Filologiya elmləri doktoru, professor Jalə Əliyeva - 60

SÖZƏ VƏ DÖVLƏTƏ XİDMƏT ƏNƏNƏSİ

Birinci Qarabağ savaşında köhnə Sovet ordusunun yardımı ilə Ermənistan Azərbaycanın gözəl guşələrindən biri olan Kəlbəcər rayonunu işğal etdi; dağların dağ təbiətli, vüqarlı insanları amansız taleyə boyun əyərək 30 ilə yaxın öz cənnətlərini tərk edib Azərbaycanın çeşidli bölgələrinə səpələndilər və ya yad ölkələrə üz tutdular. Alınmaz qala saydığımız dağlar düşmən əlinə keçdi. Lakin Kəlbəcərin başqa alınmaz qalaları da var - saz və söz qalaları... Bu torpaqlarda doğulan Söz daşdan, kərpicdən hörülmüş hər cür qaladan və ya kilsədən yüz qat daha uzun ömürlüdür, ölməzdir.

İşğal günlərində Göyçə, Kəlbəcər mahalının yetişdirdiyi böyük söz ustalarının qiymətli irsi - vətən, mərdlik, gözəllik, qəhrəmanlıq tariximiz haqqında qoşmalar, ruha güc verən saz havaları torpaqlarını itirmiş insanlara mənəvi dayaq oldu. Xalqın bir gözü Murovda, Dəli dağda idisə, bir gözü Aşıq Ələsgər, Dədə Şəmşir sözündə və sazda idi.

Azərbaycan Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor Jalə Əliyevanın "Müqəddəs ocağın yadigarları" kitabı bu ölməz sənət ocağının davamçılarına həsr edilib.

Jalə Əliyeva özü də başqa bir yaradıcı insanın, Azərbaycanın tanınmış şairi, mədəniyyət xadimi, gənclik dostumuz Nurəngiz Günün yadigarıdır. Gözümüzün qabağında böyüyüb, boya-başa çatıb. Uşaqlıq illərindən öz iti zəkası, sözə, sənətə bağlılığı ilə diqqətimizi cəlb edib. Filoloqdur, şərqşünasdır. Tələbliklə vidalaşdığı ildən bəri Bakı Dövlət Universitetində çalışır, klassik Azərbaycan ədəbiyyatı və türk poeziyası üzrə tanınmış mütəxəssislərdən biridir, 13 il Türkiyənin Azərbaycandakı səfirliyində çalışıb, III, IV, V, VI çağırışlarda Milli Məclisin deputatı seçilib və öz seçicilərini ləyaqətlə təmsil edir.

Füzuli yaradıcılığını dərindən bilən Jalə xanım yeni əsərində, təxminən elə Füzuli dövründən başlayaraq Göyçə, Kəlbəcər mahalında boy atıb yüksələn, neçə-neçə saz-söz ustası yetişdirən tanınmış bir nəslin - Miskin Abdal, Ağdabanlı Şair Qurban ocağının Azərbaycan mədəniyyəti tarixində tutduğu yeri və bu ocağı sönməyə qoymayanların yaradıcılığını dəyərləndirir. Ardı...