AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva - 80

AZƏRBAYCAN - DÜNYA MƏDƏNİYYƏTLƏRİNİ QOVUŞDURAN MƏKAN

Müasir qloballaşma şəraitində müxtəlif mədəniyyətlərin sürətlə bir-birinə qarşılıqlı təsiri hamı üçün aşkar faktdır. Tarixi prosesin müasir mərhələsində mədəni, sosial-iqtisadi, texnoloji, kommunikasiya və digər münasibətlərin qloballaşması şəraitində bəşəriyyət öz vəhdətini dərk etməklə yanaşı, davamlı inkişaf yolunu keçmək üçün həyat fəaliyyətinin ən müxtəlif sahələrində qüvvələri birləşdirməyin, qarşılıqlı hörmət şəraitində yaşamağın zəruri olmasını başa düşür. Bu prosesdə mədəniyyətlərarası dialoq ən uğurlu vasitə kimi qəbul olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti, ölkəmizin beynəlxalq mədəni proseslərdə nüfuzunun artması ilə yanaşı, beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq məkanı kimi tanınmasına səbəb olmuşdur.

Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin tarazlaşdırılmış beynəlxalq siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin mədəniyyət sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək nəticəsində ölkəmiz dünyanın mədəniyyət mərkəzinə çevrilmişdir. Ölkəmizin bu nailiyyətlərində, milli-mədəni irsimizin qorunması və təbliğində Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti olduqca əhəmiyyətli rol oynayır.

Dünya xalqları arasında dialoqun təbliğ olunması və inkişafında Azərbaycanın mühüm rolu göz qabağındadır. Azərbaycan Şimal ilə Cənubun, Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşir. Yəni real coğrafi və geomədəni imkanlara malik olan Azərbaycan həm Avropa Şurasına və həm də İSESCO-ya üzv olan yeganə dövlətdir; Azərbaycanın həm İslam ölkələri, həm də Qərb dövlətləri ilə dostluq və əməkdaşlıq münasibətləri var; Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkədir. Qlobal sosial-mədəni proseslərin dərinləşməsi şəraitində ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqi, ikitərəfli və çoxtərəfli mədəni əməkdaşlığın inkişafı, müxtəlif dinə mənsub olan xalqlar və millətlər arasında mehriban təmasların yaradılması istiqamətindəki fəaliyyəti, həmçinin dünya xəritəsindəki əlverişli geosiyasi və geomədəni vəziyyəti nüfuzlu beynəlxalq qurumlar tərəfindən ölkəmizin bu sahədə irəli sürdüyü təşəbbüslərin dəstəklənməsinə gətirib çıxarmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 noyabr 2008-ci il tarixdə “Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransının Bakı şəhərində keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq 2008-ci ilin dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilmişdir. Ardı...