General Səməd bəy Mehmandarov – 170

MEHMANDAROV - CÜMHURİYYƏT ORDUSUNUN QURUCUSU

"Qəhrəman əsgərlər! Mən şəxsən Almaniya cəbhəsində bir çox müharibələrdə olmuşam, fəqət sizin qədər qəhrəmanlıq göstərən əsgərlərə nadir halda təsadüf etmişəm. Siz mənim ümidlərimi qüvvətləndirdiniz. Siz qanınızla gənc Azərbaycan Ordusunun namusunu mühafizə etdiniz". Bu ölməz kəlamlar hərb tariximizin şanlı səhifəsi sayılan, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri vəzifəsini şərəflə yerinə yetirən, tam artilleriya generalı Səməd bəy Mehmandarova məxsusdur. Üç dövrün çətin və keşməkeşli bir dönəmindən şərəflə keçmiş xalqımızın general oğlu Səməd bəy Mehmandarov milli ordu quruculuğunda öz böyük təcrübəsindən - müharibə və döyüş təcrübəsindən yararlanaraq, intizamlı Cümhuriyyət Ordusunu qurdu.

1918-ci ilin axırlarında Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın rəhbərliyi altında, türk ordu hissələri Azərbaycanı tərk etdikdən sonra tam artilleriya generalı Əlağa Şıxlinski ordu quruculuğunu sürətləndirmək məqsədilə yeni hərbi planlar və strateji təkliflər hazırladı. Plana görə, 1919-cu ildə 25 minlik, 1920-ci ildə isə 40 minlik mütəşəkkil, müasir silahla təmin edilmiş milli ordu yaradılmalı, qaynar bölgələrdə yerləşdirilməli idi. Zəruri məsələlərdən biri Hərbi Nazirliyin yaradılmasından ibarət idi. Rəsmi təsis edilməsə də, bu vəzifəni əvvəlcə Xosrov bəy Sultanov, Fətəli xan Xoyski icra etmişdi. 1918-ci ilin dekabrın 26-da vaxtilə çar ordusunda uzun illər xidmət etmiş tam artilleriya generalları Səməd bəy Mehmandarov Hərbi nazir, Əlağa Şıxlinski onun müavini, general-leytenant Süleyman Sulkeviç isə Baş Qərargah rəisi təyin edildilər.

Orduda vəziyyətin qənaətbəxş olmadığını yaxşı bilən Hərbi nazir Səməd bəy Mehmandarov xalqa müraciət edir və bildirir: "Ölkənin bütün vətəndaşları - istər kasıb, istərsə də dövlətli eyni şəkildə hərbi qulluq çəkməlidirlər. Dövlətliləri hərbi qulluqdan azad edən kəslər ağır cəzalanacaqlar".

Beləliklə, milli orduya çağırış haqqında əmr verildi və 1894-1899-cu illərdə anadan olmuş 24-29 yaşlı oğlanlar səfərbər edildilər. Maliyyə çətinliklərinə baxmayaraq, milli zabit heyəti hazırlamaq məqsədilə Gəncədə hərbi məktəb yaradıldı. Hərbi nazir Səməd bəy Mehmandarovun səyi nəticəsində qısa müddətdə orduda 24 min süngü, 6 min piyada, süvari, topçu və s. qoşun növlərindən ibarət olan, dövrün ən müasir silahları ilə silahlanan canlı qüvvəsi toplandı. Eyni zamanda, Xəzər dənizində kiçik bir donanma da yaradılmışdı. Orduda hərbi intizamı möhkəmləndirmək məqsədilə Hərbi Nazirliyin yanında divani hərbi, yəni, hərbi məhkəmə fəaliyyət göstərirdi. Ardı...