sovetinin katibi seçilən Əziz Əliyev bir il sonra Azərbaycan SSR Xalq Səhiyyə komissarı təyin edilir, ölkənin bütün bölgələrində səhiyyə ocaqlarının açılması, ixtisaslı kadrlarla təmin edilməsi, maddi-texniki bazasının yaradılması istiqamətində mühüm işlər görür. Ardı...