DÜŞÜNDÜRƏN KOMEDİYALAR MÜƏLLİFİ
Müasir Azərbaycan ədəbiyyatının, incəsənətinin, ümumən mədəniyyətinin parlaq simalarından biri olan Sabit Rəhman haqqında söhbətə 1945-ci ildə istehsal olunmuş “Arşın mal alan” musiqili kinokomediyasının yaranma tarixçəsi ilə başlamaq istəyirəm.
1940-cı il oktyabrın 15-də gənc yazıçı İmran Qasımov Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasova məktub yazıb xahiş edir ki, “Arşın mal alan” mövzusunun plana daxil edilməsi ilə əlaqədar ssenarinin hazırlanması ona tapşırılsın. Söz verir ki, 1941-ci ilin əvvəli üçün ssenarini yazıb kinostudiyaya təhvil verəcək. Həmin il noyabrın 14-də SSRİ Xalq Komissarları Soveti yanında Kinematoqrafiya İşləri Komitəsinin razılığını alandan sonra İ.Qasımov işə başlayır. Lakin bir ay keçməmiş ssenari yazıçıdan alınıb, həmin il dekabrın 8-də dramaturq Sabit Rəhmana verilir və bu barədə həmin tarixdə Moskvaya teleqram vurulur. O vaxtkı ssenari şöbəsinin rəisi, yazıçı Əbülhəsən dəyişikliyin səbəbini Moskva Kino Komitəsi ssenari şöbəsinin rəisi Astaxova yazdığı məktubda belə izah edir: “İmran Qasımovun namizədliyini uğursuz hesab edirik. Çünki yoldaş İ.Qasımov Azərbaycan ədəbi dilini və Azərbaycan məişətini bilmir. Yoldaş Sabit Rəhman isə dramaturqdur, canlı dili ilə seçilən, Azərbaycanda populyar olan “Toy” komediyasının müəllifidir, kinematoqrafiya ilə tanışlığı var. Moskvada ssenari akademiyasında təhsil alıb və onun “Arşın mal alan” filminin ssenarisinin yazılmasına cəlb edilməsi əhəmiyyətli olacaqdır”. Hətta Moskvanın etiraz etdiyini görüb Azərbaycan Yazıçılar İttifaqının Rəyasət Heyəti də bu işə qarışır və öz razılığını ikincinin xeyrinə bildirir.
Dramaturq Sabit Rəhman ssenarinin birinci variantını yazıb başa çatdırır. Moskvalı yazıçı Anatoli Qlebov ssenari üzrə məsləhətçi təyin olunur. Nəhayət, bir sıra əngəl və maneələrdən sonra “Arşın mal alan” ekranlara buraxılır. Hətta SSRİ Dövlət mükafatına layiq görülür.
Sabit Rəhman “Azərbaycan kinematoqrafiyasının təntənəsi” məqaləsində yazmışdır: “Üzeyir Hacıbəyovun məşhur “Arşın mal alan” musiqili komediyası şəklin (filmin) müvəffəqiyyətində ilk səbəblərdən biridir. Otuz ildən artıq dünyanın hər tərəfində iyirmidən çox dildə oynanılan bu komediya qüvvətli bir dramaturjiyə, gözəl dilə, ağıllı məzhəkəyə, şən bir musiqiyə malikdir. Şəklin ssenarisi yazılarkən “Arşın mal alan” musiqili komediyasının bütün bu məziyyətləri əsas götürülmüşdür. Yaradıcı əməkdaşlıq isə bu əsərin üzərində məhəbbət və istedadla çalışmışdır”.
Ardı...
