Əməkdar elm xadimi, professor Misir Mərdanov-80

GÖRKƏMLİ ALİM, TANINMIŞ ELM VƏ TƏHSİL TƏŞKİLATÇISI -
MİSİR MƏRDANOV-80

Bu il 80 illik yubileyini qeyd edən professor Misir Cumayıl oğlu Mərdanov ömrünün səkkiz onilliyini Azərbaycan elminin, təhsilinin və milli-mənəvi dəyərlərinin inkişafına həsr etmiş görkəmli ziyalı, alim və dövlət xadimidir. Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Cumayıl oğlu Mərdanov Azərbaycanda elm və təhsilin inkişafında müstəsna xidmətləri olan görkəmli alimlərdən biridir. Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (Ermənistan) Çəmbərək rayonunun Göyərçin kəndində ziyalı ailəsində anadan olmuşdur. Ailəsi 1953-cü ildə qonşu Salah kəndinə köçdüyünə görə 1954-cü ildə həmin kənddə birinci sinifə getmişdir. Yeddiillik təhsilini Salah kənd məktəbində, orta təhsilini isə 1964-cü ilin martına qədər qonşu Polad kənd orta məktəbində almışdır. 1964-cü ilin martında Bakı şəhərinə gəlib eksternat qaydası ilə indiki Səbail rayon 49 nömrəli orta məktəbi bitirmişdir. Həmin il ADU-nun Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul olunmuşdur. Tələbə olduğu dövrdə istedadı, zəhmətsevərliyi və yüksək erudisiyası ilə fərqlənən Misir Mərdanov dərs əlaçısı olmaqla yanaşı, III kursdan başlayaraq elmi işlərə böyük maraq göstərmişdir. Həmin illərdə tanınmış riyaziyyatçı alim, Diferensial və inteqral tənliklər kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Əhmədovun rəhbərliyi ilə "Optimal idarəetmənin riyazi üsulları" elmi seminar fəaliyyətə başlamışdı. Mexanika-riyaziyyat fakültəsinin və kafedranın gənc alimləri Q.Əhmədovun rəhbərlik etdiyi elmi seminarın fəal iştirakçıları idilər. Fakültənin tələbələri I-II kurslarda riyaziyyatın əsas fənlərindən müəyyən həcmdə biliklərə yiyələndikdən sonra, III kursda öz arzu və istəklərinə uyğun olaraq, fakültə üzrə elan olunmuş ixtisaslar üzrə "İxtisas qruplarına" bölünürdülər. Misir Mərdanov tərəddüd etmədən III kursdan başlayaraq "Optimal idarəetmənin riyazi üsulları" ixtisasını seçmiş və gələcək taleyini bu sahəyə bağlamışdır. Üç il ərzində bu dar ixtisas sahəsi üzrə professor Qoşqar Əhmədovdan və onun yetirmələri fizika-riyaziyyat elmləri namizədləri Kazım Həsənovdan və Məmməd Yaqubovdan dərs alan Misir Mərdanov ilk elmi uğurlara imza ataraq müvəffəqiyyətlə diplom işini müdafiə etmişdir. O, hələ tələbə ikən "Gənc alimlər"in Azərbaycan Dövlət Universitetində və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təşkil etdikləri konfranslarında elmi məruzələrlə çıxış etmişdir.

1969-cu ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirən Misir Mərdanov təyinatla H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlamışdır. Üç ay müddətində həmin institutun Riyazi analiz kafedrasında baş laborant vəzifəsində işləyən Misir Mərdanov həmin ilin dekabrında arzularının qanadında yenidən Bakıya qayıdaraq ADU-nun Mexanika-riyaziyyat fakültəsinin aspiranturasına (əyani) qəbul olunmuşdur. O, 1970-ci ildən professor Q.Əhmədov və dosent K.Həsənovun rəhbərliyi ilə elmi-tədqiqat işlərinə başlayır. Aspiranturada oxuduğu illərdə həm də pedaqoji fəaliyyətlə məşğul olur, Mexanika-riyaziyyat fakültəsinin II kurs tələbələrinə "Diferensial tənliklər" fənnindən seminar məşğələləri aparır. Aspiranturanı uğurla başa vuran M.Mərdanov 30 may 1973-cü ildə ADU-nun Müdafiə Şurasında "İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1973-cü ilin 28 sentyabrında o, SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Ardı...