Şirməmməd Hüseynov - 100

MİLLƏT YADDAŞININ KEŞİKÇİSİ

Milli yaddaşımızın ən ardıcıl və dürüst qoruyucularından olan qiymətli alimimiz professor Şirməmməd Hüseynova qəzetinizdə çoxdan bəri hər həftə səxavətlə ayırdığınız yer, mahiyyəti ilə, vətənə xidmətdir. Vətənin daşını hər kəs qaldıra bilməz, amma belə bacarığı olana maneçilik deyil, dəstək göstərməyin özü də nəciblikdir, yurda və xalqa yararlı olmaq nümunəsidir. Uzun həftələr və aylar boyunca əziz Şirməmməd müəllimin qəzetinizin sütunlarından xalqa çatdırdığı qiymətli yazılar istiqlal tariximizin unudulmamalı səhifələridir.

Təqdim etdiyim bu yazıyla bu şənbə ustadın guşəsinə qonaq olmaq istəyirəm.

4 ay öncə Şirməmməd Hüseynovun “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 - aprel 1920)” adlı kitabının III cildinin təqdimat mərasimi keçirilirdi. Həmin toplantıda mən də çıxış etmişdim. Şirməmməd müəllim ötənaykı görüşlərimizdən birində mənə həmin mərasimin videoyazısını hədiyyə etdi. Mən də qərara aldım, o gün söylədiklərimi kağıza da köçürüm ki, Şirməmməd müəllim və onun əsəri haqda düşüncələrim daha çox insana yetişsin.

Bu qədər mühüm, çətin əməklərə qatlaşan, millətəxeyir bəhrələr doğuran ustada ən azı sağolumuzu, sayğımızı, sevgimizi dilə və qələmə gətirməyi əsirgəməyək ki, şərəfli işini davam etdirmək yolunda ilhamı və eşqi bir qədər də artsın.

Hörmətlə, Rafael Hüseynov Beynəlxalq Mətbuat Mərkəzində Bakı Dövlət Universitetinin professoru, görkəmli tədqiqatçı Şirməmməd Hüseynovun “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 - aprel 1920)” adlı kitabının III cildinin 2017-ci il iyunun 8-də keçirilmiş təqdimat mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynovun çıxışı

Əziz Şirməmməd müəllim, hörmətli dostlar, xanımlar və cənablar!

Biz bu anlarda müasir gerçəkliyimizdə, Azərbaycanın düşüncə həyatında son dərəcə əlamətdar olan, həyəcan və qürur doğuran bir hadisənin qeydetmə mərasimindəyik.

Haqlıdır Şirməmməd müəllim, Azərbaycan tarixinin elə hadisələri var ki, onları biz hər zaman anmalı, onlar barəsində daim minnətdarlıqla düşünməliyik. XX yüzilin başlanğıcındakı Azərbaycan tarixində iki oxşar məqam var ki, ikisinin də əvvəlində göz yaşı dayanır.

1918-ci il may ayının 28-də Tiflisdə sabiq Qafqaz canişinliyinin iqamətgahında Həsən bəy Ağayev Azərbaycanın İstiqlal Bəyannaməsini elan edirdi. Ardı...