Xan nəslinin sənətkar səsi
Azərbaycan musiqisinin səmasında parlaq bir ulduz kimi doğan, ömrünü notların sehrinə, səslərin hikmətinə çevirən Tofiq Əhməd Ağa oğlu Bakıxanov, musiqi tariximizin əbədi adlarından biridir. O yalnız bir bəstəkar deyil, sənətin, ruhun, mədəniyyətin dilini danışan, zamanın səsinə səs verən bir yaradıcıdır.
Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenlərinin daşıyıcısı olan Tofiq Bakıxanovun adını şərəf və fədakarlıqla çəkirlər. Bu titullar onun sənətinə verilən qiymətin yalnız bir hissəsidir. Onun yaradıcılığı, musiqiyə gətirdiyi nəfəs və ruh ən yüksək mükafatlar qədər dəyərli mirasdır.
Tofiq Bakıxanov – xan nəslinin xan bəstəkarı... Bu sözlər akademik Budaq Budaqova məxsusdur. Və haqlıdır: çünki o, nəslinin zəngin mənəvi irsini sənətdə yaşadaraq Bakıxanovlar ailəsinin elmi, ədəbi və mədəni yolunu musiqi ilə davam etdirmişdir. Yaradıcılığı milli ruhla yoğrulmuş, mənəvi dəyərlərimizdən boylanmış, xalqın yaddaşına hopmuşdur.
Onun sənət yolu sanki bir musiqi çayının axarı kimidir – daim irəliləyən, yeni səslər, yeni çalarlar axtaran, durmadan çağlayan... Geniş yaradıcılıq diapazonuna malik olan bəstəkar, operadan başqa musiqinin bütün janrlarında öz dəst-xəttini yaratmış, baletlər, musiqili komediyalar, simfonik və kamera əsərləri, instrumental və vokal kompozisiyalarla musiqimizin sərhədlərini genişləndirmişdir.
Tofiq Bakıxanovun adı təkcə Azərbaycanla məhdudlaşmır. Onun musiqisi Parisdə, Moskvada, Tehranda, Vaşinqtonda, Qahirədə və dünyanın bir çox ölkələrində səslənmiş, müxtəlif səhnələrdə özünə yer tapmışdır. O, Azərbaycanın musiqi pasportunu dünyaya təqdim edən sənət elçisidir.
Bəstəkarın yaradıcılığında yenilikçilik ön plandadır. Məhz o, Azərbaycanda ilk solist skripkaçılardan olmuş, ilk dəfə viola, violonçel, fleyta üçün sonata və konsert janrlarına müraciət etmiş, ilk birpərdəli baleti ərsəyə gətirmişdir. O, forma və üslubda klassikaya sadiq qalsa da, ruh və məzmun etibari ilə daim axtarışda olmuşdur.
Ardı...
