Yazıçı, dramaturq Şıxəli Qurbanov – 100

UNUDULMAZ ŞƏXSİYYƏT : ŞIXƏLİ QURBANOV

Görkəmli şəxsiyyətlərdən olan Şıxəli Qurbanov Azərbaycan xalqı üçün təbii fitri istedad sahibi kimi Tanrı tərəfindən göndərilmişdi, lakin çox heyf ki, bu nurlu simanı amansız ölüm bivaxt əlimsizdən aldı… lakin S.Vurğunun söylədiyi kimi: Ölüm sevinməsin qoy, ömrünü vermir bada, El qədrini canından daha əziz bilənlər. Əbədi xatirə tək qalacaqdır dünyada Sevərək yaşayanlar, sevilərək ölənlər.

Bəli, Şıxəli Qurbanov öz parlaq əməlləri ilə doğma xalqın xatirində əbədi yaşayan bir ziyalı, sözün həqiqi mənasında vətəndaşlıq hissi örnək olan xəlqi və bəşəri insan kimi qalmışdır. Xaraktercə bütöv, monolit, möhkəm iradəli, müstəqil düşüncəli təfəkkür sahibi, yenilikçi, humanizmlə prinsipiallığı varlığında birgə yaşadan bu ziyalı haqqında düşünmək insanda olduqca xoş duyğular oyadır, yaşamaq və mübariz olmaq ehtirasını gücləndirir. Onun cismən olmadığı bu gün də onun ruhu bizimlə yaşadığı üçün cəmiyyətdə rastlaşdığımız mənfiliklərə qarşı barışmazlıq simvolu kimi rəmzi mənaya malikdir. O, mənsub olduğu xalqının xoşbəxtliyi uğrunda rastlaşdığı çətinliklərlə ideoloji silahın bütün növlərindən, etik və estetik meyarlarından yerində istifadə edərək nadanlığa, paxıllığa qarşı vuruşmada davam etmişdir. Belə silahların növləri və tipləri çoxdur. Bu silahların biri də öz kəsəri, ekspressivliyi və kütləviliyi ilə fərqlənən bədii yaradıcılıqdır. Onun pyesləri, liberettoları, səhnə əsərləri, fəlsəfi faciələri Azərbaycan Dram və Musiqili Komediya Teatrlarını yeni məzmun və forma axtarışları ilə zənginləşdirmişdir.

Beləliklə, dramaturq Şıxəli Qurbanov böyük sələfi M.F.Axundov kimi əvvəlcə bəzi müasirlərini satirik-yumoristik gülüşlə izlah etmək yolunu tutmuşdur. Onun rəngərəng janrlı, çeşidli üslublu komediyaları, əlvan formalı musiqili liberottaları Milli Azərbaycan səhnəsinə yol almışdır. «Əcəb işə düşdük», «Özümüz bilərik», «Olmadı elə, oldu belə», «Sevindik qız axtarır», «Milyonçunun dilənçi oğlu» kimi səhnə əsərləri minlərlə müasir tamaşaçının qəlbinə yol tapmış, ona şən fərəhli və düşündürücü gülüş bəxş etmişdir. Bu əsərlər zəngin milli komediya ənənələrimizin, Nəcəfbəy Vəzirov, Haşımbəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyirbəy Hacıbəyov, Sabit Rəhman… irsinin yeni biçimdə qanunauyğun davamı və inkişafıdır. Həm də bu komediya və liberottolar yeni yaranan müasir səpgili əsərlərimizə bir körpü rolu oynamaqdadır. Özündə ənənə və norvatorluğun mühüm keyfiyyətlərini yaşadan bu komediyalarda müəllif komik xarakterlərdən satirik inkarın ifşa üsulundan, gülüşün rəngarəng çalarlarından, incə-zərif yumorlardan ciddi qroteskə qədər bir sıra dramatik fiqurlardan bəhrələnmişdir.

Ciddi, kəsin konfliktlərin qadağan edildiyi bir vaxtda Şıxəli Qurbanovun mövcud mənfiliklərə səhnədən birbaşa aşkarcasına satira atəşi yağdırması onun şəxsiyyətinin vətəndaşlıq qeyrətindən irəli gəlirdi. Vəzifəlilərə yaltaqlanmaqla, quyruq bulamaqla vəzifə əldə etmək, nüfuz qazanmaq və sonra da xalqın qəzəbinə düçar olmaqla çıxılmaz vəziyyətə düşmək halları müəllifi həmişə narahat edirdi.

Ardı...